Məhkəmə qərarları › İş №e-2-2(121)-981/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-981/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-981/2025 15.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, SM/2022/090 saylı alqısatqı müqaviləsi üzrə 40562,96 (qırx min beş yüz altmış iki, 96) manat borcun, 2197,96 (iki min bir yüz doxsan yeddi, 96) manat illik beş faizin, 500 (beş yüz) manat vəkil pulunun və 219 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında SM/2022/090 saylı, xx.xx.2022-ci il tarixli Alqı-Satqı Müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi Alıcıya satmağı, Alıcı isə öz növbəsində sementi qəbul edib dəyərini Satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 3-cü bəndinə əsasən məhsulun satış qiyməti Satıcı tərəfindən təqdim olunmuş elektron qaimə müəyyən edir (3.1.). Alıcı hazırki Müqavilə üzrə Məhsulun dəyərinin ödənilməsini Satıcının bank hesabına köçürmə yolu ilə nəğdsiz qaydada həyata keçirir (3.2.). Satıcı tərəfindən Alıcıya təqdim olunan məhsulların 20 ( iyirmi) təqvim günü müddətindən gec olmamaq şərti ilə tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər (3.3.)... Hazırda iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmir. Belə ki, xx.xx.2023-cü il tarixli X5 əsasən cavabdeh X1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 41355,97 (qırx bir min üç yüz əlli beş, 97) manat borcu olduğunu etiraf edərək təsdiq etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə Arayışına əsasən Cavabdehunun SM/2022/090 saylı, xx.xx.2022-ci il tarixli Alqı-Satqı müqaviləsi üzrə 40562,96 (qırx min beş yüz altmış iki, 96) manat borcu təşkil edir. İddiaçının borcun qaytarılması ilə bağlı səyləri nəticəsiz olmuş və bu səbəbdən iddiaçı həmin borcun cavabdehdən alınaraq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" QSC ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2016-cı il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2020-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, halhazırda ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SM/2022/090 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, hazırki müqaviləyə əsasən satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi (bundan sonra “Məhsul”) Alıcıya satmağı, Alıcı isə öz növbəsində hazırki Müqavilədə göstərilən şərtlər əsasında Məhsulu qəbul edib, dəyərini Satıcıya ödəməyi öz öhdəsinə götürür. 2.6-cı bəndinə əsasən, alıcı sifariş etdiyi məhsulu planlaşdırılmış vaxtdan gec olmamaq şərti ilə təhvil alır. Əgər yüklərin boşaldılması 50 dəqiqədən artıq çəkirsə, alıcı hər əlavə 30 dəqiqə üçün 25 manat məbləğində ödəniş etməyə dair öz üzərinə öhdəlik götürür. 3.1-ci, 3.2-ci, 3.3-cü bəndlərinə əsasən, məhsulun satış qiyməti Satıcı tərəfindən təqdim olunmuş elektron qaimə ilə müəyyən edilir: Alıcı hazrkı Müqavilə üzrə məhsulun dəyərinin ödənişini Satıcının bank hesabına köçürmə yolu ile nağdsız qaydada həyata keçirir. Satıcı tərəfindən Alıcıya təqdirn olunan məhsulların 20 (iyirmi) təqvim günü müddətindən gec olmamaq şərti ilə tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər. 6.1-ci bəndinə əsasən, bu müqavilə tərəflərin nümayəndələri tərəfindən imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2023-cü ilə qədər qüvvədədir. İş materiallarında olan qaimələrin surətindən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh göndərilmiş sement məhsulunun ümumi dəyəri 49128 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin baş mühasibi X2 və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “Birgə üzləşmə aktı”ndan görünür ki, 01.01.22-27.01.23 dövrü üzrə müəssisələr arasında aparılmış hesablaşmalara əsasən Cavabdeh dövrün sonuna qalıq borcunun məbləğinin 41355,97 manat olması müəyyən edilmişdir. İş materiallarında olan “Maliyyə arayışı”ndan görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SM/2022/090 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh xx.xx.2025-ci il tarixə olan debitor borcu 40563,01 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SM/2022/090 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 40562,96 manat məbləğində borcun 5 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğı-satqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-ci paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən təhvil verilmiş malların ümumi dəyərinin 49128 manat məbləğində olması və xx.xx.2023-cü il tarixə Cavabdeh qalıq borc məbləğinin 41355,97 manat təşkil etməsi (üzləşmə aktına əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 40562,96 manat məbləğində borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, cavabdehə göndərilmiş elektron qaimələrə, üzləşmə aktına və borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, işdə olan üzləşmə akından görünür ki, cavabdeh həmin aktı imzalamaqla xx.xx.2023-cü il tarixə iddiaçıya 41355,97 manat məbləğində borcunun olmasını etiraf etmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, elektron qaimələri, üzləşmə aktını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 40562,96 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Buna görə də, məhkəmə əsas borc qalığı kimi tələb olunan 40562,96 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğısatqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 2197,96 manat pulun cavabdehdən tutulması hissəsində də əsaslı olduğu qənaətinə gələrək qeyd edir ki, gecikdirmə faizinin tutulmasına dair iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir. Buna görə də, həmin hissədə iddianın uğurluluğu onun faktiki hallarının MM-nin 445.7-ci maddəsinin dipozisiya şərtlərini ödəməsindən asılıdır. Məhkəmə, ilk növbədə müqavilə üzrə pul öhdəliyi ilə bağlı icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını nəzərdə tutan MM-nin 445.7-ci maddəsinin tətbiqinin əsası üçün zəruri şərtlərin təhlilini vacib hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında isə göstərilmişdir ki, “bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Göründüyü kimi, MM-nin 445.7-ci maddəsi müqavilə münasibətləri üzrə borclu tərəfindən öhdəlik icra edilmədiyi təqdirdə kreditorun gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin qarşılanması (kompensasiyası) üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan biri kimi çıxış edir. Şərh olunanları baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən cavabdehdən müqavilə üzrə öhdəliyin lazımi qaydada icra edilməməsi nəticəsində gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Buna görə də, iddia həmin hissədə təmin olunmalıdır. Məhkəmə, hüquqi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 500 manat vəsait cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğu üçün iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, SM/2022/090 nömrəli müqavilə üzrə 40562,96 manat məbləğində əsas borc, 2197,96 manat məbləğində gecikdirmə faizi, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 219 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 43479,92 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar