Məhkəmə qərarları › İş №e-2-2(123)-42/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-42/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-42/2023 15.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı Cavabdeh qarşı soyuducu və pul tələbi barədə məhkəməyə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə 13 mart 2023-cü il tarixdə elektron qaydada kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə satıcı tərəfindən malların təhvil-qəbul aktı üzrə qalıq borc 391,79 (üç yüz doxsan bir manat 79 qəpik) AZN ödənilməmiş pul məbləğində əsas borcun və ödənilmiş 60 manat mediasiya rüsumunun olmaqla, ümumilikdə 451,79 (dörd yüz əlli bir manat 79 qəpik) manat məbləğin cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.2 və 284-3.2.3-cü maddələrinin tələblərinə əsasən, ərizədə iddiaçının tələbi və onun əsaslandığı hallar göstərilməlidir. MPM-in 284-3.2 və 284-3.2.4-cü maddələrinin tələblərinə əsasən ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar göstərilməlidir. Məhkəmə tərəfindən kiçik iddialara dair işlər üzrə ərizənin məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsi Mülki Prosessual Qanunvericiliklə müəyyən olunmuş məzmunun tələblərinə riayət edilməməklə məhkəməyə ünvanlanmışdır. Belə ki, iddia ərizəsində iddiaçının tələbi “məhsulların alqı-satqısı” müqaviləsi ilə əlaqədar malların təhvil-qəbul aktı üzrə qalıq borc məbləği ilə bağlı olduğu və ərizə məhkəməyə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsi qismində verildiyi halda, həmin ərizənin nəticə hissəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin əmr icraatı ilə bağlı məsələləri tənzimləyən 275-281-ci maddələri rəhbər tutulmuşdur. İddiaçının diqqətinə çatdırılır ki, tələbin hüquqi əsası dedikdə, bir tərəfin maraqları naminə fiziki və hüquqi şəxslər barəsində məcburetmə tədbirləri həyata keçirməyə səlahiyyət verən, həmçinin bir tərəfin digər tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verən hüquq norması başa düşülür. Yəni, iddiaçı iddia ərizəsində cavabdehdən nə tələb etməsilə yanaşı, həmin tələbin nəyə əsaslandırdığını da elə bir şəkildə göstərməlidir ki, iddia tələbi ilə onun hüquqi nəticəsi, yəni qanuni əsası üst-üstə düşməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, iddiaçının tələbinin əsaslandığı halların faktiki əsası göstərilsə də, qanuni əsasına düzgün hüquq normaları tətbiq edilməyərək, iddia tələbi ilə onun hüquqi əsasında uyğunsuzluq yaranmış və nəticədə ərizənin məzmununa dair qanunvericiliklə müəyyən edilmiş tələbə riayət olunmamışdır. Həmçinin, iddiaçı tərəfindən elektron qaydada tədim edilmiş kiçik iddialara dair işlər üzrə ərizədə sübut qismində təqdim edilən sənəd kimi malların təhvil-qəbul aktı göstərilsə də, həmin sənədlər oxunaqlı vəziyyətdə olmadığından tələbin əsaslığını təsdiq edən sənədlər qismində nəzərə alınmır. Bununla bağlı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2-ci maddəsinə əsasən Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 89.3-cü maddəsinə əsasən Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əlavə olaraq məhkəmə iddiaçının diqqətinə çatdırır ki, X1 əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi oxunaqsız formada məhkəməyə təqdim edilmişdir. MPM-nin 284-3.4-cü maddəsinə əsasən, ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Hazırkı vəziyyətdə iddia ərizəsinin məzmununda imza edən şəxs kimi "xxxx" MMCnin Hüquq departamenti rəhbəri Toğrul Vəliyev göstərilmiş, lakin ərizə iddiaçı təşkilatın qanuni nümayəndəsi qismində Qanuni nümayəndə tərəfindən elektron imza ilə imzalanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.4-cü maddəsinə müvafiq olaraq, Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlərdir. Həmin qanunun 1.1.1-ci maddəsinə əsasən Verilənlər - informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiyadır. Qeyd olunan qanunun müddəalarından aydın olur ki, elektron imzanın mahiyyəti informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiyalara, hal-hazırda iddia ərizəsinin məzmununa əlavə edilməklə yaxud məntiqi əlaqəli olmaqla məhz imza sahibini identikləşdirməyə imkan verməsində ifadə olunur. İddia ərizəsinə əlavə edilmiş elektron imza ərizədə "xxxx" MMC-nin Hüquq departamenti rəhbəri kimi adı qeyd olunmuş Toğrul Vəliyevi deyil, Qanuni nümayəndə identikləşdirməyə imkan verməklə eyni zamanda ərizənin məzmununun məntiqi nəticəsi olaraq görünməməkdədir. Bundan başqa, MPM-in 150.1-ci və 150.1.2-ci maddələrinin tələblərinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 150.1-ci və 150.1.7-ci maddələrinin tələblərinə əsasən “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir.Hazırki vəziyyətdə, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmiş, həmçinin ödəniş rüsumundan azad olduğu əks etdirilmişdir. Ərizəyə əlavə edilən sənədlərin siyahısında isə tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməsini təsdiq edən sənəd qismində tərəflər arasında bağlanılan T-322/2022 №-li barışıq sazişi əlavə edilmiş, eyni zamanda iddia ərizəsində ilkin mediasiya sessiyası üçün nəzərdə tutulan 60 AZN mediasiya xərcinin iddiaçı tərəfindən onlayn qaydada ödənildiyi qeyd olunmuş, mediasiya xərcinin ödənilməsini təsdiqi kimi 17 may 2022-ci il tarixdə, plastik kart hesabı *4553, məbləğin köçürüldüyü kartın nömrəsi isə **********771855 olan kart hesabına köçürülməni əks etdirən sənəd təqdim edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, elektron qaydada təqdim edilən T-322/2022 №-li barışıq sazişi cavabdeh tərəf və mediator tərəfindən imzalanmadığından, o cümlədən möhürlə təsdiq olunmadığından mediasiya sessiyasında iştirak edilməsini təsdiq edən sənəd kimi əsas götürülə bilməz. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinə əsasən mediasiya xərcləri dedikdə, mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat nəzərdə tutulur. İddiaçı tərəfindən onlayn qaydada mediasiya xərcinin ödənilməsini təsdiq edən sənəd kimi təqdim olunan çıxarış, qanunvericiliklə müəyyən edilmiş rekvizitlərə malik olan mədaxil qəbzi formasında təqdim edilmədiyindən və beləliklə həmin sənəddən onun mediasiya xərcinin ödənilməsini müəyyən etməsi görünmədiyindən mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı mediasiya xərcinin ödənilməsini təsdiq edən sənəd kimi əsas götürülə bilməz. Eyni zamanda iddiaçı ərizədə dövlət rüsumunun ödənilməsi ilə bağlı onu qeyd etmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu həmin hissədə ödəməkdən azaddır. Bununla bağlı olaraq iddiaçının diqqətinə çatdırılır ki, onlayn qaydada mediasiya xərcinin ödənilməsi ilə əlaqədar elektron qaydada təqdim edilmiş çıxarış, məhkəmə tərəfindən mediasiya xərcinin ödənilməsini təsdiq edən sənəd qismində nəzərə alınmadığından, iddiaçı tərəf qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməli və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizə ilə birlikdə elektron qaydada məhkəməyə təqdim edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.1.1-ci maddəsinə əsasən dövlət rüsumunun məbləği qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat təşkil edir. İddia ərizəsində iddiaçının tələbi isə əsas borc üzrə 391,79 (üç yüz doxsan bir manat 79 qəpik) olduğundan, 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 284-3-cü və 284-3.5-ci maddələrinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. 152.1-ci və 152.1.5-ci maddələrinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 13 mart 2023-cü il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinə elektron qaydada daxil olmuş, İddiaçı Cavabdeh qarşı soyuducu və pul tələbi barədə məhkəməyə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı soyuducu və pul tələbi barədə məhkəməyə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar