Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-29/2023 21.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı Cavabdeh qarşı soyuducu və pul tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə 20 fevral 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış 16 aprel 2013-cü il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinə əsasən 17740,96 (on yeddi min yeddi yüz qırx manat, doxsan altı qəpik) manat ödənilməmiş pul məbləğində əsas borcun, 2660 (iki min altı yüz altmış) manat cərimə borcunun və ödənilmiş 200 manat mediasiya rüsumu olmaqla, ümumilikdə 20600,96 (iyirmi min altı yüz manat doxsan altı qəpik) manat məbləğin cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyünün yoxlanılması ilə əlaqədar elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlər nəzərdən keçirilərkən, məhkəmə tərəfindən iddia ərizəsinin geri qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 150.1 və 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Hazırkı vəziyyətdə iddia ərizəsinin məzmununda imza edən şəxs kimi "xxxx" MMCnin Hüquq departamenti rəhbəri Toğrul Vəliyev göstərilmiş, lakin ərizə iddiaçı təşkilatın qanuni nümayəndəsi qismində Qanuni nümayəndə tərəfindən elektron imza ilə imzalanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.4-cü maddəsinə müvafiq olaraq, Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlərdir. Həmin qanunun 1.1.1-ci maddəsinə əsasən Verilənlər - informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiyadır. Qeyd olunan qanunun müddəalarından aydın olur ki, elektron imzanın mahiyyəti informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiyalara, hal-hazırda iddia ərizəsinin məzmununa əlavə edilməklə yaxud məntiqi əlaqəli olmaqla məhz imza sahibini identikləşdirməyə imkan verməsində ifadə olunur. İddia ərizəsinə əlavə edilmiş elektron imza ərizədə "xxxx" MMC-nin Hüquq departamenti rəhbəri kimi adı qeyd olunmuş Toğrul Vəliyevi deyil, Qanuni nümayəndə identikləşdirməyə imkan verməklə eyni zamanda ərizənin məzmununun məntiqi nəticəsi olaraq görünməməkdədir. Qanuni nümayəndə "xxxx" MMC-nin qanuni təmsilçisi olması iddia ərizəsilə birlikdə məhkəməyə təqdim edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən Çıxarışdan görünsə də, məhkəməyə həmin sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməmişdir. Nəticədə iş üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı sözügedən Çıxarışlar əsasında müəyyən edilməli olan hallar- iddiaçı təşkilatın qanuni əsaslarla fəaliyyət göstərməsi, Qanuni nümayəndə iddiaçının qanuni təmsilçisi olması müəyyən edilməmiş hesab olunur. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2-ci maddəsinə əsasən Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 89.3-cü maddəsinə əsasən Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Bununla bağlı əlavə olaraq məhkəmə iddiaçının diqqətinə çatdırır ki, X3 əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi oxunaqsız formada məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsinin məzmununda sübutların siyahısı qeyd olunmuş və həmin sənədlər sırasında iddiaçı maliyyə arayışı adlı sənədi də göstərərək ərizəsinə əlavə etmişdir. 21 yanvar 2020-ci il tarixli həmin maliyyə arayışı nəzərdən keçirilərkən məhkəmə tərəfindən aşkar edilmişdir ki, arayışın məzmununda Cavabdeh müştəri adı bölməsində göstərilsə də, onun deyil, X4 adlı şəxsin "xxxx" MMC-yə olan borc vəziyyəti əks etdirilmişdir. Beləliklə, mülki prosessual qanunvericiliyin 149.2.3-cü maddəsinin tələbi pozulmaqla, iddiaçının sübutlar siyahısında göstərdiyi maliyyə arayışı onun öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq etməsi ilə əlaqədar deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən edilmiş digər bir hal ondan ibarətdir ki, tərəflər arasında bağlanmış 16 aprel 2013-cü il tarixli məhsulların alqı-satqı müqaviləsinin 8.1-ci bəndində tərəflər arasında bu müqavilənin icrası ilə əlaqədar mübahisələrin qarşılıqlı razılıqla həll edilməsi öz əksini tapmış, pretenziyanın Cavabdeh elektron qaydada göndərilməsini təsdiq edən sənəd kimi onlayn kargüzarlıq sistemindən çıxarış iddia ərizəsinə əlavə edilmişdir, lakin elektron qaydada qarşı tərəfə göndərilmiş pretenziya məktubunun məzmununu göstərən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Ərizəyə əlavə edilən poçt tərəfindən geri qaytarılmış pretenziya məktubunun davamı əlavə edilmədiyindən məzmununu tam aydınlaşdırmaq mümkün olmamışdır. İddiaçının diqqətinə əlavə olaraq çatdırılır ki, Cavabdeh ünvanlanmış mediasiya prosesinin tətbiqi barədə təklif məhkəməyə tam vərəqələrdə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, MPM-in 108.1 və 108.1.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 114.1 və 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddəsinə əsasən Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü maddəsinə əsasən Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Haliyədə iş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 20 may 2022-ci il tarixli, T-325 saylı arayışdan iddiaçı təşkilatın vəkili-nümayəndəsi X2 mediasiya prosesində iştirak etdiyi, lakin Cavabdeh iştirak etmədiyi, həmin arayışdan, eləcə də 20 may 2022-ci il tarixli, 180008 saylı mədaxil qəbzindən 200 AZN məbləğində mediasiyaya dair xərci X2 ödədiyi məlum olur. İddia tələbi ümumilikdə 20600.96 (iyirmi min altı yüz manat doxsan altı qəpik) manat məbləğində və qiymətləndirilən iddialara daxil olduğundan, bu halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq ödənilməli dövlət rüsumu 120 manat + 10600.96 (on min altı yüz manat doxsan altı qəpik) manat məbləğin 0.3 %-i =151.80 (bir yüz əlli bir manat səksən qəpik) manat məbləğ təşkil etdiyindən və mediasiya xərci ilə əhatə olunduğundan iddiaçı təşkilat dövlət rüsumunu ödəməkdən azaddır. Buna görə də məhkəmə dövlət rüsumunun həlli məsələsinə toxunmur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı soyuducu və pul tələbi barədə 20 fevral 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı soyuducu və pul tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-29/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-29/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver