Məhkəmə qərarları › İş №e-2-2(123)-56/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-56/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-56/2023 13.04.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı cavabdeh X3 qarşı pul tələbi barədə məhkəməyə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı vəkili-nümayəndəsi Nümayəndə tərəfindən 12 aprel 2023-cü il tarixdə elektron qaydada məhkəməyə təqdim edilmiş kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsində İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixli sifariş müqaviləsinə əsasən, ödənilməmiş 529,66 manat əsas borc, mediasiya xərci kimi 20 manat, dövlət rüsumunun əvəzi kimi 10 manat olmaqla ümumilikdə 559,66 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 284-3.2 və 284-3.2.2-ci maddələrinin tələblərinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırkı iş üzrə məhkəməyə ünvanlanmış elektron ərizədə mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməyərək tərəflərlə bağlı rekvizitlər tam şəkildə göstərilməmiş, cavabdehin elektron poçt ünvanı, eləcə də eyniləşdirmə məlumatları qeyd olunmamışdır. Həmin Məcəllənin 150.1 və 150.1.2-ci maddələrinin tələblərinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. MPM-nin 108.1-ci və 108.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəməyə iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1-ci və 8.1.1-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddianın qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat dəyərində hesablanır. 9.1-ci və 9.1-1-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Bununla bağlı qeyd etmək lazımdır ki, iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2023-cü il tarixində, X2 keçirilən İMS-də iştirak etmiş, cavabdeh X4 iştirak etmədiyindən iddiaçı 20 (iyirmi) manat məbləğində mediasiya xərci ödəmiş və cavabdeh tərəfin İMS-də iştirak etməməsini təsdiq edən sənəd qismində isə X4 İştirak Edilməməsi ilə bağlı arayışı təqdim etmişdir. Hazırkı iş üzə iddianın qiyməti 529,66 (beş yüz iyirmi doqquz manat 66 qəpik) manat təşkil etdiyindən 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddiaçı ərizəsində bununla bağlı qeyd etmişdir ki, 20 manat mediasiya xərci ödəmiş, 10 manat məbləğində isə əlavə olaraq dövlət rüsumu ödəmiş və bunun təsdiq olaraq iş materiallarına dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd qismində xx.xx.2022-ci il tarixli, ********* saylı qəbz əlavə etmişdir. Məhkəmə tərəfindən ərizə və ona əlavə edilmiş sənədlərə nəzər yetirilərkən müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi geri qaytarılmış və qərardad qanuni qüvvəsini almışdır. Həmin qərardadla ərizə təqdim edilərkən xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzlə ödənilmiş 1,00 AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumunun geri qaytarılması da qərara alınmışdır. O cümlədən iddiaçı 10 AZN məbləğində dövlət rüsumu ödəməli olduğu halda, onun tərəfindən məhkəməyə təqdim edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzdə məbləğ 1,00 (bir) AZN olaraq göstərilmişdir. İddiaçı tərəfindən ödənilən həmin məbləğ e-2-2(123)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli iş üzrə istifadə edilmiş və məhkəmə tərəfindən geri qaytarılmasına baxmayaraq hazırkı iş üzrə yenidən təqdim edildiyindən, həmin qəbz məhkəmə tərəfindən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi nəzərə alınmamaqdadır. MPM-in 150.1 və 150.1.4-cü maddələrinin tələblərinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 150.1-ci və 150.1.6-cı maddələrinin tələblərinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəmə tərəfindən kiçik iddialara dair işlər üzrə ərizənin məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlərin cavabdehə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsi və qarşı tərəfin həmin sənədləri almasını təsdiq edən sənəd elektron qaydada məhkəməyə daxil olan ərizəyə əlavə edilən sənədlərlə birlikdə məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçı xx.xx.2022-ci il tarixli cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etsə də həmin sənədin cavabdeh tərəfə çatdırılmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Belə ki, iddiaçı tərəfindən kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsi və pretenziya məktubu cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərilməli və bu halın təsdiqi olaraq müvafiq “Onlayn kargüzarlıq” sistemindən çıxarışlar ərizə ilə birlikdə məhkəməyə təqdim edilməli idi. Yuxarıda göstərilən sənədlər ərizənin cavabdehə çatdırılmasını, eləcə də mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd kimi nəzərə alına bilməz. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Belə ki, iddiaçı ərizəsində tələbini əsaslandırdığı hallar sırasında cavabdehlə bağlanmış xx.xx.2020-ci il tarixli “Gömrük təmsilçilik Xidmətlərinin Göstərilməsi” haqqında sifariş müqaviləsini, mövcud müqavilə əsasında göstərilmiş brokerlik xidməti üçün ödənilməli olan 529,66 (beş yüz iyirmi doqquz manat 66 qəpik) manat məbləğində xidmət haqqı üçün cavabdehə göndərilən elektron qaiməni qeyd etmişdir. Bununla bağlı məhkəmə iddiaçının nəzərinə çatdırır ki, elektron qaydada təqdim edilən xx.xx.2020-ci il tarixli “Gömrük təmsilçilik Xidmətlərinin Göstərilməsi” haqqında sifariş müqaviləsi oxunaqsız şəkildə təqdim edilmiş, tələbinin əsaslandırdığı hallar sırasında olan elektron qaimə elektron imza ilə təsdiqlənməmişdir. Bundan başqa iddiaçı onun tərəfindən verilən 10 aprel 2023-cü il tarixli, 23/123 saylı maliyyə arayışında Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 200.00 (iki yüz manat 00 qəpik) AZN məbləğ ödənildiyini, xx.xx.2023-cü il tarixinə qalıq borc 529,66 (beş yüz iyirmi doqquz manat 66 qəpik) təşkil etdiyini qeyd etsə də, cavabdeh tərəfindən göstərilən məbləğlərin ödənilməsini təsdiq edən hər hansı sənəd ərizədə qeyd olunmamışdır. MPM-in: 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 284-3.5-ci maddələrinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. 152.1-ci və 152.1.4-cü maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 12 aprel 2023-cü il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinə elektron qaydada daxil olmuş, İddiaçı cavabdeh X3 qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı cavabdeh X3 qarşı pul tələbi barədə məhkəməyə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar