Məhkəmə qərarları › İş №e-2-2(123)-242/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-242/2023

26.09.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-242/2023 26.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin "xxxx" MMC-nin və "xxxx" MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənеtdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi Nümayəndə 18 sentyabr 2023-cü il tarixdə elektron qaydada xüsusi icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 5347,19 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 26190,14 manat, İşsizlikdən sığorta fonduna olan 908,6 manat, İcbari Tibbi Sığorta Fonduna olan 150,09 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix-xx xxxxxx 1973-cü il, Doğulduğu yer-Azərbaycan, NAX MR; NAX; Cəhri k., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi ərizəsini, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna, 72 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 150,09 manat, Dövlət Sosial Müdafiə Fonduna 26189,42 manat, İşsizlikdən sığorta fonduna 908,6 manat, dövlət büdcəsinə 5347,19 manat məbləğində (o cümlədən, vergilər üzrə 5347,19 manat) olmaqla, ümumilikdə 32596,02 manat borcunun olduğunu, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********476400, xx.xx.2023-cü il tarixli **********677400, xx.xx.2023-cü il tarixli **********832000, xx.xx.2023-cü il tarixli **********092900 nömrəli bildirişlər göndərildiyini, lakin vergi ödəyicilərinin yaranmış borc məbləğlərini ödəmədiyini, reyestr məulmatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs Nax Mr, Babək Ray., Cəhri K. ünvanında yaşadığını qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikasi Konstitusiyasının 73-cü maddəsinə, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü, 4.1-ci, 25.3-cü, 26.1-ci, 26.2-ci, 305.1.12-ci, 355-5, 355-5.2, 355-6, 355-7-ci maddələrinə, o cümlədən, Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci və 17.1.6-1-ci maddələrinə istinad etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-242/2023 saylı qərardadı ilə xüsusi icraat üzrə ərizə məhkəmənin icraatına qəbul edimişdir. Ərizəyə qarşı etiraz daxil olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 17:35-də keçirilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi, o cümlədən, hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs məhkəmə baxışı iclasında iştirak etməmişlər. Xüsusi icraat üzrə ərizə ilə birlikdə məhkəməyə təqdim edilən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi kiçik vergi xidməti müşaviri Ağalarov İsmayıl tərəfindən verilmiş “məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi” barədə ərizədə, ərizəni tam müdafiə etdikləri, iş yükünün çox olması nəzərə alınaraq məhkəmə iclasının vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Hüquqi şəxslərin icra orqanının rəhbəri olan iş üzrə Maraqlı şəxs tərəfindən 25 sentyabr 2023-cü il tarixdə elektron qaydada məhkəməyə ərizə ünvanlanaraq, həmin ərizədə səhhətində yaranan problemlə bağlı xx.xx.2023-cü il tarixə təyin olunmuş e-2-2(123)-242/2023 saylı iş üzrə məhkəmə prosesində iştirak edə bilməyəcəyi üçün prosesin təxirə salınmasının xahiş edildiyi qeyd olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin və Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş: Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2023-cü il tarixli **********476400 nömrəli, xx.xx.2023-cü il tarixli **********092900 nömrəli, xx.xx.2023-cü il tarixli **********832000 nömrəli, xx.xx.2023-cü il tarixli **********677400 nömrəli borc bildirişi "xxxx" MMC-yə, xx.xx.2023-cü il tarixli, **********440100 nömrəli ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq məktubu "xxxx" MMC-yə ünvanlanmışdır. Hüquqi şəxs haqqında məlumatın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** saylı VÖEN ilə xx.xx.2004-cü il tarixdə (əvəlki VÖEN: 160014206, verilmə tarixi xx.xx.1998) digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət sahəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmış, eyni zamanda icra orqanının rəhbərinin X1 müəyyən edilmişdir. Hüquqi şəxs haqqında məlumatın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2006-cı il tarixli, ********** saylı VÖEN ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi fəaliyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsində qeydiyyata alınmış, eyni zamanda icra orqanının rəhbərinin X1 müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən Çıxarılmış Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. "xxxx" MMC-yə məxsus şəxsi hesab vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, sözügedən hüquqi şəxsin Sosial sığorta haqları ödənilməmiş borc öhdəliyi vardır. "xxxx" MMC-yə məxsus şəxsi hesab vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, sözügedən hüquqi şəxsin, dövlət büdcəsinə vergilər, İcbari Tibbi Sığorta haqları üzrə, işsizlikdən sığorta və sosial sığorta haqları üzrə ödənilməmiş borc öhdəliyi vardır. Məhkəmə iş materiallarında olan sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda qeyd olunan maddə, məhdudiyyətin qoyulması üçün əsasları özündə əks etdirir. Belə ki, vergi ödəyicisi və ya sığortaedən hüquqi şəxsin icra orqanının rəhbərinin məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları və vergilər üzrə ödənilməmiş borcu olmalıdır. Göründüyü kimi, qeyd edilən halların mövcudluğu şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsasdır. Belə ki, ilk öncə hazırki məhkəmə icraatının məqsədi müəyyən edilməlidir. Bu mövzuda, qanunverici göstərir ki, vergi ödəyicisinin məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları və vergilər üzrə ödənilməmiş borcu yaranarsa, bu borcun ödənilməsini təmin etmək məqsədilə vergi ödəyicisinin və ya sığorta edənin ölkədən getmək hüququ müvəqqəti olaraq (borc ödənilədək) məhdudlaşdırıla bilər. Göründüyü kimi, hazırki məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) borcun mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə borcun olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır. Təsadüfi deyil ki, qanunverici, məhkəmə üçün vergi orqanı tərəfindən verilmiş, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması haqqında ərizəni təmin etmək səlahiyyəti ilə yanaşı bu cür ərizəni rədd etmək səlahiyyətini də nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırki məhkəmə icraatında müvəqqəti olaraq məhdudlaşdırılması nəzərdə tutulan vergi ödəyicisinin ölkədən getmək hüququ onun konstitusion hüququdur və yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Məhkəmə vergi ödəyicisinin həmin hüququnu, onun ödənilməmiş dövlət büdcəsinə borcu mövcud olduqda, məhdudlaşdırır, borc olmadıqda isə məhdudlaşdırmır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı). Bundan əlavə, ərizəçi və ərizəçinin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış elektron iddia ərizəsində ölkədən getmək hüququna məhdudiyyət qoyulmasının əsası kimi vergi və digər öhdəliklərinin yaranmasına səbəb olan borc məbləğləri ilə iş materiallarına əlavə edilmiş hüquqi şəxslərin şəxsi hesab vərəqəsindəki borc məbləğləri arasında uyğunsuzluq aşkar edilsə də, bununla bağlı məhkəmə bildirir ki, hakim işdə iştirak edən ərizəçinin verdiyi tələb üzrə, yəni hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudulaşdırılması ilə bağlı qətnamə qəbul edəcəyindən, məhkəmənin vergi ödəyicisi və ya sığortaedən şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ödəməli olduğu borcunun olub-olmamağının müəyyənləşdirilməsi ilə kifayətlənərək, həmin borclar arasında uyğunsuzluğun aşkar edilməsi ilə bağlı məsələyə toxunmamaqdadır. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilir ki, Maraqlı şəxs rəhbər olduğu "xxxx" MMC ilə "xxxx" MMC-nin qeydiyyatda olduğu vergi orqanları bir-biri ilə fərqlilik təşkil edir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsində qeydiyyatda olduğu halda, "xxxx" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olduğu müəyyən edilir. Belə olduğu halda məhkəmə xüsusi icraat üzrə ərizə ilə məhkəməyə müraciət edən orqanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin olduğunu nəzərə alaraq həmin orqanda qeydiyyatda olan hüquqi şəxsin, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərinin ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsə münasibətdə icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasını mümkün hesab edir. Qeyd olunan vergi və digər öhdəliklərin ödənilməsi məqsədilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən hüquqi şəxsin icra orqanının rəhbəri olan maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə göndərilsə də hüquqi şəxslər tərəfindən vergi və digər öhdəliklərinin dövlət büdcəsinə və müvafiq fonda ödənilməsindən yayınmış, həmçinin, sözügedən xəbərdarlı məktubunun hüquqi şəxsə göndərilməsi iş materiallarında olan vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatla təsdiq edilmişdir. İş üzrə maraqlı şəxs olan hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən onun barəsində qaldırılan xüsusi icraat üzrə ərizəyə qarşı etiraz məhkəməyə təqdim edilmədiyindən məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlarla əsaslandırmaqda haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 72-ci maddəsinin İ hissəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. 73-cü maddəsinin İ ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Qeyd edilən maddələrin məzmunundan belə aydın olur ki; “Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.1-ci maddəsinə əsasən sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqındakı işə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qanunun qeyd edilən normalarının məzmunundan göründüyü kimi, qanunverici konstitusion əhəmiyyətli dəyərlərdən irəli gələn vergi və digər öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bir sıra tədbirlər müəyyən etmiş və həmin tədbirlərdən biri kimi də vergi ödəyicisi və ya sığortaedən fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunu nəzərdə tutmuşdur. Diqqətə alınmalıdır ki, adı çəkilən qanunvericilik aktlarında vergi ödəyicisinin və ya sığorta edənin vergi borcunun və digər öhdəliklərinin mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas kimi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin olunmalı, öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq fonda olan borcunun ödənilməsini təmin etmək üçün, həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ, həmin borclar ödənilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamənin 8.20.2-ci bəndinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklər qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirilmədikdə hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunun dəyişdirilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin vəzifəsidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 108.1.3-cü maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunduğuna görə, ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən dövlət rüsumu ödənilməmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin maraqlı şəxs hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin olunmalı olduğundan və ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi xüsusi icraat üzrə ərizənin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad olduğundan ərizəçinin ödəməkdən azad edildiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 355-7, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna olan borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ, müvafiq fonda borclar ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin ödəməkdən azad edildiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxs hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (Doğulduğu tarix-xx xxxxxx 1973cü il, Doğulduğu yer-Azərbaycan, NAX MR; NAX; Cəhri k., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Qanuni qüvvəyə minmiş qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar