Məhkəmə qərarları › İş №e-2-2(121)-943/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-943/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-943/2020 11.11.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı – 28474 manat məbləğində əsas borc, 5018,49 manat məbləğində əldən çıxmış faydaya görə əsas borcun illik 5 faizi miqdarında pul vəsaiti və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında əldə olunmuş alqısatqı razılaşmasına əsasən, müəssisənin istehsal etdiyi malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Onlar tərəfindən üzərlərinə götürülmüş öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini ödəməmiş və nəticədə 28474 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. xx.xx.2015-ci il tarixində tərəflərin iştirakı ilə ikitərəfli qaydada izalanmış öhdəlik aktına əsasən Cavabdeh müəssisəyə 43175 manat məbləğində borcunun olduğunu təsdiq etmiş və 2015-ci ilin sentyabr ayından etibarən qalıq borcunun hissə-hissə ödənilməsini və 2015-ci ilin sonunadək borcunu tam ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Müəyyən ödənişlər edildikdən sonra cavabdehə müəyyən güzəştlər tətbiq olunmuş və tərəflər arasında alqı-satqı mübadiləsi davam etmişdir. Sonuncu dəfə, xx.xx.2017ci il tarixdə yoxlama əsasında tərəflər arasında ikitərəfli qaydada imzalanmış “təhvil-təslim və üzləşdirmə aktı”na əsasən cavabdeh iddiaçıya 39474 manat borcunun olduğu müəyyən edilmişdir. Tərtib olunmuş sonuncu “akt”dan sonra cavabdeh tərəfindən iddiaçıya hissə-hissə olmaqla, ümumilikdə 11500 manat məbləğində pul ödənilmiş və hal-hazırda cavabeh Cavabdeh iddiaçıya 28474 manat məbləğində ödənilməmiş borc öhdəliyi mövcuddur. Məsələni həll etmək məqsədilə dəfələrlə onlar tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi xəbərdarlıqlar edilsə də, cavabdeh göstərilən xəbərdarlıqları cavabsız qoyaraq, yaranan borcu ödəməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini ödəməmiş və hazırda müəssisəyə 28474 məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Cavabdeh iddiaçının tikinti materiallarını sataraq gəlir əldə etməsi, müəssisənin pul vəsaitini özündə saxlamaqla və qanunsuz olaraq qaytarmaqdan yayınmaqla müəssisənin pul vəsaitindən faydalanmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin izahatlarını və şahid ifadəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin nizamnaməsindən görünür ki, İddiaçı MMC xx.xx.2004-cü il tarixdə şəhadətnamə ilə “xxxx” MMC kimi dövlət qeydiyyatına alınmış, təsisçinin xx.xx.2015-ci il tarixli qərarına əsasən “X11” MMC adlandırılmış və xx.xx.2018-ci il tarixli qərara əsasən İddiaçı MMC adlandırılmışdır. İş materiallarına əlavə edilmiş kommersya qurumunun dövlət reystrindən çıxarışdan müəyyən olunur ki, “X11” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC adı ilə qeydiyyata alınmış və bununla bağlı kommersiya qurumuna xx.xx.2018-ci il tarixdə çıxarış verilmişdir. İşdən görünür ki, “xxxx” MMC-nin debitor borclarının saxlanışı ilə əlaqədar olaraq, Cavabdeh “xxxx” MMC qarşısında olan borcunu (43175 manat borcunu) təsdiqləməsi təklif edilmiş, həmin sənəd X4 tərəfindən xx.xx.2015-ci il tarixdə imzalanaraq, “sentyabr ayından hissə-hissə ödəniş olunacağı və ilin sonunadək borcun tam şəkildə bağlanacağı”na dair qeyd yazılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdehin qalıq kredit borcunun 39974 manat məbləğində təşkil etməsinə dair “X11” MMC (Kommersiya departamentinin əməkdaşı Z.Musayev və Regional satış şöbəsinin rəisi Rüstəmov tərəfindən imzalanmış) ilə Cavabdeh arasında üzləşmə aktı imzalanmışdır. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin qeyd edilən müqavilə üzrə 28474 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizlə 5018,49 manat məbləğində faiz vardır. İş materiallarına əlavə olunan 8 saylı X6 hazırki iş üzrə cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, vergi ödəyicisinin dövlət reyestirində olan məlumatlara əsasən bildirilir ki, cavabdehin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-ci il tarixədək və xx.xx.2016-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İşə əlavə olunmuş 8 saylı X6 hazırki iş üzrə cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, vergi ödəyicisinin dövlət reyestirində olan məlumatlara əsasən bildiririk ki, cavabdehin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İş materiallarına əlavə olunan 8 saylı X6 hazırki iş üzrə cavabdehə ünvanladığı məktubun surətindən görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən fəaliyyətinin xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. İş materiallarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 1(017)-28/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən görünür ki, cinayət işi üzrə məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “X5 çoxdan tanıyır. Aralarında heç bir ədavət və münaqişə olmamışdır. 2011-ci ilin sentyabr ayından Mehdi Quliyevlə birlikdə Ağcabədi şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən tikinti materialları mağazasında satıcı kimi işləmişdir. Obyektin sahibi əslən Ağcabədi rayonu, Avşar kəndindən olan, hal-hazırda Bakı şəhərində yaşayan X1r, obyektdəki bütün mallar Qurbana məxsusdur, lakin mağazanın sənədləri Mehdi Quliyevin adınadır. xx.xx.2017-ci il tarixdən rəsmi olaraq mağazanı Mehdi təmsil edir. ...”. Hökmdən həmçinin görünür ki, cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, X2 tanıyır, əvvələr aralarında heç bir narazılıq və ziddiyyət olmamışdır. 2011-ci ilin sentyabr ayında Ağcabədi şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən tikinti materialları mağazasında nəzarətçi kimi işə başlamış, həmin vaxt mağazanın sahibi X3 olmuşdur. X4 da həmin vaxtdan mağazada satıcı kimi işləmiş, bütün maliyyə əməliyyatlarına cavabdeh olmuşdur. xx.xx.2016-cı ildə əvvəlki sahibkar mağazanın içərisində olan malla birlikdə ona satmışdır. Həmin tarixdən mağazanın sahibkarı kimi fəaliyyət göstərməyə başlamış, Arzuman İsmayılov da mağazada satıcı kimi işləməkdə davam etmişdir. Mağazanı əvvəlki sahibkardan alarkən malların təhvil-təslimi və uçotu aparılmış, heç bir əskik qeydə alınmamışdır. ...”. İşə əlavə edilən cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdən görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(121)-086/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı 28.474 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə borcun illik 5%-i miqdarında 3.440,60 manat pul məbləğinin və məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(086)-584/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(086)- 584/2019 saylı qərardadı ləğv edilmiş, İddiaçı MMC-nin cavabdeh Xanalıyev Qurban Ələmşad oğluna qarşı pul tələbinə dair iddia ərizəsi icraata qəbul edilərək, işin məhkəmədə baxılmağa hazırlanması xx.xx.2019-cu il tarixə saat 16.30-a Şirvan İnzibat-İqtisadi Məhkəməsinin binasına təyin edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(086)- 584/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(086)-584/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(086)-584/2019 saylı qərardadı ləğv edilərək, işə mahiyyəti üzrə baxılması təzələnmiş və məhkəmə baxışı iclasının xx.xx.2020-ci il tarixə, saat 16:30-a təyin olunması qərara alınmışdır. İşdən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-31/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-31/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(121)-31/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasının 2-2(106)-73/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(121)-31/2020 saylı və xx.xx.2020-ci il tarixli, e-2-2(121)-31/2020 saylı qərardadları dəyişdirilmədən saxlanılmışdır. İş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadə verərək göstərdi ki, 2003cü ildən İddiaçı MMC-də Regional satış şöbəsinin rəisi vəzifəsində işləyir. Cavabdeh Qurban Xanaliyevlə əməkdaşlıq etmişlər. Belə ki, 2006-2007-ci illərdə cavabdehin qardaşı Zahidlə birlikdə işləmişlər. 2008-ci ilin noyabr ayından isə Qurban Xanaliyevlə işləmişlər. 2008-2014cü illərdə əməkdaşlıqları olmuş və hər ilin dekabr ayında şirkətə olan borcunu bağlamışdır. 2015-ci ildə şirkətin rəhbərliyi dəyişmiş və ondan sonra yeni gələn rəhbərliklə Qurban Xanaliyevin əməkdaşlığı 2016-ci ilin avqust ayına qədər davam etmişdir. Həmin dövrdə əməkdaşlığı normal qaydada olmuş, ondan sonra şirkətdə audit şöbəsi onunla ümumi bazarda borcları təsdiq etmək üçün çıxanda bütün müştərilərlə, eyni zamanda Qurban Xanaliyevlə borclarını təsdiq etmək üçün getmiş, audit şöbəsinin işçisi Zamin Musayevlə bərabər və onun yaşadığı evin həyətində yəni, Xətai rayonunda, Babək prospektinə çıxış hissədə yolun sağ tərəfində yaşayış binasının həyətində Qurban Xanaliyevə 40289 manat borcunun olduğunu bildirmişlər. Həmin borcdan 315 manatın çox hesablandığını, 39974 manat borcu olduğunu təsdiq etmişdir. Sonradan borcun alınmasını audit şöbəsi ondan tələb etsə də, müştəri ilə iş aparmaq üçün danışıqlar aparılmış və cavabdeh Zabrat qəsəbəsində binaların arasında torpaq sahəsinin sənədlərini təqdim etmiş, lakin rəhbərliyi bunu qəbul etməmişdir. Həmin tarixdən sonra Qurban Xanaliyev 1000 manat və 2000 manata yaxın ödənişlər etmişdir. xx.xx.2017-ci il tarixli üzləşmə aktındakı imza Qurban Xanaliyevə məxsusdur. Həmin aktı şəxsən onun yanında imza etmişdir. Arzuman İsmayılov cavabdeh Qurban Xanaliyevin işçisi olmuş və xx.xx.2015-ci il tarixli aktda olan imza Arzuman İsmayılova məxsusdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin qalıq kredit borcunun 39974 manat məbləğində təşkil etməsinə dair “X11” MMC (Kommersiya departamentinin əməkdaşı Z.Musayev və Regional satış şöbəsinin rəisi Rüstəmov tərəfindən imzalanmış) ilə Cavabdeh arasında üzləşmə aktı xx.xx.2017-ci il tarixdə imzalanmışdır. Belə olan halda, iddiaçı üçün iddia müddəti axımı həmin vaxtdan başlamışdır. İşin materiallarından isə görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Lakin, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. İddiaçı “pul tələbi barədə” iddia ilə ilk dəfə 2019-cu ilin sentyabr ayında məhkəməyə müraciət edib, həmin iddia ərizəsi baxılmamış saxlanıldığına görə (ərizənin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması səbəbindən) 2-ci dəfə xx.xx.2020-ci il tarixində hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddianın verilməsi, daha sonra onun baxılmamış saxlanılması iddia müddətinin axımına təsir etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 381.1-ci maddəsinə görə, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu maddədə “ümumi qaydada davam edir” ifadəsi onu bildirir ki, məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilir, yəni sanki iddia olmamışdır. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur: 1-cisi, “iddia ərizəsinin baxılmamış saxlanılması” anlayışının mahiyyəti ilə. Belə ki, iddianın baxılmamış saxlanılması o deməkdir ki, iddia müdafiə vasitəsi kimi yararlı hesab olunmur: ərizənin imzalanmadığına görə, ərizənin məzmununa əməl edilmədiyinə görə, ərizə verən şəxsin davranışına görə: məsələn, məhkəməyə gəlməməsinə və digər səbəblərə görə. Yararsız vasitə üzrə məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməlidir, çünki ifadə edilmiş iradə (məhkəmə müdafiəsi üçün ifadə edilmiş iradə) etibarlı sayılmır. Xüsusilə qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi üçün iradə ifadəsi yalnız iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə bitmir, iddia verən şəxsin sonrakı davranışı (məhkəmə iclasına gəlməsi, gəlmədiyi təqdirə işə onun iştirakı olmadan baxılmasını xahiş etməsi və s.) şəxsin həqiqətən məhkəmə müdafiəsi istəyib-istəmədiyini təyin edir. Həmçinin qeyd olunmalıdır ki, Ali Məhkəmə Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 1.1-ci bəndində qeyd olunub ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Buradakı “hüquqi şərait imkan vermədiyi üçün” ifadəsi onu təsdiq edir ki, məhkəmə müdafiə üçün iradə ifadəsi etibarlı sayılmadığına görə müdafiə aktı (qətnamə) qəbul edilmədən məhkəmə baxışı başa çatır. 2-cisi, Mülki Məcəllənin 381.1 və 381.2-ci maddələrinin müqayisəli təhlili ilə. Belə ki, 381.2-ci maddədən görünür ki, cinayət işləri üzrə iddia ərizəsi baxılmamış saxlanıldıqda məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilmir. Əgər 381.1-ci maddədə müəyyən edilmiş halda məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməsə idi, qanunverici buna da xüsusi qeyd edərdi. Lakin qanunverici bunu xüsusi qeyd etməmiş, əksinə iddia müddətinin axımının ümumi qaydada davam etməsi barədə göstəriş vermişdir. Göründüyü kimi, iddia müddəti keçmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddia müddətini tətbiq etməklə iddiadan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Çünki məhkəmə öz təşəbbüsü ilə iddia müddəti tətbiq edə bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də, məhkəmə mübahisəni həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Mülki Məcəllədə göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bu cür mübahisələrin həll zamanı iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Bundan başqa, iddia müddətinin keçdiyi görünürsə, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığının müəyyən edilməsi üçün araşdırma aparılması prosessual qənaət prinsipinə uyğun deyil. Belə ki, bu cür mübahisələr üzrə məhkəmə araşdırması elmi-tədqiqat fəaliyyəti deyil, ona görə də həmin araşdırma hüququn müdafiə edilib-edilməyəcəyi barədə qərar qəbul etmək üçün kifayət edəcək dərəcədə aparılır. İddia müddətinin keçməsinə görə hüququn müdafiəsinin heç bir halda mümkün olmayacağı qabaqcadan görünürsə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparılmasına zərurət yoxdur. Nəzərə alınmalıdır ki, belə araşdırmaya işdə iştirak edən şəxslər vaxt və məsrəf sərf edirlər, onlar bu vaxt və məsrəfləri məhkəmənin araşdırma aparması üçün deyil, hüququn müdafiə edilib-edilməyəcəyi barədə qərar qəbul etməsi üçün sərf etməlidir. Odur ki, xx.xx.2017-ci il tarixli üzləşmə aktındakı imzanın cavabdeh tərəfindən icra olunubolunmamasının müəyyən edilməsinə dair məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsinə də ehtiyac yoxdur. Bundan başqa, iddia müddətinin tətbiq edilməsi üçün ərizə verən cavabdeh tərəfi iradə ifadə edir. İradə ifadə edən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da, həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qıldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələni həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırkı işdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddəti keçdiyindən, iddia müddətinin bərpası üçün əsas olmadığından və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Məhkəmə eyni zamanda iddianın 30 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia müddəti ötürülmüş və mübahisə tərəfinin müddətin tətbiqinə dair ərizə verdiyi iddia təmin edilə bilməz. Odur ki, iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı – 28474 manat məbləğində əsas borc, 5018,49 manat məbləğində əldən çıxmış faydaya görə əsas borcun illik 5 faizi miqdarında pul vəsaiti və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar