Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-35/2021 08.06.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC 28 aprel 2021-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2176.96 (iki min yüz yetmiş altı manat doxsan altı qəpik) manat borcun, həmçinin məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2207.36 (iki min iki yüz yeddi manat otuz altı qəpik) manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-nin Cavabdeh onun sifarişləri əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malla təmin etməyi, Cavabdeh isə malı qəbul edib, malın dəyərini razılaşdırılmış müddətdə və qaydada İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürdüyünü, malların təhvil-qəbul aktlarına əsasən cavabdehə müxtəlif vaxtlarda, fərqli adda və dəyərdə mallar təhvil verildiyini, 384716 saylı və 325359 saylı üzləşmə aktlarından cavabdehə təqdim edilmiş mallar üzrə İddiaçı MMC-yə olan ümumi borcunun 2176.96 (iki min yüz yetmiş altı manat doxsan altı qəpik) manat təşkil etdiyini, təhvil verilmiş malların dəyərinin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq onun bugünədək iddiaçıya olan borcunu ödəmədiyini, Cavabdeh Naxçıvan MR, Ordubad rayonu, Əylis kəndində qeydiyyatda olduğunu, İddiaçı MMC tərəfindən 01 fevral 2021-ci il tarixdə Cavabdeh qeydiyyatda olduğu ünvana borc məbləğinin ödənilməsi barədə pretenziya məktubunun göndərildiyini qeyd edərək Cavabdeh 2176.96 (iki min yüz yetmiş altı manat doxsan altı qəpik) manat borcun, həmçinin məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2207.36 (iki min iki yüz yeddi manat otuz altı qəpik) manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ordubad rayonu X1 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən təqdim olunmuş arayışdan görünür ki, hazırkı iş üzrə məhkəmə bildirişi Cavabdeh çatdırılmışdır. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş: 05 noyabr 2019-cu il tarixli, 12 aprel 2019-cu il tarixli, 05 dekabr 2019-cu il tarixli, 31 yanvar 2020-ci il tarixli malların təhvil-qəbul aktlarının surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh müxtəlif vaxtlarda, fərqli adlarda və dəyərdə mallar təhvil verilmişdir. 02 sentyabr 2019-cu il tarixli, 325359 saylı üzləşmə aktının surətindən görünür ki, Cavabdeh ona təqdim edilmiş mallar üzrə İddiaçı MMC-yə borcu 489,96 (dörd yüz səksən doqquz manat doxsan altı qəpik) manat təşkil edir. 10 sentyabr 2020-ci il tarixli, 384716 saylı üzləşmə aktının surətindən görünür ki, Cavabdeh ona təqdim edilmiş mallar üzrə İddiaçı MMC-yə borcu 1687 (bir min altı yüz səksən yeddi) manat təşkil edir. 01 fevral 2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəmədə iddia qaldırılacağı ona bildirilmişdir. Məhkəmə hesab edir ki, təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iş üzrə əlavə araşdırma, o cümlədən tərəflərin çağırılaraq izahatların, yaxud şahidlərdən ifadələrin və ya ekspertdən rəyin alınması zərurəti olmadığından hazırkı işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1ci maddəsinin tələbləri nəzərə alınmaqla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olunur ki, tərəflər arasında müqavilə azadlığı prinsipinə uyğun olaraq 12 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur ki, bu da işin mübahisəsiz halıdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə satıcı həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcını malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndində müəyyən olunur ki, alıcı satıcıdan aldığı malın dəyərini malın verildiyi vaxtdan etibarən yeddi gündən artıq olmayan müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materialında olan 325359 saylı və 384716 saylı üzləşmə aktlarının surətlərindən görünür ki, Cavabdeh iddia ərizəsində qeyd olunmuş borc məbləğləri üzrə qalığın olmasını həmin aktlarda ayrı-ayrılıqda öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsində təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanun normalarının mətnindən və mahiyyətindən göründüyü kimi, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Həmçinin mülki qanunvericiliyə müvafiq olaraq, fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Qeyd olunmalıdır ki, qanunvericilik bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Həmin Məcəllənin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi qanun normasının mənası ondan ibarətdir ki, müqaviləni bağlayan əşyanın alıcısı həmin əşyanın dəyərini ödəməyə borcludur. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirərək, Cavabdeh malların təhvil verilməsini təmin etmiş, lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməyərək, aldığı malın dəyərini iddiaçıya ödəməmişdir. Mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2020-ci il tarixli Qərarı). Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının əsasını təşkil edən halları təqdim etdiyi sənədlərlə (müqavilə, üzləşmə aktları və.s) təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alıb, iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, Cavabdeh İddiaçı MMC-dən qəbul etdiyi malın dəyərini razılaşdırılmış müddətdə və qaydada tam həcmdə ödəmədiyindən iddia təmin edilməli, Cavabdeh 2176.96 (iki min yüz yetmiş altı manat doxsan altı qəpik) manat məbləğində borc və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2207.36 (iki min iki yüz yeddi manat otuz altı qəpik) manat alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216.1, 220, 222 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2176.96 (iki min yüz yetmiş altı manat doxsan altı qəpik) manat məbləğində borc və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu məbləğinin əvəzi olmaqla ümumilikdə 2207.36 (iki min iki yüz yeddi manat otuz altı qəpik) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnur Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-35/2021
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-35/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver