Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-996/2025 18.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" MMC–nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 23423,75 manat əsas borcun, 7305 manat gecikmə faizinin, 320 manat vəkilən ödənilən haqqın, 184 manat dövlət rüsumu əvəzinin, ümumilikdə 31232,75 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019cu il tarixli 01 nömrəli alqı - satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə uyğun tərtib edilmiş qiymətlərin razılaşdırılması protokoluna əsasən iddiaçı tərəfindən cavabdehə 6000 kq miqdarında və 70932,24 (ƏDV məbləği 12767,80 ) manat dəyərində laktomiks (quru süd) məhsulunun satılması tərəflər arasında razılaşdırılmışdır. Malların satışı və təhvil verilməsi ilə əlqədar olaraq AR Vergi Məcəlləsinin 16.1.11-6-cı , 71-1-ci maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarına” və tərəflər arasında imzalanmış müqavilənin 2.1.2-ci bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixli EBAC seriyalı 623724 nömrəli elektron qaimə faktura da göndərilmiş və cavabdeh tərəfindən bu EQF təsdiq edilmişdir. Həmçinin, müqavilənin 2.1.2-ci bəndinə uyğun olaraq malların təhvil-təslim edilməsi barədə tərəflər arasında əlavə olaraq xx.xx.2019-cu il tarixli təhvil-qəbul aktı da imzalanmışdır. Beləliklə, mallar müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Tərəflər arasında işgüzar münasibətlərin ilk dəfə qurulduğunu nəzərə alaraq gələcəkdə iqtisadi münasibətlərin davam etdirilməsi niyyəti ilə iddiaçı tərəfindən cavabdehə müəyyən güzəşt də edilmişdir. Belə ki, malların təhvil verilməsindən təxmini 1 il müddətin keçməsinə və malların istifadə müddətinin bitməsinə baxmayaraq iddiaçı humanistlik edərək cavabdehin malların bir qisminin qaytarılması ilə bağlı xahişini qəbul etmiş və 35466,12 manat (6383,90 manat ƏDV) məbləğində malı geri almışdır. Bu zaman maların istifadə müddətinin bitməsinə az müddət qaldığı üçün iddiaçı özü zərər etmişdir. Lakin cavabdehlə gələcəkdə iqtisadi münasibətlərin davam etdirilməsi məqsədilə iddiaçı ona belə bir güzəştə getmişdir. Malların geri qaytarılması ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2020-cu il tarixli EBAV seriyalı 346784 nömrəli elektron qaimə faktura tərtib edilmişdir. Buna baxmayaraq humanist addımları və güzəştləri nəzərə almayaraq cavabdeh öz müqavilə öhdəliklərini yenə də vicdanla icra etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 3.3-cü bəndinə əsasən ödənilmə formasından asılı olmayaraq malların dəyəri onların təhvili tarixindən 45 gündən gec olmayaraq iddiaçıya ödənilməlidir. Lakin cavabdeh müqavilə üzrə bu öhdəliklərini icra etməmiş və bu günədək malların dəyərini tam miqdarda iddiaçıya ödəməmişdi. Nəzərə alınmalıdır ki, hazırki iddia ərizəsinə əlavə edilmiş bank hesabından çıxarışlara əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixində 2 542.37 manat ( 457.63 manat ƏDV ) , xx.xx.2022-ci il tarixində 3000 manat , xx.xx.2022-ci il tarxində 1500 manat , xx.xx.2024-cü il tarixində 5000 manat ( 900 manat ƏDV) olmaqla ümumilikdə 12042.37 manat ödəniş etmişdi. Bununla yanaşı cavabdeh malların qiymətinə uyğun hesablanan ƏDV məbləğini tam məbləğdə depozit hesabına ödəmişdi. Onun yalnız əsas borc üzrə icra edilməmiş 23.423.75 manat borcu qalmışdı. Bu baxımdan iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də aydın göründüyü kimi tərəflər arasında 70932.24 ( ƏDV məbləği 12767.80 ) manat mal alqı-satqısı olmuşdu. Həmin malların 35466.12 manat ( 6383.90 manat ƏDV ) məbləğində olan yarı hissəsi geri qaytarılmışdı. Beləliklə, tərəflər arasında aktiv öhdəliklərin həcmi 35466.12 manat ( 6383.90 manat ƏDV )təşkil etmişdi. Bu məbləğdən cavabdeh əsas borc üzrə 12042.37 manat , ƏDV məbləği üzrə isə tam məbləğdə ödəniş etmiş və nəticədə 23.423.75 manat ödənilməmiş əsas borc məbləği qalmışdı. Hazırki iş üzrə xüsusilə nəzərə alınmalı hallardan biri əsas borc və ƏDV məbləği üzrə ödənişlərin paralel formada müstəqil qaydada, yəni bir-birindən ayrı şəkildə hesablanması və fərqli hesablara ödənilməsidir. Belə ki, hər iki müqavilə tərəfi ƏDV vergisi ödəyicisi olduğu üçün malların dəyərinə əsas məbləğlə yanaşı ƏDV məbləği də daxil edilmişdi. Beləliklə, ƏDV depozit hesabı ilə bank hesabı ayrı-ayrı hüquqi rejimə malik olan hesablardır. Alınmış malların dəyəri satıcının bank hesabına, mallara görə ödənilməli olan ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənilməlidir. Bu baxımdan ƏDV depozit hesabına elektron qaimə fakturada göstərilən məbləğdən artıq ƏDV məbləğinin ödənilməsi və bu məbləğin əsas borc ilə əvəzləşdirilməsinin təmin edilməsi qanunvericiliklə qadağandır. Bu həm vergi qanunvericiliyi baxımından qanunsuz bir hərəkətdi, həm də iddiaçı tərəfindən malların idxal edildiyini nəzərə alaraq onların dəyərini xarici partnyora ödənilməsi üçün ƏDV depozit hesabından köçürülmənin aparılmasının icrası mümkün deyildi. Bu baxımdan hazırda cavabdehin ƏDV məbləği üzrə iddiaçıya borcu olmasa da alınmış malların dəyərinə görə, yəni əsas borc üzrə 23.423.75 manat ödənilməmiş borcu qalmışdı və bu borc iddiaçının yalnız bank hesabına ödənilməlidir. Həmin borcun ödənilməsi məqsədilə uzun illər ərzində cavabdehlə aparılan danışıqlar və cavabdehin iddiaçıya dəfələrlə verdiyi vədlər yerinə yetirilməmiş və müqavilə öhdəlikləri aşkar surətdə şüurlu olaraq pozulmaqda davam etmişdi. Bu məqsədlə AR MPM-nin 150.2-ci maddəsinə uyğun olaraq iddiaçının nümayəndəsi tərəfindən elektron vergi idarəsində olan kabineti və elektron məhkəmə sistemində nəzərdə tutulan bölmə vasitəsilə cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilmiş və ondan borcun ödənilməsi tələb edilmişdi. Cavabdehin nümayəndəsi pretenziya məktubunu əldə etdikdən sonra iddiaçının nümayəndəsi ilə əlaqə yaratmış və borcu ödəyəcəyini, lakin möhlət verilməsini xahiş etmişdi. Borcun 5 ildən artıq müddətdə ödənilmədiyini nəzərə alaraq iddiaçı bu təklifdən imtina etmişdi. Eyni zamanda qeyd edilir ki, cavabdeh uzun müddət ərzində öhdəliyini icra etmədiyinə görə qanunvericiliyə əsasən o, əsas borcla yanaşı həm də illik beş faiz həcmində gecikmə faizini də iddiaçıya ödəməlidir. Belə ki, tərəflər arasında malların qaytarılması və edilən ödənişlər nəzərə alınmaqla cavabdehin iddiaçıya xx.xx.2020-ci ildən etibarən xx.xx.2022cü il tarixinədək 32923.75 manat ödənilməmiş borcu qalmışdı ( 70932.24 manat ( satılan mal ) - 35466.12 manat ( qaytarılan mal ) - 2 542.37 manat ( xx.xx.2021-ci il ) ) Belə olan halda həmin illər üzrə cavabdeh iddiaçıya 3292 manat məbləğində gecikmə faizi ödəməlidir. ( 32923.75 * 5% = 1646* 2 il = 3292 manat ) Eyni zamanda ödənişlər nəzərə alınmaqla cavabdehin iddiaçıya xx.xx.2022-ci ildən etibarən xx.xx.2024-cü il tarixinədək 28423.75 manat ödənilməmiş borcu qalmışdı ( 32923.75 manat - 3000 manat ( xx.xx.2022-ci il ) - 1500 manat (xx.xx.2022-ci il ) ) . Belə olan halda həmin illər üzrə cavabdeh iddiaçıya 2842 manat məbləğində gecikmə faizi ödəməlidir. ( 28423.75 * 5% = 1421 * 2 il = 2842 manat ) Bununla yanaşı ödənişlər nəzərə alınmaqla cavabdehin iddiaçıya xx.xx.2024-ci ildən etibarən xx.xx.2025-cü il tarixinədək 23423.75 manat ödənilməmiş borcu qalmışdı ( 28423.75 manat - 5000 manat ( xx.xx.2024-cü il ) ) Belə olan halda həmin il üzrə cavabdeh iddiaçıya 1171 manat məbləğində gecikmə faizi ödəməlidir. ( 23423.75 * 5% = 1171 * 1 il = 1171 manat ). İddiaçı "xxxx" MMC” MMC-nin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC borc tələbnə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən iddiaçının xeyrinə 23423,75 manat əsas borcun, 7305 manat gecikmə faizinin, 320 manat vəkilə ödənilən haqqın, 184 manat dövlət rüsumu əvəzinin, ümumilikdə 31 232,75 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh olaraq iddiaçının tələb etdiyi 23423,75 manat əsas borc tələbinin məbləğini əsassız hesab edirlər. Belə ki, mühasibatlıq sənədlərinə əsasən Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli 01 nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli EBAS 623724 saylı elektron qaimə əsasında iddiaçıdan ƏDV daxil 83700,04 manat dəyərində “Laktomiks KD art.6040” adlı mal alınmışdır. xx.xx.2020-ci il tarixdə EBAV 346784 saylı qaimə əsasında ƏDV daxil 41850,02 manat dəyərində mallar yararsız olduğundan iddiaçıya onun razılığı ilə geri qaytarılmışdır. Müqavilə əsasında cavabdeh tərəfindən alınan mala görə iddiaçının bank hesabına 12042.37 manat, ƏDV hesabından 14935,43 manat pul vəsaiti ödənilmişdir. ƏDV hesabına ödənilib 14935,43 manat, 6383,90 manat geri qaytarılıb, nəticədə iddiaçıya 8551,53 manat məbləğində artıq ƏDV ödənilmişdir. İddiaçı nədənsə iddia tələbinin məbləğini hesablayarkən 8551,53 manat məbləğində cavabdehə ƏDV borcu olmasını nəzərə almamışdır. Göründüyü kimi iddiaçıdan ƏDV daxil 83700,04 manat mal alınmış, ƏDV daxil 41850,02 manat dəyərində mallar yararsız olduğundan iddiaçıya onun razılığı ilə geri qaytarılmış və nəticədə cavabdehin iddiaçıya 14872,22 manat borcu qalmışdır. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli yazılı izahatında bildirmişdir ki, cavabdehin etirazından aydın olduğu kimi o, borc məbləğini və gecikmə faizini qismən məbləğdə qəbul edir. ( yəni, 14872.22 borc məbləği + 2974.44 manat gecikmə faizi). Belə ki, cavabdeh öz etirazında iddiaçının ƏDV depozit hesabına 8551,53 manat artıq ƏDV ödədiyini qeyd etmişdir. Qeyd edilən halın araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh əldə edilməsi planlaşdırılan 70932,24 manat dəyərində malın qiymətinə daxil olan 12767,80 manat ƏDV məbləğini avans olaraq xx.xx.20219-cu il tarixində qabaqcadan iddiaçının ƏDV depozit hesabına ödəmişdir. Daha sonra iddiaçı bu məbləğə dair cavabdehə xx.xx.2019-cu il tarixli EBAC seriyalı 623724 nömrəli elektron qaimə faktura göndərmişdir. Bundan sonra cavabdehin xahişi nəzərə alınmaqla humanistlik göstərilərək istifadə müddətinin bitməsinə az qalmış 35466,12 manat ( + 6383,90 manat ƏDV ) məbləğində malı geri alınmışdır. Bu zaman 12767,80 manat ƏDV məbləğinin avans olaraq qabaqcadan ödənilməsi nəzərə alınaraq qaytarılmış malların qiymətinə daxil olan və artıq ödənilən 6383,90 manat ƏDV məbləğini iddiaçı cavabdehin ƏDV depozit hesabına geri qaytarmışdır. Bununla yanaşı cavabdehin təqdim etdiyi sənədlər araşdırılarkən məlum olmuşdur ki, iddiaçının razılığı olmadan və ona elektron qaimə faktura təqdim edilmədən qanunvericiliyə zidd olaraq cavabdeh 2167,63 manat ƏDV məbləğini iddiaçının depozit hesabına səhvən ödəmişdir. Nəticədə, bu səhv ödənişlər də cavabdehə geri qaytarılmışdır. Beləliklə də, cavabdehin qeyd etdiyi 8551,53 manat səhv ƏDV ödənişi ona geri qaytarılmış, yəni cavabdehin iddiaçıya ƏDV üzrə borcu qalmamış, sadəcə mallar üzrə 23423,75 manat əsas borcu yaranmışdı. İddia ərizəsində də qeyd edildiyi kimi AR Vergi Məcəlləsinin və AR NK-nin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları ”nın tələblərinə əsasən malların dəyəri ilə həmin qiymətə daxil olan ƏDV ödənişləri bir-birindən fərqləndirilmiş, onların ödənilmə hesabları müxtəlif olmuş və həmin hesablardakı məbləğlərdən də istifadə imkanı müxtəlif məhdudiyyətlərə məruz qalmışdır. Cavabdeh vergi qanunvericiliyi ilə müəyyən edilmiş əsas (elektron qaimə faktura) olmadan iddiaçının depozit hesabına artıq məbləğdə ƏDV ödəyə bilməz və artıq ödədiyi ƏDV məbləğini malların dəyəri üzrə əsas borc məbləğindən çıxılmasını (əvəzləşdirilməsini) tələb edə bilməz. Bu səbəbdən cavabdeh tərəfindən səhv ödənilmiş 8551,53 manat ƏDV məbləği onun depozit hesabına geri qaytarılmışdır. Nəticədə, cavabdehin aldığı mallar üzrə 23423,75 manat əsas borcu qalmışdır. Eyni zamanda cavabdehin etirazının digər dəlilinə cavab olaraq qeyd edilir ki, iddiaçının ona satdığı mallar yararsız olmamışdır. Mallar cavabdeh tərəfindən nəzərdə tutulan müddətdə istifadə edilməmiş və və istifadə müddətinin bitməsinə təxmini 2 ay qalmış geri qaytarılmışdı. İddiaçı cavabdehlə gələcək iqtisadi münasibətlərin saxlanılması məqsədilə ona güzəştə getmiş və humanistlik göstərərək tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli 01 nömrəli alqı - satqı müqaviləsinin 2.2.3-cü bəndinin tələblərini tətbiq etmədən istifadə müddəti az qalmış malları geri götürmüşdü. İstifadə müddəti az qaldığına görə həmin malları iddiaçının özü də sonradan sata bilməmiş və faktiki olaraq zərərə uğramışdır. Lakin iddiaçının bu humanistliyindən istifadə edən cavabdeh hətta mövcud olan borcunu da ödəməkdən yayınır. Halbuki, hazırki yazılı izahata və ona əlavə edilmiş sənədlərə əsasən cavabdehin iddiaçıya məhz 23423,75 manat əsas borcu vardır. Bu məbləğə dair gecikmə faizinin isə sadə riyazi hesablamalar əsasında 7305 manat təşkil etdiyini asanlıqla müəyyən etmək olur. İş üzrə məsrəfləri ( vəkil xidmət haqqı və dövlət rüsumu ) isə cavabdeh mübahisələndirmir. Yuxarıda qeyd edilənlərin nəzərə alınması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi yenidən xahiş edilir. İddiaçı nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə bildirmişdir ki, məlum olduğu kimi cavabdeh iddia tələbi üzrə gecikmə faizini 2974 manat həcmində, yəni qismən qəbul edir. Digər hissənin düzgün hesablanmadığını bildirir. Bu səbəbdən məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(121)- 996/2025 nömrəli qərardadına əsasən gecikmə faizinə münasibətdə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə eskpertizasının xx.xx.2025-ci il tarixli 9/2910 nömrəli rəyinə əsasən gecikmə faizi məbləğinin 8327 manat olduğu müəyyən edilmişdir. Beləliklə, cavabdehin dəlilinin səhv olduğu tam təsdiqini tapmışdır. Bu ekspertiza rəyinə əsasən iddiaçının da gecikmə faizini az miqdarda səhv hesabladığı məlum olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin dəyişdirilmiş qaydada qəbul edilməsi və cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 32254,75 manat (23423,75 manat əsas borc, 8327 manat gecikmə faizi, 320 manat vəkilən ödənilən haqq, 184 manat dövlət rüsumu əvəzi) məbləğində pulun tutulması barədə qətanamə qəbul edilməsi xahiş olunur. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi X3 məhkəmə baxış iclasında verdiyi izahatında iddianı qismən - əsas borca aid hissədə qəbul etdiklərini, gecikdirmə fazinin tutulması hissəsində iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2019-cu il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2020-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, “Satıcı” Qaimə-fakturada göstərilən malları satır “Alıcı” isə həmin malları qəbul edir və razılaşdırılmış müddətdə malın dəyərini ödəyir. 2.1.1-ci bəndinə əsasən, “Satıcı” müqavilə imzalandığdan sonra malları “ Alıcıya” tam şəkildə, hissə-hissə və ya alıcının istəyinə uyğun şəkildə göndərilməlidir. 2.1.2-ci bəndinə əsasən, mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə-faktura) verilməlidir. 3.1-ci bəndinə əsasən, malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyənləşdirilir. 3.3-cü bəndinə əsasən, Mala görə ödəniş, öncədən ödəniş, faktla ödəniş, hissələrlə ödəniş, formasında ola bilər. Malın təhvil-təslimindən sonra 45 gün ərzində ödəniş bitməlidir. İş materiallarında olan hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2019cu il tarixli təhvil-qəbul aktından görünür ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01 nömrəli müqavilə üzrə Cavabdeh MMC-nə 83700,04 manat məbləğində mal təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 623724 nömrəli elektron qaiməfakturaya əsasən, İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilən malın dəyəri 83700,04 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 346784 nömrəli elektron qaiməfakturaya əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nə geri qaytarılan malın dəyəri 41850,02 manat təşkil edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "Lider" Vəkil Bürosunun hesabına 320 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 23423,75 manat məbləğində borcun 3 iş günü müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-nə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(121)-996/2025 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/2910 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01 nömrəli alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (ekspert rəyinin tərtib edildiyi tarix) Cavabdeh MMC tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla 35466,12 (ƏDV-siz) manat məbləğində pul vəsaitinə illik 5%-lə hesablanan gecikdirmə faiz məbləği 8327,59 (ƏDV-siz) manat məbləğində müəyyən edilir. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-cı paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan malların cavabdehə təhvil verilməsi, təhvil verilmiş malların ümumi dəyərinin 83700,04 manat məbləğində olması, cavabdeh tərəfindən 41850,02 manat dəyərində malın iddiaçıya geri qaytarılması işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia tələbi 23423,75 manat məbləğində əsas borca aid hissədə etiraf edildiyinə görə, həmin fakt da işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə qeyd edir ki, baxılan işin mübahisəli halını iddiaçı tərəfindən tələb olunan gecikdirmə faizinin əsaslılığı və daha sonra həcmi ilə bağlı tərəflərin mübahisəsi təşkil edir. Belə ki, iddiaçı cavabdehin uzun müddət ərzində öhdəliyini icra etmədiyinə görə qanunvericiliyə əsasən əsas borcla yanaşı, həm də illik beş faiz həcmində gecikdirmə faizini də iddiaçıya ödəməli olduğunu iddia edir, cavabdeh isə tərəflər arasında bağlanmış müqavilədə gecikdirmə faizinin ödənilməsinin nəzərdə tutulmadığını əsas gətirərək iddia tələbini həmin hissədə əsassız hesab edir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış mübahisənin xarakterinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, tərəflər arasında, cavabdehin pul öhdəliyini lazımi qaydada icra etməməsi nəticəsində iddiaçının əldən çıxmış fayda şəklində zərərə məruz qalması ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş gecikdirmə faizinin tutulması tələbindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə hesab edir ki, hazırkı işdə gecikdirmə fazinin tutulması hissəsində iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir. Buna görə də, iddianın uğurluluğu onun faktiki hallarının MM-nin 445.7-ci maddəsinin dipozisiya şərtlərini ödəməsindən asılıdır. Məhkəmə, ilk növbədə müqavilə münasibətləri üzrə pul öhdəliyi ilə bağlı icranın gecikdirilməsi zamanı qanuni faizin ödənilməsi imkanını nəzərdə tutan MM-nin 445.7-ci maddəsinin tətbiqinin əsası üçün zəruri şərtlərin təhlilini vacib hesab edir. Baxılan iş üzrə tərəflər arasında hüquq münasibətləri yaranan zamankı redaksiyasında MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında verilmiş şərhə görə, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Göründüyü kimi, MM-nin 445.7-ci maddəsi kredit müddəti bitdikdən sonra borclu tərəfindən öhdəlik icra edilmədiyi təqdirdə kreditorun gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin qarşılanması (kompensasiyası) üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan biri kimi çıxış edir. Məhkəmə qeyd edir ki, MM-nin 445.7-ci maddəsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, həmin normanın tətbiqi üçün kreditorun zərərə məruz qalmasını sübut etmək vəzifəsi yoxdur. Belə ki, kreditor hər hansı əlavə sübut təqdim etmədən gecikdirilmiş dövr üzrə MM-nin 445.7-ci maddəsi ilə müəyyən edilmiş illik 5% məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Bu baxımdan adı çəkilən normada nəzərdə tutulmuş faizin hüquqi mahiyyəti onun mülki məsuliyyət tədbiri olaraq qanuni faiz funksiyasını daşımasıdır. Məhz bu xüsusiyyəti ilə MM-nin 445.7-ci maddəsinin tətbiqi əsasları ilə mülki qanunvericilikdə nəzərdə tutulmuş digər məsuliyyət tədbirini nəzərdə tutan MM-nin 449.1ci maddəsinin tətbiqi əsasları fərqləndirilmişdir. Şərh olunanları baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən cavabdehdən gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə, baxılan işdə gecikdirmə fazinin tutulması barədə iddianın hüquqi əsasının mövcud olduğunu qət edərək hesab edir ki, həmin faiz məbləğinin həcmi iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi nəzərə alınmaqla müəyyən olunmalıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən gecikdirmə faiz məbləğinin 8327,59 manat təşkil etməsi müəyyən olunmuşdur və iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək qeyd olunan faiz məbləğinin ekspert rəyində göstərilən həcmdə tutulmasını xahiş etmişdir. Cavabdeh tərəfindən isə ekspert rəyi ilə gəlinən nəticənin əsassızlığına dair sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 570.1 və 570.1.1-ci maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir, eləcə də ekspertiza xərci cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində vəsait cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 121, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli, 01 nömrəli müqavilə üzrə 23423,75 manat məbləğində əsas borc, 8327 manat gecikdirmə faizi, 320 manat məbləğində vəkillə ödənilən haqq və ödənilmiş 184 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 32254,75 manat məbləğində pul tutularaq İddiaçı MMC-nə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-996/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-996/2025
18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver