Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-216/2025 01.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkil və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı e-qaimə əsasında yaranmış borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçının vəkil və nümayəndəsi Vəkil1 14 may 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında elektron qaimə əsasında yaranmış və təsdiq olunmuş 57.000 (əlli yeddi min) AZN pulun, dövlət rüsumu üçün ödənilmiş 262 (iki yüz altmış iki) AZN pulun, ümumilikdə 57262 (əlli yeddi min iki yüz altmış iki) AZN pulun cavabdehdən alınaraq iddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkil və nümayəndəsi ərizədə cavabdehlə “X3” Məhdud Məsuluiyyətli Cəmiyyəti arasında müxtəlif yemlərin alınması ilə bağlı alqı-satqı müqaviləsi imzalandığını və qarşılıqlı olaraq ticari əlaqələrdə olunduğunu, bağlanılmış olan müqaviləyə əsasən müxtəlif vaxtlarda müxtəlif miqdrada quş yemlərinin cavabdehə satıldığını və həmçinin həmin satılan malların dəyərinin cavabdehə rəsmi qaydada e-qaimə əsasında vurulduğunu, lakin cavabdehin öz üzərinə düşən öhdəliyi tam və vaxtında icra etmədiyini, belə ki, cavabdehin hal-hazırda “X2” Məhdud Məsuiyyətli Cəmiyyətinə 57000 (əlli yeddi min) AZN e-qaimədən yaranan borcu olduğunu, bununla bağlı cavabdehlə dəfələrlə danışıqlar aparıldığını, müraciətlər edildiyini, lakin bunun bir nəticəsi olmadığını, ona görə də cavabdehə son dəfə rəsmi qaydada elektron formada yazılı sürətdə xəbərdarlıq olunduğunu, rəsmi pretenziyada 5 gün müddətində 57000 (əlli yeddi min) AZN e-qaimədən yaranan borcun “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmağı barədə xəbərdarlıq edildiyini, əks təqdirdə 5 gündən sonra tərəfimizdən iddia tələbi ilə məhkəməyə müraciət olunacağının qeyd olunduğunu, həmçinin məhkəməyə müraciət edən zaman məhkəmə üçün çəkilən xərclər də (vəkil üçün xidmət haqqı, dövlət rüsumu) məhkəmə qaydasında cavabdehdən tələb ediləcəyi bildirdiyini, bunun bir nəticəsi olmadığını və son nəticədə məhkəməyə müraciət edilməsi məcburiyyətində qalındığını bildirərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü, 324-cü, 389-cu, 390-cı və 425-ci maddələrinə istinad etmişdir. İddiaçının vəkil və nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında Elşad müəllimlə dəfələrlə danışdığını, nümayəndələrin gedib iştirak etdiyini, e-qaimə vurulub təsdiqləndiyini, borcun 57000 manat deyil 70000 manat olmasını, danışıqlardan sonra biraz ödəniş olduğunu, indi borclarının olmadığını dediklərini, tamamilə yalan olduğunu, borcun təsdiqləndiyini, yem satdıqlarını, iki ilə yaxındır o pulu ala bilmədiklərini, danışıqlarla müəyyən pullar ödəndiyini, sonra tamamilə dayandırıldığını, indi də sorğu veriblər banka o sorğunun cavabının müsbət olmayacağını, çünki onlara ödəniş olunmadığını, onlara ödəniş olunsaydı rəsmi ödəniş olunacağını, çünki köçürmə ilə ödəniş olunduğunu, belə bir ödənişin olmadığını bildirmişdir. İddiaçının vəkil və nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında cavabdeh tərəfin gəlib iştirak etməsinin daha yaxşı olacağını, təqdim edilən sənədlərin onların mübahisəsinə heç bir aidiyyəti olmadığını, e-qaimənin təsdiqlənməməsini sübut eləsələr, imtinaya dair sənəd versələr razılaşacağını, amma e-qaimələrin təsdiqləndiyini, dəfələrlə danışıqlar aparıldığını, hətta borclarını etiraf etdiklərini, malın yazılı aktla təhvil verilmədiyini, Nümayəndəsinin gəlib malı götürürdüyünü, onun əsasında e-qaimə vuruluduğunu, daha sonra ödəniş olunduğunu, bank çıxarışlarında isə orda 57000 manat ödənildiyinin təsdiqini tapmadığını bildirmişdir. İddiaçının vəkil və nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında “X4” MMC ilə "xxxx" MMC arasında olan müqavilə təqdim etdiklərini, hansı ki həmin müqavilənin xiatmına dair tərəflər bir birinə yazılı surətdə heçnə bəyan etmədiyini, müqavilə üzərindən münasiəbtlərin illərdi davam etdiyini, orda “X4” MMC olduğunu, ad dəyişdirilməsi ilə bağlı “X2” MMCnin iştirakçılarının ümumi yığıncağının qərarını, vergi reyestrindən köhnə çıxarışı təqdim elədiklərini, yeni çıxarışı iddia qaldıranda təqdim etdiklərini, “X2” MMC “X4” MMC-nin bir növ hüquqi varisi sayıldığını, ad dəyişikliyi olduğunu, 2 ədəd cədvəl təqdim etdiklərini, maliyyəçilər tərəfindən hazırlanmış sənədlərdə “X2” MMC"xxxx" MMC arasında tərəflərindən tələb olunan 57.000 manata münasibətdə nə qədər satış fakturaları olub onların cədvəl formasında tərtib edildiyini və cavabdehin onlara ödədiyi pul, hazırki qalıq borcu olduğunu, hansıki, e qaimə ilə təsdiqlənmiş həmin 57.000 manat məbləğini məhkəmə qaydasında tələb etdklərini, keçən hazırlıq iclaslarında da kifayət qədər fikir bildirdiyini, tələb etdikləri məbləğin faktiki və hüquqi əsaslarını qeyd etdiklərini, iddia ərizəsini müdafiə etdiklərini, tərəflər arasında müqavilə bağlanıb hər iki tərəfin müqaviləni təsdiqləyib tərəflər arasında alqı-satqı müqaviləsi formalaşdığını, həmin müqavilədə malın təhvilinin, malın alınmasının təsdiq olunmuş e qaimə əsasında həyata keçirilməsinin, məhkəməyə də təqdim edilmiş elektron qaimələrin təsdiq olunduğunun sübuta yetirildiyini, “X5” haqqında Qanuna və Vergi Məcəlləsinin müqavfiq maddəsinə əsasən elektron qaimələrin rəsmi sənəd sayıldığını, təqdim elədikləri satış fakturaları şirkətin daxili sistemindən çıxarılmış fakturalar olduğunu, yəni əsas sənədin müqavilə əsasında məhz elektron qaimələr olduğunu, malın təhvil və malın alınmasına gəldikdə Elşad müəllimin etiraf edər eləməz onların kifayət qədər şahidləri olduğunu, cavabdehlə dəfələrlə danışıqlar aparılıb onlardan vaxt istənildiyini, pulun ödənilməsi ilə bağlı hətta 57.000 manat olmadığını, biraz artıq borc olduğunu, müəyyən məbləğin ödənildiyini sonra nədənsə ödəmələrin dayandırıldığını, məcbur qalıb nəticədə son ümid yeri məhkəmədir məhkəməy müraciət edib bu məbləğin məhkəmə qaydasında alınmasını tələb etdiklərini, bu işdə müvəqqəti təminat barədə ərizələrinin də olduğunu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında və mülkiyyətində olan 71 Af 012 dövlət qeydiyyat nişanlı “İsuzu” markalı avtomobilə sərəncam verilməsi qadağası qoyulduğunu, cavabdehin həmin avtomobillə yaxınlaşıb zavodan yem aldığını, məhkəməyə təqdim edilmiş müqavilə xx.xx.2021-ci il tarixli həmin müqavilədən sonra 1 il davamlı artırılmaqla yeni müqavilə imzalanmadığını, o müqavilə üzərindən işlərin görüldüyünü, müqavilənin “X4” MMC ilə "xxxx" MMC arasında bağlanıldığını, “X4” MMC 2023-cü ilin dekabr ayından qərarla “X2” MMC-nə çevrildiyini, ad dəyişikliyinin olduğunu, və burda VÖEN olduğunu, və eynilik təşkil etdiyini, fiziki və hüquqi şəxsin eyniləşdirmə nömrəsinin “VÖEN” olduğunu, cavabdehin heç bir halda inkar edə bilmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında elektron qaimələrin satışı təsdiq etmədiyini, müqaviləyə görə əvvəldən sifarişlər verildiyini, pullar ödənildikdən sonra malı götürdüklərini, cəmi 4 ədəd satış fakturasının təqdim edildiyini, təqdim edilmiş sənədlərə etirazının olmadığını, onlara mal satışını təsdiq etmədiklərini, bağlanan müqavilədə malın sifarişindən əvvəl pulun ödənilməsi və malın götürülməsinin əks olunduğunu, təqdim olunan 2021-ci il tarixdə “X4” MMC ilə bağlanan müqavilə əsasında ticarətin olduğunu, pulları olmadıqda yem götürə bilmədiklərini, 4 ədəd satış fakturası olduğunu həmin satış fakturasında 4 ədəd satış fakturası ilə alınmış malın pulunu ödədiklərini, Həmin satış fakturalarında 595 manat, 1043 manat, 147 manat və 1190 manat pulların hamısının ödənildiyini, tələb olunan 57.000 manatı qəbul etmədiklərini, onların “X2” MMC-nə borclarının olmadığını, pullarının ödənildiyini, iddiaçının cədvəl təqdim edərək "xxxx" MMC-nin “X2” MMC-nə 57.000 manat borcu olduğunu bildirmiş, malın pulunu ödəyib aldıqlarını, sübutları məhkəməyə təqdim edəcəklərini, müqaviləyə xitam verilmədiyini, “X4” MMC ilə müqavilə bağladıqlarını, daha sonra “X2” MMC-nə keçdiklərini, çoxdandır onlardan yem almadığını, onlara müraciət etdikdə pulları olmadığından vermədiklərini, ondan sonra başqa yerdən yem aldıqlarını, 2021ci il tarixdə bağladıqları müqavilənin 1 il hüquqi qüvvəsi olduğunu, 1 il tamam olanda müqavilənin ləğvini istəmədiklərini, qüvvədən düşməsini diyəndə ki, yem götürdüklərini, bir bu şirkət deyil bundan əvvəlki şirkətin də olduğunu, onlara müqavilənin bir dəfə bağlanıb onu əsas tutaraq işlədiklərini, onlara təkcə satış fakturası verdiklərini, başqa heç bir sənəd verilmədiyini, 2021-ci il tarixli müqaviləyə görə neçə manatlıq yem almaqlarını vaxt çox keçdiyindən onu çıxarıb gətirə biləcəyini, bağladıqları müqavilədə sifarişlərini verdiklərini, pullarını ödəyib mallarını aldıqlarını, heç bir mala qəbz vermədiklərini, elektron qaydada vurulan e qaiməni təsdiqləmədiklərini, 57.000 manat pulu dəyirmanın kassasına ödədiklərini, onlar yem alanda və ya kiməsə pulun ödənilməsi ilə bağlı ödəniş qəbzi verilmədiyini, Gəmiqaya və ya Naxçıvan taxıl məhsullsrı olanda pulu gətirib ödədikdə yemi çıxardıqlarını, ödəmədikdə yemi çıxara bilmədiklərini, heç bir borclarının qalmadığını, iddianı qəbul etmədiklərini və rədd olunmasını xahiş etdiklərini, "xxxx" ASC-dən aldıqları sənədi məhkəməyə təqdim etməkdə əvvəl pulların "xxxx" ASC-dən ödənildiyini, təqdim elədikləri sənəddə borclarının olmamasını yəni bu sənədə əsasən 57.000 manat borclarının ödənilməsini izah edə bilməyəcəyini, mühasib olmadığından bu işlərin hamısına mühasibin baxdığını, çıxartdırıb gətirib təqdim edə biləcəyini bildirmişdir. İddiaçının vəkil və nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında cavabdehin məhkəmə iclasında iştirak edərək izahatını bildirdiyini, müqavilə əsasında mal almaqlarını təsdiqlədiyini, alış-veriş münasibətinin olmasını təsdiqlədiklərini, bağlanmış müqavilə əsasında ticarət əlaqələrinin davam etməsini etiraf etdiklərini, bağlanan müqavilənin xitam edilmədiyini bildirdiklərini, lakin borclarının olmadığını bildirsələrdə bunu təsdiq edən sübutları təqdim edə bilmədiklərini, iddiaçı olaraq təqdim etdikləri qaimələrin daxili sənəd olduğunu, daxili sistemdən çıxarıldığını, qaimələrdə təhvil verdim və təhvil aldım qeydiyyatının olduğunu, qarşı tərəf 5 gün ərzində qaimələrə etiraz etmədikdə qəbul etmiş sayıldığını, həmin sənədlə razılaşıb görülmüş işə görə tələb olunan məbləği qəbul etmiş olduğunun təsdiq olunduğunu, müqavilə şərtlərinə uyğun bir müddət ticarətin aparıldığını, lakin sonradan tərəflərin razılığı əsasında ödəniş olmadan mal verildiyini, borc ödənilmədiyindən bir müddət malın satılmasının dayandırıldığı halların olduğunu, borcun məbləğinin çox olduğunu təxminən 80000 manat olduğunu, danışıqlar nəticəsində ödəmələr olduğunu, sonradan qalan məbləğ ödənilmədiyindən iddiaçının məhkəməyə müraciət etməli olduğunu, borcun ödənilməsi üçün qaimələrin Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalarda verildiyini, qaimələrin rəsmi sənəd olduğunu, görülmüş işlərin hesabatı olaraq məbləğ, ƏDV qeyd olunduğunu, elektron imza ilə təsdiqləndiyini, cavabdeh tərəfin sənədə etiraz etmək hüququnun olduğunu, lakin bunu etmədiklərini, həmçinin qaimələri etibarsızlığı ilə əlaqədar məhkəməyə müraciət etmək hüquqlarının olduğunu, lakin bunları etmədiklərini, bununda cavabdehin qaimə ilə razılaşmasının təsdiq olunduğunu, e-qaimənin əsasız yerə vurula bilmədiyini, bunun tərtibi üçün yetərli əsasların olduğunu, əsasız yerə şirkətlərin biri-birinə qaimə vura bilmədiyini, onların tərəfindən təqdim olunan hesabatın şirkətin mühasibləri tətəfindən hazırlandığını, görülmüş işlərə əsasən hazırlandığını, həmin sənəddə cavabdeh tərəfin iştirak edib imzalanmasının prosedur olaraq mümkün olmadığını, həmin sənəddə satılmış malın miqdarı, ödənilən məbləğin və qalan borcun müəyyən olunduğunu, “X4” olan dövürdə təsisçinin başqa adam olduğunu, həmin dövrdə satışın nağdı ödəmə aparılmaqla olduğunu, sonradan təsisçi dəyişdikdə quşçuluqla məşğul olan şirkətlərin iştirakı ilə iclasın keçirildiyini, razılıq əsasında ödəmə olmadanda satış aparılmasının qərara alındığını, sonra cavabdehin borcunun 2023-cü ilin sentyabr ayından yarandığını, təxminən borcun 80000 manat olduğunu, razılaşma əsasında satışın nağdı olmaqla olacağı və borcundan müəyyən hissəsinin ödənilməklə davam ediləcəyini, cavabdehin buna etiraz edərək Bakıdan mal alacağını bildirdikdə ona malın satışının dayandırıldığını, sübutları təqdim etdiklərinin, cavabdeh təşkilatın nümayəndəsinin izahatında mal aldıqlarının etiraf edilməsini, borcu ödəmədiklərini, ödəmələri barədə sübut təqdim etmədiklərinin nəzərə alınaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-in direktoru Nümayəndə xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuş izahatında "X2" MMC, iddia ərizəsinə əlavə etdiyi 16 ədəd e-qaimə faktura ilə, guya, "xxxx" MMC-ə quş yeminin satılmasını iddia edərək, həmin qaimələr üzrə hesabladığı məbləğdə pulun bizdən tutulmasını tələb etmişdir. Bundan əvvəl Məhkəməyə təqdim etdiyimiz etiraz və vəsatətdə göstərdiyimiz kimi, iddia tələbini qəbul etmirik. Aşağıda göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edirik. 1. İlk növbədə, hesab edirik ki, yalnız e-qaimələr göndərilməsinə istinad edilərək bizdən pul tələb olunmasına əsas yoxdur. Tərəfimizdən qəbul edilməyən, təsdiq etmədiyimiz E-qaimələrin verilməsi, həmin dəyərdə malın bizim tərəfimizdən alınmasını qətiyyən təsdiq etmir. İddia olunan məbləğdə malın satıldığına tərəfimizdən alındığına dair iddiaçı tərəfindən təqdim etdiyi Müqavilənin şərtlərində nəzərdə tutulmuş hər hansı rəsmi sənəd Məhkəməyə təqdim olunmamışdır. Çünki, əvvəlcədən də Məhkəmənin diqqətinə çatdırdığımız kimi, biz "X4" MMC-dən quş yemi almışıq, aldığımız malın dəyərini isə əvvəlcədən ödəmişik. İddiaçı "X2" MMC təqdim etdiyi Müqaviləyə uyğun olaraq bizə quş yeminin satıldığına - təhvil verildiyinə dair rəsmi sənəd təqdim etməmişdir. Cəmi 4 ədəd "Satış faturası" adlı sənəd təqdim edilmişdir ki, ona da münasibətimizi bildirəcəyik. 2. İddiaçı yalnız pulun ödənilməsi üçün nəzərdə tutulmuş e-qaimə fakturalara istinad edərək idda etdiyi məbləğdə pulu tələb edir. 3. İddiaçının bu arqumenti ilə əlaqədar Məhkəmə nəzərə almalıdır ki, əvvəla, qeyd edilən elektron qaimə-fakturalar öz-özlüyündə iddiaçı tərəfindən tələb edilən məbləğdə malın satılması faktını sübut etmək üçün kifayət hesab edilməməlidir. 4. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın: 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir; 2.5.3-сü yarımbəndinə əsasən, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvilqəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvilqəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın "Əsas" sətrində qeyd olunur; 3.2-ci bəndinə əsasən, elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir; 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-cı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir. "Qaydalar"ın qeyd olunan bəndlərinə əsasən müəyyən edilir ki, elektron qaiməfaktura Azərbaycan Respublikasının Vergi Məcəlləsinin məqsədləri üçün vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər arasında mal dövriyyəsinin, görülən iş və xidmətlərin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. "Qaydalar"ın 2.5.3-cü bəndinin tələblərindən və "Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura" nın forma və məzmununu müəyyən edən "Qaydalar"a 1 nömrəli Əlavədən görünür ki, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və diger ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulur və onun hansı əsasla tərtib edilməsi elektron qaimə-fakturanın "Əsas" sətrində qeyd olunur. 5. İddiaçının təqdim etdiyi eqaimə fakturanın məzmununa diqqət yetirdikdə, "ƏSAS" qrafasından göründüyü kimi, orada yalnız "Quş yemi satışı" sözləri yazılmışdır. Bütün e-qaimə fakturalar eyni məzmunludur. 6. Lakin həmin "Əsas" qrafasında qeyd edilməli məlumatlar göstərilir: Əsas: ("qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr, təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.") 7. Göründüyü kimi, iddiaçının təqdim etdiyi e-qaimə fakturalarda isə bu məlumatların heç biri göstərilməmişdir. Ona görə ki, həmin eqaimələr üzrə tələb olunan pul məbləğində mallar iddiaçı tərəfindən bizə satılmamış, təhvil verilməmişdir, bizim tərəfimizdən isə həmin dəyərdə mallar alınmamışdır. 8. Beləliklə, Məhkəmə nəzərə almalıdır ki, bizə qarşı iddiada istinad olunan elektron qaimə-fakturalardan görünür ki, həmin sənədlərdə iddia olunan malın (quş yeminin) faktiki olaraq bizə satılaraq təhvil verilməsi və alınması öz əksini tapmamışdır. Həmçinin, elektron qaimələrin məzmunu iddia olunan malın (quş yeminin) təhvil verilmə faktını təsdiq etmir. Buna görə də, həmin elektron qaimələr, İddiaçının təqdim etdiyi "X4" MMC ilə "xxxx" MMC arasında mövcud olmuş müqavilənin 1.1 və 2-ci bəndlərində nəzərdə tutulan təhviltəslim aktını əvəz edə bilməz. 9. Belə ki, İddiaçı "X2" MMC iş materialına xx.xx.2021-ci il tarixli müqavilə təqdim etmişdir. Müqavilə "X4" MMC (Satıcı) ilə "xxxx" MMC (Alıcı) arasında bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqavilənin şərtlərinə müvafiq olaraq "Satıcı" Cəmiyyətdə istehsal olunan məhsulların "Alıcı"ya satışını təmin edir, Alıcı isə elektron qaimə və ya rəsmi qaimə fakturalar əsasında həmin malları qəbul edib məhsulların dəyərini ödəmək barədə öhdəlik götürür. Müqavilənin 2-ci bəndinə əsasən, Malların təhvil verilməsi "Satıcının" anbarında rəsmi qaimə fakturanın (və ya elektron qaiməni) imzalanmasından sonra "Alıcı" tərəfindən qəbul edilir (2.1). "Alıcı" məhsullara olan aylıq tələbatı haqqında sifarişi 5 (beş) gün əvvəldən rəsmi müraciətlə bildirməlidir. Əks təqdirdə "Alıcıya" məhsul satışı dayandırılır (2.2). Müqavilənin 3-cü bəndinə əsasən, qiymət elektron qaimə və ya rəsmi qaimə fakturada qeyd edilir. Ödəniş bank vasitəsilə və ya nağd formada elektron qaimə (və ya rəsmi qaimə faktura) əsasında həyata keçirilir (3.2.). Müqavilənin 3.3-cü bəndinə əsasən, Dəyəri əvvəlcədən ödənilmədiyi halda "Alıcıya” məhsul satışı dayandırılır. Müqavilənin müddəti xx.xx.2022-ci ilədək müəyyən edilib. Tərəflərdən hər hansı biri müqavilənin pozulması haqqında yazılı müraciət etməzsə, müqavilənin müddəti daha 1 (bir) il uzadılır (4-cü bəndi). 10. Bundan əvvəlki vəsatətimizdə də yazdığımız kimi, biz "X4" MMC-dən mal almışıq, dəyərini də əvvəlcədən ödəmişik. Dəyərini əvvəlcədən ödəmədiyimiz halda bizə mal satılmırdı. İndi iddiaçının təqdim etdiyi Müqavilənin 3.3-cü bəndində də göründüyü kimi, dəyəri əvvəlcədən ödənilmədiyi halda "Alıcıya" məhsul satışı dayandırılır. Həqiqətən də belə olub ki, "X4" MMC-dən mal aldıqda dəyərini əvvəlcədən ödəyirdik. Ona görə də iddiaçının, guya, 2023-cü ilin sentyabr ayından verdiyi elektron qaimələr üzrə malın dəyərinin ödənilmədiyinə dair iddiası müqavilə şərtlərinə və bizim aramızda formalaşmış iş prinsipinə, "X4" MMC-nin satış tələblərinə uyğun deyildir. 11. Bundan başqa, İddiaçı 2024-cü ilin 19 və 22 mart tarixlərinə 2 ədəd, 16 və 18 aprel tarixlərinə 2 ədəd "X4" MMC-nin adından "satış faturası" adlı sənəd təqdim edərək həmin sənədlər əsasında bizə mal satıldığına istinad edir. 12. İlk növbədə qeyd edirik ki, iddiaçı qeyd olunan bu 4 "satış faturası"ndan başqa, bizə (İddia etdiyi e-qaimələr məbləğində) mal satıldığına dair hər hansı sənəd-dəlil təqdim etməmişdir. 2023-cü il üzrə təqdim etdiyi e-qaimə fakturalara dair malların (quş yeminin) bizə təhvil verilməsinə dair hər hansı "satış faturası", təhvil təslim aktı və s. bir sənəd Məhkəməyə təqdim olunmamışdır. 13. İddiaçının 4 ədəd (2024-cü ilin martaprel) "satış faturası"na münasibətdə qeyd edirk ki, İddiaçının özünün Məhkəməyə təqdim etdiyi Cədvəldə etiraf etdiyi kimi, 19 mart, 22 mart, 16 aprel və 18 aprel tarixlərində "xxxx" MMC-nin bank hesabından "X4" MMC-nin bank hesabına müvafiq olaraq: 2024-cü ilin 19 mart tarixində 1047.80 və 143 manat (birlikdə 1190 manat), 16 aprel tarixində 2725 manat və 18 aprel tarixində 2725 manat vəsait ödənilmişdir. Bununla bir daha qeyd edirik ki, İddiaçının təqdim etdiyi yeganə "sübut sənədi" - 2024-cü ilin mart və aprel aylarına aid "satış faturaları" üzrə malın dəyəri tərəfimizdən əvvəlcədən ödənilmişdir. Göründüyü kimi, “satış faturası" yazıldığı gün tərəfimizdən malın dəyəri bank vasitəsilə iddiaçıya ödənilmişdir, yəni, malın pulu ödənilməklə bizə təhvil verildiyi görünür. Həmçinin, 22 mart tarixində alınmış malın 595 manat dəyəri, həmin vaxt bayram günü olduğuna (bank əməliyyatı aparmaq mümkün olmadığına) görə nəqd qaydada, malın götürüldüyü vaxt ödənilmişdir. 14. Həmçinin, 2023-cü ildə aldığımız quş yeminin dəyəri hər zaman əvvəlcədən bankdan və ya nəqd qaydada ödənilmiş, ondan sonra bizə mal satılmışdır. Əvvəlcədən dəyəri ödənilmədiyi halda bizə mal satılması Müqavilədə qadağan olunduğu kimi, "X4" MMC-nin satış siyasətində belə prinsip olmuşdur. 15. İddiaçı 12 avqustda e-kabinetə bir cədvəl yerləşdirmişdir. Yalnız "X2" MMC-nin möhürü və imzası ilə təsdiq olunmuş həmin cədvəlin sübut kimi qəbul edilməsi mümkün deyil. Həmin cədvəldə 2021-ci ildən satış dövriyyəsi görüntüsü yaradılmışdır. Cədvəldə göstərilən məlumatların həqiqətə nə dərəcədə uyğun olduğunu bilmək üçün İddiaçı tərəfindən həmin cədvəldə göstərdiyi satış mallarına dair rəsmi sənədlər, təhvil-təslim aktları təqdim olunmalı, ondan sonra, bizim tərəfimzidən ödəniş sənədləri də müqayisə edilməlidir. Həmin cədvəldən görünür ki, bir çox ödənişləri həmin cədvəldə etiraf etdikləri halda, yenə də "ödənilməmiş" kimi göstərməklə, ziddiyyətli, qeyri-müəyyən vəziyyət yaratmışlar. Eyni zamanda, həmin cədvəldə müqayisə etdikdə, İddiaçının təqdim etdiyi e-qaimələrin həqiqətə uyğun olmadığı, bizim hər hansı borcumuzun olmadığı müəyyən olunur. 16. Beləliklə, Məhkəmə nəzərə almalıdır ki, Müqavilədə göstərildiyi kimi, bizə satılan malın təhvil verilməsi rəsmi təhvil-təslim aktı, elektron qaimə ilə təsdiqlənməlidir. Əvvəlcədən dəyəri ödənilmədikdə bizə mal satılmaması nəzərdə tutulduğuna görə, İddiaçının Məhkəməyə təqdim eytdiyi elektron qaimələrdə malın (quş yeminin) bizə satılması (təhvil verilməsi malın qəbul edilməsi) öz təsdiqini tapmamışdır. İstinad olunan elektron qaimələr özüözlüyündə göstərilən məbləğlərdə malların bizə satıldığını təsdiq etmir. Çünki, özündə ödəniləcək pul vəsaitinin məbləğləri barədə məlumatı əks etdirən və heç bir halda tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq malın həqiqətən də bizə satılmasına, təhvil verilməsinə dair məlumatları ehtiva etməyən elektron qaydada tərtib edilmiş həmin sənədlərlə iddia edilən məbləğdə malın bizə satılması, təhvil verilməsi sübuta yetirilmir. 17. Məhkəmənin diqqətinə çatdırırq ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun analoji mübahisə üzrə Qərarında tərəflər arasında mübahisə olduğu halda bir tərəfin digər tərəfə göndərdiyi elektron qaimə-fakturanın mötəbər və yetərli sübut vasitəsi kimi malların verilməsi, iş görülməsi və ya xidmət göstərilməsini təsdiq etmək üçün kifayət etmədiyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 2022-ci il 20 aprel tarixli Qərarında da qeyd edilmişdir. Belə ki, adı çəkilən Qərarda əks edilmiş hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. 18. Beləliklə, Məhkəmə nəzərə almalıdır ki, İddiaçının təqdim etdiyi eqaimələr malın bizə faktiki satılmasını, təhvil verilməsini təsdiq etmədiyindən, yəni hazırkı halda mübahisəli elektron qaimə-fakturaların əsasında malın satışı və bizə təhvil verilməsi sübuta yetirilmədiyindən, həmin elektron qaimə-fakturalar iddia edilən malın satılması faktını təsdiq etmədiyi üçün iddia tələbi rədd edilməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, İddiaçının təqdim etdiyi, malın satıldığına istinad edilən 4 ədəd "satış faturası" üzrə (19 və 22 mart 2024, 16 və 18 aprel 2024) malın dəyəri tərəfimizdən tam ödənilmişdir. 19. Məhkəmə nəzərə almalıdır ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi faktiki halları sübut etməyə borcludur. Sübut etmə öhdəliyi iddiaçının üzərindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə nəzərə almalıdır ki, İddiaçı tərəflər arasında bağlanmış müqaviləyə istinad edirsə, mübahisənin həllində müqavilənin şərtləri əsas tutulmalıdır bildirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh tərəf iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, 893741 saylı elektron qaimədən görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 5142.80 manat məbləğində quş yemi təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, 167277 saylı elektron qaimədən görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 5125.60 manat məbləğində quş yemi təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, 342235 saylı elektron qaimədən görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2132.80 manat məbləğində quş yemi təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, 424678 saylı elektron qaimədən görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 5462.80 manat məbləğində quş yemi təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, 569275 saylı elektron qaimədən görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 4282.80 manat məbləğində quş yemi təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, 831931 saylı elektron qaimədən görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 5142.80 manat məbləğində quş yemi təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, 042385 saylı elektron qaimədən görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 4282.80 manat məbləğində quş yemi təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, 228748 saylı elektron qaimədən görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 4282.80 manat məbləğində quş yemi təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, 453351 saylı elektron qaimədən görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 5297.60 manat məbləğində quş yemi təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, 613925 saylı elektron qaimədən görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 4532.80 manat məbləğində quş yemi təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, 689179 saylı elektron qaimədən görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1503.80 manat məbləğində quş yemi təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, 833740 saylı elektron qaimədən görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1702.80 manat məbləğində quş yemi təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, 353558 saylı elektron qaimədən görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 4282.80 manat məbləğində quş yemi təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, 878173 saylı elektron qaimədən görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 595 manat məbləğində quş yemi təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, 902318 saylı elektron qaimədən görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2725 manat məbləğində quş yemi təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, 017185 saylı elektron qaimədən görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2725 manat məbləğində quş yemi təqdim edilmişdir. İş materiallarında olan 01 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “X4” MMC ilə "xxxx" MMC arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən: 1.1. Bu Müqavilənin şərtlərinə müvafiq olaraq "Satıcı” Cəmiyyətdə istehsal olunan məhsulları "Alıcıya" satışını təmin edir, Alıcı isə elektron qaimə və ya rəsmi qaimə fakturalar əsasında həmin malları qəbul edib məhsulların dəyərini ödəmək barədə öhdəlik götürür. 2.1. Malların təhvil verilməsi "Satıcının” anbarında rəsmi qaimə fakturanın (və ya elektron qaiməni) imzalanmasından sonra "Alıcı” tərəfindən qəbul edilir. 2.2."Alıcı" məhsullara olan aylıq tələbatı haqqında sifarişi 5 (beş) gün əvvəldən rəsmi müraciətlə bildirməlidir. Əks təqdirdə "Alıcıya” məhsul satışı dayandırılır. 3.1. Qiymət elektron qaimə və ya rəsmi qaimə fakturada qeyd edilir. 3.2. Ödəniş bank vasitəsi ilə və ya nağd formada elektron qaimə (və ya rəsmi qaimə faktura) əsasında həyata keçirilir. 3.3. Dəyəri əvvəlcədən ödənilmədiyi halda "Alıcıya" məhsul satışı dayandırılır. 4.1. Hazırkı Müqavilə qeyd olunan hər iki Tərəfin səlahiyyətli edilmiş nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən etibarən qüvvəyə minir və 31 dekabr 2022-ci il tarixədək qüvvədə qalır. Tərəflərdən hər hansı biri müqavilənin pozulması haqqında yazılı müraciət etməzsə, müqavilənin müddəti daha 1 (bir) il uzadılır. 5.1. Hazırkı müqavilənin məqsədləri üçün Fors Major halları dedikdə Tərəflərin bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməsini qeyri-mümkün edən (zəlzələ, daşqın, epidemiya, epizootiya, yanğın, müharibə, inqilab, dövlət çevrilişi və digər fövqəladə vəziyyətlər) nəzərdə tutulur. 5.2. Fors Major hallarında bu hallara görə bu müqavilə üzrə öhdəliklərini yetirə bilməyən Tərəf digər Tərəfi bu barədə dərhal məlumatlandırmalıdır. 6.1. Hazırkı Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və ona uyğun şərh edilir. Tərəflər razılığa gəlirlər ki, hazırkı Müqavilədən və yaxud onunla əlaqədar meydana gələn və onların arasında aparılan müzakirələr nəticəsində həllini tapmayan mübahisəli məsələlərə son olaraq Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanlarında Azərbaycan Respublikasının qanunvericiliyi əsasında baxılacaq. 7.1. Hazırkı Müqaviləyə edilən hər hansı bir düzəliş eləcədə hər hansı bir digər dəyişiklik yalnız yazılı formada olmalı və Tərəflərin imzası və möhürü ilə edilməlidir. İş materiallarına əlavə olunan “X2” MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdənxx.xx.2024-cü il tarixədək satış olunan, kassadan və bankdan daxil olan vəsaitlər haqqında məlumatdan görünür ki, həmin müddət ərzində satış olunan malların dəyəri 1008641,60 manat təşkil etmiş, həmin məbləğdən 346536,26 manat məbləği bank vasitəsilə, 605105,34 manat məbləği nəğd qəbul edilmiş, 57000 manat məbləği qalıq borc olaraq qalmışdır. Məhkəmə cavabdehin “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən mal almamsı, müqavilənin “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanması barədə fikirinə əsasən bildirir ki, iş materiallarında olan “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti İştirakçılarının ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarı ilə “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti edilmişdir. Bundan başqa cavavbdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti idddianı qəbul etməyərək iddiaçı tərəfindən onlara satılmış quş yeminin dəyərinin ödənildiyini bildirmiş, lakin məhsulun dəyərinin ödənilməsini təsdiq edən hər hansı sənəd və ya sübut təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh təşkilatın nümayəndəsi izahatında bağlanılmış müqaviləni, həmin müqavilə əsasında mal almaqlarını, müqavilənin xitam olunmamasını, müqavilə müddəti bitsədə ticarət əlaqələrinin davam etdirmələrini bildirmişdir. Borclarının olmaması barədə sübutların təqdim olunacağını bildirsədə sübutları təqdim etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə imzalanaraq hər iki tərəf üzərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşdür. “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh tərəfin həmin müqavilədən irəli gələn öhdəliyini yerinə yetirmədiyini iddia edib cavabdeh tərəfin borcunun olmasını təsdiq edəcək sənədlər (elektron qaimələr və ödəniş məlumatları) təqdim edərək məhkəməyə müraciət etmişdir. Həmin elektron qaimələrə və ödəniş məlumatlarına nəzər yetirdikdə məlum olur ki, cavabdeh tərəfin iddiaçı tərəfə 57000 (əlli yeddi min) manat məbləğində borcu vardır. Belə ki, iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə düşən öhdəliyi yerinə yetirərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə quş yemini təqdim etmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə üzərinə düşən öhdəliyini yerinə yetirməyərək malların dəyərini, yəni 57000 (əlli yeddi min) manatı ödəməmişdir. Həmçinin məhkəmə bildirir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədləri mötəbər sənəd kimi qəbul edərək iddiaçı tərəfin haqqlı olması və iddianın əsaslı olduğundan təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli olduğundan MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 262 (iki yüz altmış iki)manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı “X2” MMC-ə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı “X2” MMC-in cavabdeh "xxxx" MMC-ə qarşı pul tələbi barədə iddiası təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 262 (iki yüz altmış iki) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı “X2” MMC-ə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 57000 (əlli yeddi min) manat alınaraq iddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 262 (iki yüz altmış iki) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-216/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-216/2025
01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver