Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-190/2025 08.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilədən irəli gələn öhdəliklərin icrası və müqavilədən yaranmış borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 24 aprel 2025-ci il tarixdə electron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında 10 yanvar 2023-cü il tarixli, 001 saylı müqavilədən yaranan və həmin müqavilə əsasında e qaimə ilə təsdiq olunmuş 26859,17 (iyirmi altı min səkkiz yüz əlli doqquz manat on yeddi qəpik) AZN pulun, dövlət rüsumu üçün ödənilmiş 170.58 (yüz yetmiş manat əlli səkkiz qəpik) AZN pulun, ümumilikdə 27029.75 (iyirmi yeddi min iyirmi doqquz manat yetmiş beş qəpik) AZN pulun cavabdehdən alınaraq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf ərizəsində İddiaçı ilə hazırki iş üzrə cavabdeh - Cavabdeh arasında 10 yanvar 2023-cü il tarixli, 001 saylı alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə əsasında hüquqi şəxs qismində sahibkarlıq fəaliyyəti göstərən İddiaçı müqavilə üzrə mal-materialları (cavabdehə vurulmuş və təsdiq olunmuş e qaimədə mal-materiallar ətraflı şəkildə ayrı-ayrı qeyd olunmuşdur) cavabdehə satmış, yəni müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam, lazımi qaydada və vaxtında icra etmişdir. Cavabdeh də həmin alğı-satqı müqaviləsi əsasında mlları qəbul etmişdir. Lakin cavabdeh tərəfindən qeyd edilən müqavilə öhdəliyi icra olunmamış və 26.859.17 (iyirmi altı min səkkiz yüz əlli doqquz manat, on yeddi qəpik) AZN müqavilədən yaranan borc hələ də ödənilməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, müvafiq borc tələb edilmiş, lakin bunun bir nəticəsi olmamışdır. Halbuki yuxarıda qeyd olunduğu kimi müvafiq müqavilə üzrə cavabdeh öz üzərinə düşən öhdəliyi icra etməyə borcludur. Qeyd olunan tələblə bağlı cavabdehə elektron qaydada pretenziya göndərilmiş, vaxt müəyyən edilmiş, lakin bunun da bir nəticəsi olmamışdır. Son nəticədə məhkəməyə müraciət edilməsi məcburiyyətində qalındığını qeyd etməklə əsaslandırmışdır. 30 iyun 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iddiaçının vəkil və nümayəndəsi Vəkil izahatında lazım olan əsas sübutları qaiməni məhkəməyə təqdim etdiklərini, tərəflər arasında ticarət münasibətlər olduğunu, amma cavabdeh tərəfin müavilədən yaranan e-qaimə əsasında təsdiqlənmiş borcu ödəmədiyini, ona görə də məhkəməyə müraciət eləmək məcburiyyətində qaldıqlarını, eqaimədə hansı malların verilməsinin, hansı işlərin görülməsinin qeyd edildiyini, e-qaimə 5 gün ərzində imtina olunmadığını, təsdiqləndiyini, cavabdeh tərəfin e-qaimə əsasında hansı malların verilib hansı işlərin görülməsini görə biləcəklərini, əgər borcları yoxuydusa imtina verməli olduqlarını, borcu təsdiqləməməli olduqlarını, detallı şəkildə hər bir şeyi təqdim etdiklərini, təhvil təslim aktını təqdim etmək fikrlərinin olmadığını, nəticədə hazırki vəziyyətdə məhkəməyə təqdim edəcəkləri hər hansı əlavə sübutlarının olmadığını bildirmişdir. 30 iyun 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahatında iddia tələbini qəbul etmədiklərini, bilindiyi üzrə artıq bir neçə belə problemlər olduğunu, həmin ərəfədə dövlət tərəfindən "xxxx" MMC müsadirə olunduğuna görə onun orda müsadirə olunmamışdan əvvəl nümayəndə kimi iştirak etdiyini, ona məhkəmə bildirişləri gəldiyini, bununla bağlı lazım olan yerləri məlumatlandırdığını, onların da təhvil təslim aktlarının təqdim olunmasını istədiklərini, həqiqətən borc vardır ya yoxdur çünki onun orda nümayəndə kimi olduğunu, axır vaxtlarda qarışıqlıq olduğunu, təbii ki, onun orda nümayəndə olduğuna görə borcu özünə aid hiss eləmədiyini, sadəcə nümayəndə kimi iştirak etdiyini, təhvil təslim aktlarını onlara verilməsini onlara təqdim edib özlərinin də baxb həmin malların gəlib-gəlmədiyini yoxlamalarını, e-qaiməyə qarşı etiraz olunub-olunmayıb məlumatının olmadığını, təhvil təslim aktını təqdim etmələrini bildirmişdir. 08 avqust 2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini müdafiə edərək müqavilə əsasında cavabdeh təşkilata malların verildiyini, lakin cavabdeh təşkilatın öhdəliyini yerinə yetirməyərək borcunun yarandığını, müqavilənin iddiaçı tərəfindən tərtib olunaraq imzalanması üçün cavabdeh təşkilata göndərildiyini, lakin hansısa səbəbdən imzalanmadığını, lakin malların təhvil verildiyini, malların avtomobil ehtiyat hissələri bazarında cavabdeh təşkilatın nümayəndəsinə təhvil verildiyini, lakin təhvil vermə aktının olmadığını, görülmüş işə dair e qaimələrin cavabdeh təşkilata göndərildiyini, cavabdeh təşkilatın e qaiməyə etiraz etməyərək qəbul etdiyini, bu halın cavabdeh tərəfin borcunun olmasını təsdiq etdiyini, bütün sübutları təqdim etdiklərini göstərərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. 08 avqust 2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahatında iddia tələbini qəbul etmədiklərini, iddiaçı təşkilatla aralarında müqavilə bağlanmadığını, həmin müqavilədən məlumatının olmadığını, bu səbəbdən onun tərəfindən imzalanmadığını, göstərilən tarixdə müəssisənin artıq müsadirə olunduğunu, onun rəhbər olaraq fəaliyyətinin formal olduğunu, müəssisənin demək olarki, fəaliyyətinin dayandırıldığını, müəssisəyə başqalarının nəzarət etdiyini, onun isə rəhbər olaraq səlahiyyətinin olmadığını, bu səbəbdən həmin müddətlərdə hər hansı müqavilənin bağlanmasının mümkün olmadığını, müəssisəyə iddiaçı təşkilat tərəfindən mal verilməsindən məlumatının olmadığını, bu barədə sənədləşmələrin olmasının mümkün olmadığını, e qaimələrdən məlumatsız olduğunu, müəssisənin fəaliyyəti olmadığından e qaimələrin göndərilibgöndərilməməsi barədə ona məlumat verilmədiyini, iddiaçı tərəfin təqdim etdiyi müqavilənin birtərəfli qaydada imzalandığını, bu səbəbdən iddia tələbini qəbul etmədiklərini göstərərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş materiallarında olan: 23 aprel 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 171 (bir yüz yetmiş bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. EBDQ seiyalı, 149140 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 26,859.17 manat məbləğində mal və materiallar təqdim edilmişdir. 10 yanvar 2023-cü il tarixli 001 saylı müqavilədən görünür ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında mal və materialların alqı satqısına dair müqavilə bağlanması, malların qiymətləri isə hər iki tərəfin təsdiq etdiyi elektron qaimə fakturaya əsasən təsdiqlənəcəyi müəyyən ediləcəyi qeyd edilmiş lakin həmin müqavilə cavabdeh təşkilat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imza edilməklə təsdiq edilməmişdir. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 5 gün ərzində 26.859,17 manat borcu İddiaçınə ödəmələri, əks-halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, tərəflər arasında 10 yanvar 2023-cü il tarixli 001 saylı alqı-satqı müqaviləsi bağlanmamışdır. Təqdim olunmuş həmin müqavilə yalnız iddiaçı tərəfindən imzalanmışdır. Həmçinin satıcı qeyd olunan məbləğdə malları alıcının mülkiyyətinə verməyi təsdiq edən sübutları təqdim etməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim olunan e qaiməyə əsasən bildirir ki, tərəflər arasında müqavilə əsasında işlərin görülməsi nəzərdə tutulduğundan təqdim olunan sənəd sübut kimi qəbul oluna bilməz. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən edir ki, iddiaçı tərəfindən 26.859,17 (iyirmi altı min səkkiz yüz əlli doqquz manat on yeddi qəpik) manat dəyərində malların verilməsi və xidmətlərin göstərilməsi təqdim olunan sənədlərlə təsdiqini tapmaması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Bununla yanaşı cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahında sözü gedən müqavilənin olmamasını, onlara hər hası malların təhvil verilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edirki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılırki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə iş güzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edirki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hərkəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin bir başa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid hesab edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilədən irəli gələn öhdəliklərin icrası və müqavilədən yaranmış borcun ödənilməsi tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilədən irəli gələn öhdəliklərin icrası və müqavilədən yaranmış borcun ödənilməsi tələbi barədə iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid hesab edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-190/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-190/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver