Məhkəmə qərarları › İş №e-2-2(121)-930/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-930/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-930/2025 05.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1298.69 manat dəyərində borcun və 32.98 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Biləsuvar Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06/21-354 saylı alğı-satqı müqaviləsinə əsasən Biləsuvar rayonu, Nərimankən kəndi ərazisində 5.65 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar“Cavabdeh” “İddiaçı”dan 4177.72 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərinimüqavilədə göstərilənmüddətdəalmalıidi. Cavabdehin sifarişi əsasında; 91.00 manat məbləğində çiyid, 1125.72 manat məbləğində dərman gübrə, avans olaraq 2961.00 manat becərmə, su pulu, cəmi: 4177.72 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 2879.03 manat məbləğində 4096.90 kq xam-pambıq təhvil vermiş, bununla da İddiaçıya 1298.69 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh”“İddiaçı’ya olan borcunu tam ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması hər iki tərəfin imzası ilə təsdiq edilən iş və xidmətlərin yerinə yetirilməsi barədə xx.xx.2022-ci il tarixli aktı (üzləşmə aktı), qaimə, ödəmə tapşırıqları və digər sənədlərlə təsdiq edilir. Cavabdeh xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində göstərilən məbləğdə ona avans verildiyini, həmçinin iddia ərizəsində göstərliən miqdardarda iddiaçıya pambıq təhvil verdiyini, lakin iddiaçı tərəfindən ona güzəşt tətbiq olunmadığını bildirmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasını cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2024-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 1 kəndi ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı MMC-nin Sabirabad filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06/21-354 nömrəli alqi-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, hazırki müqavilənin predmetini İddiaçı MMC-nin Biləsuvar filialı tərəfindən “Fermer” Cavabdeh məxsus ünvan 1 kəndində 5,65 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Fermer” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində “Filiala” təhvil verilməsi və “Filial” tətəfindən “Fermerin” borclarını çıxmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir. 3.2-ci bəndinə əsasən, məhsulun olmaması və ya az olması “Fermer”i göstərilmiş xidmətlərin, alınmış vəsaitin, nisyə alınmış toxum, mineral gübrə və pestisidlərin dəyərinin ödənilməsi öhdəliyindən azad etmir; 4.1-ci bəndinə əsasən, “Alıcı” nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı “Satıcı”dan (istehsalçıdan) aşağıdakı qiymətə qəbul edir: İ növ -650 AZN/ton, İİ növ – 630 AZN/ton, İİİ növ – 590 AZN/ton, İV növ – 550 AZN/ton; 7.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir. İş materiallarında olan “İş və xidmətlərin yerinə yetirilməsi aktı”ndan, iş aktlarından, qaimə-fakturalardan və ödəniş tapşırıqlarından görünür ki, həmin sənədlərlə Cavabdeh İddiaçı MMC tərəfindən ümumilkdə cəmi 4177,72 manat məbləğində avans vəsait (nağd pul verildiyi, iş görüldüyü və xidmət göstərildiyi) verildiyi tərəflərin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan “pambıq qəbulu” qəbzlərinin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-nə xam-pambıq təhvil verilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən pambığın becərilməsi ilə bağlı Cavabdeh ödənilmiş avansdan 1298,70 manat borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun "xxxx" MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, işin qeyd olunan faktiki hallarına əsasən müəyyən edir ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. Həmin razılığa əsasən iddiaçı cavabdehə ümumilkdə 4177,72 manat avans verməsinə baxmayaraq, bunun müqabilində cavabdehin 2879,03 manat dəyərində xam pambıq təhvil verdiyini, qalan 1298,69 manat borc məbləğini isə qaytarmadığını iddia edir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterini aşkara çıxararaq ona hüquqi qiymət verməyi, bununla da iddia tələbinin maddi hüquqi əsasını müəyyən etməyi zəruri sayır. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı xam pambığın alğısatqısına dair razılığa gəldiklərini nəzərə alaraq pambığın əkilməsi üçün cavabdehə avans olaraq müvafiq xidmətlər göstərmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından, eləcə də işin mübahisə olunmayan faktiki hallarına əsasən gəlinən qənaətdən belə nəticə çıxarmaq olur ki, iddiaçı tərəfindən avans olaraq cavabdehə göstərilmiş xidmətlərin təyinatı alınan əşyanın qabaqcadan qismən ödənilməsindən ibarət olmuşdur. Məhkəmə, şərh olunanları nəzərə alaraq tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və həmin münasibətlər struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin təyinatı cavabdehin ona məxsus olan sahədən məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Buna görə də məhkəmə hesab edir ki, işin müəyyən edilən faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin alğı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Bu səbəbdən, tərəflər arasında yaranmış hüquq münasibəti, onların müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alğı-satqı müqaviləsi kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında bağlanılmış xam pambığın alğı-satqısına dair müqavilədən irəli gəlir. Həmin razılaşmanın şərtlərinə görə iddiaçı xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması məqsədi ilə cavabdehə xidmətlər göstərilməsi şəklində avans verilməsini öhdəsinə götürmüşdür. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən avans olaraq cavabdehə 4177,72 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmişdir. Cavabdeh isə razılaşma üzrə öz üzərinə düşən öhdəliyi tam yerinə yetriməmiş, cəmi 2879,03 manat dəyərində olan xam pambıq təhvil vermiş və nəticədə onun iddiaçıya 1298,69 manat məbləğində borcu yaranmışdır. Cavabdehin ödənilməmiş avans borcunun qalması işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə qeyd edir ki, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində göstərilən məbləğdə ona avans verildiyini, həmçinin iddia ərizəsində göstərliən miqdardarda iddiaçıya pambıq təhvil verdiyini, lakin iddiaçı tərəfindən ona güzəşt tətbiq olunmadığını bildirmişdir. Belə olan halda məhkəmə, tələb olunan borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə müəyyən olunur ki, iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdeh tərəfindən pozulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, iddianın maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normaları təşkil edir. Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İddiaçının cavabdehə verdiyi avansın qaytarılmasına dair tələbi həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında xam pambığın alğı-satqısına dair müqavilə bağlanılmışdır. İddiaçı müqavilə üzrə öhdəliyini icra edərək cavabdehə avans olaraq ümumilikdə 5069,74 manat dəyərində nağd pul vermiş, işlər görmüş, xidmətlər göstərmişdir, lakin cavabdeh razılaşmaya əsasən üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin aldığı avans vəsaitə görə iddiaçıya cəmi 1298,69 manat borcu yaranmışdır. Buna görə də həmin borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulmuş 32,98 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10- 1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1298,69 manat məbləğində borc və ödənilmiş 32,98 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1331,67 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar