Məhkəmə qərarları › İş №e-2-2(123)-434/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-434/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-434/2025 25.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, cavabdeh X2 iştirakı ilə, iddiaçı “Muradlı-M" MMC-nin cavabdeh X3 qarşı alqı-satqı müqaviləsi üzrə qalıq borc məbləğinin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı “Muradlı-M" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə elektron qaydada ünvanlanmış iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini, cavabdeh X1 09 yanvar 2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 5.301,9 manat, dövlət rüsumuna görə 73,02 manat məbləğində, ümumilikdə 5374,92 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 09 yanvar 2025-cü il tarixində İddiaçı MMC (Satıcı) ilə X4 (Alıcı) arasında 06/2025 nömrəli müqavilə bağlandığını, müqavilənin 1.1-ci bəndinə əsasən, “Satıcı”nın “Alıcıya” tikinti materiallarını satmalı olduğunu, “Alıcı”nın isə həmin malı qəbul etməli və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəməli olduğunu, müqavilənin 1.2-ci bəndinə əsasən, malın miqdarı, qiyməti, digər əlamətləri və xarakterik xüsusiyyətlərinin qaiməfakturalarla müəyyən olunduğunu, müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti və miqdarının müqavilənin ayrılmaz tərkib hissəsi olan qaimə-fakturalarla müəyyən olunduğunu, müqavilənin 4.1-ci bəndinə əsasən, “Satıcı”nın müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 20 (iyirmi) təqvim günü ərzində malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürməli olduğunu, müqavilənin 6.1-ci bəndinə əsasən, tərəflərin müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll etməli olduğunu, müqavilənin 6.2-ci bəndinə əsasən, tərəflərin müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələrin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməli olduğunu, müqavilənin şərtlərinə əsasən qiymətin razılaşdırıldığını və malların təhvil verildiyini, qaimə üzrə borcun 5.301,9 manat təşkil etdiyini, lakin, 5 301,9 manat məbləğində borcun bugünə qədər ödənilmədiyini, müqavilənin 1 (bir) illik müddətə bağlandığını və xx.xx.2026-cı il tarixinə qədər qüvvədə olacağını, X4 tərəfindən müqavilənin 1.1, 1.2, 2.1, 4.1, 6.1 və 6.2-ci bəndlərinin tələblərinin pozulduğunu, hazırda 5.301,9 manat ödənilməmiş borcun qaldığını, X2 alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini, bu borcun ödənilməsi üçün dəfələrlə edilmiş müraciətlərə baxmayaraq borc məbləğinin ödənilməsindən cavabdehin müxtəlif bəhanələrlə yayındığını, borcun qaytarılması ilə bağlı İddiaçı MMC tərəfindən X3 01 avqust 2025-ci il tarixdə elektron vergi sistemi vasitəsilə, eləcə də 25 iyul 2025-ci il tarixində poçt zərfi vasitəsilə pretenziya məktubunun göndərilməsinə baxmayaraq, qeyd olunan borc məbləğinin ödənilmədiyini bildirərək iddiasını əsaslandırmışdır. Məhkəmənin 22 sentyabr 2025-ci il tarixli, e-2-2(123)-434/2025 nömrəli qərardadı ilə iş məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 12 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı vəkilnümayəndəsi Vəkil verdiyi izahatında cavabdehlə aralarında 09 yanvar 2025-ci il tarixli müqavilənin olduğunu, həmin müqavilə əsasında cavabdehə 5.301,90 manat dəyərində malların təhvil verildiyini, bu malların boya məhsulları olduğunu, onların şirkətinin boya məhsulları istehsal etdiyini, ödənişlərin edilməsi ilə bağlı elektron qaimələr vurulduğunu və həmin qaimələrin iş materialllarına əlavə edildiyini, lakin bugünə kimi ödənişlərin edilmədiyini bildirmişdir. 12 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasına cavabdeh X4 təqdim edəcək sübutunun olmadığını, iddia tələbini qəbul etdiyini bildirmişdir. 25 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı MMC-nin vəkil-nümayəndəsi Vəkil və cavabdeh iştirak etməmişdir. İddiaçı MMC-nin vəkil-nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. 25 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında cavabdeh X4 izahatında iddia tələbini qəbul etdiyini, həqiqətən mal alaraq borclu olduğunu bildirməklə iddia tələbinin təmin olunmasını xahiş etdi. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 73,02 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli, 06/2025 nömrəli pretenziya məktubundan görünür ki, İddiaçı MMC tərəfindən cavabdeh X3 mübahisənin məhkəmədnkənar həlli ilə bağlı müraciət olunmuşdur. xx.xx.2025-ci il tarixli, MT2504 seriyalı, 12508959 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən cavabdeh X3 5301,9465 manat məbləğində mallar təqdim olunmuşdur. 09 yanvar 2025-ci il tarixli 06/2025 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı direktoru X5 ilə X4 arasında tikinti materiallarının satışı ilə bağlı müqavilə imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsaasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Borclu şəxsin borcunu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarına əsasən borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh X2 izahatından iddianı etiraf etdiyi məlum olur. Cavabdehin “Etiraf”ı məhkəmə tərəfindən yoxlanılaraq müəyyən edilir ki, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyildir. Nəticədə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin məhkəmə iclaslarında verdiyi izahında borclarının olduğunu təsdiq edən etirafı (Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallarda) əsaslı hesab olunmalı, nəticədə iddiaçının pul tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh tərəfin iddianı etiraf etdiyini və iddianın etirafının qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq iddianın etirafının məhkəmə tərəfindən qəbul edilərək 191.3cü maddəsinə uyğun olaraq iddiaçının irəli sürdüyü tələbləri təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun təcrübəsində Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində yer alan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına böyük önəm verilir. Belə ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (E.Həkimovun şikayəti üzrə 2008-ci il 3 noyabr tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət Rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində hesablanır. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 5301,90 (beş min üç yüz bir manat, doxsan qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 30+ 4301,90*1%= 73,02 (yetmiş üç manat iki qəpik) manat olaraq müəyyən edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğundan dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı “Muradlı-M" MMC-nin cavabdeh X3 qarşı alqısatqı müqaviləsi üzrə qalıq borc məbləğinin ödənilməsi tələbi təmin edilməli, 5301,9 manat əsas borc məbləği və 73,02 manat məbləğində dövlət rüsumu cavabdeh X1 alınaraq iddiaçı “Muradlı- M" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 5301,9 (beş min üç yüz bir manat, doxsan qəpik) manat əsas borc məbləği və 73,02 (yetmiş üç manat iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh X1 alınaraq iddiaçı “Muradlı-M" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar