Məhkəmə qərarları › İş №e-2-2(121)-931/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-931/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-931/2024 24.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 19038 manat, hesablanmış cərimə borcuna görə 3807 manat və ödənilmiş mediasiya xərcinə görə 200 manat olmaqla, cəmi 22905 manat pulun cavabdehdən alınaraq “X2 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Alıcı qismində (İddiaçı) “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin “X1 və Emalı Zavodu” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 565 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən Cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 35316 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, Cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 16277 manat dəyərində xam pambıqla ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 565 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 19038 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 3807 manat təşkil edir. Verilməmişdir: 19038 х 20% = 3807 manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. İş üzrə məhkəmə hazırlıq iclasları xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində, baxış iclasları isə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində keçirilmişdir. İddiaçının nümayəndəsi keçirilmiş bütün məhkəmə iclaslarından əvvəl elektron ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiklərini, məhkəmə iclaslarının onların iştirakları keçirilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktında olan imzanın ona məxsus olmadığını bildirərək, həmin məsələnin araşdırılması üçün məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-931/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılaraq ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) “X2 Kompleksi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktında “4.Fermer (Müqaviləçi)” sözünün qarşısında olan imza (i.v.11) Cavabdeh tərəfindən icra edilmişdirmi? 2) xx.xx.2023-cü il tarixli üzləşmə aktında olan imzanın bilərəkdən, qəsdən təhrif edilməklə icra edilməsi ehtimalı istisna edilirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1066 saylı ekspert rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Rəyə əsasən, aparılmış tədqiqatın nəticəsi olaraq, X2 Kompleksi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktında “4.Fermer (Müqaviləçi)” sözünün qarşısında olan imzanın Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçı tərəfindən ona təxminən 25-27000 manat məbləğində avans (iş, xidmət və s. formada) verildiyini, onun tərəfindən isə təxminən 10-15000 manatlıq pambıq təhvil verdiyini, bunlarla bağlı heç bir sübutunun olmadığını bildirdi və kifayət qədər pambıq olmamasının ondan asılı olmayan səbəblərdən baş verdiyini bildirdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddia ərizəsində iddiaçı “X2 Kompleksi” MMC tərəfindən Cavabdeh 35316 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verildiyi, müxtəlif xidmətlər göstərildiyi, cavabdehin yaranmış borcdan 16277 manat dəyərində xam pambıqla ödəniş etdiyi, nəticədə cavabdehin ödənilməmiş 19038 manat məbləğində borcunun qaldığı qeyd olunsa da, həmin halları təsdiq edən sübutlar (iş aktları, ödəniş sənədləri və s.) məhkəməyə təqdim olunmamışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş üzləşmə aktında olan imzanın isə cavabdehə məxsus olmaması iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə bir neçə iclas keçirilməsinə baxmayaraq iddiaçı tərəfindən yuxarıda göstərilən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə, cavabdehin də iddianın tam və ya qismən əsassızlığına dair sübutları məhkəməyə təqdim etməməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılması məqsədə uyğun deyildir. Buna görə də iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 78.1-1-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Göründüyü kimi, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə görə sübutlar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməlidir. Lakin iddiaçı “X2 Kompleksi” MMC işin mahiyyəti üzrə baxılması üçün mühüm əhəmiyyət kəsb edən verilmiş avansa dair məlumatları özündə əks etdirən sənədləri məhkəməyə təqdim etməmişdir. Şərh olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər əsasında işə mahiyyəti üzrə baxılması mümkün olmadığına görə iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar