Məhkəmə qərarları › İş №e-2-2(123)-429/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-429/2025

16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-429/2025 16.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X6 qarşı alqı-satqı müqaviləsindən yaranmış borc məbləğinin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı 15 sentyabr 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X4 1131,28 manat əsas borc və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 32 manat dövlət rüsumu məbləğinin alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı ilə (bundan sonra “İddiaçı”) X9 arasında (bundan sonra “Cavabdeh”) bağlanmış xx.xx.2022-cü il tarixli, 16054 nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, Satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcının sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürdüyünü, təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən tam şəkildə ona təhvil verildiyini, lakin cavabdehin müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə ki, X5 İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəmədiyini və nəticədə Cəmiyyətə 1131,28 (bir min bir yüz otuz bir) manat 28 qəpik məbləğində qalıq borcu qaldığını, borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdehin qalıq borcun ödənilməsini təmin etmədiyini, həmçinin AR MPM-nin tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə sonuncu dəfə xx.xx.2025-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının (Dövlət Vergi Xidməti – onlayn kargüzarlıq) elektron kabineti vasitəsilə pretenziya (xəbərdarlıq) məktubunun göndərildiyini, lakin münasibətlərin qaydaya salınması və qalıq borcun ödənilməsi məqsədilə cavabdeh tərəfindən heç bir addım atılmadığını qeyd etməklə ərizəsini əsaslandırmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 21.2-ci, 385.1-ci, 425.1-ci, 442-ci, 445.1-ci, 445.2.1-ci və 448.1-ci maddələrinə Azərbaycan Rеspublikası Mülki Prоsеssual Məcəlləsinin 4-cü maddəsinə istinad etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-429/2025 nömrəli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 01 dekabr 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 İddiaçı ilə X9 arasında 07 mart 2022-ci il tarixində alqı-satqı müqaviləsinin bağlandığını, müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən sifariş olunan malların şirkət tərəfindən tam tədarük edildiyini, cavabdehin işlətdiyi sahibkarlıq subyektinin adının qeyd olunduğunu, həmin sahibkarlıq subyektinin adının “Kaman” restoranı olduğunu, iddiaçı tərəfindən təqdim edilən sənədlərdən ümumilikdə 20 sifarişin olduğunun göründüyünü, 2022ci ildə 13 dəfə, 2023-cü ildə 7 dəfə sifariş olduğunu, həmin malların təqdim olunmuş təhviltəslim aktlarına əsasən cavabdehə təqdim olunduğunu, malların alqı-satqısından sonra qalıq borc müəyyənləşdirildiyini, cavabdehdən tələb olunsa da, borcun ödənilməsinin təmin edilmədiyini, yalnız məhkəməyə müraciət etdikdən sonra cavabdehin atası Həsənov Əlinin müəssisəyə yaxınlaşıb borcun nə ilə bağlı olduğunu maraqlandığını, ödənişlərin necə aparıla biləcəyini soruşduğunu, ona müvafiq prosedurların izah edildiyini, ancaq heç bir ödənişin daxil olmadığını bildirmişdir. İddiaçın nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 16 dekabr 2025-ci il tarixə, saat 14:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X9 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 07 mart 2022-ci il tarixli 16054 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı səlahiyyətli nümayəndəsi X3 ilə alıcı “Kaman” restoran (X9) arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləsnin: 2.1-ci bəndinə əsasən bu Müqaviləni imzalamaqla tərəflər aşağıdakılar barədə razılığa gəlirlər:

1. Alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda qida və qeyri-qida məhsullarını (bundan sonra “mallar”) qiymətlər cədvəlinə uyğun olaraq vaxtaşırı satıcıdan sifariş edəcək.

2. Satıcı sifariş edilmiş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış çeşiddə, keyfiyyətdə, miqdarda və assortimenttə alıcıya təhvil verəcək.

3. Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini satıcıya Müqavilədə (Müqavilənin müvafiq Əlavələri də daxil olmaqla) göstərilən qaydada ödəyəcək.

4. Malların faktura məbləği satıcıya tam ödənilənə qədər malların mülkiyyət hüququ satıcıya məxsus olaraq qalır. 3.3-cü bəndinə əsasən, alıcının sifarişi bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Sifariş hər bir mağazanın və ya satış şəbəkəsinin məsul şəxsi və ya sifarişlər üzrə meneceri və ya alıcıya məxsus eyniləşdirmə kodu və ya şifrə vasitəsilə alıcıya təqdim etdiyi istənilən şəxs tərəfindən bu Müqavilədə nəzərdə tutulan formada və ya üsullla verilir. Sifarişin çatdırılmasına 72 (yetmiş iki) saat qaldıqda alıcı tərəfindən sifariş ləğv edilə bilməz. 3.6-cı bəndinə əsasən alıcı malları qəbul etdikdən, qaimə-faktura və digər sənədləri əldə etdikdən sonra onların hər bir nüsxəsini imzalayacaq, onların bir nüsxəsini özündə saxlamalı, digər nüsxəsini isə satıcıya təhvil verməlidir. 8.1-ci bəndinə əsasən alıcı bu Müqaviləyə uyğun olaraq satıcı tərəfindən təhvil verilən malların dəyərini Müqavilənin digər şərtləri nəzərə alınmaqla, aşağıdakı qaydada ödəməlidir:

1. “Alıcı”ya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən 21 gündən artıq ola bilməz. Ödəniş 21 gün ərzində aparılmadığı halda malın dəyəri bu Müqavilənin 7.10-cu bəndinə göstərilən qaydada hesablanmaqla satıcıya ödənəcəkdir.

2. Alıcı satıcıdan ilk dəfə mal aldıqda ödəniş ilk dəfə üçün qabaqcadan müəyyən edilmiş ödəniş qaydası formasında həyata keçirilməlidir. Növbəti ödənişlər üçün hazırkı Müqavilənin 8.1-ci bəndi əsas götürüləcəkdir.

3. Tərəflər əlavə razılaşma imzalamaqla ayrı ödəniş qaydası müəyyən edə bilərlər. 8.4-cü bəndinə əsasən satıcı qiymətləri birtərəfli qaydada artıra bilər. Əgər qiymətlərdə artım baş verərəsə, satıcı bu barədə alıcıya artımın baş verəcəyi planlaşdırılan gündən ən azı 10 (on) gün əvvəl yazılı və ya şifahi məlumat verməlidir. Alıcı qiymət artımı ona bildirildikdən sonra qiymət artımı baş vermiş malları yeni qiymətlərlə sifariş verməlidir. 8.7-ci bədninə əsasən alıcı ödənişlərini satıcı ödənişləri (Xidmətlər üçün ödənişlər də daxil olmaqla, satıcının bu müqaviləyə uyğun olaraq alıcıya ödəməli olduğu hər hansısa ödənişlər, həmçinin mallarda enidirmlər, qiymətdə azalmalar,güzəşlər və s kimi məbləğlər) ilə əvəzləşdirməyə yalnız tərəflərin razılığı ilə yol verilir. 8.8-ci bəndinə əsasən alıcı satıcıya ödəməli olduğu vəsaiti nəğd, yaxud bank vasitəsilə həyata keçirir. Alıcı satıcıya ödəməli olduğu nəğd vəsaiti satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bank vasitəsilə köçürmə zamanı pul vəsaitlərinin satıcının hesabına daxil olduğu zaman ödəniş icra olunmuş sayılır. İddiaçı möhürü ilə təsdiq edilmiş Maliyyə Arayışından görünür ki, "xxxx" MMC ilə X9 arasında (VÖEN: **********) arasında bağlanmış 07 mart 2022-ci il tarixli 16054 nömrəli alqısatqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə X5 uşot məlumatlarına əsasən "xxxx" MMC-yə qalıq borcu 1131,28 manat (min yüz otuz bir manat, iyirmi səkkiz qəpik) borc təşkil edir. 24 mart 2022-ci il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 464,99 manat məbləğində mal təhvil verilmişdir. 16 mart 2022-ci il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 302,66 manat məbləğində mal təhvil verilmişdir. 19 aprel 2022-ci il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 230,79 manat məbləğində mal təhvil verilmişdir. 15 sentyabr 2022-ci il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 315,06 manat məbləğində mal təhvil verilmişdir. 15 sentyabr 2022-ci il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 396,71 manat məbləğində mal təhvil verilmişdir. 27 may 2023-cü il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 255,37 manat məbləğində mal təhvil verilmişdir. 09 avqust 2023-cü il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 315,19 manat məbləğində mal təhvil verilmişdir. EBDA seriyalı, 184872 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən X6 232,80 manat məbləğində mal təqdim edilmişdir. EBCE seriyalı, 100850 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən X6 371,77 manat məbləğində mal təqdim edilmişdir. EBCA seriyalı, 653144 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən X6 218,04 manat məbləğində mal təqdim edilmişdir. EBBX seriyalı, 620857 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən X6 357,07 manat məbləğində mal təqdim edilmişdir. EBBT seriyalı, 885582 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən X6 548,69 manat məbləğində mal təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş: 13 aprel 2022-ci il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 15,68 manat məbləğində mal təhvil verilmişdir. 25 may 2022-ci il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 76,27 manat məbləğində mal təhvil verilmişdir. 02 iyun 2022-ci il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 302,60 manat məbləğində mal təhvil verilmişdir. 23 iyul 2022-ci il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 184,78 manat məbləğində mal təhvil verilmişdir. 23 iyul 2022-ci il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 163,65 manat məbləğində mal təhvil verilmişdir. 15 sentyabr 2022-ci il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 81,65 manat məbləğində mal təhvil verilmişdir. 15 sentyabr 2022-ci il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 74,03 manat məbləğində mal təhvil verilmişdir. 13 oktyabr 2022-ci il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 97,98 manat məbləğində mal təhvil verilmişdir. 21 dekabr 2022-ci il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 197,28 manat məbləğində mal təhvil verilmişdir. 24 dekabr 2022-ci il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 101,69 manat məbləğində mal təhvil verilmişdir. 31 may 2023-cü il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 255,37 manat məbləğində mal təhvil verilmişdir. 15 iyul 2023-cü il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 62,03 manat məbləğində mal təhvil verilmişdir. 09 avqust 2023-cü il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 62,03 manat məbləğində mal təhvil verilmişdir. 20 sentyabr 2023-cü il tarixli Malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən “Kaman” restoranına 110,65 manat məbləğində mal təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli Çıxarışdan görünür ki, İddiaçı tərəfindən X6 xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 175710 nömrəli qaimə ilə 357,14 manat, xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 885582 nömrəli qaimə ilə 548,69 manat, xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 657340 nömrəli qaimə ilə 18,5 manat, xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 038884 nömrəli qaimə ilə 272,33 manat, xx.xx.2022-ci il tarixli, 135011 nömrəli qaimə ilə 90 manat, xx.xx.2022-ci tarixli, EBBX seriyalı, 620857 nömrəli qaimə ilə 357,07 manat, xx.xx.2022-ci il tarxili, EBCA seriyalı, 653144 nömrəli qaimə ilə 218,04 manat, xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 653142 nömrəli qaimə ilə 193,11 manat, xx.xx.2022-ci il tarixli, EBCE seriyalı, 111280 nömrəli qaimə ilə 87,36 manat, xx.xx.2022-ci il tarixli, EBCE seriyalı, 100850 nömrəli qaimə ilə 371,77 manat, xx.xx.2022-ci il tarixli, EBCE seriyalı, 100845 nömrəli qaimə ilə 96,35 manat, xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 259137 nömrəli qaimə ilə 115,62 manat, xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 963838 nömrəli qaimə ilə 119,99 manat məbləğində mal təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli Çıxarışdan görünür ki, İddiaçı tərəfindən X6 xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 184872 nömrəli qaimə ilə 232,8 manat, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 925604 nömrəli qaimə ilə 301,33 manat, xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 243960 nömrəli qaimə ilə 301,33 manat, xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 001625 nömrəli qaimə ilə 73,2 manat, xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 993941 nömrəli qaimə ilə 73,2 manat, xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 993931 nömrəli qaimə ilə 371,89 manat, xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 851410 nömrəli qaimə ilə 130,56 manat məbləğində mal təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. X1 formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə sübutların qitmətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin səbəbləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansısa sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsi əsasları aydın göstərilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir ( "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyun 2018-ci il tarixli Qərarı) Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı səlahiyyətli nümayəndəsi X3 ilə “Kaman” restoranı (X9) arasında 07 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmış və satıcı İddiaçı satıcı qismində çıxış etməklə müvafiq malları alıcı X6 təhvil verməyi, alıcı X9 isə həmin malları qəbul etməyi və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hər iki tərəfin iradə ifadəsi və qarşılıqlı razılığı əsasında müqavilənin bağlanması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarında olan İddiaçı möhürü ilə təsdiq edilmiş Maliyyə arayışına əsasən İddiaçı ilə cavabdeh X9 arasında bağlanmış 07 mart 2022-ci il tarixli, 16054 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə X5 qalıq borcunun 1131,28 (min yüz otuz bir manat, iyirmi səkkiz qəpik) manat olması öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin məhkəmə qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İş materiallarına əlavə edilmiş elektron qaimə-fakturalarla müvafiq malların İddiaçı tərəfindən alıcı X6 təhvil verildiyi, təhvil-qəbul aktları ilə isə müvafiq malların X9 tərəfindən təhvil alındığı sübut olunur. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən təqdim olunmuş 2022-ci il üzrə 13 ədəd, 2023cü il üzrə isə 7 ədəd, ümumilikdə 20 ədəd elektron qaimə-faktura əsasında İddiaçı tərəfindən cəmi 4.330,28 manat məbləğində mal verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəbdən məhkəmə iddia tələbi çərçivəsində iddianın təmin edilməsi qənaətindədir. Həmçinin məhkəmə bildirir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədləri mötəbər sənəd kimi qəbul edərək iddiaçı tərəfin haqqlı olması və iddianın əsaslı olduğundan təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində təşkil edir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 1131,28 (min yüz otuz bir manat, iyirmi səkkiz qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 31.31 (otuz bir manat, otuz bir qəpik) manat olaraq müəyyən edilir (30+131,28*1%=31,31). İş materiallarında olan ********** nömrəli, xx.xx.2025-ci il tarixli çekdən 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun İddiaçı tərəfindən ödənildiyi görünməkdədir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğundan dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir (2.1.2 və 4.1ci maddələr). Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh X6 qarşı alqı-satqı müqaviləsindən yaranmış borc məbləğinin ödənilməsi tələbi təmin edilməli, 1131,28 (min yüz otuz bir manat, iyirmi səkkiz qəpik) manat əsas borc məbləği və 31,31 (otuz bir manat, otuz bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh X4 alınaraq İddiaçınə ödənilməli, 0.69 manat artıq ödənilmiş rüsum isə iddiaçıya qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh X4 1131,28 (min yüz otuz bir manat, iyirmi səkkiz qəpik) manat əsas borc məbləği və 31,31 (otuz bir manat, otuz bir qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. Dövlət rüsumu olaraq artıq ödənilmiş 0.69 (altmış doqquz qəpik) manat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən İddiaçınə qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar