Məhkəmə qərarları › İş №e-2-2(123)-39/2021

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-39/2021

08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-39/2021 08.05.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı MMC-nin Cavabdehnə qarşı abunə və xidmət haqqının məcburi tutulması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı MMC 06 may 2021-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 49.51 (qırx doqquz manat əlli bir qəpik) manat abunə və xidmət haqqının və 20 (iyirmi) manat dövlət rüsumunun, cəmi 69.51 (altmış doqquz manat əlli bir qəpik) manat vəsaitin İddiaçı MMC-nin xeyrinə məcburi tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən prosessual qanunuvericiliyin tələbləri çərçivəsində iddiaçının ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edildi ki, iddia ərizəsi qanunvericiliyin tələbləri qaydasında verilmədiyindən ərizənin qəbul olunmasından imtina edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Məhkəmə ilkin olaraq qeyd edir ki, İddiaçı MMC iddia ərizəsinin Cavabdehnə göndərilməsini və həmin ərizənin və ona əlavə edilmiş sənədlərin alınmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir (Ərizəyə əlavə edilən sənədlərin siyahısında da ərizənin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənədin ərizəyə əlavə edilməsi barədə məlumat göstərilməmişdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Yuxarıda qeyd edilən qanun normasının imperativ mənasına əsasən, kommersiya mübahisələri üzrə iddiaçı iddia ərizəsinin cavabdeh tərəfindən alınmasına dair sübutları ərizəsinə əlavə etməlidir. Bu tələblər isə həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən sənədlərin surətini deyil, məlum poçt göndərişlərini digər tərəfin almasını təsdiq edən sənədlərin (və ya “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinın Qanununa uyğun tərtib edilmiş elektron sənədlərin) ərizəyə əlavə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə tərəf o zaman lazımi qaydada xəbərdar edilmiş hesab edilir ki, məhkəmənin işdə iştirak edən şəxslərin məhkəmə bildirişində əks olunan məlumatları əldə etməsi haqqında inandırıcı təsdiqləri olsun və bu təsdiq Mülki Prosessual Məcəllənin müvafiq müddəalarına uyğun gəlsin. İşdə iştirak edən şəxslərin rəsmi qaydada xəbərdar edilməsi istənilən halda qarşı tərəfin reaksiyasını, yəni qanunvericilikdə də göstərildiyi kimi qəbzə və ya sənədin kötüyünə imza edilməsini nəzərdə tutur. (K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 noyabr 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə həmçinin iddiaçının diqqətinə çatdırır ki, iddiaçı iddia ərizəsinin surətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə təqdim etmiş, lakin öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli abunə müqaviləsi iddiaçı tərəfindən imzalanmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsində müəyyən olunur ki, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair 12 avqust 2020ci il Qərarındakı hüquqi mövqe belədir ki, yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. ... İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: - tərəflər, onu şəxsən imzalamaqla; -mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); - elektron imzadan istifadə etməklə; - şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl etmədən məhkəməyə təqdim edildiyindən kommersiya mübahisələri üzrə məhkəmə icraatı mümkün deyildir. Beləliklə, verilmiş tələbi təsdiq edən sənədlər məhkəməyə təqdim olunmadığından, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina olunmalı, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmasının iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmaması tərəfə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı MMC-nin Cavabdehnə qarşı abunə və xidmət haqqının məcburi tutulması tələbinə dair ərizənin qəbul olunmasından imtina edilsin. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar