Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-426/2025 16.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar elektron qaydada göndərilmiş ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı 15 sentyabr 2025-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında imzalanmış 11 dekabr 2024-cü il tarixli 2197 saylı müqaviləyə əsasən yaranmış 766.36 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Odubad rayon Təhsil Şöbəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilən sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Belə ki, ərizəyə əlavə edilmiş 11 dekabr 2024-cü il tarixli, 2197 saylı “satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan” müqavilə onu bağlayan şəxslər tərəfindən adları göstərilməklə imzalanmamış, möhürlənməmiş və tarix qeyd olunmamışdır. Həmçinin, həmin müqavilənin 1 nömrəli cədvəlində və 2 nömrəli cədvəlində imzalayacaq olan tərəflərin adları göstərilməmiş, imzalanmamış, möhürlənməmiş və tarix qeyd olunmamışdır. Odur ki, qanunvericiliyin tələbinə uyğun olaraq ərizəyə əlavə edilmiş 11 dekabr 2024-cü il tarixli, 2197 saylı “satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan” müqavilə, həmin müqavilənin 1 nömrəli cədvəli və 2 nömrəli cədvəli onu bağlayan şəxslər tərəfindən imzalanmadığı və möhürlənmədiyi üçün onun həqiqiliyi təsdiq olunmuş hesab olunmur və məhkəmə tərəfindən tələbin əsaslığını təsdiq edən sənəd qismində qəbul edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2 və 149.2.3-cü maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Əlavə olaraq məhkəmə bildirir ki, iddiaçı tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış ərizədə sübutların siyahısının olmaması kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtinaya əsas verən hal kimi qeyd olunmasa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.1-cü maddəsində göstərilir ki, ərizə məhkəməyə ümumi qaydada verilir. Bu norma ərizənin ümumi qaydada məhkəməyə verilməsinin qeyd olunduğu müddəalara istinad etməyə əsas verir. Bununla əlaqədar olaraq, iddiaçıya izah edilir ki, əgər onun tərəfindən həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilərsə, iddiaçı tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsində qeyd etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 284-4.1-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar elektron qaydada göndərilmiş ərizənin qəbul olunmasından imtina edilməli, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** nömrəli qəbz ilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1.2 və 4.1- ci maddələr) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-cı və 284-4-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar elektron qaydada göndərilmiş ərizənin qəbul olunmasından imtina edilsin. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** nömrəli qəbz ilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu qərardaddan şikayət verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-426/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-426/2025
16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver