Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-98/2023 14.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı – pul tələbi barəsində ilkin iddiasına; "xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı müqavilənin ləğv edilməsi və zərərin ödənilməsi barəsində qarşılıqlı iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı – xx-xx/2019 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh "xxxx" MMC-dən ümumilikdə 39774,5 ABŞ dolları məbləğində əsas borcun (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) iddiaçı "xxxx" MMCnin xeyrinə tutulması, xx-xx/2019 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 6 saylı Spesifikasiya görə xx.xx.2021-ci il tarixdən 12672,5 ABŞ dolları və 7 saylı Spesifikasiya görə xx.xx.2021-ci il tarixdən 27102 ABŞ dolları ödənilməmiş borca görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi qəbul olunan tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsini əsas götürməklə məhkəmə tərəfindən faiz məbləğinin (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) hesablanaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, iddiaçı tərəfindən mediasiyaya çəkilmiş 400 manat rüsum və hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş 850 manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə “satıcı” adlandırılacaq "xxxx" MMC (Ukrayna, Dnep şəhəri) nizamnamə əsasında fəaliyyət göstərən baş dirketoru X9 şəxsində bir tərəfdən və digər tərəfdən sonradan “alıcı” adlandırılacaq "xxxx" MMC-yə nizamnamə əsasında fəaliyyət göstərən, direktor X7 şəxsində (ünvan: Azərbaycan, Cəbrayıl rayonu, Xudaverdili kəndi) aşağıdakılar haqqında hazırki xx-xx/2019 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsini bağladılar. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “satıcı” malı “İnkoterms 2010” qaydalarına müvafiq olaraq hazırki müqaviləyə spesifikasiyalarda qeyd edilən FCA-Ukrayna, Dnepr şəhəri, İva Ezau küçəsi, 15 şərtlərində satır, “alıcı” isə onu qəbul edir və onun üçün ödənişi həyata keçirir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, “satıcı” malları bu müqavilənin ayrılmaz hissəsi olan (müqavilənin 2.1-ci bəndi) Spesifikasiyalarında göstərilən çeşiddə, miqdarda və qiymətlərlə tədarük edir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, göndərmə məntəqəsində-Dnepr şəhərində malın gömrük bəyannaməsinin rəsmiləşdirildiyi tarix tədarük tarixi hesab olunur. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, müqavilənin məbləği 500000 ABŞ dollarıdır. "xxxx" MMC müqavilənin şərtlərini yerinə yetirərək, xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-yə ümumi dəyəri 184364,5 ABŞ dolları dəyərində malları tədarük etmişdir. Bu günə qədər “alıcı” təhvil verilən mallara görə vəsait ödəməyib, ödənilməmiş malların ümumi məbləği 39774,5 ABŞ dolları təşkil edir. Belə ki, xx.xx.2021-ci il tarixli, 6 nömrəli Spesifikasiyaya uyğun olaraq mallara görə qismən 39660 ABŞ dolları məbləği ödənilmişdir. Belə ki, 6 nömrəli Spesifikasiyaya görə borc 12672,5 ABŞ dollar təşkil edir və 7 saylı Spesifikasiyaya üzrə borc - 27102 ABŞ dollar təşkil edir. xx.xx.2022-ci il tarixdə tərəflər xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddətə qarşılıqlı hesablaşma aktı imzalamışlar. Onun məzmununa uyğun olaraq, xx.xx.2022 tarixinə borcun ödənilməsi barədə razılığa gəlmişlər. "xxxx" MMC tərəfində "xxxx" MMC-nin xeyrinə 39774,5 ABŞ dolları borc məbləği ödənilməlidir. Belə ki, yuxarıda qeyd olunan maddəyə əsasən, xx-xx/2019 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə, 6 saylı Spesifikasiya əsasən xx.xx.2021-ci il tarixdən və 7 saylı Spesifikasiya əsasən xx.xx.2021-ci il tarixdən hesablanmaqla müqavilə üzrə ödənilməmiş borcun (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi qəbul olunan tarixə olan Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsini əsas götürməklə məhkəmə tərəfindən hesablanaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məqsədə müvafiqdir. xx.xx.2022-ci il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankı bank uçot dərəcəsini 8% müəyyən etmişdir. xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə pretenziya poçt və "xxxx" MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidmətində olan elektron kabinetinə göndərilmişdir. "xxxx" MMC bu tələblə bağlı xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklifi poçt və "xxxx" MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidmətində olan elektron kabinetinə göndərmişdir. xx.xx.2022-ci il tarixdə məcburi mediasiya sessiyasının keçirilməsi məqsədilə Mediasiya Şurasına müraciət edilmişdir. Beləliklə, mediator Tural Şahbazov vasitəsi ilə xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” MŞB/6-6269 nömrəli arayış qəbul edilmişdir. Buna görə də, məhkəməyə müraciət edilməsi qərarına gəlinmişdir. "xxxx" MMC "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə "xxxx" MMC arasında 21-12\2019 saylı, xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi və dəymiş zərər üçün 20000 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 21-12\2019 saylı müqaviləyə əsasən "xxxx" MMC "xxxx" MMC-ilə alqı-satqı müqaviləsi bağlayaraq satıcı malı “İnkoterms 2010” qaydalarına əsasən hazırki müqaviləyə Spesifikasiyalada qeyd edilmiş FCA-Ukrayna, Dnepr şəhəri, İvan Ezao küçəsi, 15 şərtlərində satır, alıcı isə onu qəbul edir və onun üçün ödənişi həyata keçirir. Tərəflər arasında bağlanmış müqavilənin 9-cu maddəsinin 5-ci bəndinə əsasən alıcının tələbinə əsasən satıcı su təchizatı və isitmə sistemləri üçün çox təbəqəli metal plastik borular “SENATOR PEX-AL-PEX” 16x2.o, “VİP SENATOR PEX- AL-PEX 16x2, “SENATOR PEX EVOH” 16x2, çox təbəqəli polimetr boruları digər alıcılara “SENATOR” adı ilə tədarük edə bilməz. Lakin ötən məhkəmə iclasında "xxxx" MMC-nin 6 nömrəli “Spesifikasiya” üzrə ödənilməyən 12672,5 ABŞ dolları məbləğində pulun X8 tərəfindən ödənildiyini qeyd etmişdilər. X8 ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə A-3-22 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmenti satıcı malı İnkoterms 2010 qaydalarına müvafiq olaraq hazırki, müqaviləyə Spesifikasiyalarda qeyd edilən CPT satır, alıcı isə onu Azərbaycan, Bakı şəhərində qəbul edir və onun üçün ödənişləri həyata keçirir. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcı "xxxx" MMC tərəfindən istehsal edilmiş qüvvədə olan standartlara müvafiq malı tədarük edir və malın keyfiyyətini uyğunluq sertifikatına uyğun təsdiq edir. "xxxx" MMC ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixdə A-3-22 saylı müqavilənin 9-cu maddəsinin 5-ci bəndinə əsasən alıcının tələbinə əsasən satıcı su təchizatı və isitmə sistemləri üçün çox təbəqəli metal plastik borular “SENATOR PEX-AL- PEX” 16x2.o, “VİP SENATOR PEX-AL-PEX” 16x2, “SENATOR PEX EVOH” 16x2, çox təbəqəli polimetr boruları digər alıcılara “SENATOR” adı ilə tədarük edə bilməz. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı "xxxx" MMC "xxxx" MMC arasında bağlanmış müavilənin 9.5-ci maddəsinə əsasən o, “SENATOR PEX- AL-PEX” 16x2.o, “VİP SENATOR PEX-AL-PEX” 16x2, “SENATOR PEX EVOH” 16x2, çox təbəqəli polimetr boruları digər alıcılara “SENATOR” adı ilə tədarük edə bilməyəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, o, müqavilə şərtlərini yerinə yetirməyərək, X5 da məhz həmin marka adı altında olan məhsulları idxal edəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Bununla da, "xxxx" MMC "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə yerinə yetirilməli olduğu öhdəliyi pozmuşdur. Eyni markanı başqa alıcıya satmaması barədə öhdəlik götürsə də, onu yerinə yetirməmiş, müqavilə üzrə yerinə yetirilməli olan öhdəlik pozulduğundan, müqavilə ləğv edilməli və "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə vurduğu zərəri ödəməlidir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh "xxxx" MMC-nin (bundan sonra “iddiaçı”) nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında məhkəmə iclasında ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddiaya etiraz etdi. Məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" MMC-nin (bundan sonra “cavabdeh”) nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddiaya etiraz etdi. Məhkəmədən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən əsaslıdır, qarşılıqlı iddia əsassızdır. Buna görə də ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, işə əlavə olunan sənədlərdən görünür ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında xx-xx-2019 saylı, xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “Satıcı” malı “İnkoterms 2010” qaydalarına müvafiq olaraq hazırki müqaviləyə Spesifikasiyalarda qeyd edilən FCA-Ukrayna, Dnepr şəhəri, İvan Ezau küçəsi, 15 şərtlərində satır, “Alıcı” isə onu qəbul edir və onun üçün ödənişi həyata keçirir. İş materiallarına əlavə edilən 6 saylı və 7 saylı Spesifikasiyaların surətlərindən görünür ki, iddiaçı 6 saylı Spesifikasiyaya uyğun olaraq 52332,5 ABŞ dolları dəyərində, 7 saylı Spesifikasiyaya uyğun olaraq 27102 ABŞ dolları dəyərində malları cavabdehə satmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. İş materiallarına əlavə edilən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli (Malların defekt olması səbəbindən geri qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə) iclasının 1 saylı protokolunun surətindən görünür ki, Sifarişçi tərəfindən irəli sürülən iddia-tələbin qəbul olunması, Sifarişçiyə dəymiş 29105 manat məbləğində ziyanın (gömrük rüsumu, nəqliyyat xərcləri, malların boşaldılıb yığılması xərcləri) "xxxx" MMC tərəfindən ödənilməsi, defekt malların "xxxx" MMC-nin öz hesabına gömrük rüsumu, nəqliyyat xərcləri, malların yığılıb başaldılması xərclərini ödəməklə geri qaytarılması, “Senator” plastik boru kompozit d 25 mm malların defekt və istifadəyə yararsız olması ilə əlaqədar "xxxx" MMC-yə dəymiş ziyanın ilkin məbləğinin 29105 manat təsdiq olunması, “Senator” markası altında ticarət fəaliyyəti göstərən "xxxx" MMC-nin etiket nüfuzuna dəymiş mənəvi ziyanın miqdarının müəyyənləşdirilməsi, "xxxx" MMC-nin “Malların defekt olması və dəymiş ziyanın müəyyənləşdirilməsi” barədə xx.xx.2022-ci il tarixli iclasının 1 saylı protokolundan irəli gələn tədbirlərin həyata keçirilməsi qərara alınmışdır. İşə əlavə edilmiş OX1 saylı xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC "xxxx" MMC-yə 12672,50 ABŞ dolları məbləğində pu vəsaiti köçürmüşdür. Lakin, cavabdehin nümayəndəsi məhkəmə iclasında qeyd edilən tarixdə köçürmənin həyata keçirilməsinin mümkün olmadığını bildirmişdir. İşə əlavə olunan sənədlərdən görünür ki, "xxxx" MMC ilə X8 arasında A-3-22 saylı, xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “Satıcı” malı “İnkoterms 2010” qaydalarına müvafiq olaraq hazırki müqaviləyə Spesifikasiyalarda qeyd edilən CPT satır. “Alıcı” isə onu Azərbaycan, Bakı şəhərində qəbul edir və onun üçün ödənişi həyata keçirir. İş materiallarına əlavə edilən 1 saylı Spesifikasiyanın surətindən görünür ki, iddiaçı 1 saylı Spesifikasiyaya uyğun olaraq 39774,50 ABŞ dolları dəyərində malları X1. İşdən görünür ki, X8, xx.xx.2022-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 5800 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 1872,5 ABŞ dolları olmaqla cəmi 12672,5 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" MMC-yə ödəmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən və iş materiallarına əlavə olunan barışıq aktının surətindən görünür ki, "xxxx" MMC (MMC-nin direktor A.İ.Qruzin) ilə "xxxx" MMC (MMC-nin direktor Ç.A.Teymurov) 2019-cu ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi olan dövr üçün qarşılıqlı hesablaşmalar apararaq barışıq aktı tərtib etmişlər. İş materiallarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları ilə "xxxx" MMC vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Azərbayan Respublikası Dövlət Gömrük Komitəsinin 3-33/2- 002433/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr ərzində ixracatçı "xxxx" MMC tərəfindən idxalatçı "xxxx" MMC-nin ünvanına göndərilən mallara dair sənədlərin surəti təqdim olunur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində X3 "xxxx" MMC-dən mal idxal etməsi barədə Dövlət Gömrük Komitəsinin X2 Sistemində məlumat qeydə alınmamışdır. İş üzrə şahid qismində dindirilmiş X8 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, tərəflərlə qanuni təmsilçiləri ilə heç bir qohumluq əlaqəsi yoxdur. Ancaq 2021-ci ilin sonlarına kimi "xxxx" MMC-də sürücü işləmişdir. MMC-nin qanuni təmsilçisi Samirlə dostluq münasibətləri olduğundan, Samir ondan xahiş etmişdir ki, Ukranyada olan şirkətdən malların Azərbaycana göndərilməsi üçün onun adına müqavilə bağlanmasına zərurət yaranmışdır. Samirdən "xxxx" MMC-nin adına nə üçün mal göndərilə bilmədiyini soruşduqda, Samir "xxxx" MMC-nin hesablarına vergi orqanı tərəfindən sərəncam qoyulduğunu bildirmişdir. Bu məqsədlə, yəni malların göndərilməsi ilə bağlı onunla "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış, 12672,5 ABŞ dolları məbləğində pul vəsaiti onun adından "xxxx" MMC-yə göndərilmiş, lakin "xxxx" MMC tərəfindən mallar göndərilməmişdir. Halbuki, "xxxx" MMC tərəfindən mallar göndərilməli idi. Beləliklə, işin həqiqi halları, iddiaçının nümayəndələrinin və cavabdehin nümayəndəsinin izahatları, şahid ifadəsi, iş materiallarına əlavə edilən sənədlərlə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx-xx-2019 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 6 saylı Spesifikasiyaya uyğun olaraq 52332,5 ABŞ dolları dəyərində, 7 saylı Spesifikasiyaya uyğun olaraq 27102 ABŞ dolları dəyərində mallar iddiaçı tərəfindən cavabdehə göndərilmiş, 6 saylı Spesifikasiya üzrə 39660 ABŞ dolları məbləğində cavabdeh tərəfindən ödəniş edilmişdir. Hazırda cavabdehin iddiaçıya 6 saylı Spesifikasiya üzrə 12672,50 ABŞ dolları məbləğində, 7 saylı Spesifikasiya üzrə isə 27102 ABŞ dolları məbləğində borcu qalmışdır. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, 6 saylı Spesifikasiyaya uyğun olaraq 52332,5 ABŞ dolları dəyərində, 7 saylı Spesifikasiyaya uyğun olaraq 27102 ABŞ dolları dəyərində mallar iddiaçı tərəfindən cavabdehə göndərilməsi və həmin malların cavabdehə təhvil verilməsi işin mübahisəsiz halıdır. Göründüyü kimi tərəflər arasında göndərmə müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 627.1-ci maddəsinə əsasən, göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də ilkin iddianın həmin hissəsi əsaslıdır. Odur ki, ilkin iddianın göstərilən hissəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edirəm ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri xarici valyuta ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə həmçinin ilkin iddianın “ödənilməmiş borca görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi qəbul olunan tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsini əsas götürməklə məhkəmə tərəfindən faiz məbləğinin hesablanaraq tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, ilkin iddianın həmin hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, ilkin iddia göstərilən hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin ilkin iddianın 400 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, ilkin iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli olduğundan, ilkin iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdeh(lər)dən 300 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 850 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, ilkin iddia isə qismən təmin edilməli olduğundan, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 500 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin ilkin iddiaya etirazının dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin göstərilən dəlilləri əsassızdır. Belə ki, cavabdeh ilkin iddiaya etirazını “6 saylı Spesifikasiya üzrə tələb olunan 12672,50 ABŞ dolları məbləğində pul vəsaitinin tam şəkildə ödənilməsi, vergi orqanı tərəfindən cavabdehdə yoxlamalar aparılması, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bank hesabına sərəncam qoyulması, qeyd olunan məbləğin göndərilməsinin yalnız bank hesabı üzərindən mümkün olacağından, cavabdeh əvvəllər işçisi olmuş X5 qeyd olunan şirkətlə müqavilə bağlamasını xahiş etməsi, Xəqani Teymurovla müqavilənin bağlanmasına səbəbin cavabdeh tərəfindən iddiaçıya ödənilməyən 12672,50 ABŞ dollarının ödənilməsini təmin etmək olması, iddiaçı ilə X8 arasında xx.xx.2022-ci il tarxidə A-3-22 saylı müqavilə bağlanması, müqavilə bağlandıqdan sonra Xəqani Teymurov tərəfindən iddiaçıya xx.xx.2022ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 5800 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 1872,50 ABŞ dolları məbləğində pul ödənilməsi, cavabdehin müqavilə üzrə və 6 nömrəli spesifikasiya üzrə ödənilməyən 12672,50 ABŞ dollarını özü ödəyə bilməsə də, məhz Xəqani Teymurovun bank hesabı vasitəsilə hissə-hissə ödəməsi, əgər belə olmasaydı, o zaman iddiaçı qəbul etdiyi avans üzrə Xəqani Teymurova müqavilədə qeyd olunan malları göndərərdi, lakin, iddiaçı tərəfindən Xəqani Teymurova hər hansı mal göndərilməməsi, 6 saylı Spesifikasiya üzrə tələb olunan 12672,50 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdeh tərəfindən tam şəkildə ödənilməsi” ilə əsaslandırmışdır. Lakin, cavabdeh tərəfindən dəvət edilmiş və iş üzrə şahid qismində dindirilmiş X8 göstərilənlərin əksinə olaraq, “onunla "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmasını, 12672,5 ABŞ dolları məbləğində pul vəsaitinin onun adından "xxxx" MMC-yə göndərilməsini, lakin "xxxx" MMC tərəfindən malların göndərilməməsini, halbuki, "xxxx" MMC malları göndərməli olmasını” bildirmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəmə iclasında “X8 ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilənin hazırki iş üzrə cavabdehlə bağlanan müqaviləyə heç bir aidiyyətinin olmamasını” göstərmişdir. Göründüyü kimi, "xxxx" MMC ilə X8 ayrıca şəkildə müqavilə bağlanmış və tərəflər biridigəri qarşısında müqavilədən irəli gələn öhdəliklər götürmüşlər. Buna görə də, Xəqani Teymurovla bağlanmış müqavilə üzrə ödənilmiş pul vəsaitinin məhz hazırki iş üzrə cavabdehin borcuna görə ödənilmiş məbləğ kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, X8 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə Xəqani Teymurovun (və ya "xxxx" MMC-nin) tələb(lər) irəli sürmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bundan başqa, cavabdeh ilkin iddiaya etirazını onunla əsaslandırmışdır ki, “7 saylı Spesifikasiya üzrə iddiaçı tərəfindən cavabdehə 27102 ABŞ dolları məbləğində mal göndərilmişdir. Eyni zamanda, 7 saylı Spesifikasiya üzrə iddiaçının göstərişinə əsasən onun göndərdiyi Qruzin Olenaya məxsus olan pasporta əsasən onun adına xx.xx.2022-ci il tarixdə X4 tərəfindən 1000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə X7 tərəfindən 1000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə X12 tərəfindən 500 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə X10 tərəfindən 1000 ABŞ dolları olaraq ümumilikdə 3500 ABŞ dolları göndərmişdir. 7 saylı Spesifikasiya üzrə 27102 ABŞ dollarından 3500 ABŞ dolları məbləğində pul ödənilmişdir. Qalıq borc 23602 ABŞ dolları qalmışdır. Göndərilmiş malın 20000 metri, yəni 14000 ABŞ dolları dəyərində olan mal qüsurlu olmuşdur. Malın qüsurlu olmasını cavabdeh bildikdən sonra, bu barədə tərəflər arasında yazışmalar olmuş, müqavilə şərtlərinə əsasən hətta cavabdeh Ukrayna Respublikasına getmiş və ziyanın yarı hissədə bölünməsinə razılqıları olsa da, sonradan həmin mal cavabdeh tərəfindən idxal olunduqda ona təkrarən ziyan dəymiş və məcburi şəkildə 14000 dollarlıq maldan 11000 ABŞ dollarının ödənilməsini və ya silinməsini qarşı tərəfdən tələb etmişdir. Qarşı tərəf isə öz növbəsində danışıqlar yolu ilə razılığa gəlsə də, mail yazışmasında ödənilən 3500 ABŞ dollarını və 11000 ABŞ dolları ziyanı dolayı yolla qəbul etmiş, lakin cavabdehin borcu ödənildikdən sonra həmin hissəyə münasibət bildiricəyini yazmışdır. Qeyd etmişdir ki, əgər o, malın qüsurlu olduğu qəbul etsə, onun barəsində cinayət işi qaldırılar və vergi onu cərimə edər. Odur ki, bu hissəni aralarında tənzmilənməsini xahiş etmişdir. Qüsurlu maldan 6000 metr satılmamışdır. Qüsurlu mal X6 dəyərindən daha aşağı məbləğə satılsa da, borcu tam keyfiyyətsiz olduğundan Eldar Məmişov tərəfindən qəbul edilməmiş, cavabdeh təkrarən ziyana düşmüşdür. Tərəflərin arasında mail yazışmaları və whatsapp vasitəsi ilə danışıqlar aparılmışdır. Cavabdeh öz növbəsində qüsurlu malla əlaqədar Eldar Məmişova idxal etdiyi malları geri qaytarmamışdır. Eldar Məmişova satılan mal üzrə 29105 manatın ABŞ dollarına ekvivalenti 17120 ABŞ dolları etmişdir. Göründüyü kimi cavabdeh özü burada qazanc əldə etmək əvəzinə çox böyük məbləğdə ziyanla üzləşmişdir. Həmin qəbul etdiyi yarasız mal üçün 8659,01 manat dollara ekvivalenti 5093,54 ABŞ dolları məbləğində gömrük bəyannaməsinə əsasən pul ödənilmişdir. Lakin həmin malın satışını həyata keçirə bilmir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qüsurlu malın 6000 metri isə satılması və geri qaytarılması mümkün olmadığından cavabdehin anbarında qalmışdır. Göründüyü kimi cavabdeh özü maddi ziyana düşmüşdür. Cavabdeh tərəfindən idxal olunan mal qüsurlu olduğundan o, 17120 ABŞ dolları məbləğində yəni 29105 manat məbləğində pulu Eldar Məmişova geri qaytarmışdır. Bundan başqa anbarda 6000 metr yəni 4941 ABŞ dolları məbləğində qüsurlu mal mövcuddur. Bununla da, iddiaçı tərəfindən cavabdehə küllü miqdarda ziyan dəymişdir. Hətta qüsurlu mal satdığına görə işgüzar nüfuzu bazar subyektləri arasında aşağı düşmüş və alıcılıq qabiliyyəti də zəifləmişdir. Odur ki, cavabdeh hazırki spesifikasiya üzrə müqavilə şərtlərinə əsasən şifahi danışıqlara əsasən öz aralarında bu mübahisəni həll etdiklərini nəzərə aldığından və qüsurlu mala görə kifayət qədər ziyana düşdüyündən, iddia tələbinin həmin hissədə də təmin edilməməlidir. Göründüyü kimi, cavabdeh yenə də ilkin iddiaya etirazını üçüncü şəxslər tərəfindən başqa şəxsə (iddiaçıya deyil) ödənilmiş pul vəsaitləri ilə əsaslandırmışdır. Həmçinin, cavabdeh etirazında mal(lar)ın qüsurlu olmasına istinad etsə də, buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, yalnız cavabdehin özü tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli (Malların defekt olması səbəbindən geri qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə) iclasın 1 saylı protokoluna istinad etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, cavabdehin nümayəndəsi məhkəmə iclasında barışıq aktının surətini məhkəməyə təqdim edərək, "xxxx" MMC ilə "xxxx" MMC 2019-cu ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi olan dövr üçün qarşılıqlı hesablaşmalar aparılaraq barışıq aktı tərtib edilməsinə, həmin aktda “X8”nun da adının qeyd olunmasına istinad etmişdir. Halbuki, barışıq aktının surətindən aşkar surətdə görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC tərtib edilmiş barışıq aktında X8”nun adı deyil, başqa şəxs, yəni “Ç.A.Teymurov” göstərilmişdir. Həm də barışıq aktdında Ç.A.Teymurov "xxxx" MMC-nin direktoru kimi qeyd edilmişdir. Odur ki, cavabdehin göstərilən dəlilləri də əsassızdır. Məhkəmə qarşılıqlı iddianın dəlillərini araşdıraraq, hesab edir ki, qarşılıqlı iddia əsassızdır. Ona görə ki, məhkəmə araşdırılması zamanı qeyd edilən müqavilənin qanunvericilikdə nəzərdə tutulmuş ləğvinin əsasları müəyyən edilmədi. Belə olan halda, cavabdehin mövcud qarşılıqlı iddia tələbi “müqavilənin ləğv edilməsi” hisəsində əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilən Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Qeyd edilən Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, göstərilən müqavilənin ləğv edilməsinin əsasları məhkəmə iclasında müəyyən edilmədiyindən, cavabdehin qarşılıqlı iddia tələbi “müqavilənin ləğv edilməsi” hissəsində əsassızdır. Buna görə də, qarşılıqlı iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddianın “dəymiş zərərin ödənilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, qarşılıqlı iddia göstərilən hissədə də, əsassızdır. Belə ki, qarşılıqlı iddia ərizəsinin məzmunundadan da göründüyü kimi, cavabdeh qarşılıqlı iddia tələbini ona zərər dəyməsi ilə əsaslandırmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh ona zərər dəyməsi, dəymiş zərərin 20000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, ziyanın ödənilməsinə dair qarşılıqlı iddia tələbi əsassızdır. Odur ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, ilkin iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 200 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən əsaslıdır, qarşılıqlı iddia əsassızdır. Buna görə də ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. xx-xx/2019 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 6 saylı Spesifikasiya üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 12672,50 ABŞ dolları məbləğində və 7 saylı Spesifikasiya üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 27102 ABŞ dolları məbləğində, cəmi 39774,50 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" MMC-dən alınaraq "xxxx" MMC-yə ödənilsin. 300 manat məbləğində mediasiyaya xərci və 500 manat məbləğində hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş xərc "xxxx" MMC-dən alınaraq "xxxx" MMC-yə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı müqavilənin ləğv edilməsi və zərərin ödənilməsi barəsində qarşılıqlı iddiası rədd edilsin. 200 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-98/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-98/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver