Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-54/2023 18.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı kiçik iqtisadi mübahisələr üzrə borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 10 aprel 2023-cü il tarixdə elektron qaydada məhkəməyə daxil olmuş kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsində iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh MMC-dən 1600 (min altı yüz) AZN borcun, 60 (altmış) AZN mediasiya xərclərinin, bank uçot dərəcəsinə uyğun hesablanmış 132 (bir yüz otuz iki) AZN faizlərin, 100 (bir yüz) AZN sənədləşmə (poçt, məktub, ərizə və s.) xərclərinin, ümumilikdə 1892 (min səkkiz yüz doxsan iki) AZN məbləğin tutularaq "xxxx" MMCyə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində Cavabdeh MMC ilə "xxxx" MMC arasında 17 yanvar 2022-ci il tarixli, 178/s saylı alqı-satqı müqaviləsi imzalanaraq həmin müqaviləyə, habelə müqavilənin 1 saylı X7 əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə quru üzsüz süd məhsulunun satıldığını, Cavabdeh MMC tərəfindən isə həmin məhsulun qəbul edildiyini, satdıqları mallara görə hazırda Cavabdeh MMC-nin "xxxx" MMC-yə olan borcunun 1600 (min altı yüz) manat təşkil etdiyini, borcun ödənilməsi üçün möhlət verilməsi barədə şifahi xahişlərini nəzərə alaraq kifayət qədər uzun müddət gözlədiyini, lakin indiyədək borcun ödənilmədiyini, Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixində Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq bölməsi, xx.xx.2022-ci il tarixində isə poçt vasitəsilə ("xxxx" MMC) xəbərdarlıq məktublarının göndərildiyini, poçt vasitəsilə göndərilən xəbərdarlıq məktubunun xx.xx.2022-ci il tarixində çatdırıldığını, cavabdehin telefon vasitəsilə əlaqə saxlayaraq borcu cari 2022-ci ilin sonunadək ödəyəcəyini vəd etdiyini, il bitdikdən sonra həmin nömrə ilə dəfələrlə əlaqə saxlansa da, əvvəl cavab verilməyib, sonra isə ümumiyyətlə nömrəni söndürdüklərini, qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya sessiyasının keçirilməsinə təşəbbüs göstərdiklərini, xx.xx.2023-cü il tarixinə təyin edilmiş mediasiya sessiyasında da cavabdehin iştirak etmədiyini, iş materiallarına əsasən cavabdehlə aralarında 17 yanvar 2022-ci il tarixli, 178/s saylı müqavilə bağlanılaraq, həmin müqaviləyə əsasən tərəflərindən Cavabdeh MMC-yə ümumi dəyəri ƏDV daxil 4650 (dörd min altı yüz əlli) AZN olan 750 kq quru üzsüz süd məhsulu satıldığını, bunun məhkəməyə təqdim etdikləri xx.xx.2022-ci il tarixli, 899300 nömrəli elektron qaimə-fakturada öz əksini tapdığını, ardınca, Cavabdeh MMC-nin sözügedən qaimə üzrə (899300) xx.xx.2022-ci il tarixində 1550 (min beş yüz əlli) AZN və xx.xx.2022-ci il tarixində 1500 (min beş yüz) AZN ödəniş etdiyini, qeyd edilən ödənişlərin də iş materiallarına əlavə edilmiş müvafiq bank çıxarışlarında göstərildiyini, son qalıq məbləğ olan 1600 (min altı yüz) AZN məbləğin isə indiyədək ödənilməmiş olaraq qaldığını, hazırkı müraciət üzrə iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumu 36 ( otuz altı manat) təşkil etdiyini, mediasiya sessiyasının keçirilməsinə görə tərəflərindən 60 (altmış) AZN ödənildiyini, belə olan halda "xxxx" MMC hazırkı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumundan azad olduğunu və həmin məbləğin də cavabdehdən tutulmasını tələb etdiyini bildirmişdir Məhkəmə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə xx.xx.2023-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Cavabdehə bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri elektron kabinet vasitəsi ilə məhkəməyə göndərməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli, **********226500 nömrəli, qeydiyyat orqanının rəhbəri Hüseyn.Ə.M tərəfindən imzalanmış Azərbaycan Respublikası Vergilər Nazirliyi, Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışlardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə və ********** saylı VÖEN ilə xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış, o cümlədən qanuni təmsilçisi X11r. İddiaçı "xxxx" MMC tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı məktubunda cavabdeh tərəfindən 5 gün ərzində borc məbləğini tam şəkildə "xxxx" MMC-yə ödənilməsini, əks halda, borcun (1600 AZN), borcun vaxtında ödənilməməsinə görə dəymiş zərərin və əldən çıxmış faydanın (5000 AZN), hüquqi dəstək ilə bağlı xərclərin (3000 AZN), bank uçot dərəcəsinə uyğun hesablanmış faizlərin (120 AZN), ümumilikdə 9720 (doqquz min yeddi yüz iyirmi) AZN məbləğin məcburi qaydada tutulması üçün hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etmək məcburiyyətində olacağını bildirmişdir. Onlayn Kargüzarlıq sistemindən çıxarışlardan görünür ki, 16 mart 2023-cü il tarixdə ilk növbədə ******* nömrəli xəbərdarlıq məktubu, daha sonra ******* nömrəli iddia ərizəsi və ona əlavə edilən sənədlər, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Elektron imza ilə təsdiqlənmiş 899300 №-li, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə müqavilə əsasında ümumi dəyəri ƏDV daxil 4650 AZN olan 750 kq quru üzsüz süd məhsulu satılmışdır. xx.xx.2023-cü il tarixli, C-103 nömrəli X8 İştirak edilməməsi barədə Arayışdan görünür ki, tərəflər arasında bağlanmış 17 yanvar 2022-ci il tarixli, 178/s saylı müqavilənin şərtlərinə əməl edilməməsi ilə bağlı yaranmış kommersiya mübahisələri üzrə xx.xx.2023-cü il, saat 1200-da, X3 keçirilən X8 iddiaçının nümayəndəsi qismində 12/01 saylı, xx.xx.2023-cü il tarixli etibarnamə ilə çıxış edən X12 iştirak etmiş, mediasiya prosesinin keçirilməsi ilə bağlı bildirişlərin göndərilməsinə baxmayaraq Cavabdeh MMC isə İMS-də iştirak etmədiyindən X4 mediatoru X10 tərəfindən X8 iştirak edilməməsi barədə Arayış təqdim olunmuşdur. xx.xx.2023-cü il tarixli, 109887 nömrəli mədaxil qəbzindən görünür ki, X9 keçirilməsi ilə bağlı bildirişlərin göndərilməsinə baxmayaraq Cavabdeh MMC 17 fevral 2023-cü il tarixdə, saat 1200-da keçirilən mediasiya prosesində iştirak etmədiyindən "xxxx" MMC tərəfindən 60 AZN məbləğində mediasiya xərci ödənilmişdir. xx.xx.2022-ci il tarixli, Seriya Tİ № 541460 olan, tərəflər arasında imzalanmış malların təhvil-qəbul aktından görünür ki, 750 kq miqdarında quru süd məhsulu cavabdehə təhvil verilmişdir. 17 yanvar 2022-ci il tarixli, 178/s saylı alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən (bundan sonra alıcı adlandırılacaq) Cavabdeh MMC direktoru İsmayıl İsmayılov şəxsində və digər tərəfdən (bundan sonra satıcı adlandırılacaq) "xxxx" MMC direktoru X13 şəxsində bağlanmışdır. Həmin müqavilənin; 1-ci bəndindən görünür ki, müqavilənin predmetini, həmin müqaviləyə əsasən satıcının müqavilənin qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissələri olan X2 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları alıcıya satmağı, alıcı isə həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan X2 həmçinin, qaimə fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürməsi təşkil edir. 2.1-ci bəndindən görünür ki, malı müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə alıcının mülkiyyətinə vermək satıcının öhdəliyinə aiddir. 2.1.3-cü bəndindən görünür ki, alıcıya mallar verilərkən təhvil-təslim prosesini təsdiq edən və ödənişin əsası sayılan qaimə-fakturaları təqdim etmək satıcının öhdəliyinə aiddir. 2.2.1-ci bəndindən görünür ki, malları qəbul etmək, malların dəyərini müqavilə ilə müəyyənləşdirilmiş məbləğdə və qaydada vaxtında satıcıya ödəmək alıcının öhdəliyinə aiddir. 2.2.2-ci bəndindən görünür ki, müqavilə ilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər öhdəliklər alıcının öhdəliyinə aiddir. 3.1-ci bəndindən görünür ki, bu müqavilə qüvvədə olduğu müddətdə mallar müqavilənin ayrılmaz tərkib hissələri olan X2 göstərilən ünvanda satıcı tərəfindən alıcıya təhvil veriləcəkdir. 3.2-ci bəndindən görünür ki, satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. 4.1-ci bəndindən görünür ki, müqaviləyə əsasən alıcı, malın dəyərinin ödənilməsini, müqavilənin ayrılmaz tərkib hissələri olan X2 göstərilən şərtlərə uyğun həyata keçirir. 6.1-ci bəndindən görünür ki, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və imzalandığı tarixdən etibarən 1 (bir) il ərzində etibarlı hesab edilir. 6.2-ci bəndindən görünür ki, müqaviləyə vaxtından əvvəl xitam verilməzsə müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra o eyni şərtlərlə, hər il daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Uzadılmaların sayı məhdudiyyətsizdir. Müqavilənin icra müddətinin başa çatması və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv edilməsi tərəfləri yarımçıq qalan öhdəliklərinin icrasından azad etmir. 17 yanvar 2022-ci il tarixli, 178/s saylı müqavilə üzrə 1 nömrəli X5 görünür ki, hazırkı müqavilə üzrə tərəflər bu protokola əsasən alıcıya təhvil verilən quru üzsüz süd məhsulunun hər kq-sı üçün ƏDV daxil 6,20 AZN dəyərində olmaqla malların qiyməti ilə razılaşmışdırlar. xx.xx.2022-ci il tarixinə olan şəxsi hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən 899300 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə əsasında 1550 AZN məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-nin AZ73HAJCHCRAZN**********4005 saylı bank hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixinə olan şəxsi hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən 899300 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə əsasında 1500 AZN məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-nin AZ73HAJCHCRAZN**********4005 saylı bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı "xxxx" MMC-nin direktoru X13 ilə Cavabdeh MMC-nin direktoru İsmayıl İsmayılov arasında 17 yanvar 2022-ci il tarixdə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında, yazılı formada 178/s saylı alğı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə, habelə müqavilənin 1 saylı X7 əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri ƏDV daxil 4650 AZN olan 750 kq quru üzsüz süd məhsulu satılmışdır. Qeyd edilənlərə istinadən, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Tərəflər arasında bağlanmış 17 yanvar 2022-ci il tarixli, 178/s saylı alğı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən üzərinə götürülən öhdəlik icra edilərək, sözügedən müqaviləyə habelə həmin müqavilənin 1 saylı X7 əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə Elektron imza ilə təsdiqlənmiş 899300 №-li, xx.xx.2022-ci il tarixli elektron qaimə əsasında ümumi dəyəri ƏDV daxil 4650 AZN olan 750 kq quru üzsüz süd məhsulu satılmış və Cavabdeh MMC tərəfindən həmin məhsul xx.xx.2022-ci il tarixli, Seriya Tİ № 541460 olan malların təhvil-qəbul aktı ilə təhvil alınmışdır. Qeyd edilən elektron qaimə üzrə isə Cavabdeh MMC xx.xx.2022-ci il tarixinə olan X14 əsasən iddiaçı "xxxx" MMC-nin AZ73HAJCHCRAZN**********4005 nömrəli hesabına 1500 AZN, o cümlədən, xx.xx.2022-ci il tarixinə olan X14 əsasən həmin hesaba 1550 AZN məbləğində pul vəsaiti ödədiyindən nəticədə cavabdehin iddiaçıya 1600 AZN məbləğində borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı "xxxx" MMC Cavabdehnə məktub ünvanlayaraq, 5 gün ərzində borc məbləğini tam şəkildə "xxxx" MMC-yə ödənilməsini, əks halda, borcun (1600 AZN), borcun vaxtında ödənilməməsinə görə dəymiş zərərin və əldən çıxmış faydanın (5000 AZN), hüquqi dəstək ilə bağlı xərclərin (3000 AZN), bank uçot dərəcəsinə uyğun hesablanmış faizlərin (120 AZN), ümumilikdə 9720 (doqquz min yeddi yüz iyirmi) AZN məbləğin məcburi qaydada tutulması üçün hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etmək məcburiyyətində olacağını bildirmiş, sözügedən elektron məktubun o cümlədən, 16 mart 2023cü il tarixli, ******* nömrəli iddia ərizəsi və ona əlavə edilən sənədlərin qarşı tərəfin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılan elektron kabinetinə yerləşdirilməsinə dair sübut qismində Onlayn Kargüzarlıq sistemindən çıxarışlar iş materiallarına əlavə edilmişdir. Belə ki, 17 yanvar 2022-ci il tarixdə 1 il müddətinə (öhdəlik icra olunmadıqda yenidən eyni şərtlərlə 1 il müddətinə uzadılır) bağlanmış alğı-satqı müqaviləsinin 17 yanvar 2023-cü il tarixinə cavabdeh üçün müəyyənləşdirilmiş öhdəliyin icrası müddəti başa çatdığından, lakin öhdəlik həmin müddət ərzində yerinə yetirilmədiyindən, eyni zamanda 17 yanvar 2023-cü il tarixdə icra müddəti başa çatdıqdan sonra xx.xx.2023-cü il tarixdə kreditor tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq borclu öhdəliyini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etmədiyindən öhdəliyinin icrasını pozmaqda davam etmiş, həmçinin, öhdəliyi xatırlatma üzrə gecikdirmişdir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan sübutlar araşdırılarkən iddiaçının elektron qaydada məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda cavabdehdən tələb etdiyi məbləğlə iddia ərizəsində tələb edilən məbləğ arasında uyğunsuzluq aşkar edilməsinin müəyyənləşdirilməsinə baxmayaraq, nəticədə qanunvericiliyin tələbinə uyğun olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından, 10 aprel 2023-cü il tarixdə elektron qaydada məhkəməyə ünvanlanmış kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsi əsas götürülərək, həmin ərizədə cavabdehə qarşı irəli sürülən tələb nəzərə alınmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Tərəflər arasında bağlanmış 17 yanvar 2022-ci il tarixli, 178/s saylı alqı-satqı müqaviləsinin 2.1-ci bəndindən malın müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə alıcının mülkiyyətinə verməyin qeyd olunduğu, 2.1.3-cü bəndindən alıcıya mallar verilərkən təhvil-təslim prosesini təsdiq edən və ödənişin əsası sayılan qaimə-fakturaları təqdim etmək səlahiyyətinin satıcının öhdəliyinə aid olunduğu, 2.2.1-ci bəndindən malları qəbul etmək, malların dəyərini müqavilə ilə müəyyənləşdirilmiş məbləğdə və qaydada vaxtında satıcıya ödəməyin alıcının öhdəliyinə aid olunduğu, 2.2.2-ci bəndindən müqavilə ilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər öhdəliklərin alıcının öhdəliyinə aid olunduğu, 3.1-ci bəndindən bu müqavilə qüvvədə olduğu müddətdə malların müqavilənin ayrılmaz tərkib hissələri olan X2 göstərilən ünvanda satıcı tərəfindən alıcıya təhvil verilməyinin qeyd olunduğu, 3.2-ci bəndindən satıcının malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanın və digər zəruri sənədlərin alıcıya təqdim etməli olunduğu, 4.1-ci bəndindən müqaviləyə əsasən alıcının, malın dəyərinin ödənilməsini, müqavilənin ayrılmaz tərkib hissələri olan X2 göstərilən şərtlərə uyğun həyata keçirdiyi, 6.1-ci bəndindən bu müqavilənin imzalandığı tarixdən qüvvəyə mindiyi və imzalandığı tarixdən etibarən 1 (bir) il ərzində etibarlı hesab edildiyi, 6.2-ci bəndindən müqaviləyə vaxtından əvvəl xitam verilməzsə müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra o eyni şərtlərlə, hər il daha 1 (bir) il müddətinə uzadılmağının qeyd olunduğu, həmçinin uzadılmaların sayının məhdudiyyətsiz olduğu, müqavilənin icra müddətinin başa çatmasının və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv edilməsinin tərəflərin yarımçıq qalan öhdəliklərinin icrasından azad etmədiyi müəyyən olunmaqdadır. Qeyd edilənlərdən belə məlum olur ki, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsində irəli sürülən alğı-satqı müqaviləsi üzrə əsas borcun və bank uçot dərəcəsinə uyğun hesablanmış 132 AZN faizlərin ödənilməsi hissədə Cavabdeh MMC-yə qarşı tələb hüququ vardır. Belə ki, məhkəməyə təqdim edilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə cavabdehə təhvil verilən 4600 AZN məbləğində 750 kq quru üzsüz süd məhsulunun dəyəri üzrə Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli X14 əsasən 1550 AZN məbləğində pul vəsaiti o cümlədən, xx.xx.2022-ci il tarixli X14 əsasən 1500 AZN məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-nin bank hesabına ödənildiyindən, cavabdehin 17 yanvar 2022ci il tarixli, 178/s saylı alğı-satqı müqaviləsi üzrə iddiaçıya olan 1600 AZN məbləğində borcunun olması hissəsində tələbin əsaslılığı məhkəmə tərəfindən müəyyən edilir. Bundan əlavə, iddiaçının cavabdehdən tələb etdiyi bank uçot dərəcəsinə uyğun hesablanmış faizlərin tutulması qaydası tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.2-ci bəndində, o cümlədən, mülki qanunvericiliklə müəyyən edildiyindən məhkəmə iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbdə bank uçot dərəcəsinə uyğun hesablanmış 132 AZN faizlərin tutulması tələbi hissəsində haqlı olduğunu bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən borc məhkəmə qaydasında tutulduqda, faizlərin miqdarı kreditorun tələbi barədə məhkəmə qərarının çıxarıldığı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilən bank uçot dərəcəsi üzrə əsas götürülür. Belə olduğu halda sonuncu tarixə, yəni xx.xx.2023-cü il tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilən faiz uçot dərəcəsi 9.0% olaraq müəyyənləşdirildiyindən və borclunun məhkəmə qaydasında mübahisə edilən borc məbləği 1600 manat təşkil etdiyindən, həmin borc məbləğinə münasibətdə faiz uçot dərəcəsi 1600 x 9.0%=144 manat olaraq hesablansa da, məhkəmə işdə iştirak edən şəxlərin verdiyi tələblər üzrə qətnamə çıxararaq, iddia ərizəsində cavabdehə qarşı irəli sürülən tələbi əsas götürməkdədir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, Mülki Məcəllənin: 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd edilmişdir ki, Borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə pul vəsaitindən faydalanır. -qanunsuz saxlama; -qaytarmaqdan boyun qaçırma -ödənilməsini digər şəkildə gecikdirmə -başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Eyni zamanda sözügedən qərarda o da qeyd edilir ki, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Qeyd edilən müddəalardan aydın olur ki, cavabdeh alğı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyin icrasını gecikdirdiyindən öhdəliyin icra edilməməsi üçün barəsində mülki qanunvericilikdə nəzərdə tutulan məsuliyyəti yaranmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş digər bir halı ondan ibarətdir ki, iddia ərizəsində 100 AZN məbləğində sənədləşmə (poçt, məktub, ərizə və s) xərclərinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələb edilsə də, bununla bağlı həmin xərclərin çəkilməsini təsdiq edən sübut əhəmiyyətli heç bir sənəd məhkəməyə təqdim edilmədiyindən, o cümlədən, məhkəmə tərəflərin təqdim etdiyi sübutları araşdıraraq, öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırdığından iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülən tələbin 100 AZN məbləğində sənədləşmə (poçt, məktub, ərizə və s) xərclərinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsində əsassız olduğunu bildirir. Azərbaycan Respublikasının Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. (Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə araşdırmasının nəticəsində məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC-nin Cavabdeh MMC-dən 1600 AZN borcun, bank uçot dərəcəsinə uyğun hesablanmış 132 AZN faizlərin, 100 AZN sənədləşmə (poçt, məktub, ərizə və s) xərclərinin ümumilikdə 1832 (min səkkiz yüz otuz iki) AZN məbləğin tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə tələbi qismən əsaslı hesab edilərək, iddia qismən təmin edilməli, 100 AZN məbləğində sənədləşmə (poçt, məktub, ərizə və s) xərclərinin həyata keçirilməsi ilə bağlı sübut təqdim edilmədiyindən, sözügedən məbləğin cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair hissədə iddia rədd edilməli, X9 keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat mediasiya xərcinin tutulması qanunvericiliyin müvafiq tənzimləməsinə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilir. Hazırkı iddia tələbi üzrə iddianın qiyməti əsas borc üzrə 1600 AZN, bank uçot dərəcəsinə uyğun hesablanmış 132 AZN və sənədləşmə (poçt, məktub, ərizə və s) 100 AZN məbləğində olmaqla ümumilikdə 1832 AZN təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 30 manat + 8 manat 32 qəpik (832 manat x 1%) =38,32 (otuz səkkiz manat 32 qəpik) manat olaraq müəyyən edilir. Qeyd edilən qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Hazırkı vəziyyətdə, "xxxx" MMC-nin müraciəti əsasında xx.xx.2023-cü il, saat 1200-da, X3 keçirilən X6 Cavabdeh MMC-nin iştirak etmədiyi, X8 iştirak edilməməsi barədə arayışdan o cümlədən, mediasiya xərcinin ödənilməsi barədə xx.xx.2023-cü il tarixli, 109887 nömrəli mədaxil qəbzindən İMS-nın keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcinin iddiaçının ödədiyi müəyyən olunduğundan və həmin mediasiya xərcinin məbləği 38,32 manat məbləğində ödənilməli olan dövlət rüsumunu əhatə etdiyindən, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X8 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X8 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırkı iş üzrə C-103 nömrəli, xx.xx.2023-cü il tarixli X8 iştirak edilməməsi barədə arayışdan, Cavabdeh MMC-nin 17 fevral 2023-cü il tarixdə X3 keçirilən X8 iştirak etmədiyi və bu səbəbdən iddiaçı tərəfindən 60 AZN məbləğində mediasiya xərcinin ödənildiyi müəyyən olunduğundan, eyni zamanda həmin məbləğin mediasiyaya ödənilməsi xx.xx.2023-cü il tarixli, 109887 nömrəli mədaxil qəbzi ilə təsdiq edildiyindən, məhkəmə bildirir ki, iddiaçı tərəfindən ödənilən 60 AZN mediasiya xərci iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 38,32 AZN məbləğində dövlət rüsumunu əhatə etdiyindən, dövlət rüsumu iddianın qismən təmin edilmiş hissəsinə, yəni 94.54 % hissəsinə mütənasib olaraq, 36,22 (otuz altı manat 22 qəpik) manat cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməli, qalan hissədə 2,10 (iki manat 10 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli, X8 üzrsüz səbəbdən iştirak etməyən tərəf Cavabdeh MMC olduğundan, X9 keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 AZN məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh MMC-dən 17 yanvar 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 1600 (min altı yüz) AZN borcun, bank uçot dərəcəsinə uyğun hesablanmış 132 (bir yüz otuz iki) AZN faiz olmaqla, ümumilikdə 1732 (min yeddi yüz otuz iki) AZN məbləğində vəsait tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Eyni zamanda iddia ərizəsinin verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 38,32 (otuz səkkiz manat 32 qəpik) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasibətdə 36,22 (otuz altı manat 22 qəpik) manat məbləği cavabdehdən tutularaq dövlət gəlirlərinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh tərəf üzrsüz səbəbdən mediasiya prosesində iştirak etmədiyindən X9 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci, bütövlükdə cavabdehdən alınıb iddiaçıya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-54/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-54/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver