Məhkəmə qərarları › İş №e-2-2(123)-321/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-321/2025

29.07.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-321/2025 29.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənеtdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 21 iyul 2025-ci il tarixdə daxil olmuş elektron ərizə ilə məhkəməyə müraciət edərək hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2441,46 manat, İşsizlikdən sığorta fonduna olan 111,46 manat, İcbari Tibbi Sığorta Fonduna olan 461,08 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix -xx xxxxxxx 1979-cu il, Doğulduğu yer - AZƏRBAYCAN, NAXÇİVAN MR; ORDUBAD; DİRNİS K, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizəsində vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2441,46 manat, İşsizlikdən sığorta fonduna 111,46 manat, İcbari Tibbi Sığorta Fonduna 461,08 manat olmaqla, ümumilikdə 3014 manat borcu olduğunu, yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********218700, xx.xx.2025-ci il tarixli **********168000, xx.xx.2025-ci il tarixli **********597700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğin ödəmədiyini, reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs Naxçıvan MR, ünvan 2i ünvanında yaşadığını qeyd etməklə ərizəsini əsaslandırmış, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Vergi Məcəlləsinin 16.1.1, 77.1, 77.3, 78.1, 23.1.15-3, 1.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 26.1, 26.2, 305.1.12, 355-5, 355-5.2, 355-6, 355-7-ci maddələrinə, o cümlədən, Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci və 17.1.6-1-ci maddələrinə istinad etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-321/2025 saylı qərardadı ilə xüsusi icraat üzrə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəyə qarşı etiraz daxil olmamışdır. xx.xx.2025-ci il tarixdə, saat 17:35-də keçirilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi, o cümlədən, "xxxx" MMC-nin icra orqanının rəhbəri olan, Maraqlı şəxs məhkəmə baxışı iclasında iştirak etməmişlər. xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq ərizəsində Naxçıvan Muxtar Respublikasının Kommersiya məhkəməsində e-2-2(123)-321/2025 nömrəli işə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamənin xitam edilməsini xahiş etdiklərini, o səbəb ilə ki, onların hal hazırda vergilər, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı üzrə heç bir borcları, öhdəlikləri olmadığını, bununla bağlı arayışı elektron məhkəmə sistemində sənəd kimi əlavə etdiklərini bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat üzrə iddia ərizəsi ilə birgə elektron qaydada məhkəməyə təqdim edilən “Məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi” barədə ərizədə Naxçıvan MR Kommersiya Məhkəməsinin icraatında olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə mülki işə iştirakları olmadan baxılması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinin, o cümlədən, hüquqi şəxsin icra orqanının rəhbəri, Maraqlı şəxs iştirakları olmadan kommersiya mübahisəsinə dair işə baxılmasını mümkün hesab etmişdir. Elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş: Maraqlı şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) xx.xx.1976-cı il tarixdə Azərbaycan, Naxçıvan MR, ünvan 2i anadan olmuş, Naxçıvan MR, ünvan 2i ünvanında qeydiyyatdadır. Hüquqi şəxs haqqında məlumatın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixdə əsas fəaliyyət növü “audio və video aparatlarının pərakəndə satışı” olmaqla ********** saylı VÖEN ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Şəxsi hesab vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, maraqlı şəxsin xx.xx.2025-ci il tarixli şəxsi hesab vərəqəsində cəmi ödənilməli borc 0 manat qeyd olunmuşdur. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, həmin Qanunun 23.3.5.1-ci, 23.3.5.2-ci və 23.3.5.3-cü (maliyyə sanksiyasına münasibətdə) maddələrində qeyd olunan halların mövcud olmaması barədə arayışdan görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) vergilər üzrə, Məcburi dövlət sosial sığorta haqqı üzrə, İşsizlikdən sığorta haqqı üzrə və İcbari tibbi sığorta haqqı üzrə borcu yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1 -ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli Qərarına əsasən, Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxsin Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi vəzifəsi digər şəxslərin üzərinə qoyula bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqındakı işə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 108.1.3-cü maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən, vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. Beləliklə məhkəmə, maraqlı şəxsin hal-hazırda heç bir borcu olmadığını nəzərə alaraq hesab edir ki, ərizə rədd edilməlidir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hüquqi şəxsin icra orqanının rəhbəri, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi rədd olunmalı olduğundan və ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat üzrə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad olduğuna görə ərizəçinin ödəməkdən azad edildiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun ödənilməsi hissəsinə toxunmamaqdadır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-5-355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar