Məhkəmə qərarları › İş №e-2-2(123)-500/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-500/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-500/2024 06.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı 04 sentyabr 2024-cü il tarixdə daxil olmuş elektron ərizə ilə məhkəməyə müraciət edərək müqavilələr üzrə ödənilməmiş 100.936,27 (yüz min doqquz yüz otuz altı manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 390,94 manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı MMC-yəödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Belə ki, “Məktub” adlı sənədin Cavabdeh çatdırıldığını təsdiq edən müvafiq sənəd iddia ərizəsinə əlavə edilən sənədlərin içərisində mövcud olsa da, həmin sənədin saatı görünmədiyindən iddia ərizəsinin yoxsa pretenziya məktubunun ilkin olaraq cavabdehə göndərildiyi məlum olmur. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsinin surəti, eyni zamanda pretenziya məktubunun cavabdehə göndərilməsi tarixləri eynilik təşkil etməklə 23 avqust 2024-cü il tarixdə göndərilməsi müəyyən olunur. Lkin pretenziya məktubundan məlum olur ki, cavabdehə borcunu ödəməsi üçün bir gün vaxt müəyyən olunub. Məhkəmə bildirir ki, iddiaçı Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən maddəsinin tələbinə əməl edib-etməməsi barədə sənədi - mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməli olduğu halda, elektron iddia ərizəsinin “Tərəflər” adlı hissəsində müvafiq məlumatlar tam qeyd olunmayıb. 149.2.3-cü maddəsinə əsasən iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı da iddia ərizəsində göstərilməli olduğu halda, göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddiaçıya məlumat üçün bildirir ki, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlərin, eyni zamanda pretenziya məktubunun cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən “Onlayn Kargüzarlıq” sistemindən müvafiq çıxarışların tamlığı müşayiət olunmur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl edilmədən (iddia ərizəsinin forması və məzmunu tələblərinə uyğun tərtib edilərək təqdim edilməmiş) məhkəməyə təqdim edildiyindən İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbz ilə ödənilmiş 390,94 (üç yüz doxsan manat doxsan dörd qəpik) məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: - 2.1 və 2.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. - 4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. 4.2-ci maddəsinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 7 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbi üzrəelektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbz ilə ödənilmiş 390,94 (üç yüz doxsan manat doxsan dörd qəpik) məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçının diqqətinə çatdırılsın ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar