Məhkəmə qərarları › İş №e-2-2(123)-46/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-46/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-46/2023 29.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" MMC-yə qarşı borcun tutulması tələbi barədə məhkəməyə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 27 mart 2023-cü il tarixdə elektron qaydada məhkəməyə ünvanlanmış kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsində iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “İlham MMC”-dən 1600 (min altı yüz) AZN borcun, 60 (altmış) AZN mediasiya xərclərinin, bank uçot dərəcəsinə uyğun hesablanmış 132 (bir yüz otuz iki) AZN faizlərin, 100 (bir yüz) AZN sənədləşmə (poçt, məktub, ərizə və s.) xərclərinin, ümumilikdə 1892 (min səkkiz yüz doxsan iki) AZN məbləğin tutularaq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, MPM-in 284-3.2 və 284-3.2.2-ci maddələrinin tələblərinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırkı iş üzrə elektron qaydada məhkəməyə təqdim edilmiş ərizənin məzmununda mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tərəflərlə bağlı qeyd edilməli olan rekvizitlərdən iddiaçının ünvanı, cavabdeh hüquqi şəxs olduğundan hüquqi şəxsin adı, ünvanı, telefon nömrəsi, VÖEN-i, elektron poçt ünvanı göstərilməmiş, bununla da MPMnin 284-3.2-ci maddəsində nəzərdə tutulmuş ərizənin məzmununa düzgün riayət edilməyərək, ərizədə tərəflər haqqında dəqiq və tam şəkildə göstərilməli olan məlumatlar qeyd edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin mümkünlüyünü yoxlayarakən müəyyən etmişdir ki, iddiaçı ərizədə mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq tələbin əsaslığını təsdiq edən sənədlər qismində cavabdeh "xxxx" MMC ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 17 yanvar 2022-ci il tarixli, 178/s saylı alqı-satqı müqaviləsini, həmin müqavilənin tərkib hissəsi olan 1 saylı qiymət razılaşma protokolunu və xx.xx.2022-ci il tarixli, 899300 nömrəli elektron qaimə-fakturanı göstərmişdir. MPM-in: 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331-ci maddəsinə əsasən isə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Bununla bağlı məhkəmə iddiaçının nəzərinə çatdırır ki, iddiaçının tələbin əsasını təsdiq edən sənədlər qismində təqdim etdiyi 17 yanvar 2022-ci il tarixli, 178/s saylı alqısatqı müqaviləsi və müqavilənin tərkib hissəsi olan 1 saylı qiymət razılaşma protokolu cavabdeh "xxxx" MMC-nin direktoru İsmayılov İsmayıl tərəfindən imzalansa da iddiaçı "xxxx" MMC-nin direktoru Mirzəyev Vüqar tərəfindən imzalanmamış, eyni zamanda məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli, 899300 nömrəli elektron qaimə-fakturada təhvil verənin, təhvil alanın soyadı, adı, atasının adı, imzası, müəssisənin rəhbəri və baş mühasiblə bağlı məlumatlar qeyd olunmamışdır. Həmçinin, MPM-nin: 108.1-ci və 108.1.1-ci maddələrinin tələblərinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 114.1-ci və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında “ Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.1.2ci maddələrinin tələblərinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində hesablanır. Hazırki iş üzrə iddianın qiyməti 1600 AZN olduğundan, dövlət rüsmunun məbləği 30 AZN+ (600 x 1%) 6 AZN=36 AZN təşkil edir. Qeyd olunanlardan əlavə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur, bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki müraciət üzrə iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumu 36 AZN təşkil etsə də, mediasiya sessiyasının keçirilməsinə görə iddiaçı tərəf 60 AZN ödəmiş və bunun təsdiqi olaraq mediasiya xərcinin ödənilməsilə bağlı xx.xx.2023-cü il tarixli, 109887 №-li mədaxil qəbzini, o cümlədən cavabdeh tərəfin mediasiya sessiyasında iştirak etməməsinin təsdiq edən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə C-103 №-li arayışı məhkəməyə elektron qaydada təqdim etmişdir. Beləliklə, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci, iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunu əhatə etdiyindən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsinə toxunmur. MPM-in: 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 284-3-cü və 284-3.5-ci maddələrinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 27 mart 2023-cü il tarixdə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" MMC-yə qarşı borcun tutulması tələbi barədə Naxçıvan MR Kommersiya Məhkəməsinə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" MMC-yə qarşı borcun tutulması tələbi barədə məhkəməyə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar