Məhkəmə qərarları › İş №e-2-2(123)-197/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-197/2023

15.09.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-197/2023 15.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin nümayəndəsinin və Maraqlı şəxs iştirakları olmadan, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənеtdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin nümayəndəsi Nümayəndə 06 sentyabr 2023cü il tarixdə elektron qaydada xüsusi icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 4,2 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2035,16 manat, İşsizlikdən sığorta fonduna olan 19,62 manat, İcbari Tibbi Sığorta Fonduna olan 166,24 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi, ərizəsini vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 19,62 manat, dövlət büdcəsinə 4,2 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 4,2 manat), İcbari Tibbi Sığorta Fonduna 166,24 manat, Dövlət Sosial Müdafiə Fonduna 2035,16 manat olmaqla, ümumilikdə 2225,22 manat borcunun olduğunu, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********455500, xx.xx.2022-ci il tarixli **********062300, xx.xx.2022-ci il tarixli **********966400, xx.xx.2022-ci il tarixli **********607500 nömrəli bildirişlərin göndərildiyini, lakin vergi ödəyicisinin yaranmış borc məbləğini ödəmədiyini, reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs Naxçıvan MR, Naxçıvan şəh., Şaxtaxtinski dön-3 ev- 16 ünvanında yaşadığını, qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikasi Konstitusiyasının 73-cü maddəsinə, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 77-1, 77-3, 78.1, 23.1.15- 3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü, 4.1-ci, 25.3cü, 26.1-ci, 26.2-ci, 305.1.12-ci, 355-5, 355-5.2, 355-6, 355-7-ci maddələrinə, o cümlədən, Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci və 17.1.6-1-ci maddələrinə istinad etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-197/2023 saylı qərardadı ilə xüsusi icraat üzrə ərizə məhkəmənin icraatına qəbul edimişdir. Ərizəyə qarşı etiraz daxil olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 10:35-də keçirilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin nümayəndəsi və Maraqlı şəxs məhkəmə baxışı iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin və Maraqlı şəxs iştirakı olmadan kommersiya mübahisəsinə dair işə baxılmasını mümkün hesab etmişdir. Elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş: Fiziki şəxs haqqında məlumatın təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2017-ci il tarixdə Xüsusi geyimin istehsalı fəaliyyəti üzrə ********** saylı VÖEN ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2021-ci il tarixli **********455500 nömrəli, xx.xx.2022-ci il tarixli **********062300 nömrəli, xx.xx.2022-ci il tarixli **********966400 nömrəli, xx.xx.2022-ci il tarixli **********607500 nömrəli borc bildirişi iş üzrə Maraqlı şəxs ünvanlanmış, xx.xx.2023-cü il tarixdə isə onun tərəfindən alınmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən şəxsi hesab vərəqsinin təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs İşsizlikdən sığorta fonduna, dövlət büdcəsinə (o cümlədən, maliyyə sanksiyası üzrə), İcbari Tibbi Sığorta Fonduna və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borc öhdəliyi vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən Çıxarılmış Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə iş materiallarında olan sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda qeyd olunan maddə, məhdudiyyətin qoyulması üçün əsasları özündə əks etdirir. Belə ki, vergi ödəyicisinin və ya sığortaedənin məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə, eyni zamanda dövlət büdcəsinə maliyyə sanksiyaları üzrə ödənilməmiş borcu olmalıdır. Göründüyü kimi, qeyd edilən halların mövcudluğu şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsasdır. Belə ki, ilk öncə hazırki məhkəmə icraatının məqsədi müəyyən edilməlidir. Bu mövzuda, qanunverici göstərir ki, vergi ödəyicisinin və ya sığorta edənin məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta haqları və maliyyə sanksiyaları üzrə ödənilməmiş borcu yaranarsa, bu borcun ödənilməsini təmin etmək məqsədilə vergi ödəyicisinin və ya sığorta edənin ölkədən getmək hüququ müvəqqəti olaraq (borc ödənilədək) məhdudlaşdırıla bilər. Göründüyü kimi, hazırki məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) borcun mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə borcun olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır. Belə ki, məhkəmə Maraqlı şəxs dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş borcunun olduğu qənaətinə gəlir. Qeyd edilənlərə müvafiq olaraq məhkəmə tərəfindən müəyyən edilir ki, Maraqlı şəxs dövlət büdcəsinə (maliyyə sanksiyaları üzrə), məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə ödənilməmiş borc məbləği iş materiallarında olan sənədlər əsasında təsdiq edilmişdir. Həmin borc məbləğlərinin ödənilməsi məqsədilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən vergi ödəyicisinə və ya sığorta edənə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********455500, xx.xx.2022-ci il tarixli **********062300, xx.xx.2022-ci il tarixli **********966400, xx.xx.2022-ci il tarixli **********607500 nömrəli bildirişlər göndərilsə də vergi ödəyicisi və ya sığortaedən yaranmış borc məbləğini ödəməmişdir. Belə ki, iş üzrə maraqlı şəxs tərəfindən onun barəsində qaldırılan xüsusi icraat üzrə ərizəyə qarşı etiraz məhkəməyə təqdim edilmədiyindən məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlarla əsaslandırmaqda haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 72-ci maddəsinin İ hissəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. 73-cü maddəsinin İ ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Qeyd edilən maddələrin məzmunundan belə aydın olur ki; “Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olmaqla həyata keçirilməlidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.1-ci maddəsinə əsasən sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. “Tibbi Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun; 1-1.1-ci maddəsinə əsasən tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir. 1-1.2-ci maddəsinə əsasən tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. 1-1.3-cü maddəsinə əsasən icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir. 15-5.2 və 15-5.2.2-ci maddələrinə əsasən icbari tibbi sığorta üzrə sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək sığortalıların vəzifələrindən biridir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.1-ci maddəsinə əsasən işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. 7-1-ci maddəsinə əsasən İşsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqındakı işə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qanunun qeyd edilən normalarının məzmunundan göründüyü kimi, qanunverici konstitusion əhəmiyyətli dəyərlərdən irəli gələn vergi və digər öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bir sıra tədbirlər müəyyən etmiş və həmin tədbirlərdən biri kimi də vergi ödəyicisi və ya sığortaedən fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunu nəzərdə tutmuşdur. Diqqətə alınmalıdır ki, adı çəkilən qanunvericilik aktlarında vergi ödəyicisinin və ya sığorta edənin vergi borcunun və digər öhdəliklərinin mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas kimi nəzərdə tutulmuşdur. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamənin 8.20.2-ci bəndinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklər qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirilmədikdə hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunun dəyişdirilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin vəzifəsidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 108.1.3-cü maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin olunmalı, vergi və digər öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə Maraqlı şəxs, dövlət büdcəsinə və müvafiq fondlara olan borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququ, həmin borclar ödənilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin olunmalı olduğundan və ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi xüsusi icraat üzrə ərizənin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad olduğuna görə ərizəçinin ödəməkdən azad edildiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 355-7, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin edilsin. Maraqlı şəxs dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********, MR, Naxçıvan şəh., Şaxtaxtinski dön-3 ev-16) ölkədən getmək hüququ, həmin borclar ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin ödəməkdən azad edildiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Qanuni qüvvəyə minmiş qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar