Məhkəmə qərarları › İş №e-2-2(123)-330/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-330/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-330/2024 25.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC 10 may 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini, cavabdehdən 55825,77 manat məbləğində əsas borc və 165,9 manat məbləğində gecikmə faizi olmaqla ümumilikdə 55991,67 manat məbləğin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı MMC və Cavabdeh MMC arasında olmuş şifahi razılaşmaya əsasən satıcının razılaşdırılmış məbləğdə malları alıcının mülkiyyətinə verməyi, alıcının isə mlların dəyərini satıcıya ödəməyi öhdəsinə götürdüyünü, tərəflər arasında olan şifahi razılaşmaya əsasən iddiaçı tərəfindən 55825,77 AZN (əlli beş min səkkiz yüz iyirmi beş manat yetmiş yeddi qəpik) dəyərində olan malların və xidmətlərin təhvil verilməsinə baxmayaraq cavabdeh tərəfindən bugünki günə kimi ümumi məbləğdən heç bir ödənişin həyata keçirilmədiyini, həmçinin, iddiaçı və cavabdeh arasında xx.xx.2024-cü il tarixdə tərtib edilən “Üzləşmə aktı” ilə cavabdehin iddiaçıya 55825,77 AZN (əlli beş min səkkiz yüz iyirmi beş manat yetmiş yeddi qəpik) məbləğində borcunun yarandığını etiraf edərək həmin məbləği geri ödəməyi öhdəsinə götürdüyünü, lakin iddiaçı tərəfindən edilən şifahi xəbərdarlıqlara baxmayaraq bugünə qədər cavabdehin ödəməyi öhdəsinə götürdüyü qalıq borc məbləğinin iddiaçıya ödənilmədiyini, iddiaçı tərəfindən göndərilən pretenziya məktubunun cavabdehə çatdığı tarixi nəzərə alaraq iddiaçının xx.xx.2024-cü il tarixdən etibarən ona geri qaytarmalı olan 55825,77 AZN (əlli beş min səkkiz yüz iyirmi beş manat yetmiş yeddi qəpik) borc məbləğinə AR Mərkəzi Bankının uçot dərəcəsi üzrə faiz hesablamaq hüququna malik olduğunu, cavabdehin iddiaçıya MM-in 449.1-ci maddəsinə əsasən xx.xx.2024-xx.xx.2024-cü illər aralığında gecikməyə görə 440 (dörd yüz qırx) manat faiz borcu yaranmış olduğunu, beləliklə 55825,77 manat məbləğində əsas borc, 165,9 manat məbləğində gecikmə faizi olmaqla, ümumilikdə 55991,67 manat məbləğində borcun iddiaçının cavabdehə qarşı mülki iddiasının cəmi predmetini təşkil etdiyini bildirmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Keçirilən məhkəmə iclaslarında verdiyi izahatında cavabdehin nümayəndəsi Nümayəndə2 Ağahüseyn oğlu iddianı qəbul edərək iddiaçı təşkilata 6-7 min manat ödəniş edildiyini, geriyə qalan məbləğin ödənilməsi üçün onlara şəraitin yaradılmasının məhkəmədən xahiş edildiyini, hal-hazırda onların sənədlərinin yekunlaşıb, İqtisadiyyat Nazirliyinə getdiyini, Nazirliyin alqı-satqını təsdiqləyəcəyini, maliyyə göndərəcəyini, onların da ödəmələr edəcəklərini, onların pulunun ödənilməsi üçün artıq maliyyənin getdiyini, bu müddətin də iyirmi gün və ya bir ay arasında olan müddət olduğunu, bu müddətdə ödənişin olunacağını bildirmişdir. 25 sentyabr 2024-cü il tarixə, saat 14:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 Ağahüseyn oğlu iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: Üzləşmə aktından görünür ki, bu akt tərtib edilir ondan ötəri ki, İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixə Cavabdeh MMC ilə bağlı debitor borcu 55825,77 AZN (əlli beş min səkkiz yüz iyirmi beş manat yetmiş yeddi qəpik), Nümayəndə2lə bağlı debitor borcu isə 70731.77 manatdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən hökümət ödəniş portalı vasitəsilə 258 (iki yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, tərəflər arasında tərtib edilən və məktuba əlavə edilmiş üzləşmə aktına əsasən yaranmış 55825,77 (əlli beş min səkkiz yüz iyirmi beş manat yetmiş yeddi qəpik) manat məbləğində borcun, həmçinin gecikdirilmiş vaxt üçün ödənilməli olan illik 5 faizə əsasən ödənişin həyata keçirildiyi günədək bütün gecikmə müddəti üzrə cərimə məbləğinin hesablanıb bu pretenziyanının ünvanlarına çatdırıldığı andan etibarən 10 (on) gün ərzində İddiaçı MMC-yə ödənilməsinin təmin edilməsi, əks təqdirdə pozulmuş hüquqlarının bərpası, əsas borcun və əlavə olaraq faizlərin ödənilməsi məqsədilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək qeyd edir ki, ərizəyə əlavə olunmuş üzləşmə aktı ilə Cavabdeh MMC-nin direktoru Nümayəndə2 Ağahüseyn oğlunun öz imzası ilə İddiaçı MMC-yə 55825,77 AZN (əlli beş min səkkiz yüz iyirmi beş manat yetmiş yeddi qəpik) manat məbləğində borcunun olmasını etiraf etməsi işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı və cavabdeh arasında olan şifahi razılaşmaya əsasən tərəflər üzərinə öhdəlik götürmüş, lakin Cavabdeh MMC öhdəliyini icra etməyərək yaranmış borc məbləğini ödəməmişdir. Həmçinin, məhkəmə iclaslarında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 Ağahüseyn oğlu da öz izahatı ilə cavabdehin iddiaçıya ödənilməmiş borc məbləğinin olmasını və həmin məbləğin iddiaçıya ödənilmədiyini bildirmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 Ağahüseyn oğlu iddianı qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdeh tərəfin iddianı etiraf etdiyini və iddianın etirafının qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq iddianın etirafının məhkəmə tərəfindən qəbul edilərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə uyğun olaraq iddiaçının irəli sürdüyü və cavabdeh tərəfindən etiraf olunan tələbin təmin olunması qənaətindədir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bundan əlavə məhkəmə, gecikmə faizi olaraq 165.9 (bir yüz altmış beş manat doqquz qəpik) manat məbləğinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında olmuş şifahi razılaşmadan irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi və icranın gecikdirilməsi ilə əlaqədar gecikdirilmiş vaxt üçün 165,9 (bir yüz altmış beş manat doqquz qəpik) manat faizin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3% olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 55991,67 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 120 manat + 138 manat = 258 (iki yüz əlli səkkiz) manat olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı tərəf öz tələbində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməsədə, lakin məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə istinad edərək qətnamədə dövlət rüsumu ilə bağlı məsələni həll edilməlidir. Belə ki, qanunvericiliyin tələbinə müvafiq olaraq iddiaçı tərəfindən ödənilməli olan 258 (iki yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumu tam şəkildə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli qəbzlə ödənildiyindən və iddia təmin edildiyindən, 258 (iki yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı MMCnin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə ərizəsi təmin edilərək, Cavabdeh MMC-dən 55825,77 (əlli beş min səkkiz yüz iyirmi beş manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc və 165,9 (bir yüz altmış beş manat doqquz qəpik) manat məbləğində gecikmə faizi olmaqla, ümumilikdə 55991,67 (əlli beş min doqquz yüz doxsan bir manat altmış yeddi qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 258 (iki yüz əlli səkkiz) manat rüsum əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh MMC-dən (VÖEN-**********) 55825,77 (əlli beş min səkkiz yüz iyirmi beş manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc və 165,9 (bir yüz altmış beş manat doqquz qəpik) manat məbləğində gecikmə faizi olmaqla ümumilikdə 55991,67 (əlli beş min doqquz yüz doxsan bir manat altmış yeddi qəpik) manat tutularaq İddiaçı MMC-yə (VÖEN-**********) ödənilsin. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 258 (iki yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən alınıb İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar