Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-119/2022 23.11.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı nümayəndəsi Qanuni nümayəndə 23 noyabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 (min altı yüz) ABŞ dolları və 60 (altmış) manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin, mediasiya xidmətinin göstərilməsi üçün xərc 150 manat, vəkil orderi 150 manat xərcin cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət olunmadan məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci və 150.1.4cü maddələrinə əsasən iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəmə bildirir ki, hazırki iş üzrə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən “Onlayn Kargüzarlıq” sistemindən müvafiq çıxarışlar iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin məhkəmə iddiaçının nəzərinə çatdırır ki, iddia ərizəsinə əlavə edilmiş “Onlayn Kargüzarlıq” sistemindən çıxarış mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddia ərizəsinin elektron kabinetə yerləşdirilməsini təsdiq edən sənədlərin tamlığını əhatə etmədiyindən həmin halı təsdiq edən sübut kimi qəbul edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci və 150.1.6-cı maddələrinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər tətqiq edilərkən müəyyən edildi ki, cavabdeh tərəfə göndərilməli olan pretenziya bildirişi iddia ərizəsinə əlavə edilmiş sənədlər sırasında mövcud deyil. Eyni zamanda, iddia ərizəsinə əlavə edilmiş “Onlayn Kargüzarlıq” sistemindən çıxarışda cavabdehə göndərilən sənədin məzmunu əks olunmadığından müvafiq çıxarış pretenziya bildirişinin cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə uyğun olaraq elektron qaydada çatdırıldığını təsdiq edən sənəd kimi qəbul edilmir. Həmçinin məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırır ki, iddia ərizəsində ona qoşma olaraq əlavə edilən sənədlərin siyahısı göstərilmişdir ki, həmin siyahıda “pretenziya məktubunun təsdiq olunmuş surəti və çatdırılması barədə qəbz” qeyd olunmuşdur. Lakin iddia ərizəsinə əlavə edilən sənədlər araşdırılarkən “pretenziya məktubunun təsdiq olunmuş surəti” sənədlər sırasında aşkar edilməmiş və bu barədə məhkəmə tərəfindən 23 noyabr 2022-ci il tarixli, 31 saylı akt tərtib edilmişdir. Əlavə olaraq məhkəmə bildirir ki, iddia ərizəsinə əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi oxunaqlı olmadığından məhkəmə tərəfindən iddiaçının nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənəd kimi qəbul edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1 və 152.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytararkən dövlət rüsumu məsələsinə toxunmur, ona görə ki, iddiaçı dövlət rüsumu həddindən artıq həcmdə mediasiya xərci ödədiyi üçün dövlət rüsumunu ödəməkdən azaddır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-cİ maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-119/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-119/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver