Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-10/2023 09.01.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 Üzrə Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərazi aidiyyəti üzrə göndərilmiş iş əsasında xüsusi icraat üzrə iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 Üzrə Baş İdarəsinin rəis müavini Nümayəndə 02 dekabr 2022ci il tarixdə elektron ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1461,42 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 615,05 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-7170/2022 saylı qərardadı ilə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin ərizəsinə dair işin ərazi aidiyyəti üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə Bakı Kommersiya Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə göndərilmiş hazırkı iş əsasında məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar xüsusi icraat üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. MPM-in 149.2 və 149.2.3-cü maddələrinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. MPM-in 150.1 və 150.1.3-cü maddələrinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. MPM-in 150.1 və 150.1.4-cü maddələrinin tələblərinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 150.1-ci və 150.1.6-cı maddələrinin tələblərinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar xüsusi icraat üzrə iddia ərizəsi və əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, ərizədə ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı qeyd olunmamışdır. Həmçinin, ərizəçi iddia ərizəsinin və pretenziya qaydasına riayət edilməsini göstərən sənədin qanunla müəyyən edilmiş qaydada maraqlı şəxsə çatdırılmasını təsdiq edən sənədləri, yəni iddia ərizəsinin və pretenziya sənədinin maraqlı şəxsin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərilməsini təsdiq edən müvafiq Onlayn kargüzarlıq sistemindən çıxarışları ərizəsinə əlavə etməmiş, bununla da mülki prosessual qanunvericiliyin məhkəməyə müraciət etmək ilə əlaqədar müəyyən olunmuş tələblərini pozmuşdur. MPM-in 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1-ci və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.4-cü maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 09 yanvar 2023-cü il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinə ərazi aidiyyəti üzrə daxil olmuş, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 Üzrə Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş əsasında xüsusi icraat üzrə iddia ərizəsi və ona əlavə edilən sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Həmçinin, ərizəçinin diqqətinə çatdırılmalıdır ki, 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 Üzrə Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərazi aidiyyəti üzrə göndərilmiş iş əsasında xüsusi icraat üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçinin diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-10/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-10/2023
09.01.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver