Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-982/2021 29.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.622 manat pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddianın dəyişdirilməsi (tələbin həcminin azaldılması) barədə ərizə təqdim olunaraq, Cavabdeh 1.068 manat əsas borc, 12 ay gecikmə üçün illik 5%-lə hesablanmış 53 manat məbləğində faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.151 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddianın dəyişdirilməsi (tələbin həcminin azaldılması) barədə ərizə onunla əsaslandırılmışdır ki, 01 dekabr 2018-cı il tarixdə, İddiaçı QSC ilə Cavabdeh arasında, distribütora məxsus olan malların diler tərəfindən satışının həyata keçirilməsinə dair münasibətləri və satış şərtlərini əks etdirən müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə, özünə məxsus olan malları təklif edir. Bu mallar da diler tərəfindən tərəflərin müqaviləyə və distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq satışını həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Dilerin distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 avqust 2018-ci il tarixə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, 31 iyul 2018-ci il tarixinin sonuna Cavabdeh distribütora borcu 3.291,39 manat təşkil edir. AR Mülki Məcəlləsinin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ona görə də gecikmə 22 ay təşkil etdiyindən ((3291*5%)/12)*22= 301 manat olaraq hesablanır. Beləliklə cavabdehin İddiaçı QSC qarşısında öhdəliyi üzləşdirmə aktına əsasən realizasiya olunmuş mallar üzrə 3.291,39 manat, gecikmə pulu 301 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.622 manat məbləğində müəyyən edilir. Lakin sonradan cavabdeh tərəfindən borcundan ödənişlər olunmuş və hazırda onun iddiaçıya borcu 1068 manat əsas, 53 manat 12 ay gecikməyə görə hesablanmış borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1.151 manat təşkil edir. Qeyd olunan borc ödənilmədiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsi və iddianın dəyişdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsini dinləyib, hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan 04 dekabr 2017-ci il tarixli, 1386 saylı diler müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (distribütor) ilə Cavabdeh (diler) arasında distribütora məxsus olan malların diler tərəfindən satışının həyata keçirilməsinə dair münasibətləri və satış şərtlərini əks etdirən müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə, özünə məxsus olan malları təklif edir. Diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Tərəflər arasında satışın həyata keçirilməsini tənzimləyən əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi olacaq. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifkatlarını distribütor təqdim edəcək, həmçinin malın dilerə çatdırılmasını distribütor öz hesabına həyata keçirəcək. Müqavilə üzrə ödəniş və onun şərtləri tərəflər arasında ayrıca razılaşdırılacaq və müqaviləyə əlavə olunacaqdır. Müqavilənin 1.2. bəndinə əsasən, malların dilerə çatdırılmasını tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunaraq qaimədə öz əksini tapacaqdır. İş materiallarında olan 01 avqust 2018-ci il tarixli üzləşdirmə aktından görünür ki, Cavabdeh 31 iyul 2018-ci il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 3.291,39 manat məbləğində borcu qalmışdır. Üzləşdirmə aktı tərəflərin iştirakı ilə tərtib olunmuş və imzalanmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 18.03.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 04 dekabr 2017-ci il tarixli, 1386 saylı distribütora məxsus olan malların diler tərəfindən satışının həyata keçirilməsinə dair münasibətləri və satış şərtlərini əks etdirən müqavilə bağlanmışdır. Dilerin distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 avqust 2018-ci il tarixli üzləşdirmə aktından görünür ki, Cavabdeh 31 iyul 2018-ci il tarixə distribütora 3.291,39 manat məbləğində borcu yaranmışdır. Qeyd olunan borcun 25.03.2021-ci il tarixinədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (distribütor) ilə Cavabdeh (diler) arasında 04 dekabr 2017-ci il tarixli, 1386 saylı distribütora məxsus olan malların diler tərəfindən satışının həyata keçirilməsinə dair münasibətləri və satış şərtlərini əks etdirən müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, distribütor (İddiaçı Qapalı Səhmdar Cəmiyyəti) tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə (Cavabdeh), özünəməxsus olan malları təklif etməyi, diler (Cavabdeh) öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirməyi öhdələrinə götürmüşdürlər. Həmin müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı 18.03.2021-ci il tarixli pretenziya ilə cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri 04 dekabr 2017-ci il tarixli, 1386 saylı diler müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarında olan 01 avqust 2018-ci il tarixli üzləşdirmə aktı ilə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 3.291,39 manat borcu yaranmışdır. Lakin sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəyişdirilməsi (həcmin azaldılması) barədə ərizə təqdim edərək, cavabdehin əsas borc məbləğindən qismən ödəniş etməsi və qalıq borc məbləğinin 1.068 manat olması qeyd edilmişdir. Cavabdeh tərəfindən isə borcun ödənilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 1.068 manat əsas borcun tutulması hissəsində iddia təmin edilməlidir. İddiaçı iddia ərizəsində əsas borcdan əlavə, əsas borcun illik 5%-i miqdarında 53 manat pul məbləğinin tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehin iddiaçıya 1.068 manat əsas borcu 01 avqust 2018-ci il tarixli üzləşdirmə aktına əsasən müəyyən edilmiş, hazırki iddia ərizəsi isə məhkəmənin icraatına 19.05.2021-ci il tarixdə, borcun yaranmasından və ödənilməməsindən 2 il 9 aydan artıq müddət keçdikdən sonra daxil olmuşdur. İddiaçı isə cəmi 1 il müddət üçün illik 5% ilə hesablanmış faiz borcunu olan 53 manatın cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, 1.068 manat borcun ödənilməməsi nəticəsində həmin məbləğə hesablanmış 53 manat (5 faiz hesabı ilə 1 il müddətinə) faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.068 manat əsas borc, 53 manat illik 5%-lə hesablanmış faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.151 (bir min bir yüz əlli bir) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-982/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-982/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver