Məhkəmə qərarları › İş №e-2-2(123)-52/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-52/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-52/2022 22.06.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC-nin vəkili-nümayəndəsi Nümayəndə 03 iyun 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6 879.90 AZN həcmində borc məbləğinin, 200 AZN həcmində ödənilmiş mediasiya xərcinin, o cümlədən, 310 AZN həcmində göstərilmiş hüquqi xidmətə görə haqqın tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəyə qarşı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qabaqcadan qanunvericiliklə müəyyən olunmuş, rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin tələbinə əsasən Cavabdeh iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. 22 iyun 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddiaçı tərəfindən mediasiya təşkilatının düzgün seçilib-seçilməməsi məsələsi barədə izahat verərək Bakının daxilində hərəkət etdikləri zaman, mediasiya ilə bağlı sərbəst şəkildə, qanunvericiliyin qoyduğu qayda üzrə istənilən mediasiya təşkilatına müraciət edə bildiklərini, amma rayon aidiyyəti olduqda onların Mediasiya Şurasına müraciət edərək cavabdehin aidiyyətinin hansısa rayon olduğunu bildirdiklərini, beləliklə, hansı mediasiya təşkilatının işə baxmalı olduğunu Mediasiya Şurasının özünün müəyyən etdiyini, Niftəliyevin də işinin aidiyyəti ilə bağlı onların Mediasiya Şurasına müraciət etdiklərini və Mediasiya Şurasının onları 6 saylı Mediasiya Təşkilatına yönəltdiyini, həmçinin onlara keçirilən təlimlərdə də mediasiyaya müraciətin qaydasının belə izah olunduğunu, ona görə də, tərəf olaraq onların başqa çıxış yolunun olmadığını, bu məsələ ilə bağlı səlahiyyətli qurumun Mediasiya Şurası olduğunu, tərəfin vəkili kimi onun öz üzərinə düşən öhdəliyi yerinə yetirib Mediasiya Şurasına müraciət etdiyini və Şuranın da 6 saylı Mediasiya Təşkilatını məqsədəmüvafiq hesab etdiyini bildirmişdir. Məhkəmə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizənin baxılmamış saxlanılmasına səbəb olan hal kimi məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/6-270 saylı, 07 fevral 2022-ci il tarixli arayışdan göründüyü kimi ilkin mediasiya sessiyası Bakı 6 saylı Mediasiya Təşkilatında mediator Vüqar Cavadov tərəfindən aparılmışdır. Lakin iş materiallarında tərəflərin mediator və ya mediasiya təşkilatı barədə qarşılıqlı razılığa gəldiyini təsdiq edən hər hansı bir sənəd mövcud deyil və belə olan halda, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı tərəfindən aparılmalı idi, lakin iddiaçı mübahisənin aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət etdiyini göz önündə tutaraq ilkin mediasiya sessiyası qanunun tələbinə əsasən Naxçıvan şəhərində yerləşən mediasiya təşkilatı tərəfindən aparılmalı idi. Bu müddəaya düzgün əməl edilmədiyindən İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.13-cü maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9 və 21.9.1-ci maddələrinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Qanunun: 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. 28.4-cü maddəsinə əsasən Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Qeyd olunanlarla bağlı məhkəmə bildirir ki, hazırki iş üzrə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9.1-ci maddəsinə əsasən həmin qanunun 28-ci maddəsində nəzərdə tutulmuş hal, yəni “tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı tərəfindən aparılır” şərti mövcud olduğu üçün həmin qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq (mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı tərəfindən verilən) arayış və ya protokol iddiaçı tərəfindən məhkəməyə edilən müraciətə əlavə olunmadığından müraciət, yəni ərizə məhkəmə tərəfindən baxılmamış saxlanılmalıdır. Bundan əlavə, ərizənin baxılmamış saxlanılmasının məhkəmə icraatının hansı mərhələsində həyata keçirilməsi ilə bağlı məhkəmə hesab edir ki, iş üzrə icraatın hazırlıq mərhələsində ərizənin baxılmamış saxlanılması məhkəmə prosesi müddətinin səmərəliliyi baxımından məqsədəmüvafiqdir və bu məsələ ilə bağlı məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5ci bəndinə istinad edir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1.2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Bu məsələ ilə bağlı məhkəmə iddiaçıya izah edir ki, işin baxılmasına mane olan hal mediasiya təşkilatının düzgün seçilməməsi olduğundan ya tərəflərin mediator və ya mediasiya təşkilatı barədə qarşılıqlı razılığa gəldiyini təsdiq edən sənəd iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməli və həmin mediasiya təşkilatına müraciət edilməlidir və ya iddiaçı tərəfindən müraciət edilən məhkəmə Naxçıvan şəhərində yerləşdiyindən müvafiq olaraq Naxçıvan şəhərində yerləşən mediasiya təşkilatına (ünvan: Naxçıvan şəhəri, Azərbaycan küçəsi 53; əlaqə vasitələri: **********; **********) müraciət edilməli və bu barədə sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait (mediasiya təşkilatının düzgün seçilməməsi) aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar