Məhkəmə qərarları › İş №e-2-2(123)-55/2020

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-55/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-55/2020 11.08.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, iddiaçı “xxxx” MMC-nin cavabdeh X1 qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi, pul tələbi və əldən çıxmış faydanın ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı “xxxx” MMC xx xxxxxx 2020-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 tərəfindən icra olunmamış müqavilənin icrasının təmin edilərək ondan 4251 (dörd min iki yüz əlli bir) manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 (üç yüz) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən prosessual qanunuvericiliyin tələbləri çərçivəsində iddiaçının ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edildi ki, iddia ərizəsi qanunvericiliyin tələbləri qaydasında verilməmişdir. Odur ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. İddiaçı iddia ərizəsinin surətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə təqdim etmiş, lakin öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında xx xxxxxx 2018-ci il tarixli, R-026 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin 3-cü bəndinə əsasən malları qaiməfaktura əsasında təhvil vermək və almaq tərəflərin hüquq və öhdəlikləri kimi qeyd edilmişdir. Göründüyü kimi malların cavabdehə təhvil verilməsi, cavabdeh (və ya nümayəndəsi) tərəfindən təhvil alınması qaimə-fakturalarla, elektron hesab fakturalar və s. ilə təsdiq edilməlidir. İddiaçı cavabdehdən qalan məbləğ kimi tələb olunan 4251 (dörd min iki yüz əlli bir (ərizədə on beş qəpik rəqəmlə göstərilməyib)) manatın hansı hesablaşma üzrə ödənilməməsinin təsdiq edilməsinə dair sübutu (qaimə-faktura) ərizəyə əlavə etməmiş, həmin məbləğin hansı hissəsinin əsas borc, hansı hissəsinin əldən çıxmış fayda olması şərh edilməmişdir. Həmçinin göstərilən hüquqi yardıma görə cavabdehdən 300 (üç yüz) manat tələb edilmiş, lakin həmin məbləğin vəkilə ödənilməsinə dair sübut ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.4-cü maddəsinə əsasən tələbin əsaslığını təsdiq edən sənədlər ərizədə göstərilməlidir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinə “021727 nömrəli qəbz” (eyni qəbz iki dəfə) əlavə edilmiş olsa da, həmin qəbzə əsasən göndərilən sənədin cavabdeh tərəfindən alınması müəyyən olunmur (qəbzdə cavabdehin həmin ünvanda yaşamadığı qeyd olunur). Yuxarıda qeyd olunan həmin hal hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinin tələbinin iddiaçı tərəfindən lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Halbuki həmin tələb üzrə kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının yerinə yetirməli olduğu zəruri hərəkət kimi məlum mübahisə ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh tərəf həmin mübahisədən xəbər tutub, mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməli və eləcə də, məhkəməyə ünvanlanmış iddia ərizəsinin surətini əvvəlcədən almış olmalıdır. Bu tələblər isə həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən poçt göndərişlərinin göndərilməsi ilə əlaqədar sənədin (“qəbz”in və s.) məhkəməyə təqdim olunmasını deyil, məlum poçt göndərişlərini cavabdehin almasını təsdiq edən sənədlərin iddia ərizəsinə əlavə edilməsini nəzərdə tutur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş sənədlərin qarşı tərəfə verilməməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnir ki, bu hal da, tərəf kimi, cavabdehin iddiaya qarşı müdafiəsini təşkil etmək hüquqlarını məhdudlaşdırır. Bununla da, ədalət mühakiməsinin qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi prinsipi kobudcasına pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə tərəf o zaman lazımi qaydada xəbərdar edilmiş hesab edilir ki, məhkəmənin işdə iştirak edən şəxslərin məhkəmə bildirişində əks olunan məlumatları əldə etməsi haqqında inandırıcı təsdiqləri olsun və bu təsdiq Mülki Prosessual Məcəllənin müvafiq müddəalarına uyğun gəlsin. İşdə iştirak edən şəxslərin rəsmi qaydada xəbərdar edilməsi istənilən halda qarşı tərəfin reaksiyasını, yəni qanunvericilikdə də göstərildiyi kimi qəbzə və ya sənədin kötüyünə imza edilməsini nəzərdə tutur. (K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-3.2.3-cü maddəsinə əsasən iddiaçının tələbi və onun əsaslandığı hallar ərizədə göstərilməlidir. 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl etmədən məhkəməyə təqdim edildiyindən kommersiya mübahisələri üzrə məhkəmə icraatı mümükün deyildir. Beləliklə, verilmiş tələbi təsdiq edən sənədlər məhkəməyə təqdim olunmadığından, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməli, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmasının iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmaması tərəfə izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixli, ********* nömrəli qəbzlə "xxxx" ASC vasitəsilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı “xxxx” MMC-nin cavabdeh X1 qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi, pul tələbi və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair ərizənin qəbul edilməsindən imtina edilsin. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. "xxxx" ASC vasitəsilə xx.xx.2020-ci il tarixdə, ********* nömrəli qəbzlə, ödənilmiş 30 (оtuz) manat məbləğində dövlət rüsumu iddiaçı “xxxx” MMC-yə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim imza: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar