Məhkəmə qərarları › İş №e-2-2(123)-414/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-414/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-414/2024 19.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı MMC 09 iyul 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 4202 (dörd min iki yüz iki) manat 22 (iyirmi iki) qəpik məbləğində əsas borcun, 62 (altmış iki) manat, 03 (üç) qəpik ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC ərizəsində Cavabdeh ilə İddiaçı arasında bağlanmış 17 sentyabr 2021- ci il tarixli, 102 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan S pesifikasiya aktında adları qeyd olunan malları “Satıcının” satmağı, “Alıcının” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürdüyünü, müqavilənin 9.1-ci bəndinə əsasən, bu müqavilənin bağlandığı andan qüvvəyə mindiyini və bir il müddətinə qüvvədə olduğunu, müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilənin eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edildiyini, müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan malların vaxtında və tam şəkildə ona təhvil verildiyini, müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmənin bank köçürməsi və ya nağd hesablaşma yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirildiyini, lakin alıcının müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəmədiyini, xx.xx.2022-ci il tarixdə borcun dəqiqləşdirilməsi və etirafı məqsədilə, tərəflərin iştirakı ilə tərtib olunaraq ikitərəfli qaydada imzalanmış üzləşdirmə aktına əsasən, Cavabdeh İddiaçı MMC-ə 4202 (dörd min iki yüz iki) manat 22 (iyirmi iki) qəpik məbləğində qalıq borcunun olduğunun müəyyən edildiyini, müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə tərəflərindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edildiyini, eyni zamanda AR Mülki prosessual qanunvericiliyinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə pretenziya məktubunun cavabdehin elektron kabinetinə yerləşdirildiyini, beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdehin öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirmədiyini, belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəmədiyini və nəticədə İddiaçı MMC-ə 4202 (dörd min iki yüz iki) manat 22 (iyirmi iki) qəpik məbləğində icra olunmamış borc öhdəliyinin qaldığını bildirərək ərizəsini əsaslandırmış və ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 448, 600-cü maddələrinə istinad etmişdir. Məhkəmə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2024-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: 17 sentyabr 2021-ci il tarixli, 102 saylı alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə İddiaçı MMC-nin (bundan sonra “Satıcı” adlanacaq) direktoru X1 şəxsində bir tərəfdən və Cavabdeh (bundan sonra “Alıcı” adlanacaq) şəxsində digər tərəfdən bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (Müqaviləyə 1 saylı Əlavə) Spesifikasiyada adları göstərilən Malları Satıcıya satmağı, Alıcı isə onu qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən Malların miqdarının ölçü vahidi, Malların çeşidi, Müqavilənin ayrılmaz hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) Spesifikasiyada göstərilir. 4.2-ci bəndinə əsasən Malların Alıcıya təhvil verilməsi üzləşdirmə aktı, qaimə-faktura və ya elektron qaimə-faktura ilə təsdiq edilir. Bu sənədlərin hər biri ayrı-ayrılıqda bərabər hüquqi qüvvəyə malikdir. Malların təhvil təslimi ilə bağlı qeyd olunan sənədlərdən hər hansı birinin mövcudluğu Satıcının təhvil-təslim öhdəliyinin icrasını təsdiq edir. 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nəğd hesablaşma (ödəniş) yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. xx.xx.2022-ci il tarixli “Təhvil-təslim və üzləşdirmə aktı”ndan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 4202,22 (dörd min iki yüz iki) manat məbləğində qalıq borcu mövcuddur. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək qeyd edir ki, ərizəyə əlavə olunmuş 17 sentyabr 2021-ci il tarixli, 102 saylı alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə görə üzləşdirmə aktı ilə malların alıcıya təhvil verilməsi təsdiq edildiyindən satıcının müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməsi işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh elektron məktub ünvanlanaraq 4202,22 manat məbləğində borcun 10 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə pozulmuş hüquqlarının bərpası, əsas borcun və əlavə olaraq əldən çıxmış faydaya görə gecikdirilən hər gün üçün ümumi borcun 0.1% miqdarında cərimə məbləğinin (tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə müvafiq olaraq) ödənilməsi məqsədilə lazımi instansiyalara müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə borclunun öhdəliyin icrasını pozduğunu müşayiət etdiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Həmçinin, iş materiallarına sübut qismində əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Təhvil-Təslim və Üzləşdirmə Akt”ı ilə Cavabdeh İddiaçı MMC-yə 4202,22 (dörd min iki yüz iki) manat məbləğində qalıq borcunun olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, e-2-2(123)-414/2024 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə ərizəsi təmin edilərək, Cavabdeh yaranmış 4202 (dörd min iki yüz iki) manat 22 (iyirmi iki) qəpik məbləğində əsas borcun, 62 (altmış iki) manat, 02 (iki) qəpik ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1% olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 4202 (dörd min iki yüz iki) manat 22 (iyirmi iki) qəpik təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 62 (altmış iki) manat, 02 (iki) qəpik olaraq müəyyən edilir (30 + 3202,22-in 1%-i = 30 + 32,02 = 62,02). İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, ********** saylı qəbzlə ödənilmiş 62 (altmış iki) manat, 03 (üç) qəpik məbləğində dövlət rüsumunun 62 (altmış iki) manat, 02 (iki) qəpik məbləğində hissəsinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qanunamüvafiqdir. Eyni zamanda, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, ********** saylı qəbzlə ödənilmiş 62 (altmış iki) manat, 03 (üç) qəpik məbləğində dövlət rüsumunun artıq ödənilmiş 0 (sıfır) manat, 01 (bir) qəpik məbləğində hissəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.1-ci maddələrinə müvafiq olaraq qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 284-6, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. 4202 (dörd min iki yüz iki) manat 22 (iyirmi iki) qəpik məbləğində əsas borc Cavabdeh(VÖEN: **********) tutularaq İddiaçı MMC-yə (VÖEN: **********) ödənilsin. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq 62 (altmış iki) manat, 02 (iki) qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. xx.xx.2024-cü il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, ********** saylı qəbzlə ödənilmiş 62 (altmış iki) manat, 03 (üç) qəpik məbləğində dövlət rüsumunun artıq ödənilmiş 0 (sıfır) manat, 01 (bir) qəpik məbləğində hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaların”da uyğun olaraq İddiaçı MMC-yə geri qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar