Məhkəmə qərarları › İş №e-2-2(123)-229/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-229/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-229/2025 11.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçının nümayəndəsi Vəkil 27 may 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı təmin edərək İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 15 sentyabr 2023-cü il tarixli, № ED_2309_09 saylı alqı-satqı müqaviləsi əsasında yaranmış 5750 manat mal və xidmətlərin haqqı və 1035 manat ƏDV borcunun, həmçinin hüquqi yardım üçün vəkilə ödənilən 900 manat pulun və 97 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq İddiaçınə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizədə İddiaçı ilə Cavabdeh MMC arasında 15 sentyabr 2023-cü il tarixli, № ED_2309_09 saylı alqı-satqı müqaviləsi imzalandığını, Müqavilənin 1-ci bəndinə əsasən Tərəflər təsdiq edirlərki, Sifarişçi Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən X4 (bundan sonra "X7" adlandırılacaq) ilə müəyyən olunmuş təsvirə, qiymətə uyğun olaraq müvafiq malların satışı, çatdırılması və quraşdırılması və.s. digər iş və ya xidmətlərin görülməsi məqsədilə (X5 göstərilmiş parametrlərə uyğun) "İcraçının təklifini qəbul etdiyini, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında iş və ya xidmətlərin icra edilməsini akt və ya qaimə əsasında təhvil verilməsini, Sifarişçi isə görülmüş iş və ya xidmətlərin qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürdüyünü, Müqaviləyə əlavə olunmuş müvafiq sənədlərdə cavabdehə satılan 1 ədəd “Gilgen Fotosel” qapının, 1 ədəd Sekcional FAAC motorlu qapının, Aluminium manual qapının (Əlavə№1) və Gilgen SLA-cüt qanad fotosel qapının (Əlavə №2) çatdırılma və quraşdırılma qiymətləri tərəfimizdən razılaşdırıldığını, həmin əlavələr iddia ərizəsinə əlavə olunduğunu: 8100 manat dəyərində mal və işlərin dəyəri və ona hesablanmış 1458 manat ƏDVnin cəmi 9558 manat borca dair xx.xx.2023-cü il tarixli Əlavə №1. Qeyd edirik ki, həmin borca dair tərəflərindən cavabdehə xx.xx.2023-cü il tarixdə müvafiq elektron qaimə göndərilmiş və qarşı tərəfdən təsdiq olunduğunu, həmin borcdan ödənilməmiş 3450 manat əsas borc və ona hesablanmış 621 manat ƏDV borcu qaldığını, 2300 manat dəyərində mal və işlərin dəyəri və ona hesablanmış 414 manat ƏDV-nin cəmi 2714 manat borca dair xx.xx.2023-cü il tarixli Əlavə №2. Qeyd etdiklərini ki, həmin borca dair tərəflərindən cavabdehə xx.xx.2023-cü il tarixdə müvafiq elektron qaimə göndərildiyini və qarşı tərəfdən təsdiq olunduğunu, həmin borcdan heç bir məbləğ ödənilmədiyini, qeyd edirik ki, iddia tələbinin məhkəməyə verilməsi üçün bir sıra xərclər çəkildiyini, həmin xərclərə vəkilə hüquqi yardım üçün ödənilən pullar (iddia ərizəsinin və sənədlərin hazırlanması üçün 900 manat) və dövlət rüsumuna ödənilən pullar aid olduğunu, həmin xərclər də cavabdehdən tutulmalı olduğunu, cavabdehə müqavilə üzrə üzərinə düşən öhdəliyin yerinə yetirilməsi ilə bağlı xəbərdarlıqlar, pretenziyalar edilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmadığını, ona görə də məcbur olub məhkəməyə müraciət etməli olduqlarını bildirərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 443.1-ci, 442-ci və 421.2-ci maddəsinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçının vəkil və nümayəndəsi Vəkil məhkəməyə məlumat göndərərək iş üzrə sübutları təqdim etdiklərini, iddia ərizəsinin məzmununu izahat kimi qəbul olunaraq məhkəmə baxışı iclasını iddiaçı tərəfin iştirakı olmadan keçirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 15 sentyabr 2023-cü il tarixli, № ED_2309_09 saylı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin:

1. Tərəflər təsdiq edirlər ki, Sifarişçi Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən X4 (bundan sonra "X7" adlandırılacaq) ilə müəyyən olunmuş təsvirə, qiymətə uyğun olaraq müvafiq malların satışı, çatdırılması və quraşdırılması və.s, digər iş və ya xidmətlərin görülməsi məqsədilə (X7-da göstərilmiş parametrlərə uyğun) "İcraçının"təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında iş və ya xidmətlərin icra edilməsini akt və ya qaimə əsasında təhvil verilməsini, Sifarişçi isə görülmüş iş və ya xidmətlərin qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Müqavilənin məzmunu 4 (dörd) səhifədən və müqaviləyə qoşulmuş əlavə X1 ibarətdir. 2.1. Hazırkı Müqavilənin ümumi dəyəri X2 əsasən müəyyən edilir. 3.1.Xidmət üzrə satınalma müqaviləsı üzrə ödəmələr X3 qeyd edilən şərtlər əsasında həyata keçirilir. 5.1.1. SİFARİŞÇİ quraşdırma işi başlayana kimi 5 gün qabaqcadan avadanlığın quraşdırılma işlərinin aparılması və İcraçı tərəfindən quraşdırılma işlərinin aparılması üçün zəruri olan bütün lazımi məlumatları və sənədləri İcraçıya təqdim etməlidir. 6.1. Quraşdırma işi tamamlandıqda İcraçı SİFARİŞÇİ-ya imzalanma üçün Avadanlığın texniki hazırlığı haqqında Akt təqdim etməlidir. xx.xx.2023-cü il tarixli, ED_2309_09 nömrəli alqı-satqı müqaviləsinə dair qiymətin razılaşdırma protokolundan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında ƏDV daxil olmaqla 9558,00 manatlıq işlərin görülməsi razılaşma imzalanmışdır. Servis Aktından görünür ki, xx.xx.2023-cü il tarixdə gilgen fotosel qapı tam şəkildə montaj olunub İddiaçı tərəfindən Cavabdeh MMC-nə təhvil verilib. xx.xx.2023-cü il tarixli, təhvil təslim aktından görünür ki, 1 ədəd gilgen fotosel qapı tam şəkildə montaj olunub İddiaçı tərəfindən Cavabdeh MMC-nə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli, EBDQ 950717 saylı elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nə 7450 manat malların dəyəri və 1341,00 manat ƏDV olmaqla, cəmi 8791,00 manat məbləğində mallar təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDS 736263 saylı elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nə 2300 manat malların dəyəri və 414,00 manat ƏDV olmaqla, cəmi 2714,00 manat məbləğində mallar təqdim edilmişdir. Servis Aktından görünür ki, xx.xx.2023-cü il tarixdə gilgen fotosel qapı tam şəkildə montaj olunub İddiaçı tərəfindən Şehmus Kaçmaz bəyə -Cavabdeh MMC-nə təhvil verilib. xx.xx.2023-cü il tarixli, ED_2309_09 nömrəli alqı-satqı müqaviləsinə dair qiymətin razılaşdırma protokolundan görünür ki, ƏDV daxil olmaqla 2714,00 manatlıq razılaşma imzalanmışdır. 15 Sentyabr 2023-ci il tarixə yerinə yetirilən işlər haqqında Forma 2 vərəqəsindən görünür ki, Gilgen Fotosel (2500mm x 2400mm) 1 ədəd - 3140 manat dəyərində, Gilgen Fotosel (2530mm x 2400mт) 1 ədəd - 3330 manat dəyərində, Alüminium manual qapi (1580mm x 2380mm) 1 ədəd - 980 manat dəyərində olmaqla, ümumilikdə 7450,00 manat və 1341,00 manat ƏDV olmaqla, cəmi 8791,00 manat məbləğində işlər görülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında müqavilə əldə olunaraq hər iki tərəf üzərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşdür"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh tərəfin həmin razılaşmadan irəli gələn öhdəliyini yerinə yetirmədiyini iddia edib cavabdeh tərəfin borcunun olmasını təsdiq edəcək sənədlər (müqavilə, elektron qaimə, qiymətin razılaşdırma protokolu və təhvil təslim aktı) təqdim edərək məhkəməyə müraciət etmişdir. Həmin elektron qaimə və qiymətin razılaşdırma protokoluna nəzər yetirdikdə məlum olur ki, cavabdeh tərəfin iddiaçı tərəfə borcu vardır. Belə ki, iddiaçı Euro Door” Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə düşən öhdəliyi yerinə yetirərək Cavabdeh MMC-nə mallar təqdim etmiş, Cavabdeh MMC isə üzərinə düşən öhdəliyini yerinə yetirməyərək malların dəyərini, yəni 5750 manatı ödəməmiş, bu əsasla 5750 manat mal və xidmət haqqı və 1035 manat ƏDV borcu yaranmışdır. Həmçinin məhkəmə bildirir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədləri mötəbər sənəd kimi qəbul edərək iddiaçı tərəfin haqqlı olması və iddianın alqı-satqı müqavilə üzrə yaranan borca münasibətdə əsaslı olduğundan təmin edilməsi qənaətindədir. Belə ki, təqdim olunan alqı-satqı müqaviləsindən, görülmüş işlərə dair aktlardan, qaimələrdən,forma 2 sənədlərindən və pretenziyadan görünür ki, tərəflər arasında ticarət əlaqəsi olmuş, müəyyən məbləğdə işlər görülmüş, lakin cavabdeh tərəfindən öhdəlik tam olaraq icra olunmadığından iddiaçı tərəf 5750 manat borcun və 1035 manat ƏDV tələbi barədə cavabdehi xəbərdar etməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddia tələbində hüquqi yardım üçün vəkilə ödənilən 900 manat tələbini qeyd etsədə 900 manat ödəmə barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tələbin 900 manat hissədə təmini üçün əsaslı sübutlar təqdim olunmadığından təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1% olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 7685 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 96,85 manat olaraq müəyyən edilir (30+6685-in 1%-i = 30+66,85= 96,85). İddia qismən təmin edildiyindən qanunvericiliyin tələbinə müvafiq olaraq 96.85 manat məbləğində dövlət rüsumunun tələbin təmin olunan hissəsinə münasibətdə 87,85 manat (6785- 1000=5785x1%=57,85+30=87,85) cavabdеh Cavabdeh MMC-dən İddiaçı MMC-yə ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 96,85 manat dövlət rüsumundan qalan 9 manat iddiaçıya aid hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbi barədə iddiası qismən təmin edilməli, 6785 (altı min yeddi yüz səksən beş) manat əsas borc məbləği və 87,85 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçınə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 96,85 manat dövlət rüsumundan qalan 9 manat iddiaçıya aid hesab edilməli, iddia tələbi 900 manat hüquqi yardıma dair hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 6785 (altı min yeddi yüz səksən beş) manat əsas borc məbləği və dövlət rüsumu kimi ödənilmiş 87.85 (səksən yeddi manat səksən beş qəpik) manat Cavabdeh MMC-dən alınaraq İddiaçınə ödənilsin. İddia tələbi 900 (doqquz yüz) manat hüquqi yardıma dair hissədə təmin edilməməsin. İddiaçı tərəfindən ödənilmiş 96,85 manat dövlət rüsumundan qalan 9 (doqquz) manat İddiaçınə aid hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiy na sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar