Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-110/2022 03.11.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə 03 noyabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6879.90 AZN həcmində borc məbləğinin, 100 AZN həcmində ödənilmiş mediasiya xərcinin, o cümlədən 310 AZN həcmində göstərilmiş hüquqi xidmətə görə haqqın tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa dair tələblər üzrə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı ayrı-ayrılıqda (149.2.3 və 149.2.5-ci maddələr) təsbit olunmuşdur. Belə ki, Məcəllənin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Göründüyü kimi həmin normalar qanunverici tərəfindən bir-birindən fərqləndirilərək, imperativ qaydada ərizəyə əlavə olunan sənədlərdən məhz hansıların iddia tələbini təsdiq edən sübutlar olmasını iddia ərizəsinin məzmununda ayrıca siyahıda göstərilməsi iddiaçıdan (və ya ərizəçidən) tələb olunur (Əsas: 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş, 09 iyul 2021-ci il tarixli, 363-VİQD nömrəli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”). Ərizəçi qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və ərizəyə əlavə olunan sənədlərdən məhz hansıların iddia tələbini təsdiq edən sübutlar olmasını ayrıca siyahıda göstərməyərək ərizəyə əlavə edilən sənədlərin siyahısını həm də sübutların siyahısı kimi göstərmişdir. Lakin qeyd edilən qanunun müvafiq maddələrindən də göründüyü kimi iddiaçı ərizəsində tələbin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısını ayrı-ayrılıqda göstərməlidir. Bununla da, iddiaçı iddia ərizəsinin forma və məzmununa dair qanunla müəyyən olunmuş prosessual tələblərə əməl etməmişdir. - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Göründüyü kimi, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Belə olan halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməlidir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, iddia ərizəsi barədə bildiriş, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərilməlidir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən adı çəkilən həmin sənədlərdən iddia ərizəsi barədə bildirişin qanunda nəzərdə tutlmuş formada elektron qaydada Cavabdeh çatdırılıdığı görsənilsədə sənədləri nəzərdən keçirərkən müəyyən olunur ki, https://www.e-taxes.gov.az saytı vasitəsilə iddia ərizəsinin cavabdehə göndərilməsini təsdiq edən iddia ərizəsinə əlavə olunmuş (“Onlayn kargüzarlıq” və “Məktub”) sənədlərin tamlığı müşahidə olunmur. Yəni iddia ərizəsinin hansı kargüzarlıq nömrəsi ilə hansı şəxsə göndərildiyini göstərən sənəd məhkəməyə ünvanlanmış sənədlərin sırasında mövcud deyildir. Həmçinin mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin elektron qaydada deyil, poçt vasitəsilə cavabdehə göndərilmişdir. Belə ki, məhkəmə məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi cavabdehə o vaxt çatdırılmış hesab edir ki, həmin sənəd iddiaçı tərəfindən cavabdeh tərəfə elekron qaydada göndərilsin. Prosessual qanunvericiyilin imperativ tələblərindən göründüyü kimi, elektron qaydada qarşı tərəfə göndərilən həmin sənədlər ərizə ilə birlikdə məhkəməyə təqdim edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl edilmədən məhkəməyə təqdim edildiyindən İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi üzrə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-110/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-110/2022
03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver