Məhkəmə qərarları › İş №e-2-2(123)-101/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-101/2022

24.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-101/2022 24.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 üzrə Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair aidiyyəti üzrə göndərilmiş iş barəsində ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq m ü ə y y ə n е t d i: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 üzrə Baş İdarəsinin rəis müavini Nümayəndə 30 avqust 2022-ci il tarixdə elektron qaydada ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2935,48 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 322,54 manat, İşsizlikdən sığorta fonduna olan 12,9 manat, İcbari Tibbi Sığorta Fonduna olan 59,14 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ( Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5067/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 üzrə Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə ərizə üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci və 149.2.3-cü maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən ərizənin forma və məzmununun tələblərinə əməl edilməmiş və nəticədə sübutların siyahısı ərizədə göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.4-cü maddələrinə əsasən iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Lakin hazırki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olundu ki, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, ərizəyə əlavə olunmuş Nümayəndə səlahiyyətini təsdiq edən sənəd kimi Bakı şəhəri X2 üzrə Baş İdarəsinin struktur vahidlərinə nəzarətin (kuratorluğun) müəyyən edilməsi haqqında əmrin təsdiq olunmuş surəti, həmçinin maraqlı şəxsə ünvanlanmış bildirişlər onları tərtib edən şəxs tərəfindən imzalanmamış və möhürlənməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həqiqiliyinin təsdiq edilməsi və mötəbərli sübut hesab edilməsi üçün tərtib edilən sənədlər onu tərtib edən şəxs tərəfindən imzalanmalı və möhürlənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1-ci, 152.1.1-ci maddələrinə əsasən Hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən daxil olmuş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytararkən dövlət rüsumu məsələsinə toxunmur, ona görə ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 üzrə Baş İdarəsi dövlət rüsumu ödəməkdən azaddır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.14-cü maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmçinin ərizəçinin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 üzrə Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair aidiyyəti üzrə göndərilmiş iş barəsində ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçinin diqqətinə çatdırılsın ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar