Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-332/2025 21.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-ə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin vəkil-nümayəndəsi Vəkil 30 iyul 2025-ci il tarixdə məhkəməyə elektron qaydada iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli B2BN- 002/24 №-li alqı-satqı müqaviləsi üzrə malların dəyəri olan 15316 AZN, 2756.88 AZN ƏDV, pul öhdəliyinin icrasının 14 ay gecikdirilməsinə görə 1054,24 AZN faiz olmaqla, cəmi 19127.12 AZN pulun, həmçinin ödənilmiş 148 AZN dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 500 AZN xidmət haqqının tutularaq İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli B2BN-002/24 №-li alqı-satqı müqaviləsinə görə alıcının (hazırkı iddia üzrə cavabdeh) mal-materialların müəyyənləşdirilmiş qiymətini ödəməyi, satıcının (hazırkı iddia üzrə iddiaçı) isə müəyyən olunmuş mal-materialları alıcının mülkiyyətinə verməyi öhdəsinə götürdüyünü (müqavilənin 1.1 bəndi), müqavilənin 2.1 bəndinə görə mal-materialların təsvirinin həmin müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda göstərildiyini, protokolda hər əşyanın (malın) və işlərin adı, miqdarı, qiyməti, habelə alıcı və satıcının rekvizitləri, müqaviləni imzalayan məsul şəxslərin adı, ata adı və soyadlarının göstərildiyini, müqavilənin 3.1 bəndinə görə bu müqavilə üzrə ödənişlərin satıcının təqdim etdiyi hesab-faktura əsasında aparıldığını, alıcının müqavilə məbləğinin 100 faizini 3 bank günü ərzində satıcıya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürdüyünü, müqaviləyə 1 saylı Əlavəyə (xx.xx.2024-cü il tarixli Qiymətlərin razılaşdırılması protokoluna) əsasən tərəflərin alqı-satqı predmeti olan mal-materialların (AUX, NEON, HANN markalı kondisionerlərin) ƏDV daxil olmaqla yekun qiymətini 18072,88 AZN razılaşdığını(15316 AZN malların qiyməti və 2756.88 AZN ƏDV), iddiaçının müqaviləyə 1 saylı əlavəyə əsasən satdığı malların dəyərinin ödənilməsi üçün cavabdehə xx.xx.2024-cü il tarixli EBED seriyalı 171573 №-li (18072.88 AZN) elektron qaimə-faktura təqdim etdiyini, cavabdehin ona təqdim olunmuş elektron qaimə-faktura üzrə malların yekun qiymətini 3 bank günü ərzində, yəni ən geci xx.xx.2024-cü ildə iddiaçının bank hesabına ödəməli olduğu halda (müqavilənin 3.1 bəndi), bu öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyini və 1 il 2 aydan artıq vaxt keçməsinə baxmayaraq borcunu ödəmədiyini bildirərək ərizəsini əsaslandırmışdır. Məhkəmənin 31 iyul 2025-ci il tarixli, e-2-2(123)-332/2025 nömrəli qərardadı ilə iş məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh MMC-nin nümayəndəsi X3 10 oktyabr 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında 2024-cü ildə X4 işlədiklərini, hal-hazırda onlardan alacaqları olduğunu, qarşı tərəfin onlarla danışıq aparan nümayəndəsi ilə pulun gecikə biləcəyi ilə bağlı razılığa gəldiklərini, öz vəsaitlərindən iddiaçı tərəfə hissə-hissə aylıq beş yüz manat ödəməyi təklif etdiklərini, onların kreditlə işləyən şirkət olduqlarını, özlərinin həmin pulu hələ almadıqlarını, alınacaq pulun olması ilə bağlı sənədləri məhkəməyə təqdim etdiklərini, həmin sənədlərdən onların 333.000 alacaqlarının olduğunun məlum olduğunu, qeyd olunan on beş min manatı da aldıqlarını, alınacaq pulla bağlı məhkəməyə müraciət etdiklərini, qarşı tərəfin pulunu danmadıqlarını və etiraz etmədiklərini, həmin pulu alıb istifadə etdiklərini, qarşı tərəfin onlarla görüşən nümayəndəsinə, hansı ki, o, artıq işdən çıxarılıbdır, aylıq hissə-hissə ödənişi təklif etdiklərini, əgər aylıq ödənişi qəbul etsə idilər, indiyə kimi o borcu verib bitirəcəklərini, yanvara qədər onlara ediləcək bütün ödənişlərin həyata keçiriləcəyini, qarşı tərəf də razılaşsa, aylıq ödənişlər etməyə hazır olduğunu, iddianı qəbul etdiklərini, tələbdə nəzərdə tutulan 2756,88 manat ƏDV-yə münasibətdə özlərinin ƏDV ödəyicisi olmadıqlarını, iddiaçı tərəfin dövriyyəsinin iki mindən çox olduğuna görə ƏDV öhdəliyinin yarandığını, bunun tələblə heç bir əlaqəsinin olmadığını, beləliklə həmin ƏDV borcunu qəbul etmədiklərini, iddia tələbində nəzərdə tutulan 1054,24 manat faiz borcuna münasibətdə, onlar arasında bağlanan müqavilədə faiz tələbinin nəzərdə tutulmadığını, ancaq qarşı tərəfin onları bu qədər gözlədiyini nəzərə alaraq faiz borcunu da ödəyəcəyini, məhkəməyə müraciət etməklə əlaqədar vəkilə çəkilmiş xərcləri qəbul etmədiklərini bildirmişdir. İş üzrə tərəflərə məlumat verilsədə məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. İddiaçı MMC-nin vəkil-nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixli, B2BN-002/24 nömrəli müqavilə ilə bağlı borclu Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə pretenziya məktubu göndərilmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, AZ********** nömrəli Ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Vəkil 500 manat məbləğində ödəniş edilmişdir. 30 aprel 2024-cü il tarixli, B2BN-002/24 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, alıcı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında mal-materialların alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. 30 aprel 2024-cü il tarixli, B2BN-002/24 nömrəli alqı-satqı müqaviləsinə 1 saylı Əlavə olan 30 aprel 2024-cü il tarixli, 24002 nömrəli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən mal-materialların yekun məbləği 18072,88 manat müəyyən olunmuşdur. 06 may 2024-cü il tarixli, N-001 nömrəli avadanlıqların təhvil-təslimi haqqında Aktdan məlum olur ki, sifarişçi Cavabdeh MMC ilə icraçı İddiaçı MMC arasında icraçının avadanlıqları təhvil verməsi, sifarişçinin isə avadanlıqları qəbul etməsi ilə bağlı akt bağlanmışdır. xx.xx.2024-cü il traixli, EBED seriyalı, 171573 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 18072,88 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC “X9” vasitəsilə 148,00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsaasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Borclu şəxsin borcunu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarına əsasən borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin nümayəndəsi X1 izahatından iddianın müqavilə üzrə yaranan borca münasibətdə etiraf etdiyi məlum olur. Cavabdehin “Etiraf”ı məhkəmə tərəfindən yoxlanılaraq müəyyən edilir ki, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyildir. Nəticədə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin məhkəmə iclaslarında verdiyi izahında borclarının olduğunu təsdiq edən etirafı (Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallarda) əsaslı hesab olunmalı, nəticədə iddiaçının pul tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh tərəfin müqavilədən yaranan iddianı etiraf etdiyini və iddianın etirafının qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq iddianın etirafının məhkəmə tərəfindən qəbul edilərək 191.3-cü maddəsinə uyğun olaraq iddiaçının irəli sürdüyü tələbləri təmin olunmalıdır. Tərəflər arasında bağlanmış 30 aprel 2024-cü il tarixli, B2BN-002/24 nömrəli alqısatqı müqaviləsinə 1 saylı Əlavə olan 30 aprel 2024-cü il tarixli 24002 nömrəli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, alıcı X3 şəxsində təmsil olunan Cavabdeh MMC ilə satıcı İddiaçı MMC direktoru şəxsində təmsil olunan X7 arasında 18.072,88 manat dəyərində mal-materialların satışı həyata keçirilmişdir. Qeyd olunan sənəddə yekun məbləğ olan 18.072,88 manat üçün ƏDV 2.756,88 manat müəyyən olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında mal-materialların satışı ilə bağlı yekun məbləğ olan 18.072,88 manata münasibətdə 2.756,88 manat dəyərində ƏDV Cavabdeh MMC-dən alınıb İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin tələbinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ödənilməyən 18.072,88 manat, gecikdirilən ödənilməyən ümumi məbləğin illik 5% cəriməsinə uyğun olaraq 14 ay üçün 1054,24 manat vəsaiti alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə icraatı zamanı müəyyən edildi ki, cavabdeh digər tərəfə vurduğu zərər nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı müqavilədən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, müqavilə tərəfləri bağladıqları müqavilə ilə öhdəlik götürərək fəaliyyət göstərirlər və nəticə etibarilə yaranan əsas borcla yanaşı, ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum etməmək üçün borclu borcunu vaxtında ödəməməklə müqavilə tərəfinə faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarıında belə bir hüquqi mövqe formalaşdırılmışdır ki, Mülki Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi, öhdəliklər üzrə “ödəniş müddəti çatanadək” müddəası öhdəliyin müqavilədə müəyyən edilmiş icra vaxtının çatmasını nəzərdə tutur. Öhdəliyin icra vaxtı borclu tərəfindən gecikdirilərsə, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq qaydada kreditor zərərin ödənilməsini tələb edə bilər. İddianın müqavilə müddəti bitəndən sonra ödənilməyən əsas borca əsasən hesablanmış faiz borcu tələbinə dair hissəsi üzrə məhkəmə qeyd edir ki, həmin tələbin hüquqi əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin maddədə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsi nəzərdə tutulur. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır. Cavabdeh tərəfin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin halları ilə təsdiqini tapdığından və müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə zərərin əvəzinin ödənilməsi nəzərdə tutulduğundan, iddiaçının dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlı olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbinin (cərimə) dəbbə pulu hissəsi qanuna uyğun olduğuna görə qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məzmunundan göründüyü kimi dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir. Borcun vaxtında ödənilməməsi tələbkarı vaxtında əldə etməli olduğu pul məbləğindən yenidən istifadə edib gəlir əldə etmək imkanından məhrum edir. Ona görə də qanunvericilik dəbbə pulu institutu ilə müqavilə tərəfləri olan kreditoru mümkün zərərdən qorumaqla borclunu öz öhdəliklərinin icrasında intizamlandırır. Lakin göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən mübahisə tərəflərinin iqtisadi vəziyyətinin nəzərə alınmasını tələb edir. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsiplərinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli qərarı). Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilənin icra edilməmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququnun yarandığı təqdirdə, tutulmalı olan dəbbə pulu dəymiş zərərin minimum həddində müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (İwaszkiewicz Polşaya qarşı, no. 30614/06, 26 iyul 2011-ci il, § 44). Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dəbbə pulunun 1054,24 manat məbləğində tələb edilməsi, öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlməklə, iddiaçıya dəymiş zərərə münasibətdə mütənasibdir. Məhkəmə həmçinin gecikmə faizi olaraq 1054,24 manat məbləğinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, müqavilədə nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə tələbin dəbbə pulunun məbləğinə dair hissəsi üzrə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməklə dəbbə pulunun məbləği 1054,24 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun təcrübəsində Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində yer alan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına böyük önəm verilir. Belə ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (E.Həkimovun şikayəti üzrə 2008-ci il 3 noyabr tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət Rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində hesablanır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğundan dövlət rüsumu cavabdehə aid edilməlidir. İddiaçı 30 iyul 2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərkən hüquqi yardım üçün ödənilmiş 500(beş yüz) manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsini də xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2025-ci il tarixli 19/25 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı MMC-nin direktoru X2 ilə Vəkil arasında hüquqi yardım göstərilməsi ilə əlaqədar müqavilə bağlanmış və müqavilənin 2.1-ci bəndinə əsasən, hüquqi yardımın göstərilməsinə görə haqq qarşılıqlı razılıqla 500(beş yüz) manat müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli, MT2507 seriyalı, 10712000 nömrəli qaimə fakturadan görünür ki, Vəkil tərəfindən İddiaçı MMC-yə 500 manat dəyərində xidmətlər göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 115.0-cı və 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə bildirir ki, vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə iddia təmin edildiyindən hüquqi yardım üçün ödənilmiş 500(beş yüz) manat qanunvericiliyə uyğun olaraq Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-ə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi təmin edilməli, alqı-satqı müqaviləsi üzrə 15.316 manat, 2756,88 manat ƏDV, pul öhdəliyinin icrasının 14 ay gecikdirilməsinə görə 1054,24 manat faiz borcu olmaqla, cəmi 19.127,12 manat, 148 manat məbləğində dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 500 manat xidmət haqqı Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh MMC-dən alqı-satqı müqaviləsi üzrə 15.316 (on beş min üç yüz on altı) manat, 2756,88 (iki min yeddi yüz əlli altı manat, səksən səkkiz qəpik) manat ƏDV, pul öhdəliyinin icrasının 14 ay gecikdirilməsinə görə 1054,24 (min əlli dörd manat, iyirmi dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 19.127,12 (on doqquz min yüz iyirmi yeddi manat on iki qəpik) manat, 148 (yüz qırx səkkiz) manat məbləğində dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-332/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-332/2025
21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver