Məhkəmə qərarları › İş №e-2-2(123)-281/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-281/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-281/2025 04.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov iddiaçı “X3 Zavodu” MMC-nin cavabdeh OOO “Progress”-ə qarşı müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı “X3 Zavodu” MMC-ti 01 iyul 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini, cavabdeh OOO “Progress”-dən 27.981,96 manat məbləğində əsas borc, 699.54 manat öhdəliklərin icra edilməməsinə görə pul, 1.336,80 manat məbləğində gecikmə faiz olmaqla ümumilikdə 30.018,30 manat məbləğin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, xarici elementli mübahisələrə baxılarkən ilk öncə həmin mübahisə üzrə xarici elementin olub-olmaması müəyyən edilməlidir. Mülki dövriyyədəki "xarici element” müəyyən edilərkən nəzərə alınmalıdır ki, "xarici element” aşağıdakı kateqoriyalar baxımından fərqləndirlir: -Hüquq münasibətinin subyektində ifadə olunan xarici element. Münasibətin iştirakçısı kimi müxtəlif dövlətlərin hüquqi və ya fiziki şəxsləri, yaxud beynəlxalq təşkilat çıxış edir. -Hüquq münasibətinin obyektində ifadə olunan xarici element. Münasibətin iştirakçıları (subyektləri) Azərbaycan Respublikasının vətəndaşları olan hüquq münasibətinin obyekti xaricdə yerləşdiyinə görə bu münasibət beynəlxalq xarakterli hesab edilir. Digər bir halda Azərbaycan Respublikasında yerləşən xarici şəxslərin əmlakları ilə bağlı xarici şəxslər arasında baş verən münasibət də obyektinə görə beynəlxalq xarakterli hesab edilir. Qeyd edilən hal ilə əlaqədar məhkəmə hesab edir ki, iddia tələbinin yönəldiyi xarici hüquqi şəxs OOO “Progress” xarici dövlətin ərazisində (İnquşetiya Respublikası, Maqas şəhəri, N.A.Nazarbaeva) yerləşdiyinə görə tərəflər arasındakı mübahisə xarici elementli mübahisə hesab edilməlidir. Digər bir tərəfdən məhkəmə qeyd edir ki, verilmiş iddia tələbi üzrə iddia ərizəsinin MPM-in 149 və 150-ci maddələrinin tələblərinə uyğunluğu yoxlanılmazdan əvvəl iddia ərizəsinin təqdim edildiyi məhkəmənin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilməlidir. “Xarici elementli Kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 dekabr 2023-cü il tarixli Qərarına əsasən məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu; Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 450-ci maddəsində müəyyən edilmiş qaydada xarici elementli kommersiya mübahisələri üzrə Azərbaycan Respublikasının məhkəməsi beynəlxalq səlahiyyətə malik olmasa belə, tərəflər Azərbaycan Respublikası məhkəməsinin belə səlahiyyətə malik olmasını müəyyən edə (proroqasiya sazişi) və ya konkret mübahisə üzrə xarici dövlətin məhkəməsinin (deroqasiya sazişi) beynəlxalq səlahiyyətli olması barədə razılığa gələ bilərlər (müqavilə aidiyyəti). Məhkəmə tərəflər arasında yaranmış xarici elementli kommersiya mübahisəsi üzrə səlahiyyətinin olub-olmamasının yoxlanılması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AİŞ-04/24 saylı alğı-satqı müqaviləsinin 10.2-ci bəndində “müqavilə üzrə mübahisə yarandığı təqdirdə mübahisələrə Satıcının (İddiaçı MMC-nin) yerləşdiyi yerin müvafiq məhkəmələri tərəfindən baxılması hər iki tərəfin razılığı (imzası) ilə təsdiq olunmuşdur. Nəticədə məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində baxılması qanunamüvafiqdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsinin geri qaytarılması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci və 150.1.4-cü maddələrinə əsasən iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci və 150.1.6-cı maddələrinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edildikdə pretenziya bildirişinin (xəbərdarlıq məktubunun), iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən müvafiq sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Belə ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh OOO “Progress” xarici hüquqi şəxs, yəni qeyri-rezident olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsi X2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməlidir. Lakin idiaçı tərəfindən elektron qaydada məhkəməyə təqdim edilmiş iddia ərizəsində cavabdeh OOO “Progress”-in nümayəndəsinin kim olduğu, onun şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanı və.s) qeyd edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsində qeyd olunmuş OOO “Progress” hüquqi şəxsin VÖEN (**********) ilə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməsini nəzərdə tutan cavabdehin nümayəndəsi (səlahiyyətli şəxsi, X2) VÖEN-i (**********22) eynilik təşkil etməməkdədir.Həmçinin gömrük bəyannamələrində bəyannaməçi/təmsilçi adı altında qeyd edilmiş "xxxx" MMC-yə cavabdeh tərəfindən verilmiş hər hansı bir etibarnamə iş materiallarına əlavə edilməmişdir. Həmçinin Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152-ci və 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Belə ki, məhkəmə ərizəçinin nəzər və diqqətinə çatdırır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 30.018,30 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 180,1 (bir yüz səksən manat 10 qəpik) manatdır. (30 + 20.018,30-ın 0,3%-i = 120 + 60,1=180,1) Göründüyü kimi rüsum məbləği 0.90 (dosxan qəpik) manat artıq ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.4-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC-nin cavabdeh OOO “Progress”-ə qarşı müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən geri qaytarılmalı, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsilə ********** nömrəli qəbz ilə ödənilmiş 181 (yüz səksən bir) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: -2.1 və 2.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. -4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. -4.2-ci maddəsinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 7 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “X3 Zavodu” MMC-nin cavabdeh OOO “Progress”-ə qarşı müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər elektron qaydaqda geri qaytarılsın. İddiaçı “X3 Zavodu” MMC-ti tərəfindən xx.xx.2025-ci il tarixdə, Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsilə ********** nömrəli qəbz ilə ödənilmiş 181 (yüz səksən bir) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin geri qaytarılmasına dair qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar