Məhkəmə qərarları › İş №e-2-2(121)-98/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-98/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-98/2022 16.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 17.01.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 15.627,56 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə cavabdehə məxsus 17.000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan “X5” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 17.02.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 17.02.2021-ci il tarixə yaranan 15.627.56 manat borcuna görə 17.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 17.02.2021-ci il tarixli **********3 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 20.05.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 17.02.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna 15.627.56 manat ödənilməmiş borcu qalmışdır. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 17.02.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 8.143,40 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 17.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək Dövlət Sosial Müdafiə Fonduna olan borcla bağlı Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 08.08.2012-ci il tarixli, 2-2(86)-804/2012 saylı qətnaməsinin qəbul olunduğunu bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, “X5” ASC 26.07.2021-ci il tarixdə 5.300 manat məbləğində ödəniş etmiş və 27.07.2021ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 10.327,56 manat borcu vardır. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair 11 fevral 2019-cu il tarixli, **********0 saylı bildirişdən görünür ki, cavabdeh “X5” ASC-nin 11.02.2019-cu il tarixə, ümumilikdə 15.627,56 manat (muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 15.627,56 manat) məbləğində borcunun olması bildirilərək göstərilən borcun 5 gün müddətində ödənilməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “əmlakın siyahıya alınması haqqında” 17.02.2021-ci il tarixli, **********3 saylı qərarından görünür ki, vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən “X5” ASC-nin əmlaklarının siyahıya alınmasının həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan “Əmlakın siyahıya alınması haqqında” 17 may 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş siyahıdan görünür ki, cavabdeh “X5” ASC-yə məxsus Lənkəran rayonu, Liman şəhəri, Nərimanabad ŞTQ ünvanında yerləşən ümumi dəyəri 17.000 (on yeddi min) manat olan kiçik həcimli gəmi siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” 17 may 2021-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak “X5” ASC-nin nümayəndəsi X2 məsul saxlanmaya verilmişdir. “X5” ASC-nin nümayəndəsi X3 aktı və protokolu imzalayaraq, surətlərini almışdır. İş materiallarında olan “X5” ASC-yə ünvanlanmış 17 may 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. İş materiallarında olan “X5” ASC-nin direktoru X3 tərəfindən məhkəməyə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, “X5” ASC 2002-ci ilin may ayından tam özəlləşdirilmişdir. Özəlləşdiyi tarixdən qismən işləsə də fəaliyyətini 08.02.2012-ci ildən tam dayandırmışdır. 01.01.2012-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə X5 ASC-nin 20.575,76 (iyirmi min beş yüz yetmiş beş manat yetmiş altı qəpik) manat borcu yaranmışdır. Bu borc işçiləri hesablanmış lakin ödənilməmiş əmək haqlarından əmələ gəlmişdir. DSMF-nin Lənkəran rayon şöbəsi bu borca görə X5 ASC-yə qarşı X6 məhkəməsində iddia qaldırmış və bu işə 08 avqust 2012-ci ildə baxılmışdır. Hakim tərəfindən qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Beləliklə, mülki qanunvericiliyə əsasən hazırki mübahisə üzrə 01.01.2009cu il tarixədək yaranmış borcların məhkəmə qaydasında ödənilməsini tələb etmək üçün iddia müddəti 01.01.2012-ci il tarixdə başa çatmışdır. DSMF-nın Lənkəran rayon şöbəsi borcların tutulması barədə iddia qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Belə ki, DSMF-nın Lənkəran rayon şöbəsi məhkəməyə 06.06.2012-ci ildə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb qərar qəbul etmişdir. İddia qismən təmin edilsin. Cavabdeh X5 Açıq Səhmdar Cəmiyyətindən 7484 (yeddi min dörd yüz şəxsən dörd manat on altı) manat tutularaq Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə verilsin. Həmin vaxt bu qətnamədən DSMF-nin Lənkəran rayon şöbəsi heç bir şikayət verməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Dəfələrlə DSMF-nin Lənkəran rayon şöbəsinə müraciət etməyimizə baxmayaraq bu borc bizim şəxsi hesab vərəqəmizdə qalmışdır. Yalnız 2018-ci ildə ölkə prezidentinin fərmanına uyğun olaraq 2006-cı ilə qədər olan borclar silinmişdir. Sonradan bütün bu işlər 6 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə olunmuş və bizim DSMF-ə olan borcumuz vergidə olan şəxsi hesabmızda yaranmışdır. 6 saylı Ərazi Vergilər Baş İdarəsi 01.01.2012-ci ilə qədər olan 15.627 (on beş min altı yüz iyirmi yeddi manat 56 (əlli altı) qəpik borca görə X5 ASC-nin əmlakı siyahıya alınaraq “X5” ASC-ni məhkəməyə vermişdir. 6 saylı Ərazi Vergilər baş İdarəsinə Şirvan-İnzibati İqtisadi Məhkəməsinin 08 avqust 2012-ci il tarixli 2- 2(86)-804/2012 nömrəli qətnaməsinin surətini təqdim etmişəm. Lakin heç bir nəticəsi yoxdur. Bu hal üzrə məhkəmə artıq qətnamə çıxarıb. Qanunvericiliyə görə bir məsələ barəsində məhkəmə bir dəfə qərar verir. Bildirmək istəyirəm ki, Şirvan-İnzibati-İqtisad Məhkəməsinin 08 avqust 2012-ci il tarixli, 2-2(86)-804/2012 nömrəli qətnaməsində göstərilən 7.484,16(yeddi min dörd yüz səksən dörd manat on altı qəpik) manat pulun 5300 (beş min üç yüz) manatını “X5” ASC-ödəmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 08.08.2012-ci il tarixli, 2-2(86)-804/2012 saylı qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin “X5” ASC-yə qarşı 20.575 manat 76 qəpik məbləğində məcburi dövlət sosial sığorta haqqı borcunun tutulması barədə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətindən 7.484,16 (yeddi min dörd yüz səksən dörd manat on altı qəpik) manat məbləğində pulun tutularaq Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə verilməsi, cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətindən 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq dövlət gəlirinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri X3 tərəfindən DSMFnin Lənkəran rayon şöbəsinə ünvanlanan 27.08.2016-cı il tarixli məktubdan görünür ki, X3 DSMF-nin Lənkəran rayon şöbəsinə müraciət edərək Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 08.08.2012-ci il tarixli, 2-2(86)-804/2012 saylı qətnaməsinin icra olunmadığını bildirərək 13.091,60 manat borcun “X5” ASC-nin hesabından azaldılmasını xahiş etmişdir. İş materiallarında olan 23.07.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, “X5” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 5.300 manat Dövlət Vergi Xidməti DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi İdarəsinin hesabına köçürülmüşdür. İş materiallarında olan 20.10.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, “X5” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2.184,16 manat Dövlət Vergi Xidməti DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi İdarəsinin hesabına köçürülmüşdür. İş materiallarında olan 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilən arayışdan görünür ki, “X5” ASC-nin fəaliyyəti və əməliyyatları 08.02.2012-ci il tarixindən 08.02.2017-ci il tarixədək dayandırılmışdır. İş materiallarında olan 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilən arayışdan görünür ki, “X5” ASC-nin fəaliyyəti və əməliyyatları 09.02.2017-ci il tarixində dayandırılmış, 09.02.2022-ci il tarixindən isə bərpa ediləcəyi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 28.02.2022-ci il tarixli, **********045100 saylı məktubda qeyd edilmişdir ki, vergi ödəycisnin borclarının araşdırılması haqqında müraciətə əsasən 01.01.2012-ci il tarixə olan borc məbləğinin yaranma tarixi və səbəbi barədə, eyni zamanda Azərbaycan Respublikası Şirvan İnzibati-İqtsadi Məhkəməsinin 2-2(86)-804/2012 nömrəli qətnaməsi ilə sosial sığorta haqları üzrə borcun silinməsi haqqında qətnamənin icra edilməməsi səbəbləri barədə məlumatın verilməsindən ötrü tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsinin 7 saylı Regional Ərazi Filialına müraciət olunmuş, cavab məktubu ilə borcun yaranma dövrü göstərilməklə qeyd olunan qətnamənin silinməməsi səbəbi kimi, növbəti mərhələlərdə Şirvan Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bununla əlaqədar qərarının olmaması bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 01.03.2022-ci il tarixli, **********2 saylı məktubda Fond tərəfindən müvafiq araşdırmanın aparıldığı və 31 avqust 2018-ci il tarixində 1 yanvar 2006-cı il tarixinə yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 3.354,58 manat məcburi dövlət sosial sığorta haqqı, 1 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 1.948,03 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) tam şəkildə silindiyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan cavabdeh “X5” ASC-nin şəxsi hesab vərəqəsindən ASC-nin 27.07.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fondu üzrə 10.327,56 manat borcunun hesablanmışdır. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 17.02.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 8.143,40 manat məbləğində borcunun olduğunu bildirmişdir. Bununla belə araşdırma zamanı müəyyən edilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 08.08.2012-ci il tarixli, 2-2(86)-804/2012 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin “X5” ASC-yə qarşı 20.575, 76 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı borcunun tutulması barədə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətindən 7.484,16 (yeddi min dörd yüz səksən dörd manat on altı qəpik) manat məbləğində pulun tutularaq Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə verilməsi, cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətindən 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq dövlət gəlirinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh tərəfindən 7.484,16 manat məbləğində borc isə tam ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı o da müəyyən edilmişdir ki, cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti 08.02.2012-ci il tarixindən 08.02.2017-ci il tarixədək və 09.02.2017-ci il tarixdən 09.02.2022-ci il tarixinədək dayandırılmışdır. Bununla yanaşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 28.02.2022-ci il tarixli, **********045100 saylı məktubda Şirvan İnzibati-İqtsadi Məhkəməsinin 2-2(86)-804/2012 nömrəli qətnaməsinin icra olunmaması və qətnamə ilə müəyyən edilmiş 7.484,16 (yeddi min dörd yüz səksən dörd manat on altı qəpik) manat borc məbləğinin silinməməsini növbəti mərhələlərdə Şirvan Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bununla əlaqədar qərarının olmaması kimi əsaslandırmışdır. İş materiallarından isə həmin iş üzrə tərəflərin yuxarı instansiya məhkəməsinə və yaxud Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayətin verilməsi müəyyən olunmur. Belə olduğu təqdirdə Şirvan İnzibati-İqtsadi Məhkəməsinin 2- 2(86)-804/2012 nömrəli qətnaməsi icra olunmalı idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 01.03.2022-ci il tarixli, **********2 saylı məktubda yalnız 31 avqust 2018-ci il tarixində 1 yanvar 2006-cı il tarixinə yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 3.354,58 manat məcburi dövlət sosial sığorta haqqının, 1 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 1.948,03 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının (hesablanmış penya) tam şəkildə silindiyi bildirilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasına əsas verən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borc üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 08.08.2012-ci il tarixli, 2- 2(86)-804/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Belə olan halda, iddiaçının mövcud iddia tələbi əsassızdır. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 may 2020-ci Qərarında qeyd olunmuşdur ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Həmçinin o da nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin iddia predmetinin dəqiq göstərilməsinə dair tələbi prosessual qənaət prinsipini qorumağa yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında qeyd olunmuşdur ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Bununla yanaşı, “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2019-cu il tarixli qərarına əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Belə ki, Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsindən görünür ki, qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, belə tələb həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinin məzmunundan irəli gəlir. Həmin maddəyə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, “Sosial sığorta haqqında” 18.02.1997-ci il tarixli Azərbaycan Respublikası Qanunun 9-cu və 11-ci maddələri ilə sığortaçının üzərinə sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, sığorta olunanın üzərinə isə sosial sığorta haqqını vaxtında ödəmək vəzifələri qoyulmuşdur. Həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən qeyd edir ki, hazırki iddia tələbi zahirən Şirvan İnzibati-İqtisadi Məhkəməsində irəli sürülmüş tələbdən fərqli görünsə də, mahiyyəti etibarı ilə eyni borca istinadən irəli sürülmüşdür. İddiaçının tələbinin əsasını təşkil edən borc Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ilə həll edilmiş, 20.575 manat 76 qəpik məbləğində məcburi dövlət sosial sığorta haqqı borcunun tutulması barədə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətindən 7.484,16 (yeddi min dörd yüz səksən dörd manat on altı qəpik) manat məbləğində pulun tutularaq Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə verilməsi qət edilmişdir. Göründüyü kimi tələbin əsasını təşkil edən məcburi dövlət sosial sığorta haqqı üzrə borc məhkəmə qətnaməsi ilə silinmiş, nəticədə həll olunmuş məsələ ilə bağlı yenidən iddianın irəli sürülməsi yolverilməzdir. Məhkəmə həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə görə vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə hesab edir ki, mövcud iddia tələbi rədd edildiyindən, iddiaçı isə qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehin 17.02.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 8.143,40 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 17.000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar