Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-316/2025 12.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq məbləğinin, lizinq faizlərinin, dəbbə borcunun və lizinq obyektinin qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC 17 iyul 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 yanvar 2024-cü il tarixli BAKU1-81218-24368 saylı X3 Müqaviləsinə хitam vеrilməsi, cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçının хеyrinə 2 666.88 (iki min altı yüz altmış altımanat 88 qəpik) cari əsas borc, 863,56 (səkkiz yüz altmış üç manat 56 qəpik) cari faiz borcu və 1 000.00 (min) manat dəbbə borcu və 399.52 (üç yüz doxsan doqquz manat 52 qəpik) ödənilmiş sığorta haqqının əvəzi,cəmi isə 4 929.96 (dörd min doqquz yüz iyirmi doqquz manat 96 qəpik) məbləğində lizinq borcunun və işə məhkəmədə baхılması üçün ödənilmiş 69.30 manat dövlət rüsumunun alınması, Cavabdeh2 istifadəsində olan Sedan tipli, ban NLHCM41AP9Z164396, M.İ.H. 1400 sm3, Ağ rəngli, buraxılış ili 2009-cu il, X5 markalı, 77YF859 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “İddiaçı”ya qaytarılması haqqında qətnamə çıxarılmsaını məhkəmədən xahiş etmişdir. Ərizəyə qarşı etiraz daxil olmamışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 29 iyul 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmənin icraatında iddiaçı "xxxx" MMC-nin Cavabdeh2 və qeyrilərinə qarşı "lizinq müqaviləsi üzrə borcun tutulması" tələbinə dair e-2-2(123)-316/2025 saylı mülki iş olduğunu, qeyd edilən iş üzrə 12 avqust 2025-ci il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmənin hazırlıq iclasında nümayəndələrinin iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbini təsdiq edən sənədi və digər sübutları təqdim etdiklərinə görə məhkəmə baxış iclasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən kommersiya mübahisəsinə dair işə iddiaçı "xxxx" MMC-nin, o cümlədən, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq məbləğinin, lizinq faizlərinin, dəbbə borcunun və lizinq obyektinin qaytarılması tələbi barədə ərizəsini baxılmamış saxlamağı zəruri hesab edir. Belə ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-316/2025 saylı qərardadında, verilmiş iddia ərizəsində sübutların siyahısının qeyd olunmadığını, bununla əlaqədar qeyd edilən hal iddia ərizəsinin geri qaytarılması üçün əsas olsa da işin yubanmasının qarşısını almaq məqsədilə və geri qaytarılmada vaxt itkisini nəzərə alaraq sübutların siyahısının məhkəmə hazırlıq iclasınadək təmin edilməli olduğu məhkəmə tərəfindən iddiaçının nəzər və diqqətinə çatdırılmış, lakin qeyd edilən hal ilə əlaqədar iddiaçı "xxxx" MMC tərəfindən məhkəmənin tələbi yerinə yetirilməmiş, sübutların siyahısı məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli Qərarında qeyd olunur ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin: - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. - 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Əlavə olaraq məhkəmə qeyd edir ki, ərizə baxılmamış saxlanıldığından iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə, ********** nömrəli qəbz ilə ödənilmiş, 70,00 (yetmiş manat 00 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: - 2.1 və 2.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. - 4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. - 4.2-ci maddəsinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 15 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" MMCnin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq məbləğinin, lizinq faizlərinin, dəbbə borcunun və lizinq obyektinin qaytarılması tələbi barədə ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən ödənilmiş 70,00 (yetmiş manat 00 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq məbləğinin, lizinq faizlərinin, dəbbə borcunun və lizinq obyektinin qaytarılması tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə, ********** nömrəli qəbz ilə ödənilmiş, 70,00 (yetmiş manat 00 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-316/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-316/2025
12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver