Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-21/2023 26.01.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair elektron qaydada göndərilmiş xüsusi icraat üzrə iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə 24 yanvar 2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 224721,81 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 642,16 manat, İşsizlikdən sığorta fonduna olan 25,68 manat, İcbari Tibbi Sığorta Fonduna olan 51,32 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (Doğulduğu tarix-xx xxxxx 1991-ci il, Doğulduğu yer-Azərbaycan, Naxçıvan MR, Naxçıvan, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı elektron qaydada göndərilmiş xüsusi icraat üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən, məhkəmə ərizənin geri qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar olduğunu müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. MPM-in 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. MPM-in 149.2 və 149.2.3-cü maddələrinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi sübutların siyahısı iddia ərizəsinin tərkib hissəsidir, nəticə olaraq iddia ərizəsini imzalamaq səlahiyyətinə malik olan şəxs tərəfindən imzalanmalıdır. Hazırkı iş üzrə isə verilən xüsusi icraat üzrə iddia ərizəsinə əlavə edilmiş sübutların siyahısı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsinin böyük hüquqşünası, kiçik vergi xidməti müşaviri Rövşən Nurullayev tərəfindən imzalanmışdır. Ərizəyə əlavə edilərək məhkəməyə təqdim edilmiş, ərizəçi tərəfindən X2 adına verilən, xx.xx.2023-cü il tarixədək qüvvədə olan, 18 iyul 2022-ci il tarixli, **********544900 saylı təmsil etmə haqqında etibarnamədə etibarnamənin verilmə məqsədi kimi ona iddiaçı, mülki iddiaçı və cavabdeh qismində iştirak etdiyi işlərdə baş idarəni təmsil etmək səlahiyyəti verildiyi, eyni zamanda nümayəndəyə iştirak etdiyi işlərdə qanunvericiliyə müvafiq olaraq baş idarənin adından işin müvəffəqiyyətli həlli üçün zəruri prosessual hərəkətləri yerinə yetirməyin (iddia tələblərindən tam və qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və əsasının dəyişdirilməsi, məhkəmə aktlarından şikayət verilməsi istisna edilməklə) tapşırıldığı göstərilmişdir. Halbuki, MPM-in 74.2-ci maddəsinə əsasən, İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Sözügedən etibarnamədə X2 iddia ərizəsini imzalamaq səlahiyyəti nəzərdə tutulmadığından, dolayısıyla onun iddia ərizəsinin tərkibi olan sübutlar siyahısını imzalamağa da səlahiyyətinin olmadığı məhkəmə tərəfindən müəyyən edilmişdir. Buna görə də, səlahiyyətsiz şəxs tərəfindən imzalanmış sübutların siyahısı məhkəmə üçün etibarsızdır. MPM-in 149.2 və 149.2.5-ci maddələrinə əsasən, ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Qanunverici mülki prosessual məcəllənin 149-cu maddəsi ilə iddia ərizəsinin forması və məzmununa dair tələblər müəyyən edərkən iddiaçı və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısını fərqləndirdiyindən, elektron qaydada məhkəməyə ünvanlanmış hazırkı ərizədə ərizəyə əlavə edilən sübutların siyahısı ayrıca olaraq göstərilmədiyindən, məhkəmə hesab edir ki, ərizəçi tərəfindən iddia ərizəsinin qanunvericiliklə müəyyən edilmiş forma və məzmun tələbləri pozulmuşdur. MPM-in 150.1 və 150.1.4-cü maddələrinin tələblərinə əsasən, bu Məcəllənin 150.2ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 150.1-ci və 150.1.6-cı maddələrinin tələblərinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Hazırkı iş üzrə ərizəyə əlavə olunmuş sənədlərdən müəyyən edilmişdir ki, ərizəçi tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı ərizənin və pretenziya məktubunun maraqlı şəxsin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən “Onlayn Kargüzarlıq” sistemindən müvafiq çıxarışlar ərizəyə əlavə edilməmiş, həmin sənədlərin maraqlı şəxsə çatdırılmasına dair sübut qismində “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”lar məhkəməyə təqdim edilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, mülki prosessual qanunvericiliklə müəyyən edilmiş icrası məcburi göstərişlərə riayət olunmadığından, “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”lar maraqlı şəxs tərəfindən ərizənin surətinin alınması, eləcə də mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasını təsdiq edən sənəd kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70-ci maddəsi vergi ödəyiciləri ilə yazışmaların aparılması qaydasını müəyyən edir. Həmin Məcəllənin 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 70.2-1-ci və 70.2-1.3-cü maddələrinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Lakin, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziya məktubunun qarşı tərəfə çatdırılmasının xüsusi olaraq MPM-in 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 1 oktyabr 2021-ci il tarixdən qüvvədə olan dəyişikliklər ilə nəzərdə tutulmuşdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 10.3-cü maddəsinə əsasən, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 10.5-ci maddəsinə əsasən, yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Qanunun göstərişindən aydın olur ki, hazırkı iş üzrə ərizənin surətinin və pretenziya bildirişlərinin qarşı tərəfə çatdırılması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 150.2-ci maddəsi tətbiq olunmalıdır. Eyni zamanda, MPM-in 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.3-cü maddəsinə görə isə, bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 46-cı maddəsinə əsasən, tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Nəticə olaraq, göstərilən müddəaların məzmunu onu deməyə əsas verir ki, vergi orqanı məhkəməyə müraciət etdiyi andan mülki prosessual münasibətlərin subyekti qismində çıxış etdiyindən, eləcə də mülki prosessual məcəllə ilə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası müəyyən edildiyindən, vergi orqanı tərəfindən məhkəməyə müraciət edilmə qaydasına Vergi Məcəlləsinin deyil, Mülki Prosessual Məcəllənin müddəaları şamil olunmalıdır. Əlavə olaraq məhkəmə onu da ərizəçinin diqqətinə çatdırmağı zəruri hesab edir ki, ərizəyə əlavə edilmiş “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2019-cu il tarixli, ********** saylı müqavilədən onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Nümayəndə ilə iş üzrə Maraqlı şəxs arasında deyil, X3 arasında bağlandığının göstərildiyi, lakin müqavilənin imzalanmadığı, bir il müddətinə qüvvədə olması nəzərdə tutulduğundan, xx.xx.2020-ci il tarixdə müddətinin bitdiyi, müqavilənin 2.1.1-ci bəndindən isə Vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə hayata keçirilməsini, o cümlədən, vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin (məktubların, aktların, protokolların, qərarların, tələbnamələrin, bildirişlərin, xəbərdarlıqların, arayışların, çıxarışların və digər sənədlərin) elektron şəkildə göndərilməsini ..... müəyyyən etdiyi görünür. Buradan məlum olur ki, həmin müqavilə vergi münasibətlərinin mövcudluğu ilə əlaqədar olaraq vergi ödəyicisi ilə yazışmaların aparılma qaydasını nəzərdə tutur. Nəticə olaraq, məhkəmə belə hesab edir ki, təqdim edilmiş sözügedən müqavilə ümumiyyətlə, mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq ərizənin surətinin və pretenziya məktubunun maraqlı şəxsə çatdırılması halı ilə bağlı sübutedici əhəmiyyət kəsb etmir və mülki prosessual qanunvericiliyin məhkəməyə müraciət edilməsi ilə bağlı müəyyən etdiyi hər hansısa qaydanı dəyişdirə bilməməkdədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1-ci və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.4-cü maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytararkən dövlət rüsumu məsələsinə toxunmur, ona görə ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi dövlət rüsumu ödəməkdən azaddır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.14-cü maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 24 yanvar 2023-cü il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinə elektron qaydada daxil olmuş, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair xüsusi icraat üzrə iddia ərizəsi və ona əlavə edilən sənədlər ərizəçiyə geri qaytarılmalı və maraqlı şəxsə pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədlərin və iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin surətlərinin göndərilməsi formasını təşkil edən nümunənin ərizəçiyə elktron qaydada göndərilməsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair elektron qaydada daxil olmuş xüsusi icraat üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçinin diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-21/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-21/2023
26.01.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver