Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-31/2023 23.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə 22 fevral 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 (min altı yüz) ABŞ dolları və 60 manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin, mediasiya xidmətinin göstərilməsi üçün xərc 150 manat, vəkil orderi 150 AZN xərcin cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Belə ki, “Pretenziya məktubu” adlı sənədin Cavabdeh çatdırıldığını təsdiq edən müvafiq sənəd iddia ərizəsinə əlavə edilən sənədlərin içərisində mövcud olsa da, həmin sənəddə qeyd edilən “Pretenziya məktubu”nun iddia ərizəsinə əlavə edilməsi müşayiət olunmur. Məhkəmə bildirir ki, iddiaçı Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən maddəsinin tələbinə əməl etməyərək mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi (Pretenziya məktubunu) iddia ərizəsinə əlavə etməmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, pretenziya məktubu iddia ərizəsinə əlavə edilmədiyi halda iddia ərizəsinin “Qoşma” adlı hissəsində göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddiaçıya məlumat üçün bildirir: - İddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən “Onlayn Kargüzarlıq” sistemindən müvafiq çıxarışların tamlığı müşayiət olunmur. - İddia ərizəsinin “Qoşma” adlı hissəsində müqavilənin lazımi qaydada təsdiq olunmuş surəti göstərilir. Ancaq iddia ərizəsinə müqavilənin skan edilmiş forması əlavə edilmişdir. - İddia ərizəsinin məzmunun əvvəlində “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin tarixi xx.xx.2019-cu il olaraq qeyd edilmiş, lakin iddia ərizəsinin məzmunun orta hissələrində müqavilənin tarixi xx.xx.2015-ci il olaraq göstərilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz və pretenziya məktubunun təsdiq olunmuş surəti iddia ərizəsinin “Qoşma” hissəsində göstərilməsinə baxmayaraq iddia ərizəsinə əlavə edilməmişdir. Qeyd edilən müvafiq sənədlər iddia ərizəsinə əlavə edilmədiyindən bu barədə 23 fevral 2023-cü il tarixdə, 10 saylı akt tərtib edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl edilmədən (mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd təqdim edilməmiş) məhkəməyə təqdim edildiyindən İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi üzrə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılsın ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-31/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-31/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver