Məhkəmə qərarları › İş №e-2-2(121)-963/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-963/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-963/2020 31.08.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı MMC-nin kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı MMC cavabdehin kim olması göstərilmədən “borcun, borca görə faizlərin, iddia ilə bağlı çəkilən xərclərin və ödənilmiş dövlət rüsumunun tutulması” barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilən iddia ərizəsindən görünür ki, iddiaçı mövcud iddia ərizəsinin elektron hissəsinə aid olan “giriş” hissəsində iş üzrə cavabdeh qismində kimin olmasını göstərməmişdir. Yəni, iddia tələbinin hansı cavabdehə qarşı yönəldilməsi müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıldığından, bununla da “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilən iddia ərizəsində cavabdehin adı (poçt ünvanı) göstərilməli olduğundan, mövcud iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol. Həmin Məcəllənin 284-3.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Qeyd edilən Məcəllənin 284-3.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçı və cavabdehin adları, onların poçt ünvanları göstərilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi üzrə cavabdehin adını və poçt ünvanını iddia ərizəsində göstərmədiyindən, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, sadələşdirilmiş qaydada verilən kiçik iddia ərizələri üzrə ərizə verildikdə, ərizənin geri qaytarılmasını müəyyən edən konkret norma olmadığından, iddia ərizəsinin geri qaytarılmasına dair münasibətləri nizama salan hüquq normaları tətbiq edilərək, sadələşdirilmiş qaydada verilən kiçik iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci və 284-1ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı MMC-nin “borcun, borca görə faizlərin, iddia ilə bağlı çəkilən xərclərin və ödənilmiş dövlət rüsumunun tutulması” barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, sadələşdirilmiş qaydada verilən kiçik iddia ərizəsinin qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar