Məhkəmə qərarları › İş №e-2-2(123)-415/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-415/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-415/2024 19.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı MMC 11 iyul 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1880,60 (bir min səkkiz yüz səksən manat altmış qəpik) manat əsas borcun, 5897,66 (beş min səkkiz yüz doxsan yeddi manat altmış altı qəpik) manat dəbbə pulunun və 98 (doxsan səkkiz) manat dövlət rüsumunun, ümumilikdə isə 7876,26 (yeddi min səkkiz yüz yetmiş altı manat iyirmi altı qəpik) manat məbləğin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC ərizəsində İddiaçı MMC ilə Cavabdeh arasında “Malların alqı-satqı qaydaları haqqında” 22 may 2022-ci il tarixli, 500-İ/22-S nömrəli müqavilə bağlandığını, bağlanmış müqavilənin 2.4-cü maddəsinə əsasən “Alıcı”-ya faktura təqdim olunan gündən hesablanmaqla, 30 (otuz) təqvim günü müddətinə faktura üzrə göstərilən ümumi məbləğin nağdsız qaydada və tam şəkildə “Satıcı”-nın xeyrinə ödənilməli olduğunu, cavabdeh şəxs Cavabdeh sözügedən müqavilə öhdəliklərini yerinə yetirmədiyini, belə ki, İddiaçı MMC tərəfindən tərtib edilmiş EBBY seriyalı, 945464 nömrəli, EBCJ seriyalı, 205028 nömrəli və EBCC seriyalı, 112169 nömrəli elektron qaimələrdən də cavabdeh şəxsin faktiki olaraq cəmiyyətlərinə 1880,60 (bir min səkkiz yüz səksən manat altmış qəpik) manat borcunun yarandığının göründüyünü, borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdeh şəxs Cavabdeh tərəflərindən pretenziya məktubu göndərildiyini lakin, cavabdeh şəxsin göndərilmiş pretenziya məktubunu xx.xx.2024-cü il tarixində alsa da, edilmiş xəbərdarlığa heç bir məhəl qoymadığını, cavabdeh şəxslə aralarında bağlanmış 22 may 2022-ci il tarixli, 500-İ/22-S nömrəli müqavilənin 2.5-ci maddəsinə əsasən “Alıcı” tərəfindən təhvil alınan mal(ların) dəyərini bu müqavilənin 2.4-cü bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün mal(ların) dəyərinin ödənilməmiş qalığının 0,5% həcmində peniya ödəyir” ifadəsinin qeyd olunduğunu, cavabdeh şəxsin EBBY seriyalı, 945464 nömrəli qaimə üzrə 711 gecikdirilmiş gün üçün ödənilməli dəbbə pulunun 1905,48 (bir min doqquz yüz beş manat qırx səkkiz qəpik) manat, EBCJ seriyalı, 205028 nömrəli qaimə üzrə gecikdirilmiş 571 gün üçün ödənilməli dəbbə pulunun 2855 (iki səkkiz yüz əlli beş) manat və EBCC seriyalı, 112169 nömrəli qaimə üzrə gecikdirilmiş 660 gün üçün ödənilməli dəbbə pulunun 1137,18 (bir min yüz otuz yeddi manat, on səkkiz qəpik) manat təşkil etdiyini, yuxarıda qeyd olunan qaimələr üzrə əsas borcunu və dəbbə pulunu nəzərə alsa, hazırda Cavabdeh İddiaçıMMC-yə 7778,26 (yeddi min yeddi yüz yetmiş səkkiz manat iyirmi altı qəpik) manat borcunun olduğunu bildirərək ərizəsini əsaslandırmış və ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 443 və 448-ci maddələrinə istinad etmişdir. Məhkəmə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2024-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: 22 may 2022-ci il tarixli, 500-İ/22-S saylı malların alqı-satqı qaydaları haqqında müqavilədən görünür ki, bu müqavilə bir tərəfdən “Satıcı” adlandırılacaq hüquqi şəxs İddiaçı MMC-nin nizamnaməsi əsasında fəaliyyət göstərən baş direktoru X2 şəxsində təmsil olunan və digər tərəfdən “Alıcı” adlandırılacaq Cavabdeh (X1) şəxsində təmsil olunan “Tərəflər” arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən hazırkı “Müqavilə” “Tərəflər” arasında imzalanaraq təsdiqləndiyi, hüquqi şəxs olduqda möhürləndiyi (bundan sonraq “Təsdiqlədiyi”) andan etibarən qüvvəyə minir. 1.2-ci bəndinə əsasən bu “Müqavilə” üzrə tərtib olunmuş qaimə-fakturalar, elektron-qaimələr, qiymət razılaşma protokolları və əlavələr ( bundan sonra “Əlavələr” adlandırılacaq) “Müqavilə”nin ayrılmaz tərkib hissəsini təşkil edir. 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən “Tərəflər”in “Müqavilə”ni “Təsdiqlədiyi” andan etibarən “Satıcı” rəsmi distribütörü olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli, spirtsiz içkilər və s. məhsulları, (bundan sonra “Mallar”) “Alıcı”-nın sifarişlərinə əsasən, qaimə-faktura, təhvil-qəbul aktı və ( və ya ) elektron- qaimə (bundan sonra “Faktura”) əsasında “Alıcı”ya satmağı öz öhdəsinə götürür. 2.4-cü bəndinə əsasən “Alıcı”ya “Faktura” təqdim olunan gündən hesablanmaqla, 30 (otuz) təqvim günü müddətinə “Faktura” üzrə göstərilən ümumi məbləği nağdsız qaydada və tam şəkildə “Satıcı”nın xeyrinə ödənilməlidir. 2.5-ci bəndinə əsasən “Müqavilə”nin 2.4-cü bəndinin tələbləri pozulduqda , ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,5% (sıfır tam onda beş) faiz həcmində peniya ödəyir. xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 945464 saylı “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”dan görünür ki, İddiaçı MMC Cavabdeh 536,00 manat məbləğində malı təhvil vermişdir. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 112169 saylı “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”dan görünür ki, İddiaçı MMC Cavabdeh 344,60 manat məbləğində malı təhvil vermişdir. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 205028 saylı “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”dan görünür ki, İddiaçı MMC Cavabdeh 1000,00 manat məbləğində malı təhvil vermişdir. 08 iyul 2024-cü il tarixli, 001-N/28 saylı “maliyyə arayışı”ndan görünür ki, Cavabdeh İddiaçı MMCyə 08 iyul 2024-cü il tarixinə 1880,60 (bir min səkkiz yüz səksən manat altmış qəpik) manat əsas borcu, 5897,66 (beş min səkkiz yüz doxsan yeddi manat altmış altı qəpik) manat müqavilə üzrə hesablanmış penya olmaqla cəmi 7778,26 (yeddi min yeddi yüz yetmiş səkkiz manat iyirmi altı qəpik) manat borcu vardır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək qeyd edir ki, ərizəyə əlavə olunmuş 22 may 2022-ci il tarixli, 500-İ/22-S saylı malların alqı-satqı qaydaları haqqında müqavilənin 2.1-ci bəndinə görə 03 ədəd “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura” ilə malların alıcıya təhvil verilməsi təsdiq edildiyindən satıcının müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməsi işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh elektron məktub ünvanlanaraq 1880,60 manat məbləğində borcun 5 gün ərzində ödənilməsi təklif olunmuş, qeyd edilən müddət ərzində borcu ödəmədiyi təqdirdə, həmin borc məbləğinin və digər ödənişlərin məcburi qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə borclunun öhdəliyin icrasını pozduğunu müşayiət etdiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, e-2-2(123)-415/2024 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Penya (dəbbə pulu, cərimə) üzrə ödənilməli olan 5897,66 (beş min səkkiz yüz doxsan yeddi manat altmış altı qəpik) manat məbləğinə münasibətdə məhkəmə bildirir ki, malların alqı-satqı qaydaları haqqında müqavilənin 2.5-ci bəndində “Müqavilə”nin 2.4-cü bəndinin tələbləri pozulduqda , ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,5% (sıfır tam onda beş) faiz həcmində penya ödəməyə borclu olduğunun qeyd edildiyini, belə olduğu halda iddiaçının dəbbə pulunun ödənilməsi tələbi hissəsində qismən haqlı olduğunu bildirib, eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmənin işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda biləcəyini, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alındığını qeyd edərək 5897,66 (beş min səkkiz yüz doxsan yeddi manat altmış altı qəpik) manat məbləğində cərimənin ödənilməsi hissəsində iddia tələbinin qismən təmin edilməsini mümkün hesab edib, nəticədə, dəbbə pulunun azaldılaraq 112,84 (bir yüz on iki manat, səksən dörd qəpik) manat məbləğində cavabdehdən alınıb iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab etməkdədir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə ərizəsi qismən təmin edilərək, Cavabdeh 1880,60 (bir min səkkiz yüz səksən manat altmış qəpik) manat əsas borcun, 112,84 (bir yüz on iki manat, səksən dörd qəpik) manat dəbbə pulunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qənaətindədir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsində belə qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh 1880,60 (bir min səkkiz yüz səksən manat altmış qəpik) manat əsas borcun, 5897,66 (beş min səkkiz yüz doxsan yeddi manat altmış altı qəpik) manat dəbbə pulunun və 98 (doxsan səkkiz) manat dövlət rüsumunun, ümumilikdə isə 7876,26 (yeddi min səkkiz yüz yetmiş altı manat iyirmi altı qəpik) manat məbləğin tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə tələbi qismən əsaslı hesab edilərək, iddia qismən təmin edilməli, belə ki, iddia tələbində qeyd olunan 5897,66 (beş min səkkiz yüz doxsan yeddi manat altmış altı qəpik) manat dəbbə pulu məhkəmə tərəfindən azaldılaraq 112,84 (bir yüz on iki manat, səksən dörd qəpik) manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 112.2-ci maddəsinə əsasən iddia qiymətinə həm də iddia ərizəsində göstərilən dəbbə pulu (cərimələr, penyalar) da daxil edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1% olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 7778,26 manat (1880,60+5897,66) təşkil etdiyindən həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 97,78 (doxsan yeddi manat, yetmiş səkkiz qəpik) manat olaraq müəyyən edilir (30 + 6778,26-ın 1%-i = 30 + 67,78 = 97,78). İddia qismən təmin edildiyindən qanunvericiliyə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 97,78 (doxsan yeddi manat, yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun 25,63%-nin, yəni 25,06 (iyirmi beş manat altı qəpik) manat məbləğində hissəsinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qanunamüvafiqdir. Həmçinin qanunvericiliyə əsasən iddia tələbinin təmin edilməmiş hissəsinə uyğun olaraq 97,78 (doxsan yeddi manat, yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun qalan hissəsinin, (97,78-25,06=72,72) yəni 72,72 (yetmiş iki manat yetmiş iki qəpik) manat məbləğində hissəsinin iddiaçıya aid edilməsi qanunamüvafiqdir. Eyni zamanda, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, **********35 saylı qəbzlə ödənilmiş 98,00 (doxsan səkkiz) manat dövlət rüsumunun artıq ödənilmiş 0.22, (iyirmi iki qəpik) manat məbləğində hissəsi İddiaçı MMC-yə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.1-ci maddələrinə müvafiq olaraq qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Beləliklə məhkəmə bildirir ki, iddia qismən təmin edilməli, 1880,60 (bir min səkkiz yüz səksən manat altmış qəpik) manat əsas borc, 112,84 (bir yüz on iki manat, səksən dörd qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 1993,44 (bir min doqquz yüz doxsan üç manat qırx dörd qəpik) manat pul və 25,06 (iyirmi beş manat altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya ödənilməli, 72,72 (yetmiş iki manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli və artıq ödənilmiş 0.22 (iyirmi iki qəpik) manat, məbləğində dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 284-6, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. 1880,60 (bir min səkkiz yüz səksən manat altmış qəpik) manat əsas borc, 112,84 (bir yüz on iki manat, səksən dörd qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 1993,44 (bir min doqquz yüz doxsan üç manat qırx dörd qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə (VÖEN: **********) ödənilsin. İddia qismən təmin edildiyindən qanunvericiliyə uyğun olaraq 25,06 (iyirmi beş manat altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı MMC-yə ödənilsin.Qalan 72,72 (yetmiş iki manat yetmiş iki qəpik) manat məbləğində hissəsinin iddiaçıya aid edilsin. xx.xx.2024-cü il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, **********35 saylı qəbzlə ödənilmiş 98,00 (doxsan səkkiz) manat məbləğində dövlət rüsumunun artıq ödənilmiş 0.22 (iyirmi iki qəpik) manat məbləğində hissəsi “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına uyğun olaraq İddiaçı MMC-yə geri qaytarılsın. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar