Məhkəmə qərarları › İş №e-2-2(123)-522/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-522/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-522/2024 01.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı MMC-nin cavabdeh X4 qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı MMC 26 sentyabr 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1081.82 (min səksən bir manat, səksən iki qəpik) AZN məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 108.18 (yüz səkkiz manat, on səkkiz qəpik) AZN məbləğində dəbbə pulu və 31.91 (otuz bir manat, doxsan bir qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC ərizəsində fərdi sahibkar kimi fəaliyyət göstərən X5 ilə məhsul çeşidləri üzrə xx.xx.2022-ci il tarixində 415 saylı, xx.xx.2022-ci il tarixdə 682 saylı Alqı-Satqı müqaviləsi bağlayaraq əməkdaşlıq etməyə başladıqlarını, əməkdaşlıqları müddətində cavabdehin ayrı-ayrı tarixlərdə İddiaçı MMC-nə məxsus müxtəlif adlı, çeşidli məhsulları sifariş verdiyini və təhvil aldığını, lakin, cavabdehin təhvil aldığı məhsullara görə tam ödəniş etmədiyini, dəfələrlə xəbərdarlıq olunsa da, müxtəlif bəhanələr gətirərək bu günə kimi İddiaçı MMC-nə olan 1081.82 (min səksən bir manat, səksən iki qəpik) AZN borcunu ödəmədiyini və aralarında bağlanmış Alqı-Satqı müqaviləsinin şərtlərini pozduğunu, nəticə etibarilə, aralarında bağlanmış müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə öhdəliklərini icra etmədiyini, Alqı-Satqı müqaviləsinin şərtlərinə əsasən, Alıcının təhvil aldığı məhsullara görə ən geci 31 (otuz bir) gün ərzində ödəniş etməli olduğunu, Alqı-Satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən Alıcının müəyyənləşdirilmiş müddətdə üzərinə düşən ödəniş öhdəliklərini icra etmədikdə gecikdirilmiş borcun yarandığını və həmin gündən etibarən hər gecikdirilmiş gün üçün Satıcının Alıcıdan məhsulların ödənilməmiş dəyərinin 0,2% miqdarında dəbbə pulu tələb etmək hüququna malik olduğunu, müqavilənin 5.2-ci bəndində dəbbə pulunun maksimal həddinin ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10% kimi müəyyən edildiyini, cavabdeh tərəfindən ödənişi gecikdirilmiş məhsullara görə dəbbə pulunun məbləğinin 10%-dən çox olduğu üçün müqavilənin 5.2-ci bəndinə əsaslanaraq ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10%-ni təşkil edən 108.18 (yüz səkkiz manat, on səkkiz qəpik) AZN məbləğində dəbbə pulunun yarandığını, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, eyni zamanda həmin müqavilədə öhdəliklərinin icra edilməsini gecikdirdiyini, nəticə etibarı ilə, hazırda cavabdehin İddiaçı MMC-nə 1081.82 (min səksən bir manat, səksən iki qəpik) AZN məbləğində əsas borcu və 108.18 (yüzsəkkiz manat, on səkkiz qəpik) AZN məbləğində dəbbə pulunun yarandığını, həmin müqavilələrin 8.1-ci bəndinə qeyd olunduğu kimi müqavilənin icrası üzrə yaranan mübahisələrin qarşılıqlı razılıqla həll olunmalı olduğunu, qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələrin Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunacağnı, belə olduğu təqdirdə, Alqı-Satqı müqaviləsinin 8.1-ci bəndinə əsaslanaraq, məsələnin məhkəmə tərəfindən həll olunmasını qərara aldığını, bununla da, İddiaçı MMC olaraq pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etdiklərini, fərdi sahibkar kimi fəaliyyət göstərən X1 1081.82 (min səksən bir manat, səksən iki qəpik) AZN məbləğində əsas borc, 108.18 (yüz səkkiz manat, on səkkiz qəpik) AZN məbləğində dəbbə pulu və 31.91 (otuz bir manat, doxsan bir qəpik) AZN məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməli olduğunu hesab etdiklərini bildirərək ərizəsini əsaslandırmış və ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385, 442, 443, 445, 448, 449, 462, 448, 600-cü maddələrinə istinad etmişdir. Məhkəmə, İddiaçı MMC-nin cavabdeh X4 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2024-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: 01 mart 2022-ci il tarixli, 415 saylı alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə İddiaçı MMCnin (bundan sonra “Satıcı” adlanacaq) baş direktoru X2 şəxsində bir tərəfdən və X5 (bundan sonra “Alıcı” adlanacaq) şəxsində digər tərəfdən bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişi əsasında malları alıcıya satır. Alıcı isə məhsulların dəyərini nağd və ya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymət razılaşma protokollarının şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür. 3.3-cü bəndinə əsasən alıcı məhsulların dəyərini nağd və ya bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymət razılaşma protokolunun ödəniş müdəti şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür. 3.5-ci bəndinə əsasən alıcı, məhsullar üzrə satıcının hesabına ödəməli olduğu vəsaiti nağd formada yalnız satıcının nümayəndəsindən mədaxil qəbzi almaqla ödəyir. Bu ödəniş qaydasının alıcı tərəfindən pozulması nəticəsində yaranmış mübahisəyə görə yalnız alıcı məsuliyyət daşıyır. 3.6-ci bəndinə əsasən məhsullar alıcı və ya alıcının nümayəndəsi tərəfindən imzalanmış akt əsasında qəbul edildikdən sonra göndərilmiş EQF və aktdan 3 (üç) iş günü ərzində imtina edilmədiyi təqdirdə məhsullar alıcı tərəfindən qəbul edilmiş hesab edilir. Bu halda alıcı həmin məhsullara görə ödənişi vaxtında həyata keçirməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli ,xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Malların təhvil-qəbul aktı”larından görünür ki, X3 İddiaçı MMC-yə ümumilikdə 1081.82 (min səksən bir manat, səksən iki qəpik) AZN məbləğində qalıq borcu mövcuddur. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək qeyd edir ki, ərizəyə əlavə olunmuş 01 mart 2022-ci il tarixli, 415 saylı alqı-satqı müqaviləsinin 2.4 bəndinə görə təhvil-qəbul aktı ilə malların alıcıya təhvil verilməsi təsdiq edildiyindən satıcının müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməsi işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmçinin, iş materiallarına sübut qismində əlavə edilmiş xx.xx.2022-ci il tarixli ,xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Malların təhvil-qəbul aktı”ları ilə X3 İddiaçı MMC-yə 1081.82 (min səksən bir manat, səksən iki qəpik) AZN məbləğində qalıq borcunun olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, e-2-2(123)-522/2024 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Penya (dəbbə pulu, cərimə) üzrə ödənilməli olan 108.18 (yüz səkkiz manat, on səkkiz qəpik) AZN məbləğinə münasibətdə məhkəmə bildirir ki, malların alqı-satqı qaydaları haqqında müqavilənin 5.1-ci bəndində “Müqavilə”nin 3.6-cı bəndinin tələbləri pozulduqda, ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,2% (sıfır tam onda iki) faiz həcmində dəbbə pulu ödəməyə borclu olduğunun qeyd edildiyini, belə olduğu halda iddiaçının dəbbə pulunun ödənilməsi tələbi hissəsində haqlı olduğunu bildirib, eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmənin işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda biləcəyini, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alındığını qeyd edərək 108.18 (yüz səkkiz manat, on səkkiz qəpik) AZN məbləğində cərimənin ödənilməsi hissəsində iddia tələbinin qismən təmin edilməsini mümkün hesab edib, nəticədə, dəbbə pulunun azaldılaraq 54.10 (əlli dörd manat on qəpik) manat məbləğində cavabdehdən alınıb iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab etməkdədir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, İddiaçı MMC-nin cavabdeh X4 qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə ərizəsi qismən təmin edilərək, cavabdeh X1 yaranmış 1081.82 (min səksən bir manat, səksən iki qəpik) AZN məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 54.10 (əlli dörd manat 10 qəpik) manat məbləğində dəbbə pulu və 31.91 (otuz bir manat, doxsan bir qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC- nin xeyrinə ödənilməsi qənaətindədir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsində belə qənaətə gəlir ki, İddiaçı MMC-nin cavabdeh X1 1081.82 (min səksən bir manat, səksən iki qəpik) AZN məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 108.18 (yüz səkkiz manat, on səkkiz qəpik) manat məbləğində dəbbə pulu və 31.91 (otuz bir manat, doxsan bir qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə isə 1221,91 (min iki yüz iyirmi bir manat doxsan bir qəpik) manat məbləğin tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə tələbi qismən əsaslı hesab edilərək, iddia qismən təmin edilməli, belə ki, iddia tələbində qeyd olunan 108.18 (yüz səkkiz manat, on səkkiz qəpik) AZN dəbbə pulu məhkəmə tərəfindən iddiaçının əmlak mənafeləri nəzərə alınmaqla azaldılaraq 54.10 (əlli dörd manat on qəpik) manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1% olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 1190. 00 (min yüz doxsan manat) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 31.91 (otuz bir manat, 91 qəpik) manat olaraq müəyyən edilir (30 + 190ın 1%-i = 30 + 1.91=31,91 ). İddia qismən təmin edildiyindən qanunvericiliyə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 31.91 (otuz bir manat, doxsan bir qəpik) manat məbləğində ödənilmiş məbləğində dövlət rüsumunun 95,46 %-nin, yəni 30,46 (otuz manat qırx altı qəpik) manat məbləğində hissəsinin cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi qanunamüvafiqdir. Həmçinin qanunvericiliyə əsasən iddia tələbinin təmin edilməmiş hissəsinə uyğun olaraq 31.91 (otuz bir manat, doxsan bir qəpik) məbləğində dövlət rüsumunun qalan hissəsinin, (31,91-30,46=1,45) yəni 1,45 (bir manat qırx beş qəpik) manat məbləğində hissəsinin iddiaçıya aid edilməsi qanunamüvafiqdir. Beləliklə məhkəmə bildirir ki, iddia qismən təmin edilməli, 1081.82 (min səksən bir manat, səksən iki qəpik) AZN məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 54.10 (əlli dörd manat on qəpik) AZN məbləğində dəbbə pulu və 30,46 (otuz manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh X1 alınıb iddiaçıya ödənilməli, 1,45 (bir manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 284, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. 1081.82 (min səksən bir manat, səksən iki qəpik) AZN məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 54.10 (əlli dörd manat on qəpik) AZN məbləğində dəbbə pulu cavabdeh X1 (AA2392968), (VÖEN: **********) tutularaq İddiaçı MMC-yə (VÖEN: **********) ödənilsin. İddia qismən təmin edildiyindən qanunvericiliyə uyğun olaraq 30.46 (otuz manat, 46 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh X1 tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar