Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-128/2022 30.11.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 Saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair elektron qaydada göndərilmiş xüsusi icraat üzrə iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 Saylı Ərazi Vergilər İdarəsi və həmin idarənin nümayəndəsi Nümayəndə 29 noyabr 2022-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 10016,87 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 9,74 manat, İşsizlikdən sığorta fonduna olan 11,03 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix- xx xxxxxxxx 1989-cu il, Doğulduğu yer- Azərbaycan, Naxçıvan MR, Şərur, Çomaxtur kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə elektron qaydada göndərilmiş xüsusi icraat üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki prosessual qanunvericiliyin məcburi tələblərinə riayət edilmədən verildiyi üçün ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllənin İİ bölməsində iddia icraatı adlanan İ yarımbölməsinin Xİİ fəsli iddianın verilməsi qaydalarını müəyyən edir. Qeyd edilən məcəllənin həmin fəsildə təsbit olunmuş 149-cu maddəsi iddia ərizəsinin forması və məzmununa dair tələblər nəzərdə tutaraq ərizənin məhkəməyə məhz hansı şəkildə təqdim edilməsini tənzimləyir. MPM-in 149.2-ci və 149.2.3-cü maddələrinin tələblərinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş xüsusi icraat üzrə iddia ərizəsində isə ərizəçi tərəfindən öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar siyahısı qeyd olunmamışdır. MPM-in 150.1-ci və 150.1.4-cü maddələrinin tələblərinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 150.1-ci və 150.1.6-cı maddələrinin tələblərinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, ərizəçi tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı ərizənin və pretenziya məktubunun maraqlı şəxsə MPM-in 150.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi vasitəsilə göndərilməsini təsdiq edən müvafiq onlayn kargüzarlıq sistemindən çıxarışlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, ərizəçi tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı ərizənin və xx.xx.2022-ci il tarixli, **********104800 nömrəli ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlığın maraqlı şəxsə çatdırılmasını təsdiq edən sənəd kimi vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatı ərizəyə əlavə etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət edilmədiyindən, həmin sənəd iddia ərizəsinin maraqlı şəxs tərəfindən alınması, habelə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70-ci maddəsi vergi ödəyiciləri ilə yazışmaların aparılması qaydasını müəyyən edir. Həmin Məcəllənin 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 70.2-1-ci və 70.2-1.3-cü maddələrinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Lakin, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziya məktubunun qarşı tərəfə çatdırılmasının xüsusi olaraq MPM-in 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 1 oktyabr 2021-ci il tarixdən qüvvədə olan dəyişikliklərilə nəzərdə tutulmuşdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 10.3-cü maddəsinə əsasən, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 10.5-ci maddəsinə əsasən, yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Qanunun göstərişindən aydın olur ki, hazırkı iş üzrə iddia ərizəsinin və pretenziyanın qarşı tərəfə çatdırılması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsi tətbiq olunmalıdır. MPM-in 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Yəni, maddənin məzmunundan aydın olur ki, məhkəməyə müraciət edilmə qaydasına da Mülki Prosessual Məcəllənin müddəaları şamil olunur. Eyni zamanda, məhkəmə onu da ərizəçinin diqqətinə çatdırmağı zəruri hesab edir ki, maraqlı şəxsə ünvanlanmış, onun mövcud borclarına dair bildirişlər imzalanmamışdır. Belə olan halda isə həmin sənədlər müvafiq halın təsdiqedicisi kimi məhkəmə tərəfindən nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur.(lakin qanunvericiliklə müəyyən olunmuş qaydada elektron imza ilə və ya üsulla təsdiq edilməsi labüddür) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1-ci və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.4-cü maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, həmin məcəllənin 114.1-ci və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Lakin, hazırkı vəziyyətdə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 Saylı Ərazi Vergilər İdarəsi dövlət rüsumu ödməkdən azad olduğu üçün məhkəmə dövlət rüsumunun qaytarılması məsələsinə toxunmur. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.14-cü maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 29 noyabr 2022-ci il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinə elektron qaydada daxil olmuş, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 Saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair xüsusi icraat üzrə iddia ərizəsi və ona əlavə edilən sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 Saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair elektron qaydada daxil olmuş xüsusi icraat üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçinin diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-128/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-128/2022
30.11.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver