Məhkəmə qərarları › İş №e-2-2(123)-229/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-229/2024

18.03.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-229/2024 18.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinin və Maraqlı şəxs və maraqlı şəxsin vəkili Vəkil iştirakları olmadan, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənеtdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 26 fevral 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 46504,42 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 66,8 manat, İşsizlikdən sığorta fonduna olan 83,49 manat, İcbari Tibbi Sığorta Fonduna olan 35,87 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizəsini, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 46504,42 manat məbləğində (o cümlədən, vergilər üzrə 42687,66 manat, faizlər üzrə 3816,76 manat), Dövlət Sosial Müdafiə Fonduna 66,8 manat, İşsizlikdən sığorta fonduna 83,49 manat, İcbari Tibbi Sığorta Fonduna 35,87 manat olmaqla, ümumilikdə 46690,58 manat borcu olduğunu, yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********489400, xx.xx.2023-cü il tarixli **********914600, xx.xx.2023-cü il tarixli **********343600, xx.xx.2023-cü il tarixli **********645000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicilərinin yaranmış borc məbləğini ödəmədiyini, AR Konstitusiyasının 60 və 73-cü maddəsinə, Vergilər Məcəlləsinin 1.4-cü, 16.1.1-ci, 77.1-ci, 77.3-cü, 78.1-ci, 23.1.15-3-cü, MPM-in 4.1-ci, 26.1-ci, 26.2-ci, 305.1.12-ci, 355-5.2-ci, 355-6-cı, 355-7-ci maddələrinə istinad etdiyini, reyestr məlumatlarına əsasən borclu Maraqlı şəxs ünvan 1 ünvanında yaşadığını bildirərək əsaslandırmışdır. Ərizəyə qarşı etiraz daxil olmamışdır. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Maraqlı şəxs və maraqlı şəxsin vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumat verilməsinə baxmayaraq özünün və ya nümayəndəsinin iştirakını təmin etməmişlər. Ərizəçinin xüsusi icraat üzrə iddia ərizəsinə əlavə etdiyi “məhkəmə iclasında iştirak haqqında” ərizəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Orxan Qafarzadə vergi ödhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan hüquqi şəxs və ya fiziki şəxsin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə müvafiq olaraq onun icra orqanının rəhbərinin və ya fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini, iş yükünün çoxluğunu nəzərə alaraq, məhkəmə iclasına ərizəçinin iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən kommersiya mübahisəsinə dair işə ərizəçinin nümayəndəsinin və Maraqlı şəxsin vəkili Vəkil iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində ərizəçinin və maraqlı şəxsin təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş: Maraqlı şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Maraqlı şəxs (şəxsin FİN kodu: xxxxxxx, seriya və nömrəsi AZE: ********) xx.xx.1981-ci il tarixdə Azərbaycan, Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə verilmiş ********** saylı VÖEN ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmış, əsas fəaliyyəti “Məişət əşyaları, bıçaq məmulatları, qabqacaq, saxsı məmulatları, o cümlədən çini və saxsı qaplarının pərakəndə satışı”ndan ibarətdir. Maraqlı şəxs ərizəçi tərəfindən 18 mart 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış şəxsi hesab vərəqəsindən xx.xx.2024-cü il tarixə vergilər üzrə 693,27 manat qalıq, Sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə şəxsi hesab vərəqəsindən xx.xx.2024-cü il tarixə muzdlu işlə əlaqədar işsizlikdən sığorta haqqı üzrə vərəqədən MDSS üzrə 190,20 manat, penya üzrə 26,71 manat, xx.xx.2024-cü il tarixə İcbari tibbi sığorta üzrə şəxsi hesab vərəqəsindən 7,00 manat faiz borcu olduğu görünür. xx.xx.2024-cü il çap olunma tarixinə cəmi ödənməli borcu 693,27 manat təşkil edir. Maraqlı şəxsin vəkili Vəkil tərəfindən 18 mart 2024-cü il tarixdə Məhkəməyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14 mart 2024-cü il tarixli, **********833700 nömrəli, 07 mart 2024-cü il tarixli **********574800 nömrəli arayışları və 16 mart 2024-cü il tarixli 3 ədəd ödəniş tapşırığı təqdim olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14 mart 2024-cü il tarixli, **********833700 nömrəli arayışından Maraqlı şəxs adına Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərlə bağlı mövcud vəziyyətin məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadığı, vergilər üzrə 693,27 manat, işsizlikdən sığorta haqqı üzrə 227,95 manat, icbari tibbi sığorta haqqı üzrə 7 manat borcu olduğu məlum olur. 16 mart 2024-cü il tarixli, büdcə təsnifat kodu 114118, təyinatı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üzrə əlavə dəyər vergisi olan ödəniş tapşırığından Maraqlı şəxs tərəfindən Milli Gəlirlər Baş İdarəsinə 700,0 AZN ödənildiyi məlum olur. 16 mart 2024-cü il tarixli, büdcə təsnifat kodu 123100, təyinatı işəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı olan ödəniş tapşırığından Maraqlı şəxs tərəfindən DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə 230,0 AZN ödənildiyi məlum olur. 16 mart 2024-cü il tarixli, büdcə təsnifat kodu 124110, təyinatı neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən işəgötürənlər tərəfindən icbari sığorta üzrə sığorta haqqı olan ödəniş tapşırığından Maraqlı şəxs tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 10,0 AZN ödənildiyi məlum olur. Məhkəmə maraqlı şəxsin təqdim etdiyi sənədləri və işin faktiki hallarını araşdırıb, iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verdikdən sonra hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda qeyd olunan maddə, məhdudiyyətin qoyulması üçün əsasları özündə əks etdirir. Belə ki, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcu olmalıdır, həmin borc vaxtında ödənilməmiş vergi borcu olmalıdır, hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri (qanuni təmsilçisi) olmalıdır. Göründüyü kimi, qeyd edilən hər 3 halın mövcudluğu şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsasdır. Belə ki, ilk öncə hazırki məhkəmə icraatının məqsədi müəyyən edilməlidir. Bu mövzuda, qanunverici göstərir ki, vergi ödəyicisinin ödənilməmiş vergi borcu yaranarsa, bu borcun ödənilməsini təmin etmək məqsədilə vergi ödəyicisinin ölkədən getmək hüququ müvəqqəti olaraq (borc ödənilədək) məhdudlaşdırıla bilər. Göründüyü kimi, hazırki məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olubolmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır. Təsadüfi deyil ki, qanunverici, məhkəmə üçün vergi orqanı tərəfindən verilmiş, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması haqqında ərizəni təmin etmək səlahiyyəti ilə yanaşı bu cür ərizəni rədd etmək səlahiyyətini da nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırki məhkəmə icraatında müvəqqəti olaraq məhdudlaşdırılması nəzərdə tutulan vergi ödəyicisinin ölkədən getmək hüququ onun konstitusion hüququdur və yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Məhkəmə vergi ödəyicisinin həmin hüququnu, onun ödənilməmiş vergi borcu mövcud olduqda, məhdudlaşdırır, borc olmadıqda isə məhdudlaşdırmır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı). Qeyd edilən hallarla əlaqədar olaraq maraqlı şəxsin vəkili Vəkil Maraqlı şəxs vergi, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun ödənilməsi ilə bağlı 16 mart 2024-cü il tarixli, büdcə təsnifat kodu 114118, 123100, 124110 olan sübut əhəmiyyətli ödəniş qəbzlərini təqdim etdiyindən və qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etdiyindən, maraqlı şəxsin vəkilinin məhkəməyə təqdim etmiş olduğu sənədlərə əsasən məhkəmə Maraqlı şəxs dövlət büdcəsinə olan vergi, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun ödənildiyi qənaətinə gəlir. Belə ki, maraqlı şəxsin vəkili Vəkil tərəfindən məhkəməyə təqdim olunmuş 16 mart 2024-cü il tarixli, büdcə təsnifat kodu 114118, 123100, 124110 olan ödəniş qəbzlərindən məlum olur ki, maraqlı şəxs, ərizəçi tərəfindən 18 mart 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış şəxsi hesab vərəqəsində qeyd olunan vergilər üzrə 693,27 manat, işsizlikdən sığorta haqqı üzrə 216,91 manat, icbari tibbi sığorta haqqı üzrə 7 manat məbləğində vergi borcunu ödəmişdir. Bundan əlavə, ərizəçi tərəfindən məhkəməyə ünvanlanmış elektron iddia ərizəsində ölkədən getmək hüququna məhdudiyyət qoyulmasının əsası kimi vergi öhdəliklərinin yaranmasına səbəb olan borc məbləğləri ilə iş materiallarına əlavə edilmiş ərizəçi tərəfindən 18 mart 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış vergilər, Sosial sığorta və işsizlikdən sığorta haqqları və İcbari Tibbi Sığorta üzrə şəxsi hesab vərəqəsindəki borc məbləğləri arasında uyğunsuzluq aşkar edilsə də, bununla bağlı məhkəmə bildirir ki, hakim işdə iştirak edən ərizəçinin verdiyi tələb üzrə, yəni vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudulaşdırılması ilə bağlı qətnamə qəbul edəcəyindən, məhkəmənin vergi ödəyicisi olan şəxslərin ödəməli olduğu vergi borcunun olub-olmamağının müəyyənləşdirilməsi ilə kifayətlənərək, həmin borclar arasında uyğunsuzluğun aşkar edilməsi ilə bağlı məsələyə toxunmamaqdadır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqındakı işə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunu və icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcunu ödədiyindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi rədd edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 355- 7.3, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar