Məhkəmə qərarları › İş №e-2-2(123)-40/2021

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-40/2021

08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-40/2021 08.05.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı abunə və xidmət haqqı borcunun tutulması tələbi barədə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar elektron qaydada göndərilmiş ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə 05 may 2021-ci il tarixli, A/7768 saylı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 44 manat, 43 qəpik abunə və xidmət haqqı, 20 manat dövlət rüsumu olmaqla, cəmi 64 manat, 43 qəpik vəsaitin İddiaçı MMC-nin xeyrinə məcburi tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edirəm ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş 30.01.2018-ci il tarixli, ********* saylı abunə müqaviləsi İddiaçı MMC-nin nümayəndəsi tərəfindən digər tərəfin imzası və möhürü ilə təsdiq edilməsi nəzərdə tutulmuş yerdə imzalanmamış və möhürlənməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-3.2.4-cü maddəsinə görə tələbin əsaslığını təsdiq edən sənədlər ərizədə göstərilməlidir. 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Beləliklə qanunvericiliyin tələbinə uyğun olaraq ərizəyə əlavə edilmiş 30.01.2018-ci il tarixli, ********* saylı abunə müqaviləsi İddiaçı MMC-nin nümayəndəsi tərəfindən imzalanmadığı və möhürlənmədiyi üçün onun həqiqiliyi təsdiq olunmuş hesab olunmur və məhkəmə tərəfindən tələbin əsaslığını təsdiq edən sənəd qismində qəbul edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarına əsasən də, müqavilədə tərəflərin iradə ifadəsi kimi imzaları olmalıdır ki, hazırki iş üzrə ərizəyə əlavə edilmiş 30.01.2018-ci il tarixli, ********* saylı abunə müqaviləsində İddiaçı MMC-nin nümayəndəsinin imzası icra edilməmişdir. Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş 30.01.2018-ci il tarixli, ********* saylı abunə müqaviləsinin oxunaqlı şəkildə olması üçün kompüter vasitəsilə oxunaqlı şiriftlərlə tərtib edilmiş forması həqiqətən 30.01.2018-ci il tarixli, ********* saylı abunə müqaviləsinin surəti olması üçün notatiat qaydasında təsdiqlənməli idi. Lakin həmin sənəd notariat qaydasında təsdiqlənməmişdir. İddiaçının diqqətinə çatdırılır ki, həmin sənəd 30.01.2018-ci il tarixli, ********* saylı abunə müqaviləsinin notariat qaydasında təsdiq olunmuş surəti olmadığından onun məhkəmə tərəfindən yazılı sübut kimi qəbul edilməsi məqsədə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1 və 89.3-cü maddələrinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Ərizəyə əlavə edilmiş sənədlər siyahısında ərizənin cavabdehə çatdırılmasını təsdiq edən sənədin olmadığı da qeyd olunmalıdır. Bununla əlaqədar olaraq qeyd edirəm ki, ərizənin cavabdehə çatdırılmasını təsdiq edən sənədin ərizəyə əlavə edilmiş sənədlər siyahısında olmaması kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtinaya əsas verən hal kimi qeyd olunmasa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.1-cü maddəsində göstərilir ki, ərizə məhkəməyə ümumi qaydada verilir. Bu norma da, ərizənin ümumi qaydada məhkəməyə verilməsinin qeyd olunduğu müddəalara istinad etməyə əsas verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Bununla əlaqədar olaraq, iddiaçıya izah edilir ki, əgər onun tərəfindən həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilərsə, işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmçinin iddiaçıya izah edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Onu da bildirmək istəyirəm ki, ərizəyə əlavə edilmiş 17 aprel 2011-ci il tarixli, www.azerbaijan-news.az adlı internet saytından çap edilmiş 02 ədəd vərəqənin hansı məqsədlə ərizəyə əlavə edildiyi məlum olmamaqdadır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2 və 284- 3.2.4-cü maddəsinə əsasən tələbin əsaslığını təsdiq edən sənədlər ərizədə göstərilməlidir. Ərizəyə əlavə edilmiş 17 aprel 2011-ci il tarixli, www.azerbaijan-news.az adlı internet saytından çap edilmiş 02 ədəd vərəqənin hansı tələbin əsaslığını təsdiq edən sənəd olduğu məlum olmadığı üçün həmin sənəd qəbul edilən hesab olunmur. Yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlirəm ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı abunə və xidmət haqqı borcunun tutulması tələbi barədə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar elektron qaydada göndərilmiş ərizənin qəbul olunmasından imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-269-cu və 284-4-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı abunə və xidmət haqqı borcunun tutulması tələbi barədə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar elektron qaydada göndərilmiş ərizənin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar