Məhkəmə qərarları › İş №e-2-2(123)-101/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-101/2023

07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-101/2023 07.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC 22 iyun 2023-cü il tarixdə məhkəməyə elektron qaydada daxil olmuş ərizə ilə müraciət edərək Cavabdeh 6879,90 AZN həcmində borc məbləğinin və 100 AZN həcmində ödənilmiş mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizəsini əsaslandıraraq, Cavabdeh fərdi sahibkar statusuna malik olmaqla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsində ********** saylı VÖEN ilə qeydiyyatdan keçdiyini, hazırda “X3” MMC-nin adının dəyişdirilərək İddiaçı MMC adlandırıldığını, İddiaçı MMC (əvvəlki adı “X3” MMC) tərəfindən cavabdehə 2018-ci il tarixində “Ərzaq noxudu” adda olan malların 2 dəfəyə bölünən hissə ilə satıldığını, birinci hissənin 7457 kg olmaqla dəyərinin 14914.00 AZN, ikinci hissənin isə 2627 kg olmaqla dəyərinin 4465.90 AZN təşkil etdiyini, beləliklə, satılmış ümumi malın dəyərinin 19379.90 AZN təşkil etdiyini, onlar tərəfindən satılmış malların cavabdehə xx.xx.2018-ci il tarixli, **********0 saylı məxaric sənədi ilə satıldığını, həmin sənəddə həm cavabdehin özü tərəfindən şəxsən həm də iddiaçının nümayəndəsi tərəfindən malın təhvil və qəbuluna dair müvafiq imzalar edildiyini, Cavabdeh satılmış mallara görə müvafiq ödənişin edilməsini öz öhdəsinə götürsə də həmin ödənişləri ödənilmədiyini, cavabdeh tərəfindən iddiaçının hesabına həyata keçirilmiş ödənişlərin xx.xx.2018-ci il tarixinə 10000 AZN, xx.xx.2019-cu il tarixində isə 2500 AZN həcmində olmaqla həyata keçirildiyini, beləliklə, cavabdehin iddiaçıya 6879.90 (altı min səkkiz yüz yetmiş doqquz manat doxsan qəpik) AZN həcmində borcu qaldığını, məsələni həll etmək məqsədilə dəfələrlə həmin borcun ödənilməsi ilə əlaqədar şifahi və yazılı xəbərdarlıqlar edilsə də cavabdehin yaranmış borcunu bu günə kimi ödəmədiyini, iddiaçı tərəfindən 05 iyul 2021-ci il tarixində cavabdehə 03/21 saylı pretenziya məktubunun göndərildiyini, Niftəliyevin borclu olduğu məbləğin ödənilməsini tələb edildiyini, lakin, hazırda cavabdehin borcun ödənilməsi istiqamətində hərəkətsizlik nümayiş etdirdiyini bildirərək İddiaçı MMC ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425-ci, 442-ci, 445-ci, 448-ci, 567-ci və 600.1-ci maddələrinə, Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə istinad edib, Cavabdeh 6879,90 AZN həcmində borc məbləğinin və 100 AZN həcmində ödənilmiş mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iş materiallarını öyrənərək, iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İş materiallarına əlavə edilmiş: İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, “X3” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur. 18 yanvar 2018-ci il tarixli, **********0 saylı müqavilənin qısa təsvirindən görünür ki, “X3” MMC tərəfindən alıcı Cavabdeh 7457 kq miqdarında dəyəri 14914.00 AZN olan, 2627 kq miqdarında dəyəri 4465.90 AZN olmaqla, cəmi 19379.90 AZN məbləğdə “Ərzaq noxudu” adlı mallar təhvil verilmişdir. 26 mart 2019-cu il tarixli, 1881/19 saylı X1 görünür ki, Cavabdeh tərəfindən 2500 (iki min beş yüz) AZN pul məbləği “X3” MMC-yə ödənilmişdir. 01 avqust 2022-ci il tarixli M/A/128/GDF/22 saylı Maliyyə Arayışından görünür ki, Cavabdeh “X3” MMC-yə 05 iyul 2021-ci il tarixində olan borcu 6879.90 AZN təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdimetdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən iddiaçının hesabına həyata keçirilmiş ödənişlərin xx.xx.2018-ci il tarixinə 10000 AZN, xx.xx.2019-cu il tarixində isə 2500 AZN həcmində olduğunu, beləliklə, cavabdehin iddiaçıya 6879.90 (altı min səkkiz yüz yetmiş doqquz manat doxsan qəpik) AZN həcmində borcu qaldığını qeyd etmişdir. Məhkəmə bildirir ki, hazırki iş üzrə araşdırılan hallardan və iş materiallarında olan sənədlərdən məlum olur ki, tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İş materiallarında olan müvafiq sənəddən də müəyyən edilmişdir ki, həqiqətən də Cavabdeh 7457 kq miqdarında, dəyəri 14914.00 AZN olan, 2627 kq miqdarında, dəyəri 4465.90 AZN olmaqla, cəmi 19379.90 AZN məbləğdə “Ərzaq noxudu” təhvil verilmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında yaranan öhdəliyin şərtlərini cavabdeh pozmuş, cavabdehin iddiaçıya qarşı borcu yaranmış və o, həmin öhdəlikdən irəli gələn borcunu iddiaçıya ödəməmişdir. Bütün halları araşdıraraq məhkəmə hesab edir ki, təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iş üzrə əlavə araşdırma, o cümlədən tərəflərin çağırılaraq izahatların, yaxud şahidlərdən ifadələrin və ya ekspertdən rəyin alınması zərurəti olmadığından kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan hazırki iş üzrə qətnamə çıxarılmalı və hazırki tələb üzrə iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar olduğundan iddia təmin edilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi hallar başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni hazırki vəziyyətdə məhkəməyə verilmiş iddianın qiyməti 6879,90 manat olduğundan, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumun məbləği 88,80 manat təşkil edir. Lakin iddiaçı 100 manat məbləğində mediasiya xərci ödədiyindən və ödənilmiş mediasiya xərci ödənilməli olan dövlət rüsumunu əhatə etdiyindən iddiaçı (mediasiya xərclərini ödəmiş tərəf) qanuna uyğun olaraq dövlət rüsumundan azad edilmişdir. Beləliklə iddia təmin edilməli olduğundan və iddiaçı dövlət rüsumundan azad edildiyindən MPM-nin 119.2-ci maddəsinə uyğun olaraq iddiaçının ödəməkdən azad edildiyi 88,80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə görə isə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qanunun qeyd edilən müddəasının məzmunundan belə məlum olur ki, Cavabdeh hazırkı tələb üzrə ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və mediasiya prosesi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, iddiaçının ödədiyi 100 manat məbləğində İMS xərci cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 6879.90 AZN (altı min səkkiz yüz yetmiş doqquz manat doxsan qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, həmçinin Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 100 manat pul məbləği Cavabdeh alınıb İddiaçı MMC-yə ödənilməli və iddiaçının azad edildiyi 88,80 (səksən səkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiası əsaslı olduğundan təmin edilsin. Cavabdeh 6879.90 AZN (altı min səkkiz yüz yetmiş doqquz manat doxsan qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 100 manat pul məbləği Cavabdeh alınıb İddiaçı MMC-yə ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 88,80 (səksən səkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar