Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-11/2025 09.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı alğı-satqı müqaviləsi üzrə öhdəliyin icrası tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 22 iyul 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən müqavilə üzrə ödəməli olduğu 112.867 (bir yüz on iki min səkkiz yüz altmış yeddi) manat pulu iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsinin təmin edilməsi, o cümlədən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 350 (üç yüz əlli) manat və 404 manat 61 qəpik (dörd yüz dörd manat, altmış bir qəpik) dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində Cavabdeh (əvvəlki adı "xxxx") MMC və iddiaçı "xxxx" MMC arasında 6 iyun 2023-cü il tarixində RA540№-li alğı-satqı müqaviləsi bağlandığını, bu müqavilənin şərtlərinə əsasən “Alıcı” "xxxx" MMC “Satıcı” "xxxx" MMC-dən 90PL540 dövlət qeydiyyat nişanlı "X5 114 CDİ" markalı avtomobilin alınmasını və bunun qarşılığında “Satıcı” "xxxx" MMC-yə həmin avtomobilin dəyəri olan 61828 avroya uyğun olaraq 112867 (bir yüz on iki min səkkiz yüz altmış yeddi) manat pul məbləğini ödəməyi öhdəsinə götürdüyünü, tərəflərin müqavilənin digər şərtləri barədə də razılığa gələrək alğı-satqı müqaviləsini bağladıqlarını, alıcı "xxxx" MMC tərəfindən müqaviləni şirkətin direktoru X1 imzaladığını, qeyd edilən alğısatqı müqaviləsini imzaladıqdan sonra iddiaçı müqavilənin bütün şərtlərinə əməl edərək müqavilənin predmeti olan 90PL540 dövlət qeydiyyat nişanlı "X5 114 CDİ" markalı avtomobili cavabdeh "xxxx" MMC-yə verdiyini, ödənişin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehə EBDT seriyalı xx.xx.2023-cü il tarixli e-qaimə göndərildiyini, ancaq Cavabdeh MMC-nin müqavilə öhdəliyini pozaraq müqavilə üzrə “Satıcı” qismində çıxış edən iddiaçı "xxxx" MMC-yə alınan əmlakın qarşılığı olaraq heç bir ödəniş etmədiyini, müqavilə üzrə predmetin dəyəri olan 112867 (bir yüz on iki min səkkiz yüz altmış yeddi) manat pul məbləğini ödəməkdən qərəzli şəkildə yayınaraq müqavilə öhdəliyini pozduğunu, iş üzrə cavabdehin sonradan "xxxx" MMC hüquqi adını Cavabdeh MMC olaraq dəyişdiyini, mülki hüquqi münasibətlərə əsasən tərəflərin alğı-satqı müqaviləsi bağlayan zaman qarşılıqlı olaraq öhdəliklər daşıdıqlarını, satıcının müqavilənin predmetini təşkil edən əmlakı alıcıya razılaşdırılmış formada verməyə borçlu olduğunu, alıcının isə buna uyğun olaraq müqavilə üzrə razılaşdırımış məbləği qarşı tərəfə ödəmək öhdəliyi olduğunu, qeyd olunan məsələdə Cavabdeh (əvvəlki adı "xxxx") MMC-nin müqavilə üzrə əmlakı əldə etsə də ödənişi həyata keçirmədiyini və bununla da iddiaçı "xxxx" MMC-yə maddi zərər yetirdiyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürdüyünü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598.1-ci bəndinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcının əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməli olduğunu, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598.4-cü bəndinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcının öz seçimi ilə əşyanın ödənilməsini tələb edə biləcəyini və ya müqavilənin icrasından imtina edə biləcəyini, həmçinin AR MM-nin 599.1-ci bəndinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcının ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçdiyini, həmçinin tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən satıcının müqavilə ilə müəyyən olunmuş qaydada və müddətdə ödənişin tələb edilməsini alıcıdan tələb etmək hüququ olduğunu, həmçinin müqavilənin 5.1-ci bəndinə əsasən alıcının sifariş olunan malın dəyərinin 100 faizi həcmində ödənişi etdikdən və satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 3 iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirdiyini, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə dəfələrlə yazılı xəbərdarlıqlarla yanaşı EBDT seriyalı, xx.xx.2023-cü il tarixli e-qaimənin göndərilməsinə baxmayaraq müqavilə üzrə pul məbləğinin cavabdeh tərəfindən ödənilmədiyini, müqavilənin 6.2-ci bəndinə görə tərəflərin müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələrin Azərbaycan Respublikasının qanunlarına əsasən müvafiq məhkəmələrdə həll edildiyini bildirmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə baxış iclasında iştirak etməmişlər. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 09 yanvar 2025-ci il tarixdə Məhkəməyə ərizə ünvanlayaraq icraatınızda olan e-2-2(123)-11/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixədə saat 12:05-ə baxış iclası təyin edildiyini, üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 25 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında 06 iyun 2023-cü il tarixdə İddiaçı MMC ilə "xxxx" MMC arasında avtonəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə bağlanıldığını, müqavilənin tələblərinə əsasən “Mercedes” markalı avtonəqliyyat vasitəsinin satışına görə "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə altmış bir min səkkiz yüz iyirmi səkkiz avro dəyərində pul vəsaiti ödənilməli olduğunu, ancaq onların bu pulu manat ilə tələb etdiklərini, onlar tərəfindən avtonəqliyyat vasitəsinin "xxxx" MMC-yə təhvil verildiyini, lakin ödənişin bu günə qədər həyata keçirilmədiyini, dəfələrlə şifahi və yazılı müraciətləri olmasına baxmayaraq cavabdeh tərəfindən müqavilə öhdəliyi yerinə yetirilmədiyini və ödəniş olunmadığını, məcbur qalıb məhkəməyə müraciət etdiklərini, faktiki olaraq avtonəqliyyat vasitəsini təhvil verdiklərini, avtonəqliyyat vasitəsinin "xxxx" MMC olaraq qəbul edildiyini, Cavabdeh MMC, "xxxx" MMC-nin hüquqi varsidirsə bu halın özlərinin problemi olduğunu, bu günə kimi heç vaxt inkar etmədiklərini, maşını götürdüklərini və pulunu verəcəklərini dediklərini, ödəniş etmədiklərini, ancaq ödəniş edəcəyik dediklərini, hələ də ödəniş etmədiklərini qeyd edərək iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 05 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında nəqliyyat vasitəsinin onların şirkətinin təsisçiləri tərəfindən alınmamışdan əvvəl alındığını, keçən ilin iyun ayında şirkətin təsisçilərinin başqa adam olduğunu, şirkətin ödənişi yaxın vaxtlarda ödəyəcəyini, iddia ərizəsində müqavilə üzrə ödənilməli olan pul məbləğinin 112867 (bir yüz on iki min səkkiz yüz altmış yeddi) manat göstərildiyini, iş materiallarına əlavə etdikləri elektron qaimədə isə yekun məbləğ olaraq 85983.06 manat məbləğin qeyd edildiyini, bu ziddiyyətli məqamın iddiaçı tərəfindən dəqiqləşdirilməsinin vacib olduğunu, maşının onlarda olmadığını, maşının digər təsiçilərdə olduğunu, yəqinki gətirəcəklərini və ya pullarını ödəyəcəklərini bildirmişdir. Belə ki, iş materiallarında olan: 06 iyun 2023-cü il tarixli, RA540 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı MMC satıcı qismində, "xxxx" MMC isə alıcı qismində çıxış etmiş, müqaviləyə əsasən satıcı alıcıya nəqliyyat vasitəsini (**-PL-***), minik avtomobilini satmış, alıcı isə həmin minik avtomobilini və müqavilə ilə razılaşdırılmış qaydada minik avtomobilinin dəyərini ödəməyi qəbul etmişdir. Həmin müqavilənin 2.1-ci bəndindən görünür ki, minik avtomobilinin qiyməti 61828 avroya uyğun olaraq 112867 (yüz on iki min səkkiz yüz altmış yeddi) manat (ƏDV daxil) müəyyənləşdirilmişdir. xx.xx.2024-cü il tarixli E-qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 112867 manat dəyərində 90PL540 qeydiyyat nişanlı Ban no-si:W1V**********5938, X5 114CDİ minik avtomobili təqdim edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən Vəkil1 ünvanlanmış xx.xx.2024-cü il tarixli sənəddən görünür ki, X5 114CDİ minik avtomobili (nömrə nişanı: 75AA105, BDYP 90PL540) 14 iyun 2023-cü il tarixdə "xxxx" MMC-yə satılmışdır. Beləliklə, məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək qeyd edir ki, yuxarıda göstərilən iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı tələbində haqlıdır. Belə ki, tərəflər aralarında alqı-satqı müqaviləsi bağlayaraq üzərlərinə öhdəlik götürmüşdür. Müqavilədən irəli gələn müvafiq addımlar ataraq satıcı yəni İddiaçı MMC üzərinə düşən öhdəliyi yerinə yetirərək minik avtomobilini alıcıya təqdim etmiş, alıcı yəni Cavabdeh MMC isə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək müqaviləyə əsasən aldığı minik avtomobilin dəyərini ödəməmiş, və ödənilməsini təsdiq etməsi barədə Məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin cavabdehin nümayəndəsinin izahatından da aydın olur ki, İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək sözügedən minik avtomobilini cavabdeh tərəfə təqdim etmişdir. Həmçinin cəmiyyətin adının, təsisçilərinin, direktorunun, qanuni təmsilçisinin dəyişməsi cəmiyyəti üzərinə götürdüyü öhdəliklərdən azad etmədiyi birmənalı olaraq bilinməkdədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1 və 108.1.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bildirir ki, hazırkı iddia ərizəsi üzrə 402,87 (dörd yüz iki manat, səksən yeddi qəpik) manat dövlət rüsumu ödənilməlidir. Lakin iddiaçı xx.xx.2024-cü il tarixli qəbzlə 404 (dörd yüz dörd) manat məbləğində dövlət rüsumu ödəyərək 1,13 (bir manat on üç qəpik) manat məbləğində artıq dövlət rüsumu ödəmişdir. Həmçinin iddiaçı 404 manat məbləğində dövlət rüsumu ödəyərkən 61 qəpik xidmət haqqı tutulmuşdur. Bu səbəbdən də 404 manat 61 qəpik (dörd yüz dörd manat, altmış bir qəpik) cavabdehdən tutulmasını xahiş emişdir. Məhkəmə qeyd edir ki, iddia əsas tələb hissədə təmin edilməli olduğundan qanunvericiliyin tələbinə əsasən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 402,87 (dörd yüz iki manat, səksən yeddi qəpik) manat dövlət rüsumu və 0,61 (altmış bir) qəpik xidməti haqqı, yəni ümumilikdə 403,48 (dörd yüz üç manat, qırx səkkiz qəpik) manat məbləğ Cavabdehndən tutularaq İddiaçınə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 1.13 (bir manat on üç qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.6-cı maddələrinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Lakin hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 350 (üç yüz əlli) manatın Cavabdehndən alınıb İddiaçınə ödənilməsi tələbi ilə bağlı vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar şəkilində müvafiq sübutlar məhkəməyə təqdim edilmədiyindən qeyd edilən bu tələbə münasibətdə iddia təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən (VÖEN-**********) 112.867 (bir yüz on iki min səkkiz yüz altmış yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə (VÖEN-**********) ödənilməli, iddiaçının hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 350 (üç yüz əlli) manatın Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə tələbi rədd edilməli, 402,87 (dörd yüz iki manat, səksən yeddi qəpik) manat dövlət rüsumu və 0,61 (altmış bir) qəpik xidməti haqqı, yəni ümumilikdə 403,48 (dörd yüz üç manat, qırx səkkiz qəpik) manat Cavabdehndən alınıb İddiaçınə ödənilməli, iddiaçı tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş 1.13 (bir manat on üç qəpik) manat dövlət rüsumu İddiaçınə geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehndən (VÖEN-**********) 112.867 (bir yüz on iki min səkkiz yüz altmış yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə (VÖEN-**********) ödənilsin. 402,87 (dörd yüz iki manat, səksən yeddi qəpik) manat dövlət rüsumu və 0,61 (altmış bir) qəpik xidməti haqqı, yəni ümumilikdə 403,48 (dörd yüz üç manat, qırx səkkiz qəpik) manat Cavabdehndən alınıb İddiaçınə ödənilsin. İddiaçı tərəfindən 27 may 2024-cü il tarixli, ********** saylı qəbzlə dövlət büdcəsinə artıq ödənilmiş 1.13 (bir manat on üç qəpik) manat dövlət rüsumu İddiaçınə geri qaytarılsın. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-11/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-11/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver