Məhkəmə qərarları › İş №e-2-2(123)-276/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-276/2024

26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-276/2024 26.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə kommersiya mübahisəsinə, məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı MMC 06 mart 2024-cü il tarixdə elektron qaydada daxil olmuş ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh yaranmış 1600 (min altı yüz) manat məbləğində əsas borcun, 70 (yetmiş) manat mediasiya xərcinin və 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 15 aprel 2022-ci il tarixli, 203 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı”nın satmağı, “Alıcı”nın isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürdüyünü, bu Müqavilənin bağlandığı andan qüvvəyə minməsinin və bir il müddətinə qüvvədə olmasının Müqavilənin 9.1-ci bəndinə əsasən müəyyən edildiyini, Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilənin eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edildiyini, Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan malların vaxtında və tam şəkildə ona təhvil verildiyini, Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmənin bank köçürməsi və ya nağd hesablaşma yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirildiyini, lakin Alıcının müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəmədiyini, xx.xx.2023-cü il tarixdə tərəflər arasında qalıq debitor borcun dəqiqləşdirilməsi məqsədilə akt tərtib edildiyini, xx.xx.2023-cü il tarixli “üzləşdirmə aktı”na əsasən, Cavabdeh İddiaçı MMC-ə 1600 (min altı yüz) manat məbləğində qalıq borcunun olduğunu təsdiq etdiyini, Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə tərəflərindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edildiyini, eyni zamanda AR Mülki prosessual qanunvericiliyinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə pretenziya məktubunun cavabdehin elektron kabinetinə yerləşdirildiyini, Mübahisənin məhkəmədən kənar həlli məqsədilə “Mediasiya haqqında” AR Qanununun tələblərinə uyğun olaraq cavabdehə mediasiya sessiyasının tətbiq edilməsi ilə əlaqədar təklif göndərildiyini, lakin xx.xx.2024-cü il tarixdə təyin edilmiş iclasda da tərəflər arasında razılığın əldə edilməsinin mümkün olmadığını, beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirmədiyini, belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəmədiyini və nəticədə İddiaçı MMC-ə 1600 (min altı yüz) manat məbləğində icra olunmamış borc öhdəliyi qaldığını bildirmişdir. Məhkəmə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2024-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehə bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. İş materiallarında olan: 15 aprel 2022-ci il tarixli, 203 saylı alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə İddiaçı MMC (bundan sonra “Satıcı” adlanacaq) direktoru X1 şəxsində bir tərəfdən və Cavabdeh (bundan sonra “Alıcı” adlanacaq) şəxsində digər tərəfdən, birlikdə isə “Tərəflər” adlandırılacaq, bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (Müqaviləyə 1 saylı Əlavə) Spesifikasiyada adları göstərilən Malları Satıcıya satmağı, Alıcı isə onu qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən Malların miqdarının ölçü vahidi, Malların çeşidi, Müqavilənin ayrılmaz hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) Spesifikasiyada göstərilir. 4.2-ci bəndinə əsasən Malların Alıcıya təhvil verilməsi üzləşdirmə aktı, qaimə-faktura və ya elektron qaimə-faktura ilə təsdiq edilir. Bu sənədlərin hər biri ayrı-ayrılıqda bərabər hüquqi qüvvəyə malikdir. Malların təhvil təslimi ilə bağlı qeyd olunan sənədlərdən hər hansı birinin mövcudluğu Satıcının təhvil-təslim öhdəliyinin icrasını təsdiq edir. 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nəğd hesablaşma (ödəniş) yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. xx.xx.2023-cü il tarixli “Təhvil-təslim və üzləşdirmə aktı”ndan görünür ki, Cavabdeh İddiaçı MMCyə 1600 (bir min altı yüz manat) manat məbləğində qalıq borcu mövcuddur. İddiaçı ərizəsində xx.xx.2024-cü il tarixdə təyin edilmiş iclasda tərəflər arasında razılığın əldə edilməsinin mümkün olmadığını bildirsə də, iş materiallarında ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuş, tələb hissəsində 70 (yetmiş) manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etsə də, iş materiallarına əlavə olunmuş ödəniş tapşırığındakı məbləğlə ilkin mediasiya prosesində iştirak edilməməsi barədə arayışdakı məbləğlər arasında uyğunsuzluq mövcuddur. Lakin məhkəmə ilkin mediasiya sessiyasının keçirilməsi, ərazi aidiyyətinə (məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən) əməl olunmadan keçirildiyindən həmin sənədi sübut növü kimi qəbul etməyərək bu məsələyə toxunmur. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək qeyd edir ki, ərizəyə əlavə olunmuş 15 aprel 2022-ci il tarixli, 203 saylı alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə görə üzləşdirmə aktı ilə malların alıcıya təhvil verilməsi təsdiq edildiyindən satıcının müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməsi işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən 18 dekabr 2023-cü il tarixdə Cavabdeh elektron məktub ünvanlanaraq 1600 manat məbləğində borcun 10 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə pozulmuş hüquqlarının bərpası, əsas borcun və əlavə olaraq əldən çıxmış faydaya görə gecikdirilən hər gün üçün ümumi borcun 0.1% miqdarında cərimə məbləğinin (tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə müvafiq olaraq) ödənilməsi məqsədilə lazımi instansiyalara müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə borclunun öhdəliyin icrasını pozduğunu müşayiət etdiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Həmçinin, iş materiallarına sübut qismində əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Təhvil-Təslim və Üzləşdirmə Akt”ı ilə Cavabdeh İddiaçı MMC-yə 1600 (bir min altı yüz) manat məbləğində qalıq borcunun olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı 07 mart 2024-cü il tarixli, e-2-2(123)-276/2024 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. “Mediasiya haqqında” AR Qanununun 31.2-ci maddəsinə əsasən, tərəflər qarşılıqlı razılıq əsasında mübahisəyə baxacaq mediasiya təşkilatı və ya mediator barədə razılığa gələ bilərlər. Belə razılıq olmadıqda, mübahisəyə həmin məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu maddənin üçüncü cümləsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatında baxılır. Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə mediasiyanın aparılması üçün mediator müəyyən edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1% olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 1600 (bir min altı yüz) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 30 manat + 6 manat = 36 (otuz altı) manat olaraq müəyyən edilir. Nəticədə, məhkəmə belə fikirə gəlir ki, iddia tələbi əsas tələbə münasibətdə təmin edilməli, 15 aprel 2022-ci il tarixli, 203 saylı müqaviləyə və xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsaən 1600 (bir min altı yüz) manat Cavabdeh alınıb İddiaçı MMC-yə ödənilməli, iddia ərizəsi verilərkən iddaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş olan 36 (oyuz altı) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 70 (yetmiş) manat mediasiya xərcinin tutulması ərazi aidiyyətinə əməl edilmədiyindən təmin edilməməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 284-6 və 358.0.2 -ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh (FİN-xxxxxxx)-(Şərur r. Danyeri k) 1600 (bir min altı yüz) manat məbləğində əsas borc tutularaq İddiaçı MMC-nin hesabına (VÖEN-**********)-(tel-***-***-**-**) ödənilsin. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilmiş olan 36 (otuz altı) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar