Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-931/2023 27.07.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əlizadə Aynur Zaur qızının katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9527 manat qalıq borc, 699,17 manat məbləğində cərimə olmaqla, cəmi 10226,17 manat məbləğində pul vəsaitinin və 200 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMM arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 15/AS/2022 saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdehə ümumi dəyəri 7208 manat məbləğində olan “Lojain F1”, “MilanaF1” “Picolina F1”, “Alfons F1”, “Ulduz F1”, “Azamat F1”adlı bitki mühafizə vasitələri satılmışdır. xx.xx.2022-ci il tarixli, 15/AS/2022 saylı alqı-satqı müqaviləsinin ödəniş şərtlərinə əsasən cavabdeh müqavilənin yekun dəyəri olan 7208 manat məbləğində pul vəsaitini xx.xx.2022ci il tarixədək tam ödəməli idi. Lakin bugünə qədər cavabdeh tərəfindən həmin müqavilə üzrə ödəniş edilməmişdir. Bundan başqa, aqronomla razılaşmaya əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək cavabdehə ümumi dəyəri 6289 manat pestisid və gübrələr satılmış, həmin məbləğdən 3970 manat ödəniş edilmiş, qalan 2319 manat isə ödənilməmiş qalmışdır. Cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə ödənilməli olan məbləğ vaxtında ödənilmədiyi üçün müqavilənin 5-ci maddəsinə əsasən hesablanmış cərimə məbləği 699.17 manat təşkil edir. Beləliklə, cavabdehin iddiaçıya ödəməli olduğu yekun borc 10226,17 manat (9527 manat əsas, 699,17 manat cərimə) təşkil edir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında verdiyi izahatlarında Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, cavabdehə ümumi dəyəri 7.208 manat məbləğində olan bitki toxumu satıldığını, lakin cavabdeh tərəfindən həmin müqavilə üzrə bir manat belə ödəniş edilmədiyini, həmçinin, cavabdehlə şifahi razılaşmalarına əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək cavabdehə ümumi dəyəri 6.289 manat olan pestisid və gübrələr satdığını, həmin məbləğdən cavabdeh tərəfindən 3.970 manat dəyərində natura şəkilində (3.000 manat dəyərində toxum, 970 manat dəyərində isə pomidor) ödəniş edildiyini, qalan 2.319 manat vəsaitin isə ödənilməmiş qaldığını bildirmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin digər nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında iştirak edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdehin şifahi razılaşmaya əsasən 6.289 manat dəyərində pestisid və gübrə aldığı, həmin məbləğdən 2.319 manat məbləğində borcunun qaldığı cavabdehlə apardığı telefon danışığı zamanı cavabdeh tərəfindən etiraf edilmişdir. Cavabdehin əsas və hesablanmış cərimə üzrə borcunun yarandığı tam sübut olunduğuna görə iddia tələbi tam edilməlidir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2023-cü il tarixli məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 15/AS/2022 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, bu müqavilənin predmetini “Alıcı”nın müntəzəm sifarişlərinə uyğun olaraq bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan müvafiq əlavələrdə göstərilən malların “Satıcı” tərəfindən “Alıcı”nın mülkiyyətinə verilməsi, “Alıcı” tərəfindən isə bunun müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edəcək; 1.2-ci bəndinə əsasən, malların adı, assortimenti, spesifikasiyası və qiyməti hər dəfə bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə göstəriləcək; 2.1-ci bəndinə əsasən, bu müqavilənin predmetinə uyğun olaraq malların qiyməti və ödəmə şərtləri hər dəfə bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə müəyyənləşdirilir; 3.1.2-ci bəndinə əsasən, “Alıcı” malları “Satıcı”dan müvafiq qaimə-faktura və ya ikitərəfli Təhvil-təslim aktı əsasında təhvil alır; 3.2.1-ci bəndinə əsasən, “Satıcı” malları “Alıcı”nın təyin etdiyi yer və vaxtda müvafiq qaimə-faktura və ya ikitərəfli Təhvil-təslim aktı əsasında təhvil verir; 5.2-ci bəndinə əsasən, “Alıcı” alınan malların dəyərinin ödənilməsinin gecikməsinin hər gününə görə ümumi dəyərin 0.1%-i məbləğində (ümumi dəyərin 10%-ni keçməmək şərtilə) əlavə cərimə ödəyir. İş materiallarında olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 15/AS/2022 nömrəli müqaviləyə 1 nömrəli Əlavəyə əsasən, Əlavə-1-də göstərilən malların yekun dəyərini təşkil edən cəmi 7.208 manat məbləğində pul xx.xx.2022-ci il tarixədək tam şəkildə ödənilməlidir. İş materiallarında olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 15/AS/2022 nömrəli müqaviləyə 1 nömrəli Əlavə əsasında xx.xx.2022-ci il tarixli “Təhvil-təslim aktı”ndan görünür ki, xx.xx.2022-ci il tarixli Əlavə-1-də göstərilən adda və miqdarda mallar fiziki şəxs Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 826565 nömrəli elektron qaiməyə əsasən, alıcı Cavabdeh 7.208 manat məbləğində mal verilmişdir. İş materiallarında olan “qaimə-faktura”ların surətlərindən görünür ki, Cavabdeh verilməsi üçün X2 tərəfindən İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək ümumi dəyəri 6.289 manat olan pestisid və gübrə təhvil alınmışdır. İşə əlavə edilmiş diskdə olan səs yazılarının məzmunundan görünür ki, Cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X1 dərman aldığını və həmin dərmanların dəyərini ödəyəcəyini etiraf edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “maliyyə arayışı”na əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixli, 15/AS/2022 saylı alqı-satqı müqaviləsi üzrə 7.208 manat, aqronomla razılaşmaya əsasən verilmiş pestisid və gübrələrə görə 2.319 manat, hesablanmış cərimə 699,17 manat olmaqla, ümumilikdə 10.226,17 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 15/AS/2022 nömrəli müqaviləyə əsasən yaranmış 10.226,17 manat məbləğində borcun 3 iş gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “Ödəniş tapşırığı”nın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Salyan 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarına əsasən məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında sadə yazılı şəkildə bağlanmış xx.xx.2022-ci il tarixli, 15/AS/2022 nömrəli müqavilənin şərtlərinə görə iddiaçı alqı-satqının obyekti olan əşyanı (bitki toxumu çeşidlərini) cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə aldığı əşyanın qiymətini təşkil edən pul məbləğini şərtləşdirilmiş müddətdə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Həmçinin, İddiaçı MMC-də aqronom vəzifəsində işləyən X2 ilə Cavabdeh arasında bitki dərmanı və gübrə alqı-satqısına dair şifahi razılaşmaya əsasən, X2 təmsil etdiyi İddiaçı MMC-nin adından (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.) cavabdehə dərman və gübrə satmağı, cavabdeh isə təhvil aldığı dərman və gübrənin dəyərini şərtləşdirilmiş müddətdə ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqavilələrinin bağlandığı, iş materiallarına əsasən həmin müqavilələrin etibarsızlığına dəlalət edən halların olmadığı və iddiaçının və onu təmsil edən işçisinin alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermələri (malların təhvil-təslim aktı, qaimələr, cavabdehin etirafı ilə) işin mübahisəsiz hallarını təşkil edir. İddiaçı iddia edir ki, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməyərək aldığı malların dəyərini tam ödəməmişdir. İddiaçı iddia tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, malların təhviltəslim aktına, cavabdehə göndərilmiş elektron-qaiməyə, cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin onun tərəfindən iddiaçının qeyd olunan tələblərinə etiraz daxil olmamışdır. Belə olan halda məhkəmə işin müəyyən edilmiş hallarını, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, təhvil-təslim aktını və digər dəlilləri nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən təhvil aldığı malların qiymətinin, ümumilikdə 9.527 manat məbləğində pulun, şərtləşdirilmiş müddətdə iddiaçıya ödənilməməsi öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, bu halda tələb olunan 9.527 manat məbləğində borcun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh təyin olunmuş müddət ərzində iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc kimi tələb olunan 9.527 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında satılan malların qiymətinin mallar təhvil verildikdən sonra şərtləşdirilmiş müddətdə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır, iddiaçı və onun təmsilçisi öhdəliklərini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişlər, lakin cavabdeh malları təhvil alsa da, onların dəyərini şərtləşdirilmiş müddətdə tam ödəməmişdir. Məhkəmə hesab edir ki, işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan alqı-satqı müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, “Alıcı” alınan malların dəyərinin ödənilməsinin gecikməsinin hər gününə görə ümumi dəyərin 0.1%-i məbləğində (ümumi dəyərin 10%-ni keçməmək şərtilə) əlavə cərimə ödəyir. İşin halları ilə Cavabdeh tərəfindən müqavilə üzrə ödənişin gecikdirildiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 699,17 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, Cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçı 116,27 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi qismən təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9.527 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə və 200 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya haqqı olmaqla, cəmi 9827 manat məbləğində pul tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 116,27 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-931/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-931/2023
27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver