Məhkəmə qərarları › İş №e-2-2(123)-40/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-40/2023

06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-40/2023 06.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə 06 mart 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 (min altı yüz) ABŞ dolları və 60 manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin, mediasiya xidmətinin göstərilməsi üçün xərc 150 manat, vəkil orderi 150 AZN xərcin cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində “Azərbaycan X3” MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2019- cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə uyğun olaraq, dəyəri 800 (səkkiz yüz) ABŞ dolları olan SDVC markalı 1 (bir) ədəd soyuducu “Azərbaycan X3” MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verildiyini, istifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilmədiyini, Müqavilənin 2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyəverən” tələb irəli sürdükdə, o, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 (üç) gün ərzində təmin etməli olduğunu, qeyd olunan soyuducunun uzun müddət cavabdehin əvəzsiz istifadəsində olduğunu, iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmadığını, bununla bağlı Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunduğunu, xx.xx.2019-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə xitam verildiyi və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunduğunu, lakin cavabdeh müqavilənin 2.7-ci bəndinə əsasən istifadəyə verilən əmlak “İstifadəçi” tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi halında “İstifadəçi” əmlakın ümumi dəyərinin 2 misli dəyərində “İstifadəyəverən”ə cərimə ödəməli olduğunu, soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyinin cavabdehin diqqətinə çatdırıldığını, pretenziya məktubu ilə cavabdehə müraciət edilməsinə baxmayaraq bugünə qədər Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyini və iddiaçı “Azərbaycan Koka – X4” MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmadığını və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirdiyini, bütün bu halları nəzərə alaraq iddiaçı "xxxx" MMC-nin pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirib, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 442, 445.1, 445.1, 448.1, 732, 736.1 və 736.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə istinad edərək İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2019-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 (min altı yüz) ABŞ dolları və 60 manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin, mediasiya xidmətinin göstərilməsi üçün xərc 150 manat, vəkil orderi 150 AZN xərcin cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş 07 mart 2023-cü il tarixdə tarixdə Naxçıvan MR Kommersiya məhkəməsinin icraatına qəbul edilmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 05 may 2023-cü il tarixdə, saat 0915-də keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil sədrlik edənin təqdim edilmiş materiallarla bağlı izah verməsini təklifinə münasibətdə iddia ərizəsində bütün halları ətraflı qeyd etdiklərini bildirmişdir. İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil 6 iyul 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, tərəflərindən hazırlıq iclasında bütün sübutların təqdim edildiyi bildirib, təqdim etdikləri sübutlar əsasında baxış iclasını keçirib iddialarının təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İş materiallarında əlavə edilmiş: 11 oktyabr 2019-cu il tarixli, 18998 saylı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilədən görünür ki, dəyəri 800 (səkkiz yüz) ABŞ dolları olan SVCD markalı 1 ədəd reklam xarakterli soyuducu “Azərbaycan Koka-Kola Bottlers MMC tərəfindən Cavabdeh əvəzsiz istifadəsinə verilmişdir. Həmin müqavilənin: 1.1 bəndinə əsasən istifadəyə verən özünün istehsal və satışını təşkil etdiyi sərinləşdirici spirtsiz içkilərin və çayların istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş (istifadəyəverənin mülkiyyətində olan) reklam xarakterli soyuducuları (bundan sonra soyuducu) istifadəçiyə əvəzsiz istifadəyə verməyi, istifadəçi isə istifadəyəverənin tələbi ilə bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş avadanlıqları işlək vəziyyətdə geri qaytarmağı öz öhdəsinə götürür. 2.7-ci bəndinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə, istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq 3 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə soyuducunun dəyərinin iki misli həcmində istifadəyə verənə cərimə ödəməlidir. 2.9-cu maddəsinə əsasən istifadəyə verən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 3 gün ərzində istifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu müqavilənin 2.1.2-ci maddənin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda istifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. 3.1-ci maddəsinə əsasən istifadəçi bu müqavilənin şərtlərindən hər hansı birini pozarsa müqaviləyə dərhal xitam verilir və soyuducu istifadəyəverənə qaytarılır. 3.4-cu bəndinə əsasən istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi halları aşkar edildikdə, istifadəçi soyuducunun ümumi dəyərinin 2 misli həcmində istifadəyəverənin nəfinə cərimə ödəyir. 3.6-cı bəndinə əsasən istifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir. 08 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, “Azərbaycan X3” MMC ilə Cavabdeh arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən sərinləşdirici spirtsiz içkilərin soyudulub satılması üçün müvəqqəti olaraq borclunun istifadəsinə 800 (səkkiz yüz) ABŞ dolları olan 1 (bir) ədəd soyuducu verilmişdir. Sözügedən müqavilənin 2.2.7, 3.1 və 3.4-cü maddələrini rəhbər tutaraq “Azərbaycan X3” MMC-nin Cavabdeh tələb etdiyi məbləğ soyuducunun ümumi dəyərinin 2 misli, yəni 1600 (min altı yüz) ABŞ dollardır. Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, “Azərbaycan X3” MMC müqaviləyə bir tərəfli qaydada xitam vermiş və soyuducunun qaytarılmasını cavabdehdən tələb etmişdir. Həmçinin soyuducunun müəyyən edilmiş 3 gün ərzində qaytarılmaması cəmiyyətlərinə məxsus əmlakın qanunsuz olaraq özgəninkiləşdirilməsi (başqasına etibar edilmiş özgə əmlakını geri qaytarmamaq) kimi qiymətləndiriləcəyi və müqavilənin 2.9-cu bəndinə əsasən əmlakın dəyərinin iki misli həcmində cərimənin “Azərbaycan X3” MMC-yə ödənilməsi barədə qanunauyğun tədbirlərin görüləcəyi cavabdehin nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının irəli sürdüyü 1600 ABŞ dollarının iddiaçıya ödənilməsi tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında əvəzsiz istifadə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən cavabdehə aralarında bağlanmış müqaviləyə uyğun olaraq 800 ABŞ dolları dəyərində olan bir ədəd reklam xarakterli soyuducu verilmişdir. Sonradan iddiaçı müqavilənin 3.1-ci bəndinə əsas tutub müqaviləyə xitam verərək 800 ABŞ dolları dəyərində olan bir ədəd reklam xarakterli soyuducunun 3 gün ərzində qaytarılması tələb etmiş və qaytarılmadığı təqdirdə qanunsuz olaraq özgəninkiləşdirilməsi kimi qiymətləndiriləcəyi müqavilənin müvafiq maddəsinə uyğun olaraq əmlakın dəyərənin iki misli həcmində cərimənin ödənilməsi barədə qanunauyğun tədbirlərin görüləcəyi bildirilmişdir. Bununla da müəyyən edilir ki, müqavilənin müvafiq bəndlərinə əsasən hazırkı iş üzrə iddiaçının soyuducunun dəyərinin iki misli həcmində cərimə ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, SDVC (müqavilənin 2.1.1-ci bəndində olan cədvələ əsasən SVCD) markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 (min altı yüz) ABŞ dollarının iddiaçıya ödənilməsi hissəsində iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). İddiaçının mediasiya xidmətinin göstərilməsi üçün 150 manat məbləğində xərci tələb etməsinə münasibətdə məhkəmə qeyd edir ki, bu halın təsdiqi üçün müvafiq sənədlər mövcud deyildir. Belə ki, iş materiallarında mediasiya xidmətinin göstərilməsi üçün 150 manat məbləğində xərcin çəkilməsini təsdiq edən sənəd müəyyən edilməmişdir. Bu səbəbdən də iddia mediasiya xidmətinin göstərilməsi üçün 150 manatın iddiaçıya ödənilməsi hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Vəkil orderi üçün ödənilmiş 150 AZN xərcin iddiaçıya ödənilməsinə münasibətdə isə məhkəmə bildirir ki, vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini məhkəmə qərar alarkən vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesabı nəzərə alır. Bu səbəbdən də hazırkı iş üzrə vəkil orderi üçün 150 AZN xərcin çəkilməsi ilə bağlı müvafiq sənəd (hesabdan çıxarış) məhkəməyə təqdim edilmədiyindən iddia bu hissədə təmin edilməməsi qənaətindədir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə görə isə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qanunun qeyd edilən müddəasının məzmunundan belə məlum olur ki, Cavabdeh hazırkı tələb üzrə ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və mediasiya prosesi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, iddiaçının ödədiyi 60 manat məbləğində İMS xərci cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırkı iddia tələbi ilə bağlı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumun məbləği 47,20 (qırx yeddi manat iyirmi qəpik) manat təşkil edir. Lakin iddiaçı 60 manat məbləğində mediasiya xərci ödədiyindən və ödənilmiş mediasiya xərci ödənilməli olan dövlət rüsumunu əhatə etdiyindən iddiaçı (mediasiya xərclərini ödəmiş tərəf) qanuna uyğun olaraq dövlət rüsumundan azad edilmişdir. Beləliklə iddiaçı dövlət rüsumundan azad edildiyindən MPM-nin 119.2-ci maddəsinə uyğun olaraq iddiaçının ödəməkdən azad edildiyi 47,20 (qırx yeddi manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 60 manat pul məbləği Cavabdeh alınıb İddiaçı MMC-yə ödənilməli, iddiaçının ödəməkdən azad edildiyi 47,20 (qırx yeddi manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1600 (iki min üç yüz doxsan üç dollar iki sent) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq İddiaçı MMC-yə ödənilsin. Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 60 manat pul məbləği Cavabdeh alınıb İddiaçı MMC-yə ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 47,20 (qırx yeddi manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar