Məhkəmə qərarları › İş №e-2-2(123)-192/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-192/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-192/2025 22.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X5 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı X1 cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı müqavilədən irəli gələn öhdəliklərin icrası və müqavilədən yaranmış borcun ödənilməsi tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada iddia ərizəsi ilə müraciət edərək iddiaçı X3 ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi arasında 10 yanvar 2022-ci il tarixli, 005 saylı müqavilədən yaranan və həmin müqavilə əsasında e-qaimə ilə təsdiq olunmuş 11.117 (on bir min yüz on yeddi) AZN pulun, dövlət rüsumu üçün ödənilmiş 123.35 (yüz iyirmi üç manat otuz beş qəpik) AZN pulun, ümumilikdə 11 240.35 (on bir min iki yüz qırx manat otuz beş qəpik) AZN pulun cavabdehən alınaraq iddiaçı X2 qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 ilə cavabdeh qurum (Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi) arasında 10 yanvar 2022-ci il tarixli, 005 saylı alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə əsasında fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti göstərən X3 müqavilə üzrə mal-materialları (məhkəməyə vurulmuş və təsdiq olunmuş e-qaimədə mal-materiallar ətraflı şəkilə ayrı-ayrı qeyd olunmuşdur) cavabdehə satmış, yəni müqavilə üzərinə düşən öhdəliyi tam, lazımi qaydada və vaxtında icra etmişdir. Lakin cavabdeh tərəfindən qeyd edilən müqavilə öhdəliyi icra olunmamış və 11.117 (on bir min yüz on yeddi) AZN müqavilədən yaranan borc hələ də ödənilməmişdir. Bu 15 iyul 2023-cü il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapmışdır. Bununla bağlı cavabdeh quruma dəfələrlə müraciət olunmuş, müvafiq borc tələb edilmiş, lakin bunun bir nəticəsi olmamışdır. Halbuki yuxarıda qeyd olunduğu kimi müvafiq müqavilə üzrə cavabdeh öz üzərinə düşən öhdəliyi icra etməyə borcludur. Bununla bağlı cavabdeh quruma dəfələrlə müraciət olunmuş, müvafiq borc tələb edilmiş, lakin bunun bir nəticəsi olmamışdır. Son nəticədə məhkəməyə müraciət edilməsi məcburiyyətində qalınmışdır. İddiaçı ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü, 324-cü, 389cu, 390-cı və 425-ci maddələrinə istinad etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil 17 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı və cavabdeh arasında bağlanmış müqavilə iş materiallarına əlavə edilmişdir. İddiaçı tərəf öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmişdir, lakin müqavilə üzrə tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Həmin məbləğ isə 11.117 manat təşkil edir. Belə ki, bu rəsmi e-qaimə ilə də təsdiq olunub. Onlar həmin məbləğin ödənilməsini xahiş edirlər. Cavabdehin nümayəndəsi Nümayəndə 17 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, X2 borclarının olduğunu təsdiq edir. Yuxarı təşkilatların bu barədə nə zaman göstərişi olarsa, onlar bu pulları məmnuniyyətlə ödəyəcəklər. Yəni Nazirlər Kabineti nə zaman pul ayırsa onlar həmin borcu ödəməyə hazırdırlar. İddiaçı X3 05 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, o, xəstəliyi ilə əlaqədar keçən iclaslarda iştirak edə bilmədiyini, 1960cı il təvəllüdlü olduğunu, Kəngərli rayonu, Qarabağlar kənd sakini və hal-hazırda da orada yaşadığını, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 2022-ci il tarixli müqavilə üzrə avtomobilin ehtiyat hissələrini verdiyini, o zamandan qalan 11.117 manat alacaqları pul qaldığını, müqaviləni Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi ilə, Məmməd müəllimin iştirakı ilə bağladıqlarını, onların iş yeri, hansı ki, ehtiyat hissələri aldıqları yer maşın bazarında yerləşdiyini, orada sol tərəfdə birinci mağazada, birinci dükan olduğunu, müqavilə yanında olmadığı üçün şəxs olaraq kiminlə bağladığını dəqiq deyə bilməyəcəyini, ancaq şəxsən bağladığını, səhv etmirsə X6 ilə bağladığını, həmin şəxsi üzbəüz gördüyünü, müqavilənin əslinun onda olduğunu, hal-hazırda yanında gətirmədiyini, iş materiallarında olan üzləşmə aktını imzalamaq üçün mühasibə verilən etibarnamənin mövcud olduğunu, həmin mühasibin adını xatırlamadığını, həmin şəxsi əmək müqaviləsi ilə işə götürdüyünü, həmin müqavilənin hal-hazırda mövcud olduğunu, o, mühasibi şəxsən gördüyünü, o, dost-tanışdan yaxşı mühasib maraqlandıqda onun məsləhət görüldüyünü, mühasibin minimum aylıq əməkhaqqı aldığını, o həmin müddətdə müalicədə olduğu üçün üzləşmə aktını özü imzalamadığını, üzləşmə aktının dəqiq imzalanma tarixi yadında qalmadığını, o, mühasibə vəkalət verib göndərdiyini, o, Naxçıvanda vəkalət verdikdən sonra Bakıya getdiyini, onun özü də əvvəlcədən mühasib işlədiyi üçün az-çox üzləşmə aktı lazım olacağını bildiyini, əvvəlcə o Türkiyəyə müalicəyə getdiyini, daha sonra Bakıda olduğunu, haradasa son 3-4 aydır ki, Mərkəzi Klinikada müalicə aldığını, o, üzləşmə aktı imzalanan müddəti harada müalicədə olduğunu dəqiq deyə bilmədiyini, evdəki yataqxana sənədlərimə baxıb ona əsasən deyə biləcəyini bildirmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil 05 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, iş materiallarında olan üzləşmə aktını imzalayan mühasib Babayev Ülvidir. Lazım olsa şahid qismində məhkəməyə gətirə bilərlər. Cavabdehin nümayəndəsi Nümayəndə 05 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, hərbi hissədə tikinti işləri gedən zaman onlara ekskvatorun ehtiyat hissələri lazım olmuşdur. Həmin ehtiyat hissələrini də qarşı tərəf satırdı. Sonra rəhbərliyin göstərişi əsasında mexaniki zapçast ehtiyat hissələrini ekskvatorun təmiri üçün gətirib, təmir edib gedirdilər. Bu səbəbdən onların qarşı tərəfə borcları var idi. Mənsimzadə İntizamgil göstərişə əsasən ehtiyat hissə alıb, gətirirdilər. Onların idarəsinin həyətində hansısa kranın ya da maşının üstünə qoyurdular. Qarşı tərəf həm də onların mexaniklərinə köməklik edirlər. Əsas iş olaraq ehtiyat hissələrini satırdılar, əlavə olaraq onların mexaniklərinə də köməklik edirdilər. Onlar tərəfdən üzləşmə aktına onun özü qol çəkmişdir, idarənin müdürü də peçat vurmuşdur. Onlar üzləşmə aktını qarşı tərəfə göndərmişlər, qarşı tərəf də qol çəkmişdir. O vaxtı təxminən iyunun 22-si olardı, təcili göstəriş verdilər ki, 3 günə üzləşmə aktlarını qurtarın, idarə özəlləşməyə çıxıb. Onlar da yazıb göndərdilər. Sonra da qarşı tərəfin nümayəndəsi imzalayıb göndərdi. Üzləşmə aktını onlar birlikdə imzalamamışlar, rəis peçatlayıb göndərmiş, sonra da qarşı tərəf imzalayıb onlara göndərmişdir. Həmin vaxt idarənin rəisi X6 idi. Həmin sənəddən 2 nüsxə imzalamışlar. 1 nüsxəsini onlara vermiş, 1 nüsxəsini də İqtisadi İnkişaf nazirinə vermişlər. O, Mənsimzadə İntizamdan müqavilə əsasında ehtiyat hissələri almalarını qəbul edir, bu barədə qaimələr də vurulmuşdur. Borcları 11117 manatdır. Cavabdehin nümayəndəsi Nümayəndə 20 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, bu iş üzrə siz iddiaçı tərəfdən o şəxsən mal götürməmişdir, o vəkalət verir, həmin vəkalət əsasında gedib götürürlər. Anbardan həmin malların götürülməsini də görməmişdir. O, sənəd verir, sonra o sənədi ona qaytarırlar ki, bu mallar gəlib, anbardadır. O da qəbul edir. Onun heç bir təşkilatın anbar müdürləri ilə əlaqəsi olmamışdır. Malları o yox, təşkilatın anbar müdürü götürmüşdür. Götürülən malların Forma-2-ləri, təhvil-təslim aktları olmur. Çünki ehtiyat hissələri ora düşmür. Həmin malların onlara təhvil verilməsini təsdiq edən vergi-hesab fakturaları var. Qarşı tərəfdə də, onlarda da var. İddiaçının vəkili-nümayəndəsi Vəkil 22 sentyabr 2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi çıxışında: İddianın təmin olunması barədə yekun məhkəmə aktının çıxarılmasını məhkəmədən xahiş etimişdir. Cavabdehin nümayəndəsi Nümayəndə 22 sentyabr 2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi çıxışında: yekun qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan: 10 yanvar 2022-ci il tarixli, 005 saylı alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən bundan sonra “Satıcı” adlandırılacaq fiziki şəxs X1 şəxsində və digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi, direktor X4 şəxsində aşağıdakı şərtlərlə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, bu müqavilə “Satıcı” və “Alıcı” arasında mal və materialların alqı-satqısını, habelə bu əməliyyatdan irəli gələn münasibətləri tənzimləyir. 2.1-ci bəndindən görünür ki, malların qiymətləri hər iki tərəfin təsdiq etdikləri elektron qaimə fakturaya əsasən təsdiqlənəcəkdir. 3.1-ci bəndindən görünür ki, alınan malın dəyəri mal qəbul edildiyi gündən 15 (on beş) bank iş günü ərzində “Satıcı”nın müvafiq banklarda olan hesablaşma hesabına ödənilir. 027613 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə-fakturadan görünür ki, X3 tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 11117 manat məbləğindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı X3 ilə cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsi arasında 10 yanvar 2022-ci il tarixli, 005 saylı alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər formalaşmışdır. Bu hal iş materiallarında olan 10 yanvar 2022-ci il tarixli, 005 saylı alqı-satqı müqaviləsi, 027613 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə-faktura ilə öz təsdiqini tapmışdır. Alıcı qismində çıxış edən cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin satıcı qismində çıxış edən X3 qarşısında almış olduğu mallara görə, malların dəyərinin ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunur. Əşyanı təhvil almış alıcı (cavabdeh) onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, satıcı (iddiaçı) verilmiş əşyanın ödənilməsini tələb etməkdə tam haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur; 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmçinin Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında qarşı tərəfə 11 117 manat məbləğində borclarının olmasını etiraf etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmçinin, iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin mühasibi Nümayəndə və X1 mühasibi (nümayəndəsi) tərəfindən imzalanmış 15 iyul 2023-cü il tarixli üzləşmə aktını məhkəməyə sübut kimi təqdim etmişdir. Məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsinin həmin aktı imzalamaq səlahiyyətini təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyindən həmin akt işin hallarını təsdiq edən sübut əhəmiyyəti daşımır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan və cavabdeh tərəfindən etiraf olunduğundan tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində hesablanır. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 11 117 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 123,35 (yüz iyirmi üç manat otuz beş qəpik) manat olaraq müəyyən edilir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən 124 (yüz iyirmi dörd manat) manat məbləğində dövlət rüsumunun X3 tərəfindən ödənildiyi görünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Hazırki iş üzrə iddia tələbi təmin olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 123,35 (yüz iyirmi üç manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsindən alınaraq iddiaçı X2 ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,65 (altmış beş qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı X1 cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı 11 117 manat məbləğində borcun ödənilməsi tələbi əsaslı olduğundan təmin olunmalı, iddiaçı X3 tərəfindən ödənilmiş 123,35 (yüz iyirmi üç manat 35 qəpik) manat məbləğində dövlət rüsumu iddia tələbi tam təmin edildiyindən cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsindən alınaraq iddiaçı X2 ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,65 (altmış beş qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan tam təmin edilsin. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsindən (VÖEN: ********** ) 11117 (on bir min yüz on yeddi manat) manat məbləğində borc alınaraq iddiaçı X2 (VÖEN: **********, FİN: 1BQR2N9, AA2521960 ) ödənilsin. 123,35 (yüz iyirmi üç manat 35 qəpik) manat məbləğində dövlət rüsumu iddia tələbi tam təmin edildiyindən cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsindən alınaraq iddiaçı X2 ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,65 (altmış beş qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar